Məhkəmə qərarları › İş №e-2-2(119)-2342/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2342/2025

10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2342/2025 10.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 27 may 2024-cü il tarixli kredit müqaviləsi üzrə 7556,28 (yeddi min beş yüz əlli altı manat iyirmi səkkiz qəpik) manat məbləğində əsas borc, 581,11 (beş yüz səksən bir manat on bir qəpik) manat məbləğində faiz borcu, 9,18 (doqquz manat on səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 8146,57 (səkkiz min yüz qırx altı manat əlli yeddi qəpik) manat məbləğində borcun və məhkəməədə iddia qaldırmaq üçün ödənilmiş 101,47 (yüz bir manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırmışdır ki, borcalan Cavabdeh2 27 may 2024-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən illik 24 faizlə 24 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə 27 may 2024-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu 12 may 2025-ci il tarixədək banka 27 may 2024-cü il tarixli kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun iddiçıya 7556,28 (yeddi min beş yüz əlli altı manat iyirmi səkkiz qəpik) manat məbləğində əsas borcu, 581,11 (beş yüz səksən bir manat on bir qəpik) manat məbləğində faiz borcu, 18,36 (on səkkiz manat otuz altı qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 8155,75 (səkkiz min yüz əlli beş manat yetmiş beş qəpik) manat məbləğində borcu yaranmışdır. Cavabdeh2 27 may 2024-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcunun məbləği 18,36 (on səkkiz manat otuz altı qəpik) manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 9,18 (doqquz manat on səkkiz qəpik) manat məbləğində müəyyən edilmişdir. Borcun ödənilməsi ilə bağlı mübahisənin cavabdehlərlə pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

3. Məhkəmə iddiaçının cavabdehlərə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildirişlər müvafiq qaydada cavabdehlərə göndərilmişdir.

4. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

İş materialları:

5. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 27 may 2024-cü il tarixli 29-MCR-1-401-24 nömrəli nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən həmin cavabdehə 120 ay müddətinə 30000 manat məbləğində kredit limiti ayrılmışdır.

6. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 27 may 2024-cü il tarixli 29-MCR-1-401-24/1 kredit verilməsinə dair müqaviləyə əsasən bank tərəfindən həmin cavabdehə aylıq 2 faiz dərəcəsi ilə 24 ay müddətinə dövriyyə vəsaitlərinin artırılması məqsədilə 10000 manat məbləğində kredit verilmişdir.

7. İş materiallarındakı həmin kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh2 banka olan borcunun ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 27 may 2026-cı il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.

8. İş materiallarında olan iddiaçı (kreditor) İddiaçı ASC ilə cavabdeh (zamin) Cavabdeh1 arasında bağlanmış 27 may 2024-cü il tarixli Z/09267/24 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən bu zaminlik müqaviləsinə əsasən zamin 1.2-ci bənddə göstərilən müqavilə üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür.

9. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu zaminlik müqaviləsi üzrə zaminliklə təmin edilən öhdəlik Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh2 (şəxsiyyət vəsiqəsi: seriya: AA*******, FİN: xxxxxxx; bundan sonra “borcalan” adlandırılacaq) ilə bank arasında Sumqayıt şəhərdə bağlanmış 27 may 2024-cü il tarixli 29-MCR-1-401-24 nömrəli müqavilədən (bundan sonra “müqavilə”) irəli gələn bütün pul tələbləridir.

10. Həmin zaminlik müqaviləsinin 2.2.1-ci bəndinə əsasən zaminin borcalanın bank qarşısında bu zaminlik müqaviləsinin 1.2-ci bəndində qeyd edilmiş müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə görə tam həcmdə-kredit məbləğinin və ya onun hər hansı bir hissəsinin qaytarılması, kredit üzrə faizlərin və maliyyə (mülki-hüquqi) sanksiyaların ödənilməsi, borcun tutulması üzrə məhkəmə xərclərinin əvəzinin ödənilməsi və borcalanın bank qarşısında öz öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəymiş digər zərərin əvəzinin ödənilməsi daxil olmaqla borcalanla birgə məsuliyyət daşımaq vəzifəsidir.

11. İş materiallarında olan 12 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 iddiaçıya 7556,28 (yeddi min beş yüz əlli altı manat iyirmi səkkiz qəpik) manat məbləğində əsas, 581,11 (beş yüz səksən bir manat on bir qəpik) manat məbləğində faiz borcu vardır və 18,36 (on səkkiz manat otuz altı qəpik) manat məbləğində cərimə hesablanmışdır.

Tətbiq edilən hüquq:

12. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

14. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir.

15. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

16. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

17. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

20. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

23. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

24. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

25. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

26. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

27. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmənin mövqeyi:

28. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh2 27 may 2024cü il tarixli 29-MCR-1-401-24/1 kredit verilməsinə dair müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, bağlanmış zaminlik müqaviləsinin şərtlərinə əsasən onunla birlikdə həmçinin zamin Cavabdeh1 da iddiaçı qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır.

29. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 27 may 2024-cü il tarixli 29-MCR- 1-401-24/1 nömrəli kredit verilməsinə dair müqaviləyə əsasən cavabdehlərdən müştərək qaydada 7556,28 (yeddi min beş yüz əlli altı manat iyirmi səkkiz qəpik) manat məbləğində əsas bоrc və 581,11 (beş yüz səksən bir manat on bir qəpik) manat məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.

30. İddia tələbinin cavabdehdən 9,18 (doqquz manat on səkkiz qəpik) manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, 27 may 2024-cü il tarixli 29-MCR-1-401-24/1 nömrəli kredit verilməsinə dair müqavilədə öhdəliyin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə, o cümlədən onun icrasının gecikdirildiyi halda cavabdehin iddiaçıya cərimə məbləği ödəməli olması nəzərdə tutulmamışdır. Eyni zamanda, həmin müqavilənin, o cümlədən 27 may 2024-cü il tarixli 29- MCR-1-401-24 nömrəli kredit limitinin ayrılmasına dair müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilələrin ayrılmaz tərkib hissəsi hesab olunan bankın rəsmi internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi üzrə şərtlər toplusu”nda cərimə barədə ümumi müddəalar təsbit edilsə də, hesablanmalı olan cərimənin miqdarı və hansı qaydada hesablanmalı olması qeyd edilməmişdir.

31. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən pul məbləğidir və həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalı olduğundan tərəflər arasında bağlanmış kredit müqaviləsinin məzmununda, o cümlədən həmin müqaviləni tənzimləyən qanunvericiliyin normalarında öhdəliyin pozulmasına görə dəbbə pulunun (cərimənin, penyanın) ödənilməsi nəzərdə tutulmadığından iddia tələbi bu hissədə təmin edilməməlidir.

32. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

33. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

34. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Hazırkı iddia qismən təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddia ərizəsinin verilməsinə görə iddianın təmin edilmiş hissəsinə uyğun hesablanmış 101,37 (yüz bir manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

36. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 27 may 2024-cü il tarixli 29-MCR-1- 401-24/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 7556,28 (yeddi min beş yüz əlli altı manat iyirmi səkkiz qəpik) manat məbləğində əsas borc, 581,11 (beş yüz səksən bir manat on bir qəpik) manat məbləğində faiz borcu və 101,37 (yüz bir manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8238,76 (səkkiz min iki yüz otuz səkkiz manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

37. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1dan müştərək qaydada 27 may 2024-cü il tarixli 29-MCR-1-401-24/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 7556,28 (yeddi min beş yüz əlli altı manat iyirmi səkkiz qəpik) manat məbləğində əsas borc, 581,11 (beş yüz səksən bir manat on bir qəpik) manat məbləğində faiz borcu, 101,37 (yüz bir manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8238,76 (səkkiz min iki yüz otuz səkkiz manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar