Məhkəmə qərarları › İş №e-2-2(119)-235/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-235/2023

16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-235/2023 16.03.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “icarə haqqı borcunun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 26 yanvar 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “icarə haqqı borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08 iyun 2021-ci il tarixli 11-İ-2021-0008 nömrəli icarə müqaviləsi üzrə yaranmış 449,14 (dörd yüz qırx doqquz manat 14 qəpik) manat icarə haqqı borcunun və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 70 (yetmiş) manat məbləğində haqqın Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, icarəyə verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) ilə icarəçi Cavabdeh (bundan sonra - cavabdeh) arasında 08 iyun 2021-ci il tarixli 11-İ-2021-0008 nömrəli icarə müqaviləsi (bundan sonra - Müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 35 ünvanında yerləşən “ASK Plaza” adlanan binanın “-1”-ci mərtəbəsində, 102 nömrəli, ümumi sahəsi 214,8 kv.m. olan restoran üçün nəzərdə tutulmuş sahəni, eləcə də müqavilənin əlavəsində göstərilən avadanlıq və restoran üçün nəzərdə tutulmuş ləvazimatları 11 ay müddətinə icarəyə götürməyi və 01 iyul 2021-ci il tarixindən etibarən aylıq 1000 (min) manat, 01 sentyabr 2021-ci il tarixdən etibarən isə aylıq 1500 (min beş yüz) manat (ƏDV daxil) icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Müqavilənin 2.6-cı bəndinə əsasən İcarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə, hər gecikdirilmiş bir gün üçün İcarəyə verənə icarə haqqının 0,1 %-i məbləğində dəbbə pulu ödəyir. Bundan sonra tərəflər arasında 01 dekabr 2021-ci il tarixində Saziş imzalanaraq, 08 iyun 2021-ci il tarixli 11-İ- 2021-0008 nömrəli icarə müqaviləsinə 01 dekabr 2021-ci il tarixindən xitam verilmişdir. Əlavə olaraq 01 dekabr 2021-ci il tarixə yaranmış 1999,10 (min doqquz yüz doxsan doqquz manat 10 qəpik) manat məbləğində borcun 31 mart 2022-ci il tarixinə kimi 4 (dörd) aylıq qrafik əsasında ödənilməsinə dair tərəflər arasında Razılaşma imzalanmışdır. Cavabdeh tərəfindən 24 dekabr 2021-ci il tarixində 1250 (min iki yüz əlli) manat ödənilmiş, lakin daha sonra qalan borc 01 dekabr 2021-ci il tarixli Razılaşmanın şərtlərinə əməl edilməyərək 31 mart 2022-ci il tarixinə kimi tam şəkildə ödənilməmişdir. Göstərilənləri nəzərə alaraq, cavabdehə 12 may 2022-ci il tarixli 11-2022-0058 nömrəli pretenziya məktubu ünvanlanaraq 08 iyun 2021-ci il tarixli 11-İ-2021-0008 nömrəli icarə müqaviləsi üzrə 01 dekabr 2021-ci il tarixinə qədər yaranmış 749,10 (yeddi yüz qırx doqquz manat 10 qəpik) manat icarə haqqı borcu və 10 may 2022-ci il tarixinə olan icarə haqqının ödənilməyən günlərə görə hesablanmış 331,50 (üç yüz otuz bir manat 50 qəpik) manat cərimə faizi, cəmi 1080,60 (bir min səksən manat altmış qəpik) manat məbləğin ödənilməsi tələb olunsa da, cavabdeh tərəfindən pretenziya məktubuna münasibət bildirilməmişdir. Bununla əlaqədar, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə uyğun olaraq iddiaçı tərəfindən 25 noyabr 2022-ci il tarixli 11-2022-0181 nömrəli məktubla Bakı 1 saylı Mediasiya Təşkilatına (bundan sonra - Təşkilat) müraciət olunmuş və Təşkilat tərəfindən X1 mediator qismində təyin olunmuşdur. Cavabdeh mediasiya prosesində iştirak etməmiş və bu səbəbdən də “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə “arayış” təqdim olunmuşdur. Əlavə olaraq bildiririk ki, cavabdeh tərəfindən mediasiya prosesindən sonra əsas borcdan 300 (üç yüz) manat ödəniş edilmiş və ona görə müqavilə öhdəlikləri üzrə ödənilməmiş 749,14 (yeddi yüz qırx doqquz manat 14 qəpik) manat əsas borcdan 300 (üç yüz) manat azalmış, lakin qalan məbləğ bu günə kimi ödənilməmişdir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən müqavilə öhdəlikləri üzrə ödənilməmiş hazırki dövrə olan 449,14 (dörd yüz qırx doqquz manat 14 qəpik) manat məbləğin ödənilməsi tələb olunur. İş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh məhkəmə baxış iclasına gəlməmişlər. Lakin, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “icarə haqqı borcunun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, icarəyə verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə icarəçi – hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) arasında bağlanmış və 01 iyul 2021-ci il tarixindən qüvvəyə minən 08 iyun 2021-ci il tarixli 11-İ-2021-0008 nömrəli İcarə Müqaviləsinə əsasən icarə obyekti, yəni Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 35 ünvanında yerləşən “ASK Plaza” adlanan binadakı 214,8 kv.m.-dən ibarət restoran üçün nəzərdə tutulmuş sahə və avadanlıqlar 01 iyul 2021-ci il tarixindən etibarən aylıq 1000 (min) manat (ƏDV daxil), 01 sentyabr 2021-ci il tarixindən etibarən isə aylıq 1500 (min beş yüz) manat (ƏDV daxil) icarə haqqı ödənilməklə 11 (on bir) ay müddətinə, yəni 01 iyun 2022-ci il tarixinədək sonuncuya (İcarəçiyə) icarəyə verilmişdir. Lakin, icarəyə verən "xxxx" ASC ilə icarəçi Cavabdeh arasında bağlanmış 01 dekabr 2021-ci il tarixli "08 iyun 2021-ci il tarixli 11-İ- 2021-0008 saylı İcarə müqaviləsinin ləğvinə dair" Sazişlə qarşılıqlı razılıq əsasında 08 iyun 2021-ci il tarixli 11-İ-2021-0008 nömrəli İcarə müqaviləsi 01 dekabr 2021-ci il tarixindən ləğv edilmişdir. İş materiallarında olan "kreditor" - "xxxx" ASC ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan "borclu" - Cavabdeh (VÖEN **********) arasında imzalanmış 01 dekabr 2021-ci il tarixli "08 iyun 2021-ci il tarixli 11-İ-2021-0008 saylı “İcarə müqaviləsi üzrə yaranmış borca dair" Razılaşmadan görünür ki, borclu Cavabdeh 08 iyun 2021-ci il tarixli 11-İ-2021-0008 saylı İcarə müqaviləsi üzrə ümumilikdə 1999,1 (min doqquz yüz doxsan doqquz manat 10 qəpik) manat məbləğində icarə haqqı borcunun olmasını etiraf edərək, həmin borcu 2021-ci ilin dekabr ayında 1249,10 manat, 2022-ci ilin yanvar ayında 250 manat, 2022-ci ilin fevral ayında 250 manat və 2022-ci ilin mart ayında isə 250 manat olmaqla ödəməyi öhdəsinə götürmüş və həmin Razılaşmada qeyd olunan icarə haqqı borcunun tam qaytarılma müddəti 31 mart 2022-ci il tarixi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş İcarə haqqı ödəməyə borcludur. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, icarəyə verən "xxxx" ASC ilə icarəçi Cavabdeh arasında bağlanmış 08 iyun 2021-ci il tarixli 11-İ-2021- 0008 nömrəli İcarə Müqaviləsi 01 dekabr 2021-ci il tarixli Sazişlə 01 dekabr 2021-ci il tarixindən ləğv edilmiş və həmin İcarə müqaviləsi ləğv edilərkən tərəflər arasında imzalanmış 01 dekabr 2021-ci il tarixli Razılaşmaya əsasən cəmi 1999,1 manat məbləğində icarə haqqı borcunun hər ay müəyyən məbləğlərdə olmaqla, 31 mart 2022-ci il tarixinədək tam ödənilməsini icarəçi Cavabdeh öhdəsinə götürmüşdür. Lakin, qeyd olunan borc tam ödənilmədiyi üçün icarəyə verən (iddiaçı) "xxxx" ASC 449,14 (dörd yüz qırx doqquz manat 14 qəpik) manat məbləğində borcun ödənilməsi üçün icarəçi (cavabdeh) Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, icarə haqqı üzrə yaranmış borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" ASC tərəfindən mediatora 70 (yetmiş) manat məbləğində xidmət haqqı ödənilmişdir. Mediasiyaya müraciət olunduqdan sonra borcun müəyyən hissəsi ödənmiş olsa da, həmin borcun 449,14 (dörd yüz qırx doqquz manat 14 qəpik) manat hissəsi ödənməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, Cavabdeh 08 iyun 2021-ci il tarixli 11-İ-2021-0008 nömrəli İcarə müqaviləsi üzrə ödənilməmiş cəmi 449,14 manat məbləğində icarə haqqı borcunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilərək, Cavabdeh (VÖEN **********) 08 iyun 2021-ci il tarixli 11-İ-2021-0008 nömrəli İcarə müqaviləsi üzrə yaranmış 449,14 manat məbləğində icarə haqqı borcu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınaraq, mediasiya xidməti ilə əlaqədar iddiaçı "xxxx" ASC tərəfindən mediatora ödənilmiş 70 (yetmiş) manat məbləğində xidmət haqqının əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin, Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh (VÖEN **********) 449,14 (dörd yüz qırx doqquz manat 14 qəpik) manat məbləğində icarə haqqı borcu və mediasiya ilə əlaqədar ödənilmiş 70 (yetmiş) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 519,14 (beş yüz on doqquz manat 14 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar