Məhkəmə qərarları › İş №e-2-2(119)-235/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-235/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-235/2024 21.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı 23 yanvar 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 214 (iki yüz on dörd) manat əsas borc və 140,08 (yüz qırx manat 08 qəpik) manat faiz borcu olmaqla, cəmi 354,08 (üç yüz əlli dörd manat 08 qəpik) manat məbləğində borcun və mediasiya prosesi ilə bağlı ödənilmiş 30 (otuz) manat məbləğində mediasiya xərcinin tutulub İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, borc alan Cavabdeh2 borc verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən 11 dekabr 2012-ci il tarixli 005 nömrəli Kredit Müqaviləsi əsasında 24 ay müddətinə, illik faiz dərəcəsi 27 % оlmaqla, 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi borc verən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 arasında 11 dekabr 2012-ci il tarixli 007 nömrəli, 11 dekabr 2012-ci il tarixli 008 nömrəli və 11 dekabr 2012-ci il tarixli 009 nömrəli Zaminlik Müqavilələri bağlanmışdır. Kredit Müqaviləsinin 2.1-ci bəndinə əsasən Borcverən Borcalana 4000 (dörd min) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən “Borcalan” bu Müqaviləyə əsasən borcu qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, borcalan Cavabdeh2 iddiaçı qarşısında öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh2 hazırda 214 (iki yüz on dörd) manat əsas borcu və 140,08 (yüz qırx manat 08 qəpik) manat faiz borcu olmaqla, cəmi 354,08 (üç yüz əlli dörd manat 08 qəpik) manat məbləğində ödənilməmiş borcu vardır. İddiaçı tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin, qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Hazırkı mübahisə üzrə mediasiya prosesi ilə bağlı nəzərdə tutulan 30 (otuz) manat məbləğində pul vəsaiti də İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən ödənilmişdir. İş üzrə məhkəmə prosesi başlandıqdan sonra Cavabdeh2 30 aprel 2024-cü ildə “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti ötürüldüyü üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə iddia müddətini tətbiq edib, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi və cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 məhkəmə baxış iclasına gəlməmişlər. Lakin, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini, “iddia müddətinin tətbiq edilməsi” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 11 dekabr 2012-ci il tarixli 005 nömrəli Kredit Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı – “Borc verən”, Cavabdeh2 – “Borc alan” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən, heyvandarlıqla məşğul olmaq məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh2 (VÖEN **********) 24 ay müddətinə, illik 27 % dərəcəsi ilə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 1-ci bəndinə əsasən, bu müqavilənin şərtləri ilə Borcverən Borcalana pul vəsaitinin borc (bundan sonra «kredit» adlanacaq) verilməsini, Borcalan isə alınmış vəsaitin və hesablanmış faizlərin ödənilməsini öz öhdəsinə götürür. İş materiallarında olan 11 dekabr 2012-ci il tarixli 005 nömrəli Kredit Müqaviləsi üzrə alınan kreditin və ona hesablanmış faizlərin qaytarılmasının 11 dekabr 2012-ci il tarixli Ödəniş Cədvəlindən görünür ki, borc alan Cavabdeh2 Kredit verənə olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini kredit alan Cavabdeh2 imza etmişdir. X1 əsasən ödənişin son tarixi 11 dekabr 2014-cü il müəyyən olunmuşdur. İş materiallarında olan 11 dekabr 2012-ci il tarixli 007 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı – “Kredit təşkilatı”, Cavabdeh4 – “Zamin” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh4 zamin olaraq borcalan Cavabdeh2 11 dekabr 2012-ci il tarixli 005 nömrəli Kredit Müqaviləsi əsasında alınan kredit üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 11 dekabr 2012-ci il tarixli 008 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı – “Kredit təşkilatı”, Cavabdeh3 – “Zamin” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh3 zamin olaraq borcalan Cavabdeh2 11 dekabr 2012-ci il tarixli 005 nömrəli Kredit Müqaviləsi əsasında alınan kredit üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 11 dekabr 2012-ci il tarixli 009 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı – “Kredit təşkilatı”, Cavabdeh1 – “Zamin” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh1 zamin olaraq borcalan Cavabdeh2 11 dekabr 2012-ci il tarixli 005 nömrəli Kredit Müqaviləsi əsasında alınan kredit üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 03 oktyabr 2023-cü il tarixli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh2 11 dekabr 2012-ci il tarixli 005 nömrəli Kredit Müqaviləsi üzrə 03 oktyabr 2023-cü il tarixə borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına 214 manat məbləğində əsas borc və 140,08 manat məbləğində faiz borcu olmaqla, cəmi 354,08 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl borcun ödənilməsi üçün cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və cavabdehlər ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən mediatora müraciət olunmuşdur. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (ilkin mediasiya sessiyasında cavabdehlər iştirak etməmişlər). İş materiallarından görünür ki, Cavabdeh2 30 aprel 2024-cü ildə “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti ötürüldüyü üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə iddia müddətini tətbiq edib, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 11 dekabr 2012-ci il tarixli 005 nömrəli kredit müqaviləsi 24 ay müddətinə, yəni 11 dekabr 2014-cü il tarixinədək bağlanmışdır və özündə “ödəniş cədvəli”ni əks etdirən kredit müqaviləsinə “Əlavə”də verilmiş kredit məbləğinin son ödəniş tarixi kimi 11 dekabr 2014cü il tarixi qeyd edilmişdir. Bununla da müəyyən olunur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi iki il (24 ay) müddətinə bağlanmışdır və həmin müqavilə üzrə öhdəliklərin son icra müddəti kimi 11 dekabr 2014-cü il tarixi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (maddə 372.1) və hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (maddə 372.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" 27 dekabr 2001ci il tarixli Qərarında göstərilir ki, qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmaybsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair" 03 iyun 2013-cü il tarixli Qərarına əsasən, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, Cavabdeh2 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı arasında 11 dekabr 2012-ci il tarixli 005 nömrəli Kredit müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə əsasən borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən borcalan Cavabdeh2 24 ay müddətinə, yəni 11 dekabr 2014-cü ilədək qaytarılması nəzərdə tutulan kredit verilmişdir. Lakin, borcalan Cavabdeh2 24 ay müddətinə bağlanmış 11 dekabr 2012ci il tarixli 005 nömrəli Kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş və bununla da o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Odur ki, tərəflər arasında bağlanmış 11 dekabr 2012-ci il tarixli 005 nömrəli Kredit müqaviləsi üzrə son ödəmə müddəti 11 dekabr 2014-cü il müəyyən edildiyindən, həmin müqavilə tələbi üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti keçmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış 11 dekabr 2012-ci il tarixli 005 nömrəli Kredit müqaviləsi üzrə kreditin qaytarılmasında ödənişin son müddəti 11 dekabr 2014-cü il olduğundan, həmin öhdəlik icra müddəti müəyyənləşdirilmiş öhdəlik hesab edilir və həmin öhdəlik üzrə iddia müddətinin axımı müqavilənin icra müddətinin bitdiyi gündən başlanır. Yəni, 11 dekabr 2012-ci il tarixli 005 nömrəli Kredit müqaviləsi üzrə icra müddəti 11 dekabr 2014-cü il tarixdə bitdiyindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan 3 (üç) illik iddia müddətinin axımı da həmin tarixdən, yəni 11 dekabr 2014cü il tarixdən başlamış və 11 dekabr 2017-ci il tarixdə isə bitmişdir. Lakin, iddiaçı həmin müqavilə üzrə yaranmış öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hazırkı iddia ərizəsini isə qeyd olunan müddətdən, yəni 11 dekabr 2017-ci il tarixindən altı ildən çox müddət keçdikdən sonra, yəni 23 yanvar 2024-cü ildə məhkəməyə təqdim etmişdir. Ona görə də, təsvir olunanlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə borc alan Cavabdeh2 arasında 24 ay müddətinə bağlanmış 11 dekabr 2012-ci il tarixli 005 nömrəli Kredit müqaviləsi ilə əlaqədar verilmiş iddia tələbi üzrə Cavabdeh2 tərəfindən məhkəməyə "iddia müddətinin tətbiq edilməsi barədə" ərizə təqdim edildiyindən, həmin ərizə təmin edilməli və hazırkı iş üzrə üç illik iddia müddəti tətbiq edilməklə, ona qarşı yönəlmiş iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bundan əlavə, iş materialları ilə müəyyən edilir ki, hazırkı iddia ərizəsi üzrə cavabdeh qismində cəlb edilmiş zaminlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 ilə kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı arasında bağlanmış 11 dekabr 2012-ci il tarixli 007 nömrəli, 11 dekabr 2012-ci il tarixli 008 nömrəli və 11 dekabr 2012-ci il tarixli 009 nömrəli Zaminlik Müqavilələrinə əsasən zaminliklə təmin edilən öhdəlik olaraq “11 dekabr 2012-ci il tarixli 005 nömrəli Kredit Müqaviləsi üzrə alınan kreditin” qaytarılma vaxtının son müddəti 11 dekabr 2014-cü il tarixidir və həmin tarixdə məlum Kredit Müqaviləsinin müddəti bitmişdir. Yəni, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 zaminlikləri ilə təmin olunmuş Kredit Müqaviləsinin və kreditin qaytarılmasının son müddəti 11 dekabr 2014-cü il tarixi olmuşdur. Lakin, iddiaçı zaminliklə təmin edilmiş həmin öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni müvafiq olaraq 11 dekabr 2014-cü il tarixdən 1 (bir) il ərzində həmin zaminlərə qarşı iddia irəli sürməmişdir (hazırkı iddia ərizəsi 23 yanvar 2024-cü ildə məhkəməyə təqdim edilmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0. və 477.0.4-cü maddələrinin tələblərinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı məlum Kredit Müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hazırkı iddia ərizəsini bir illik müddət keçdikdən sonra, yəni 23 yanvar 2024-cü ildə məhkəməyə təqdim etmişdir. Ona görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin tələblərinə görə, yəni “məlum Kredit Müqaviləsi üzrə zaminliklə təmin edilmiş öhdəliklərin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor tərəfindən zaminlərə qarşı iddia irəli sürülmədiyi” üçün, hazırkı iddia ərizəsi üzrə Kredit Müqaviləsi üzrə tələb edilən borclar zaminlərdən də tutulmamalı və zaminlər qismində Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı məlum zaminliklə əlaqədar yönəlmiş iddia tələbi həmin Məcəllənin 477-ci maddəsində müəyyən olunmuş müddət keçdikdən sonra məhkəməyə müraciət olunması ilə əlaqədar təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda təsvir olunanları, işin konkret hallarını və kommersiya işi üzrə cavabdeh (borcalan) Cavabdeh2 iddia müddətinin tətbiqi ilə bağlı ərizəsini nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, yuxarıda qeyd olunan əsaslara görə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “borcun tutulması” barədə iddia tələbi təmin olunmamalı və iddia tələbi təmin edilmədiyinə görə məhkəmə xərcləri də iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar