Məhkəmə qərarları › İş №e-2-2(119)-2390/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-2390/2025

19.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-2390/2025 19.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçı tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya dəymiş zərərin aradan qaldırılması məqsədilə ******* (bir milyon iyirmi üç min beş yüz on) manat məbləğində və həmin işlərin görülməsi səbəbindən müəssisənin 9-12 ay müddətinə fəaliyyətinin dayandırılmasının zəruriliyini nəzərə alaraq, 2024-cü il üzrə əldə edilən gəlirlərə analoji qaydada hesablanmış 1949873,2 (bir milyon doqquz yüz qırx doqquz min səkkiz yüz yetmiş üç manat, iyirmi qəpik) manat məbləğində olmaqla, cəmi 2973383,2 (iki milyon doqquz yüz yetmiş üç min üç yüz səksən üç manat, iyirmi qəpik) manat məbləğində pul vəsaitinin və 2500 (iki min beş yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi 03 dekabr 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddiadan imtina edildiyini bildirmiş və məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərəflər məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndələri məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi iddiaçının iddiadan imtina etməsi ilə bağlı iradəsini məhkəməyə təqdim edilmiş yazılı ərizəsilə ifadə etdiyindən həmin ərizə nəzərə alınaraq iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə qarşı verilmiş “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə iddiadan imtina edilməsi ilə əlaqədar e-2-2(119)-2390/2025 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 52, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-2390/2025 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar