Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-2392/2025 07.01.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdeh3 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər X2, Cavabdeh3 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı 13 noyabr 2025-ci il tarixində kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1075 (min yetmiş beş) manat məbləğində əsas borc, 638,98 (altı yüz otuz səkkiz manat, doxsan səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1713,98 (min yeddi yüz on üç manat, doxsan səkkiz qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 37,2 (otuz yeddi manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli e-2-2(119)- 2392/2025 nömrəli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında bildirdi ki, iddiaçının vergi orqanının elektron sisteminə giriş imkanı mövcud deyildir və məhkəməyə müraciət edərkən borclulardan birinin VÖEN-i olduğundan iddia ərizəsi ilə kommersiya məhkəməsinə müraciət edilmişdir. İddiaçının nümayəndəsi işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirərək həmin məsələnin məhkəmənin mülahizəsinə əsasən həll edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 izahatında bildirdi ki, kredit götürərkən VÖEN-ə malik olmamışdır, krediti sahibkarlıqla məşğul olmaq məqsədilə əldə etməmiş, öz həyətində heyvandarlıqla bağlı iş görmək üçün götürmüşdür. Cavabdeh3 işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Digər cavabdehlər X3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə həmin cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq aşağıda şərh olunan hüquq normalarına əsasən hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Həmin Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 10-cu bəndinin ikinci cümləsində qeyd edilir ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Həmin qərarın 11-ci bəndinin ikinci cümləsində göstərilir ki, ... qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hal isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. İş materialları və məhkəmənin mövqeyi: İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə cavabdehlər Vəliyeva Aytac (Arifə) Zamin qızı, Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış 31 mart 2014-cü il tarixli 0117 nömrəli birgə borclularla kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən, birgə borcluların hər birinin adlarının qarşısında cədvəldə göstərilən məbləğ olmaqla, kredit verən (iddiaçı) tərəfindən birgə borclulara (cavabdehlərə) 24 ay müddətinə, illik 27 faizlə, cəmi 3000 manat kredit verilir. Həmin bəndə əlavə edilmiş cədvəlin məzmununda cavabdehlərin hər birinə “Ticarət” məqsədilə 1000 manat məbləğində kredit verildiyi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən məhkəməyə daxil olmuş 26 dekabr 2025-ci il tarixli 3-21-2-9/2-235483/2025 nömrəli məktuba əsasən, X3 (FİN: xxxxxxx) vergi ödəyicisi kimi uçota alınmamışdır. Cavabdeh3 (VÖEN: **********) 08 aprel 2023-cü il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, hal-hazırda vəziyyəti aktivdir. Cavabdeh1 (VÖEN: **********) 24 iyun 2015-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, 13 avqust 2020-ci il tarixdə vergi uçotu ləğv edilmişdir. Göründüyü kimi, tərəflər arasında müqavilə bağlanıldığı tarixdə, yəni 31 mart 2014cü il tarixində cavabdehlər vergi uçotuna alınmamış, yəni vergi ödəyicinin eyniləşdirmə nömrələrinə (VÖEN-ə) malik olmamışdırlar. Eyni zamanda məktubun məzmununa əsasən, cavabdehlərdən Cavabdeh3 08 aprel 2023-cü il tarixdən hazırkı vaxtadək fərdi sahibkar statusuna malik olan fiziki şəxs olması, Cavabdeh1 isə xx.xx.2015-xx.xx.2020-ci il tarixlərini əhatə edən dövr ərzində VÖEN-ə malik olduğu müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə iclasında iştirak edən Cavabdeh3 bilavasitə öz izahatında kredit məbləğini sahibkarlıq fəaliyyətilə əlaqədar əldə etmədiyini bildirmişdir. Başqa sözlə, cavabdehlərin kredit götürüldüyü tarixdə və ya bilavasitə ondan əvvəl sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmaları iş materialları ilə təsdiq edilmir. Məhkəmə göstərilənləri ümumiləşdirərək, yuxarıda qeyd edilən qanunvericilik normalarını, o cümlədən istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının müvafiq bəndlərini nəzərə alaraq hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər X2, Cavabdeh3 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair iş Sumqayıt Kommersiya Məhkəməsində baxıla bilməz və həmin iş baxılması üçün cavabdehlərin rəsmi qeydə alındıqları yer üzrə müvafiq ümumi məhkəməyə - Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 24-32, 263, 264, 267, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər X2, Cavabdeh3 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-2392/2025 nömrəli kommersiya işi məhkəmə aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-2392/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-2392/2025
07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver