Məhkəmə qərarları › İş №e-2-2(119)-242/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-242/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-242/2025 28.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, X1 qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3lə aralarında bağlanmış 06 iyun 2023-cü il tarixli kredit verilməsinə dair razılaşma üzrə 17227,93 (on yeddi min iki yüz iyirmi yeddi manat, doxsan üç qəpik) manat məbləğində əsas borc, 2666,58 (iki min altı yüz altmış altı manat, əlli səkkiz qəpik) manat məbləğində faiz borcu, 153,38 (yüz əlli üç manat, otuz səkkiz qəpik) manat məbləğində cərimə, 11 iyul 2023-cü il aqro kredit kartı razılaşması üzrə 664,71 (altı yüz altmış dörd manat, yetmiş bir qəpik) manat məbləğində əsas borc, 141,71 (yüz qırx bir manat, yetmiş bir qəpik) manat məbləğində faiz borcu, 0,43 (qırx üç qəpik) manat məbləğində cərimə və 152,56 (yüz əlli iki manat, əlli altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin həmin cavabdehdən və zamin qismində iştirak etmiş digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 06 iyun 2023cü il tarixli kredit verilməsinə dair razılaşma və 11 iyul 2023-cü il aqro kredit kartı razılaşma üzrə Cavabdeh3 müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Bununla əlaqədar Cavabdeh3lə və onun öhdəliyinə görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyan zaminlər - hazırkı iddia tələbi üzrə digər cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 ilə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhdlər edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. 09 yanvar 2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul edərək izahatında bildirdi ki, borc məbləğini qəbul edir. Kredit borcunu təsərrüfatını genişləndirmək məqsədilə götürmüş, lakin məhsul proqnozlaşdırdığı miqdardan az olduğu üçün kredit borcunu ardıcıl qaydada ödəyə bilməmişdir. Qış və yaz aylarında aylıq 100-200 manat məbləğində, yay aylarında isə daha çox ödəniş edə bilər. Cavabdeh məhkəmədən borc məbləğini ödəmək üçün 120 ay müddətində vaxt verilməsini xahiş etdi. Digər cavabdehlər və iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 06 iyun 2023cü il tarixli 32-MCR-1-328-23 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən, həmin cavabdehə 120 ay müddətinə 30000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 06 iyun 2023cü il tarixli 32-MCR-1-328-23/1 nömrəli kredit verilməsinə dair razılaşmaya əsasən bank tərəfindən həmin cavabdehə aylıq 1,75 faiz dərəcəsi ilə 36 ay müddətinə əsas vəsaitlərin artırılması məqsədilə 20000 manat məbləğində kredit verilmişdir. Həmin razılaşmanın “Bəyənatlar” bölməsinin 2-ci bəndində qeyd edilir ki, müştəri təsdiq edir ki, onun gəlirləri əldə edilən kreditlərin ödənilməsi üçün kifayətdir və kredit müddətində gəlirlərini baş verəcək risklərdən qorumaq üçün yetərli imkanlara malikdir. Həmin razılaşmanın “Cərimə” bölməsində cərimə məbləğinin gündəlik 0,2 faiz olduğu qeyd edilmişdir. İş materiallarındakı həmin kredit razılaşmasına 1 saylı əlavədən görünür ki, Cavabdeh3 banka olan borcunun həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 06 iyun 2026-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 11 iyul 2023cü il tarixli 32-MCR-1-328-23/2 nömrəli aqro kredit kartı razılaşmasına əsasən bank tərəfindən həmin cavabdehə aylıq 2,08 faiz dərəcəsi ilə 24 ay müddətinə biznes məqsədilə 700 manat məbləğində kredit verilmişdir. Həmin razılaşmanın “Bəyənatlar” bölməsinin 2-ci bəndində qeyd edilir ki, müştəri təsdiq edir ki, onun gəlirləri əldə edilən kreditlərin ödənilməsi üçün kifayətdir və kredit müddətində gəlirlərini baş verəcək risklərdən qorumaq üçün yetərli imkanlara malikdir. Həmin razılaşmanın “Cərimə” bölməsində cərimə məbləğinin gündəlik 0,2 faiz olduğu qeyd edilmişdir. Həmin razılaşmanın 2.4-cü bəndinə əsasən, kredit kartı 60 ay müddətinə verilir. İş materiallarında olan iddiaçı (kreditor) İddiaçı ASC ilə cavabdeh (zamin) Cavabdeh2 arasında bağlanmış 25 iyul 2023-cü il tarixli Z/12304/23 nömrəli, iddiaçı (kreditor) ilə cavabdeh (zamin) Cavabdeh1 arasında bağlanmış 06 iyun 2023-cü il tarixli Z/09628/23 nömrəli zaminlik müqavilələrinin 1.1-ci bəndlərinə əsasən, müqavilələrin predmeti 06 iyun 2023-cü il tarixli 32-MCR-1-328-23 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminlərin öz öhdələrinə götürmələridir. Həmin zaminlik müqavilələrinin 4.1-ci bəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalanla kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən, kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və penya), borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyırlar. İş materiallarında olan 30 avqust 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 iddiaçıya 06 iyun 2023-cü il tarixli 32-MCR-1-328-23/1 nömrəli kredit verilməsinə dair razılaşma üzrə 17227,93 manat məbləğində əsas borcu, 2666,58 manat məbləğində faiz borcu vardır və 613,51 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarında olan 30 avqust 2024-cü il tarixli digər maliyyə arayışından görünür ki, Cavabdeh3 iddiaçıya 11 iyul 2023-cü il tarixli 32-MCR-1-328-23/2 nömrəli aqro kredit kartı razılaşması üzrə 664,71 manat məbləğində əsas borcu, 141,71 manat məbləğində faiz borcu vardır və 0,43 manat məbləğində cərimə hesablanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış 06 iyun 2023-cü il tarixli 32-MCR-1-328-23 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma, 06 iyun 2023-cü il tarixli 32-MCR-1-328-23/1 nömrəli kredit verilməsinə dair razılaşma və 11 iyul 2023-cü il tarixli 32-MCR-1-328-23/2 nömrəli aqro kredit kartı razılaşması üzrə Cavabdeh3 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zaminlik müqavilələrinin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zaminlər Cavabdeh2 və Cavabdeh1 da kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 06 iyun 2023-cü il tarixli kredit verilməsinə dair razılaşma üzrə 17227,93 manat məbləğində borc, 2666,58 manat məbləğində faiz borcu, 11 iyul 2023-cü il aqro kredit kartı razılaşması üzrə 664,71 manat məbləğində borc, 141,71 manat məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehlərdən 06 iyun 2023-cü il tarixli kredit verilməsinə dair razılaşma üzrə 153,38 manat, 11 iyul 2023-cü il aqro kredit kartı razılaşması üzrə 0,43 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh3 kredit razılaşmaları üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (kredit razılaşmalarının yuxarıda istinad edilmiş “Cərimə” bölməsi) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. Bundan başqa, iddia tələbinin 152,56 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 27 noyabr 2024-cü il tarixli ********** nömrəli və 27 fevral 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman ümumilikdə 152,56 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 152,56 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada 06 iyun 2023-cü il tarixli kredit verilməsinə dair razılaşma üzrə 17227,93 manat məbləğində əsas borc, 2666,58 manat məbləğində faiz borcu, 153,38 manat məbləğində cərimə, 11 iyul 2023-cü il aqro kredit kartı razılaşması üzrə 664,71 manat məbləğində əsas borc, 141,71 manat məbləğində faiz borcu, 0,43 manat məbləğində cərimə və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 152,56 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 21007,3 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdеhlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 06 iyun 2023-cü il tarixli kredit verilməsinə dair razılaşma üzrə 17227,93 (on yeddi min iki yüz iyirmi yeddi manat, doxsan üç qəpik) manat məbləğində əsas borc, 2666,58 (iki min altı yüz altmış altı manat, əlli səkkiz qəpik) manat məbləğində faiz borcu, 153,38 (yüz əlli üç manat, otuz səkkiz qəpik) manat məbləğində cərimə, 11 iyul 2023-cü il aqro kredit kartı razılaşması üzrə 664,71 (altı yüz altmış dörd manat, yetmiş bir qəpik) manat məbləğində əsas borc, 141,71 (yüz qırx bir manat, yetmiş bir qəpik) manat məbləğində faiz borcu, 0,43 (qırx üç qəpik) manat məbləğində cərimə və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 152,56 (yüz əlli iki manat, əlli altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 21007,3 (iyirmi bir min yeddi manat, otuz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar