Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-2421/2025 20.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, Sumqayıt Şəhər Məhkəməsindən aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş iddiaçı “FİNCA Azərbaijan” X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "borcun tutulması" tələbi barədə iddia ərizəsinə dair e-2(060)-6315/2025 nömrəli mülki işin materiallarına baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “FİNCA Azərbaijan” X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2367,59 (iki min üç yüz altmış yeddi manat əlli doqquz qəpik) manat məbləğində əsas borc, 202,72 (iki yüz iki manat yetmiş iki qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 2570,31 (iki min beş yüz yetmiş manat otuz bir qəpik) manat məbləğində borcun və 45,71 (qırx beş manat yetmiş bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin “FİNCA Azərbaijan” X1-Bank Kredit Təşkilatının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin iddia tələbi kredit verən “FİNCA Azərbaijan” X1-Bank Kredit Təşkilatı ilə kredit alan Cavabdeh2 arasında bağlanan 14 iyun 2023-cü il tarixli **********0961 nömrəli nömrəli kredit müqaviləsinin şərtlərinin pozulması ilə əsaslandırılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2025-ci il tarixli qərardadı ilə həmin iddia ərizəsi üzrə e-2(060)-6315/2025 nömrəli mülki iş baxılması üçün məhkəmə aidiyyəti qaydasında Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş və həmin qərardad – Cavabdeh2 ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə malik olması, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi qeydiyyatdan keçməsi ilə əsaslandırılmışdır. Həmçinin qərardadda tərəflər arasında bağlanan kredit müqaviləsində kreditin biznes məqsədilə verildiyi, kredit münasibətlərinin istehlak deyil, kommersiya xarakterli olduğu qeyd edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı “FİNCA Azərbaijan” X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "borcun tutulması" tələbi barədə iddia ərizəsinə kommersiya məhkəməsi qaydasında baxılması mübahisəli olduğundan, həmin mülki iş məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 14 iyun 2023-cü il tarixli **********0961 nömrəli kredit müqaviləsinin 1-ci bəndi ilə müəyyən olunur ki, müqavilə üzrə kredit məbləği kredit verən “FİNCA Azərbaijan” X1-Bank Kredit Təşkilatı tərəfindən kredit alan Cavabdeh2 24 ay müddətinə, illik 28 % dərəcəsi ilə 3500 manat məbləğində “ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması” məqsədi ilə verilmişdir. "Ailə kəndli təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, ailə kəndli təsərrüfatı - ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalını, emalını, saxlanmasını, daşınmasını və satılmasını) birgə həyata keçirilməsidir. Həmin Qanunun 1.3-cü maddəsinə əsasən ailə kəndli təsərrüfatı kənd yerlərində qanunvericiliklə qadağan olunmayan və məhdudiyyət qoyulmayan bütün iqtisadi fəaliyyət növləri ilə məşğul olan təsərrüfatçılıq subyektidir və onun fəaliyyəti sahibkarlıq sayılmır. Bundan əlavə qeyd olunan kredit müqaviləsində kredit alan qismində çıxış edən Cavabdeh2 vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə (VÖEN) istinad olunmamış, həmçinin iş materiallarına əlavə edilmiş sənədlərdə həmin məbləğin kredit alan tərəfindən sahibkarlıq fəaliyyətində istifadə olunması məqsədilə ayrılmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, məlum müqavilədə kreditin təyinatı (məqsədi) kimi qeyd olunan xüsusatlardan biri olan “həyat səviyyəsinin yaxşılaşdırılması” ifadəsinin heç bir halda sahibkarlıq fəaliyyəti ilə əlaqələndirilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının 11-ci bəndində məhkəmələrə izah edilir ki, Mülki-Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Yuxarıda qeyd olunanlardan görünür ki, hazırkı mülki iş üzrə mübahisələndirilən borc məbləği ilə əlaqədar cavabdehin fəaliyyətinin - sahibkarlıq fəaliyyəti, həmin fəaliyyət əsasında yaranmış mübahisənin isə kommersiya mübahisəsi kimi qəbul edilməsi və eyni zamanda, həmin mübahisəyə ümumi məhkəmədə deyil, Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması mübahisəlidir. Ona görə də, yuxarıda qeyd edilən həmin hallar iddiaçı “FİNCA Azərbaijan” X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "borcun tutulması" tələbi barədə iddia ərizəsinə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olmasında fikir ayrılığı yaradır. Məhkəmələr arasında məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduğu hallarda isə kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verildiyinə görə, yuxarıda qeyd olunan hallara əsasən hazırkı iş üzrə məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32-ci maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ: Sumqayıt Şəhər Məhkəməsindən məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş iddiaçı “FİNCA Azərbaijan” X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "borcun tutulması" tələbi barədə iddia ərizəsinə dair e-2(060)-6315/2025 nömrəli mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim: İslam Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-2421/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-2421/2025
20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver