Məhkəmə qərarları › İş №e-2-2(119)-2423/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2423/2025

19.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2423/2025 19.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən DC00491962-02 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 17985,85 (on yeddi min doqquz yüz səksən beş manat, səksən beş qəpik) manat məbləğində əsas borc, 1105,65 (min yüz beş manat, altmış beş qəpik) manat məbləğində faiz borcu, 126,83 (yüz iyirmi altı manat, səksən üç qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 19218,33 (on doqquz min iki yüz on səkkiz manat, otuz üç qəpik) manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 147,66 (yüz qırx yeddi manat, altmış altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 28 fevral 2024-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 31 iyul 2023-cü il tarixli 1.0.6 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC- 00491962LE/2019 nömrəli Razılaşma imzalanmışdır. Həmin razılıq ərizələrini imzalayaraq borclu “www.pashabank.az” saytında yerləşdirilmiş X1 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində 28 fevral 2024-cü il tarixli DC00491962-02 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana 28 fevral 2026-cı il tarixədək illik faiz dərəcəsi 17 %, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32 % olmaqla, 33171 manat məbləğində mal alışı məqsədilə birdəfəlik kredit verilmişdir. Borcalan DC00491962- 02 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 213 gün ərzində müqavilə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Borclunun 01 noyabr 2025-ci il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri DC00491962-02 nömrəli kredit müqaviləsinə əsasən 17985,85 manat əsas borc, 1105,65 manat faiz borcu, 126,83 manat cərimə olmaqla, cəmi 19218,33 manat, gecikmə günü 213 gün təşkil edir. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmumuna uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin qanuni təmsilçisi teleqramla məhkəməyə müraciət edərək hüzür düşdüyünə görə məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 10 dekabr 2025-ci il tarixdə keçirilmiş iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi izahatında bildirmişdir ki, borcu qəbul edir. İcarəyə götürdüyü obyektdə ona məxsus mallar yararsız hala düşdüyündən aylıq kredit ödənişlərini həyata keçirə bilməmişdir. Cavabdehin qanuni təmsilçisi məhkəmədən borc məbləğini ödəməsi üçün ona bir qədər vaxt verilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 31 iyul 2023-cü il tarixli 1.0.6 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə 28 fevral 2024-cü il tarixli OnGTC- 00491962LE/2019 nömrəli Razılaşma imzalanmışdır. İş materiallarında olan “Bank xidmətləri göstərilməsinə dair ümumi şərtlər toplusu”nun “Müqavilənin predmeti” adlanan bölməsinin 1-ci bəndinə əsasən, müqavilədə, müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır. Həmin şərtlər toplusunun “Kredit (maliyyələşdirmə)” adlanan bölməsinin 1.1-ci bəndinə əsasən, bank müştəriyə “Maliyyələdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, Overdraft, tranşlarla kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya/akkreditivin maliyyələşdirilməsi üçün kredit xətti və s. kimi öhdəliklər) üçün kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası (bu Müqavilədə qeyd olunandan fərqlidirsə), istifadə və qüvvədə olma müddət, cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi şərtlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunur. Həmin şərtlər toplusunun “Kredit (maliyyələşdirmə)” adlanan bölməsinin 1.4-cü bəndinə əsasən, kredit limitinin ayrılması bankın müştəriyə kredit vermək vədini ifadə etmir. “Maliyyələşmə üçün ərizə” formasında göstərilən məbləğ çərçivəsində Müştərinin hər bir Kredit sifarişinə ayrıca baxılır və qərar verilir. Müsbət qərar olduğu təqdirdə müvafiq kreditin şərtlərini göstərən “Maliyyələşmə üçün ərizə”yə uyğun maliyyələşdirmə həyata keçirilir. Həmin şərtlər toplusunun “Kredit (maliyyələşdirmə)” adlanan bölməsinin 3.1-ci və 3.2-ci bəndlərinə əsasən, kredit, bank tərəfindən kredit məbləğinin müştəriyə bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir (Overdraftlara şamil olunmur). Müştəri kreditdən istifadəyə görə Banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir. Həmin şərtlər toplusunun “Kredit (maliyyələşdirmə)” adlanan bölməsinin 3.11-ci bəndinə əsasən, kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İş materiallarında olan 28 fevral 2024-cü il tarixli OnGTC-00491962LE/2019 nömrəli razılaşma əsasında iddiaçı ilə cavabdeh arasında bağlanmış 28 fevral 2024-cü il tarixli DC00491962-02 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən, cavabdehə 28 fevral 2026-cı il tarixinədək nominal illik faiz dərəcəsi 17 %, illik cərimə faizi 15 % olmaqla, “mal alışı” məqsədi ilə 33171 manat məbləğində birdəfəlik kredit verilmişdir. İş materiallarında olan 06 noyabr 2025-ci il tarixli PB/BPŞ-OUT-00819-2025 nömrəli maliyyə arayışına əsasən, cavabdehin DC00491962-02 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 01 noyabr 2025-ci il tarixə iddiaçıya olan borcu 17985,85 manat məbləğində əsas borc, 1105,65 manat məbləğində faiz borcu, 126,83 manat məbləğində cərimə olmaqla, cəmi 19218,33 manat məbləğində təşkil edir. İş materiallarında olan 22 iyul 2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilərək 28 fevral 2024-cü il tarixli DC00491962-02 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 17985,85 manat məbləğində əsas borc, 961,9 manat məbləğində faiz borcu, 270,58 manat məbləğində cərimə faizlərinin olduğu bildirilərək həmin borcun ödənilməsi tələb edilmişdir. Məktubda, həmçinin öhdəliklərini pozduqları üçün göstərilən borc 7 iş günü müddətində banka ödənilmədiyi təqdirdə müvafiq tədbirlərin görüləcəyi cavabdehin nəzərlərinə çatdırılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təsvir olunanlarla müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 31 iyul 2023-cü il tarixli 1.0.6 nömrəli versiyasının şərtlərini qəbul edilməsi barədə 28 fevral 2024-cü il tarixli OnGTC- 00491962LE/2019 nömrəli razılaşma bağlanmış, həmin razılaşma əsasında 28 fevral 2024-cü il tarixli DC00491962-02 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanaraq cavabdehə 33171 manat məbləğində birdəfəlik kredit verilmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 28 fevral 2024-cü il tarixli DC00491962-02 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 17985,85 manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin əsas məbləğə hesablanmış 1105,65 manat məbləğində faiz borcunun tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən iş materiallarında olan 22 iyul 2025-ci il tarixli pretenziya məktubu əsas götürülərək hesablanmış 961,9 manat məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Kreditorun borcluya xəbərdarlıq məktubu göndərərək borcu qaytarmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit razılaşmasının birtərəfli qaydada ləğv edilməsinə dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən borcun müvafiq qaydada ödənilməsi barədə cavabdehə göndərilmiş 22 iyul 2025-ci il tarixli xəbərdarlıq məktubu nəzərə alınmalıdır. İddia tələbinin cavabdehdən 126,83 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin kredit razılaşması üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və bağlanmış müqavilədə (“Bank xidmətləri göstərilməsinə dair ümumi şərtlər toplusu”nun “Kredit (maliyyələşdirmə)” adlanan bölməsinin 3.11-ci bəndi və 28 fevral 2024-cü il tarixli DC00491962-02 nömrəli maliyyələşdirmə üçün ərizənin “Kreditin illik/gündəlik cərimə faiz dərəcəsi” adlı bölməsi) öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan) iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin 147,66 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq hesablanmış 147,22 manat məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdеhdən 28 fevral 2024-cü il tarixli DC00491962-02 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 17985,85 manat məbləğində əsas bоrc, 961,9 manat məbləğində faiz bоrcu, 126,83 manat məbləğində cərimə, 147,22 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 19221,8 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdehndən 28 fevral 2024-cü il tarixli DC00491962-02 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 17985,85 (on yeddi min doqquz yüz səksən beş manat, səksən beş qəpik) manat məbləğində əsas bоrc, 961,9 (doqquz yüz altmış bir manat, doxsan qəpik) manat məbləğində faiz bоrcu, 126,83 (yüz iyirmi altı manat, səksən üç qəpik) manat məbləğində cərimə, 147,22 (yüz qırx yeddi manat, iyirmi iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 19221,8 (on doqquz min iki yüz iyirmi bir manat, səksən qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar