Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2467/2025 09.01.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 yanvar 2024-cü il tarixli 017R********** nömrəli krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 13997,17 (on üç min doqquz yüz doxsan yeddi manat, on yeddi qəpik) manat məbləğində əsas bоrc, 1519,15 (min beş yüz on doqquz manat, on beş qəpik) manat məbləğində faiz bоrcu, 456,3 (dörd yüz əlli altı manat, otuz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 15972,62 (on beş min doqquz yüz yetmiş iki manat, altmış iki qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 137,92 (yüz otuz yeddi manat, doxsan iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 25 yanvar 2024-cü il tarixli 017L**********64 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi və 25 yanvar 2024-cü il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə Cavabdeh1 müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bununla əlaqədar Cavabdeh1 və onun öhdəliyinə görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyan zaminlər - hazırkı iddia tələbi üzrə digər cavabdehlər - Cavabdeh2 və Cavabdeh3la mübahisənin pretenziya qaydasında nizama salınması həllinə dair cəhdlər edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 08 yanvar 2026-cı il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 13749,67 (on üç min yeddi yüz qırx doqquz manat, altmış yeddi qəpik) manat məbləğində əsas bоrc, 2091,49 (iki min doxsan bir manat, qırx doqquz qəpik) manat məbləğində faiz bоrcu, 690,9 (altı yüz doxsan manat, doxsan qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 16532,06 (on altı min beş yüz otuz iki manat, altı qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 137,92 (yüz otuz yeddi manat, doxsan iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, eyni tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışı iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, iddia ərizəsini qəbul edir. Borc məbləği üzrə sonuncu dəfə 247,5 manat məbləğində ödəniş həyata keçirmişdir. Cavabdeh1 məhkəmədən aylıq ödənişlərin azaldılmasını və məbləğin hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahatında aylıq 300 manat məbləğində ödəniş həyata keçirə biləcəyini bildirdi və məhkəmədən aylıq ödənişlərin azaldılmasını və məbləğin hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 məhkəmədən aylıq ödənişlərin azaldılmasını və məbləğin hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı QSC ilə kredit alan qismində Cavabdeh1 və zaminlər qismində cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 25 yanvar 2024-cü il tarixli 017L**********64 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin 2.2-ci bəndi ilə müəyyən edilir ki, Cavabdeh1 sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə 120 ay müddətinə 700000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.7-ci bəndinə görə, kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.13-cü bəndinə əsasən, zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmin müqavilənin 2.15-ci bəndinə əsasən, tərəflər bu müqaviləni bağlamaqla təsdiq və bəyan edirlər ki, üçüncü şəxs(lər) bank ilə qoşulma barədə saziş imzalamaqla zamin və girov qoyan qismində bu müqaviləyə qoşula bilər(lər). Üçüncü şəxs(lər) qoşulma barədə sazişi imzaladığı andan müqavilənin tərəfi hesab olunur və tərəflərin bu müqavilədə razılaşdırdığı şərtləri tam şəkildə qəbul və təsdiq etmiş hesab olunur. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən, zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 25 yanvar 2024-cü il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən, bank məbləği 20000 manat olan krediti illik 24 faiz dərəcəsilə 36 ay müddətinə kredit alana verir. Həmin kredit sazişində bu sazişin tərəflər arasında 25 yanvar 2024-cü il tarixli 017L**********64 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə bağlandığı qeyd edilmişdir. İş materiallarında olan 25 yanvar 2024-cü il tarixli 017R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma üzrə verilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh1 banka olan borcu üçün son ödəniş tarixi 25 yanvar 2027-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 22 sentyabr 2025-ci il tarixli OUT-2025/09/22-51 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 25 yanvar 2024-cü il tarixli 017R********** nömrəli kredit razılaşması üzrə iddiaçıya 13997,17 manat məbləğində əsas bоrcu, 1519,15 manat məbləğində faiz borcu və 456,3 manat məbləğində cərimə оlmaqla, cəmi 15972,62 manat məbləğində borcu vardır. İş materiallarında olan 22 sentyabr 2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq məktubları göndərilərək kredit müqaviləsi üzrə 13997,17 manat məbləğində əsas borc, 1519,15 manat məbləğində faiz borcu, 456,3 manat məbləğində cərimənin olduğu bildirilərək həmin borcun ödənilməsi tələb edilmişdir. Məktublarda, həmçinin öhdəliklərini pozduqları üçün göstərilən borc banka ödənilmədiyi təqdirdə müvafiq tədbirlərin görüləcəyi cavabdehlərin nəzərlərinə çatdırılmışdır. İş materiallarında olan 15 dekabr 2025-ci il tarixli OUT-2025/12/15-79 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 25 yanvar 2024-cü il tarixli 017R********** nömrəli kredit razılaşması üzrə iddiaçıya 13749,67 manat məbləğində əsas bоrcu, 2091,49 manat məbləğində faiz borcu və 690,9 manat məbləğində cərimə оlmaqla, cəmi 16532,06 manat məbləğində borcu vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və Cavabdeh1 arasında bağlanmış 25 yanvar 2024-cü il tarixli 017L**********64 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi və 25 yanvar 2024-cü il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, uzunmüddətli kredit və təminat müqaviləsinin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zaminlər Cavabdeh2 və Cavabdeh3 da kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 25 yanvar 2024-cü il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə cavabdehlərdən müştərək qaydada 13749,67 manat məbləğində əsas bоrcun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin əsas məbləğə hesablanmış 2091,49 manat məbləğində faiz borcunun tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən iş materiallarında olan 22 sentyabr 2025-ci il tarixli pretenziya məktubu əsas götürülərək hesablanmış 1519,15 manat məbləğində faiz borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Kreditorun borcluya xəbərdarlıq məktubu göndərərək borcu qaytarmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit razılaşmasının birtərəfli qaydada ləğv edilməsinə dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, kredit razılaşması üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən borcun müvafiq qaydada ödənilməsi barədə cavabdehlərə göndərilmiş 22 sentyabr 2025-ci il tarixli xəbərdarlıq məktubu nəzərə alınmalı və 1519,15 manat məbləğində faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddia tələbinin cavabdehlərdən 690,9 manat məbləğində dəbbə pulunun tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 25 yanvar 2024-cü il tarixli 017L**********64nömrəli uzunmüddətli kredit və təminat müqaviləsində, eləcə də 25 yanvar 2024-cü il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmada öhdəliyin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə, o cümlədən onun icrasının gecikdirildiyi halda cavabdehin iddiaçıya dəbbə pulu ödəməli olması barədə müddəalar nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən pul məbləğidir və həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalı olduğundan tərəflər arasında bağlanmış müqavilələrin məzmununda, o cümlədən həmin müqaviləni tənzimləyən qanunvericiliyin normalarında öhdəliyin pozulmasına görə dəbbə pulunun (cərimənin, penyanın) ödənilməsi nəzərdə tutulmadığından iddia tələbi bu hissədə təmin edilməməlidir. Bundan başqa, iddia tələbinin 137,92 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 22 oktyabr 2025-ci il tarixli **********20 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 137,92 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 136,55 manat təşkil etdiyindən (13997,17+1519,15 = 15516,32, hazırda əsas borcun məbləği 13749,67 manat olsa da, həmin borcun bir hissəsi məhkəmə prosesləri dövründə ödənildiyindən dövlət rüsumunun məbləği hesablanarkən ilkin iddia ərizəsində qeyd edilmiş əsas borc və qətnamə ilə tutulması qət edilmiş faiz məbləği nəzərə alınmalıdır) həmin məbləğdə pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 13749,67 manat məbləğində əsas borc, 1519,15 manat məbləğində faiz borcu və 136,55 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15405,37 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 25 yanvar 2024-cü il tarixli 017R********** nömrəli krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 13749,67 (on üç min yeddi yüz qırx doqquz manat, altmış yeddi qəpik) manat məbləğində əsas bоrc, 1519,15 (min beş yüz on doqquz manat, on beş qəpik) manat məbləğində faiz bоrcu və 136,55 (yüz otuz altı manat, əlli beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15405,37 (on beş min dörd yüz beş manat, otuz yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-2467/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2467/2025
09.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver