Məhkəmə qərarları › İş №e-2-2(119)-247/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-247/2022

22.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-247/2022 22.04.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, iddiaçı “Marmara Polimer ve Tekstil Ticaret Anonim Şirketi”nin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1 oğlunun iştirakı ilə, iddiaçı “Marmara Polimer ve Tekstil Ticaret Anonim Şirketi” tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Marmara Polimer ve Tekstil Ticaret Anonim Şirketi” 24 yanvar 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin iddiaçıdan aldığı 137500 kq. stok növü HDPE P6006AD olan məhsulun dəyərini təşkil edən 182875 (yüz səksən iki min səkkiz yüz yetmiş beş) ABŞ dollarının ödənilməmiş qalmış 34626,93 (otuz dörd min altı yüz iyirmi altı dollar 93 sent) ABŞ dollarının Azərbaycan manatı ekvivalenti olan 58865,78 (əlli səkkiz min səkkiz yüz altmış beş manat 78 qəpik) manatın Cavabdehndən iddiaçı “Marmara Polimer ve Tekstil Ticaret Anonim Şirketi”nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasının hüquqi şəxsi olan “Marmara Polimer ve Tekstil Ticaret Anonim Şirketi” ilə Cavabdeh arasında münasibətlər aliminium qapı-pəncərə istehsalı üçün zəruri olan maddələrin alqı-satqısı üzrə həyata keçirilmişdir. Cavabdeh MMC digər mal göndərişləri üzrə ödənişləri həyata keçirsə də, sonradan iddiaçıdan əldə etdiyi məhsulun dəyərini ona ödəməmişdir. Belə ki, iddiaçı “Marmara Polimer ve Tekstil Ticaret Anonim Şirketi” Cavabdeh MMC-yə bir kiloqramın dəyəri 1,33 ABŞ dolları olan 137500 kq. stok növü HDPE P6006AD olan məhsul göndərmişdir. Göndərilmiş məhsulun ümumi dəyəri 182875 (yüz səksən iki min səkkiz yüz yetmiş beş) ABŞ dolları təşkil etmişdir. Qeyd olunan çəkidə və dəyərdə məhsulun cavabdehə göndərilməsini seriyası A, sıra nömrəsi 061378 olan hesab-faktura da təsdiq edir. Həmin Fakturada nəzərdə tutlan borcun bir hissəsi ödənilsə də, həmin borcdan 34626,93 (otuz dörd min altı yüz iyirmi altı dollar 93 sent) ABŞ dolları ödənilməmiş qalmışdır. Qeyd olunan yaranmış borcun ödənilməsinə dair əvvəlcə tərəflər arasında E-mail (elektron məktub) yazışmaları aparılmış, lakin cavabdeh MMC yenə də borcunu ödəməmişdir. Bundan sonra 21 noyabr 2021-ci il tarixində cavabdeh Şirkətə pretenziya göndərilsə də, sonuncu yenə borcunu ödəməmişdir. Bundan sonra isə Azərbaycan Respublikası üzrə məcburi olan mediasiya prosesi keçirilmiş olsa da, Cavabdeh MMC-nin nümayəndəsi mediasiya sessiyasına belə gəlməmiş və gəlməməsinin səbəbini isə izah etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə Cavabdeh tərəfindən 11 mart 2022-ci ildə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə təqdim edilərək, iddiaçı “Marmara Polimer ve Tekstil Ticaret Anonim Şirketi” tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı “Marmara Polimer ve Tekstil Ticaret Anonim Şirketi” 02 sentyabr 2016-cı il tarixli Seriya A, Sira № 061378 Fakturaya əsasən aldığı 137500 kq. stok növü HDPE P6006AD olan, dəyəri 182875 ABŞ dolları təşkil edən məhsulun qalıq dəyəri olan 34626,93 ABŞ dolları məbləğində pulu Cavabdeh MMC-dən tələb edir. Lakin, iddiaçı “Marmara Polimer ve Tekstil Ticaret Anonim Şirketi” qanunla müəyyən edilən iddia müddətini ötürmüşdir (bundan sonra ərizədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2 və 373.3-ci maddələrinə istinad olunur). Göründüyü kimi, iddiaçı “Marmara Polimer ve Tekstil Ticaret Anonim Şirketi” qanunla müəyyən edilən 3 illik iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı “Marmara Polimer ve Tekstil Ticaret Anonim Şirketi” 02 sentyabr 2016-cı il tarixli Fakturadan 5 (beş) il sonra hazırkı iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə keçirilən məhkəmə baxış iclasında iddiaçı “Marmara Polimer ve Tekstil Ticaret Anonim Şirketi”nin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh MMC-nin 02 sentyabr 2016-cı il tarixli 061378 nömrəli Fakturaya əsasən iddiaçıdan aldığı 137500 kq. məhsulun ümumi dəyərini təşkil edən 182875 ABŞ dollarının ödənilməmiş qalmış 34626,93 ABŞ dollarının Azərbaycan manatı ekvivalenti olan 58865,78 manat məbləğində pulun Cavabdehndən iddiaçı “Marmara Polimer ve Tekstil Ticaret Anonim Şirketi”nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi və öz mövqeyini – iddia tələbinin sübutu olaraq məhkəməyə təqdim olunmuş 02 sentyabr 2016-cı il tarixli 061378 nömrəli Faktura ilə və tərəflər arasında olan elektron yazışmalarla əsaslandıraraq, həmin qeyd olunan Fakturada nəzərdə tutulan pulun tam ödənilməsini və borcun qalmamasını cavabdeh tərəfin sübut etməli olduğunu və eləcə də, tərəflər arasında yaranmış bu münasibətlər mülkiyyətlə bağlı olduğu üçün hazırkı iddia tələbinə iddia müddətinin tətbiq olunmamalı olduğunu bildirdi. İş üzrə 13 aprel 2022-ci ildə keçirilən məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirib, əsassız olduğu üçün iddiaçı “Marmara Polimer ve Tekstil Ticaret Anonim Şirketi”nin Cavabdehnə qarşı “borcun tutulması” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmiş və cavabdeh tərəfin bu mövqeyini onunla əsaslandırmışdı ki, iddiaçı tərəf hazırkı iddia ərizəsində tələb etdiyi borcun 02 sentyabr 2016-cı il tarixli 061378 nömrəli Faktura ilə verilmiş mallara görə yaranmış olduğunu bildirsə də, həmin vaxtdan sonra Cavabdeh MMC-nin indiyənə kimi iddiaçı “Marmara Polimer ve Tekstil Ticaret Anonim Şirketi” ilə 6-7 milyon manatlıq alqı-satqı dövriyyəsi olmuş və Alıcı olaraq cavabdeh tərəfin iddiaçıya heç bir borcu qalmamışdır. Eyni zamanda, onların arasında olan alqı-satqı münasibətləri indiyədək də davam edir. Cavabdeh tərəf sifariş etdiyi malların pullarını əvvəlcədən ödəmiş və bundan sonra mal göndərilmişdir. Bunun əksini və borcun qalmasını iddiaçı tərəf sübut etməlidir. 02 sentyabr 2016-cı il tarixli 061378 nömrəli Fakturada qeyd olunan məlumatlarla da müəyyən olunur ki, cavabdeh tərəf sifariş etdiyi malların pulunu əvvəlcədən ödəmiş və iddiaçı tərəfindən Fakturada qeyd olunan mallar cavabdehə göndərilmişdir. Buna görə də, həmin göndərişə görə hətta nəqliyyat riski və bütün xərclər də cavabdeh tərəfin üzərinə düşmüşdür. Əgər cavabdeh pulu tam ödəməsə idi, nəqliyyat riski ümumilikdə cavabdehin üzərinə düşməzdi. Tərəflər arasında yazılı müqavilə yoxdur. Cavabdeh lazım olan mallara görə "xxxx" sifariş verir və sifarişi təsdiq olunduğu halda, alınacaq malların pulu iddiaçı Şirkətin hesabına əvvəlcədən ödənir və bundan sonra İddiaçı tərəfindən həmin mallar Cavabdehə göndərilir. Cavabdeh iddiaçıdan bir ilə təxminən 1 milyon manatlıq mal alır və onlarına arasında münasibətlər hələ də davam edir. Eləcə də, İddiaçı 2016-cı ildən 2021-ci ilin sonlarına kimi cavabdehə bu borc barədə heç nə deməmişdir. İddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi elektron yazışmaların isə cavabdehə və iddia tələbinin əsaslandırıldığı 02 sentyabr 2016-cı il tarixli 061378 nömrəli Fakturaya aidiyyəti müəyyən olunmur. Çünki, həmin mesajlar Cavabdeh MMC-nin elektron poçt ünvanına göndərilməmişdir və hansı məhsula dair pulun ödənilməsinin tələb olunduğu da yazışmalardan anlaşılmır. Eyni zamanda, həmin yazışmalarda Gürcüstanın “Poti” limanı vasitəsi ilə göndərilən mallardan söhbət getsə də, 02 sentyabr 2016-cı il tarixli 061378 nömrəli Fakturada nəzərdə tutulan mallar İranın “Bəndər Abbas” gömrük-keçid məntəqəsindən keçərək ölkəyə gətirilmişdir. Cavabdeh tərəfin iddiaçı Şirkətə heç bir borcu olmadığı üçün hazırkı iddia tələbini də qəbul etmir və iddia tələbi rədd olunmalıdır. Lakin, bununla belə, iddia müddətinin tətbiqi barədə ərizə vermək də cavabdehin hüququdur və belə bir ərizənin verilməsi borcun olmasının təsdiq edilməsi kimi qəbul olunmamalıdır. Çünki, Konstitusiya Məhkəməsinin qərarlarına görə uzun müddət keçdiyinə görə sənədlərin tapılmadığı hallara da iddia müddəti tətbiq oluna bilər və hal-hazırda 2016-cı ilə aid olan sənədləri tapmaq çətindir. İddiaçı da iddia tələbində qeyd olunan borcun olmasını təsdiq edən sənədləri təqdim etməmişdir. Cavabdeh nümayəndəsi iş üzrə keçirilmiş əvvəlki məhkəmə iclaslarına gəlmiş olsa da, 22 aprel 2022-ci ildə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi həmin iclasa gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının məhkəmə iclaslarında vermiş olduğu izahatları, iddia ərizəsini, “iddia müddətinin tətbiq edilməsi” barədə ərizəni və iş materiallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Marmara Polimer ve Tekstil Ticaret Anonim Şirketi” tərəfindən tərtib edilərək möhürlənmiş 02 sentyabr 2016-cı il tarixli A seriyalı 061378 nömrəli Fakturanın tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, satıcı “Marmara Polimer ve Tekstil Ticaret Anonim Şirketi” tərəfindən alıcı Cavabdehnə hər kiloqramı 1,33 dollar olan, ümumilikdə cəmi 182875 ABŞ dollar məbləğində 137500 kq miqdarında “stok növü HDPE P6006AD” adlı məhsul satılmışdır və həmin Fakturada “CİF - Bəndər-Abbas, İran”, 5500 torba, xalis çəkisi 137500 kq., ümumi çəkisi 139975 kq., Ödəmə: “24688,13 USD CİA + 158186,87 CAD”, “Məzənnə: 2,9611” və “Məhsulun Alıcıya müəssisədə təhvil verilməsi” barədə qeydlər vardır. Qeyd etmək lazımdır ki, iddiaçı tərəf iddia tələbinin sübutu olaraq məhkəməyə 02 sentyabr 2016-cı il tarixli A seriyalı 061378 nömrəli Fakturanı təqdim etmiş olsa da, həmin Faktura ilə satılmış ümumilikdə cəmi 182875 ABŞ dollar dəyərində məhsulun 34626,93 ABŞ dolları hissəsinin ödənilməmiş olması və eləcə də, alınan malların ödənişinin sonradan ödənməsi və yaxud, hissə-hissə ödənilməli olması təsdiq edilmir. İddaçı tərəfin təqdim etmiş olduğu elektron yazışmalarda olan məlumatların da qeyd olunan borcun olmasını təsdiq edən mötəbər sübut kimi nəzərə alınması mümkün deyildir. Cavabdeh tərəf isə məhkəməyə hər hansı bir sübut kimi nəzərə alınacaq sənəd təqdim etməyərək, öz mövqeyini, yəni alınan malların pulunun əvvəlcədən ödənmiş olmasını 02 sentyabr 2016-cı il tarixli A seriyalı 061378 nömrəli Fakturada olan qeydlərə istinad etməklə və eyni zamanda, tərəflər arasında mövcud olan işgüzar münasibətlərin mövcud qaydaları və həmin alqı-satqıdan 6 ilədək müddət keçdiyi üçün müvafiq sənədlərin saxlanmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hər hansı bir yazılı alqı-satqı müqaviləsi məhkəməyə təqdim olunmasa da, iddiaçı “Marmara Polimer ve Tekstil Ticaret Anonim Şirketi” ilə Cavabdeh arasında müxtəlif məhsulların alqı-satqısı münasibətləri olmuş və həmin münasibətlər üzrə tərtib edilmiş 02 sentyabr 2016-cı il tarixli A seriyalı 061378 nömrəli Faktura əsasında həmin tərəflər arasında müvafiq olaraq “Satıcı” və “Alıcı” olmaqla, ümumilikdə cəmi 182875 ABŞ dollar dəyərində 137500 kq miqdarında “stok növü HDPE P6006AD” adlı məhsulun alqı-satqısı həyata keçirilmişdir. Lakin, məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslandırıldığı 02 sentyabr 2016-cı il tarixli A seriyalı 061378 nömrəli Faktura üzrə “137500 kq miqdarında “stok növü HDPE P6006AD” adlı məhsulun satışı” ilə əlaqədar ümumilikdə nəzərdə tutulan “cəmi 182875 ABŞ dollar məbləğində” pul vəsaitinin “34626,93 ABŞ dolları məbləğində” hissəsinin ödənilməməsi və bu məbləğdə borcun mövcud olması mötəbər sübut kimi qəbul edilə biləcək rəsmi sənədlərlə, eləcə də hər hansı bir maliyyə-mühasibatlıq və yaxud, bank sənədləri əsasında öz təsdiqini tapmamışdır. Qeyd etmək lazımdır ki, cavabdeh tərəf həmin Fakturada qeyd olunan məhsulları alarkən pulunun da tam ödənilmiş olduğunu bildirsə də, iddiaçı tərəf həmin Faktura üzrə 34626,93 (otuz dörd min altı yüz iyirmi altı dollar 93 sent) ABŞ dolları məbləğində borcun mövcud olmasını hər hansı bir mötəbər sübutla sübut edə bilməmiş və eyni zamanda, tərəflər arasında həyata keçirilən alqı-satqı münasibətləri zamanı mövcud olmuş ödəniş qaydalarını və hallarını əks etdirən sübutları da təqdim etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə görə bunu sübut etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələbləri ilə müəyyən olunur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur və həmin sübut növlərindən biri də qanuni yolla əldə edilmiş yazılı sübutlardır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan – hazırkı mübahisə üzrə də iddia tələbini təsdiq edən mötəbər sübutlar (“əsaslı şübhədən kənar” sübutlar) iddiaçı tərəfindən məhkəməyə təqdim olunmalı, iddia ərizəsində iddia tələbi iddiaçı tərəfin malik olduğu və məhkəməyə təqdim etdiyi sübutlar əsasında müvafiq qaydada əsaslandırılmalı və eləcə də, iş üzrə aparılan məhkəmə araşdırmasında da iddiaçı tərəfindən iddia tələbi sübut edilməli idi. Lakin, hazırkı iddia tələbində qeyd olunan 02 sentyabr 2016-cı il tarixli A seriyalı 061378 nömrəli Faktura üzrə ümumilikdə nəzərdə tutulan “cəmi 182875 ABŞ dollar məbləğində” pul vəsaitinin ödənilməmiş “34626,93 ABŞ dolları məbləğində” hissəsinin iddiaçının xeyrinə tutulmalı” olmasının əsaslılığını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Ona görə də, təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı “Marmara Polimer ve Tekstil Ticaret Anonim Şirketi” tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı sübut olunmamış və öz təsdiqini tapmamışdır. Eyni zamanda, cavabdeh tərəfin məhkəməyə təqdim etmiş olduğu “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, iddia tələbinin əsaslılığı təsdiq olunduğu halda, həmin ərizə üzrə xüsusatların araşdırılması və qiymətləndirilməsi əhəmiyyət kəsb edərdi. Həmçinin, cavabdeh tərəf borcun olmasını etiraf etməyərək, iddia tələbini qəbul etməmiş və cavabdeh iddia tələbinə etirazını ilk növbədə, 02 sentyabr 2016-cı il tarixli 061378 nömrəli Faktura üzrə ödənilməmiş borcun olmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında qeyd olunur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, əsaslılığı sübuta yetmədiyinə görə iddiaçı “Marmara Polimer ve Tekstil Ticaret Anonim Şirketi”nin Cavabdehnə qarşı “borcun tutulması” barədə iddia tələbi, yəni “Cavabdeh MMC-nin iddiaçıdan aldığı 137500 kq. stok növü HDPE P6006AD olan məhsulun dəyərini təşkil edən 182875 (yüz səksən iki min səkkiz yüz yetmiş beş) ABŞ dollarının ödənilməmiş qalmış 34626,93 (otuz dörd min altı yüz iyirmi altı dollar 93 sent) ABŞ dollarının Azərbaycan manatı ekvivalenti olan 58865,78 (əlli səkkiz min səkkiz yüz altmış beş manat 78 qəpik) manatın Cavabdehndən iddiaçı “Marmara Polimer ve Tekstil Ticaret Anonim Şirketi”nin xeyrinə tutulması” barədə iddia tələbi təmin olunmamalıdır. Eləcə də, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “Marmara Polimer ve Tekstil Ticaret Anonim Şirketi” tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar