Məhkəmə qərarları › İş №e-2-2(119)-251/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-251/2025

09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-251/2025 09.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 119302,49 (yüz on doqquz min üç yüz iki manat, qırx doqquz qəpik) manat məbləğində borcun və 410 (dörd yüz on) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən ididaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 01 fevral 2023-cü il tarixli 2023-A-03 nömrəli nəqliyyat vasitələrinin subicarəsi müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, subicarəyə verən iddiaçı öhdəliyinə götürdüyü işləri yerinə yetirməli və cavabdeh isə öz növbəsində müqavilə şərtlərinə uyğun olaraq göndərilmiş elektron qaimə-faktura üzrə ödəniş etməli idi. İddiaçı tərəfindən işlər 2023-cü ildə yekunlaşdırılmışdır. Cavabdeh isə yerinə yetirilmiş işlərin dəyərinin bir hissəsini ödəmiş, iddiaçıya 119302,49 manat məbləğində borcu qalmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi 27 yanvar 2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 119302,49 manat məbləğində borcun, hüquqi yardımla bağlı ödənilmiş 300 manat məbləğində xidmət haqqının və 410 manat məbləğində dövlət rüsumunun əvəzinin ididaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarında iddiaçı iddia ərizəsinin və iddia tələbinin həcminin artırılması barədə ərizələrin məzmununa uyğun izahatlar verərək həmçinin bildirmişdir ki, iş materiallarına əlavə edilmiş 25 iyul 2023-cü il tarixli EBDK seriyalı 618737 nömrəli və 25 iyul 2023-cü il tarixli EBDF seriyalı 617070 nömrəli elektron qaimə-fakturalar üzrə təhviltəslim aktları tərtib edilsə də, həmin aktları tapmaq mümkün olmamışdır. Bu səbəbdən də həmin aktları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin həcminin artırılması barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 01 fevral 2023-cü il tarixli 2023-A- 03 nömrəli nəqliyyat vasitələrinin subicarəsi müqaviləsinin 1.1-ci bəndinə əsasən, subicarəyə verən (İddiaçı MMC) onun mülkiyyətində və qanuni istifadəsində olan bu müqaviləyə Əlavədə siyahısı qeyd edilmiş maşın və texnikanı icarəçinin (Cavabdeh MMCnin) istifadəsinə verməyi, icarəçi isə bu müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, hər bir maşın və texnika üçün icarə haqqı məbləği bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Əlavə 1-də öz əksini tapmışdır. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, bu müqavilənin bağlanması icarəçinin müqavilə üzrə maşın və texnikaya mülkiyyət hüququ əldə etməsinə səbəb olmur. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, icarəçi bu müqavilənin Əlavə 1-də qeyd edilmiş hər təqvim ayı üçün icarə haqqını növbəti ayın ilk iş günü hər nəqliyyat vasitəsi üçün hər ay 2000 (iki min) manat icarəyə verənə avans şəklində ödəyir və qalan vəsait hər 3 aydan bir ayın sonuna qədər tam ödəyir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, tərəflər arasında olan bütün hesablaşmalar nağdsız bank köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 3.1.2-ci yarımbəndinə əsasən, icarə haqqının vaxtında ödənilməsini icarəçidən tələb etmək subicarəyə verənin hüququdur. Həmin müqavilənin 3.4.1-ci yarımbəndinə əsasən, icarə haqqını bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək icarəçinin vəzifəsidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, əmlakın təhvil erilməsi hər iki tərəfdən səlahiyyətli şəxsin imzası ilə təsdiq edilən təhvil-təslim aktına əsasən həyata keçirilir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilə imzalandığı andan hüquqi qüvvəyə minir və 6 ay müddətinədək qüvvədə qalır. Müqavilə müddətinin bitməsinə 1 ay qalmış tərəflərdən heç biri miiqaviləyə xitam verilməsi baradə yazılı müraciət etməzsə, müqavilə davamlı olaraq eyni müddət(lər)ə uzadılmış hesab edilir. İş materiallarında olan 01 fevral 2023-cü il tarixli icarə müqaviləsinə 01 nömrəli Əlavədən görünür ki, müqavilə üzrə icarəyə veriləcək texnikanın adı, təsviri, həcmi və qiyməti və həmin qiymətlərə ƏDV məbləğinin daxil olmadığı tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan tərəflərin nümayəndələri tərəfindən imzalanmış 10 mart 2023cü il tarixli göstərilmiş icarə xidməti haqqında təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə ƏDV daxil cəmi 27979,96 manat məbləğində icarə haqqı hesablanmışdır. İş materiallarında olan tərəflərin nümayəndələri tərəfindən imzalanmış 06 aprel 2023cü il tarixli göstərilmiş icarə xidməti haqqında təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə ƏDV daxil cəmi 34351,96 manat məbləğində icarə haqqı hesablanmışdır. İş materiallarında olan tərəflərin nümayəndələri tərəfindən imzalanmış 05 may 2023cü il tarixli göstərilmiş icarə xidməti haqqında təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə ƏDV daxil cəmi 40660,5 manat məbləğində icarə haqqı hesablanmışdır. İş materiallarında olan tərəflərin nümayəndələri tərəfindən imzalanmış 08 iyun 2023cü il tarixli göstərilmiş icarə xidməti haqqında təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə ƏDV daxil cəmi 21940,59 manat məbləğində icarə haqqı hesablanmışdır. İş materiallarında olan tərəflərin nümayəndələri tərəfindən imzalanmış və möhürlənmiş 01 iyun 2023-cü il tarixli 01 nömrəli üzləşmə aktından görünür ki, 01 fevral 2023-cü il tarixli 2023-A-03 nömrəli subicarəsi müqaviləsi üzrə cavabdehin iddiaçıya 91375,43 manat məbləğində əsas, 16447,57 manat məbləğində ƏDV borcu olmaqla, cəmi 107823 manat məbləğində borcu vardır. İş materiallarında olan 11 fevral 2025-ci il tarixli hesabdan çıxarış sənədindən görünür ki, cavabdeh tərəfindən iddiaçının bank hesabına 19 aprel 2023-cü il tarixdə 10000 manat, 28 aprel 2023-cü il tarixdə 4500 manat, 17 iyul 2023-cü il tarixdə 40000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan ƏDV sub-uçot hesabından çıxarış sənədindən görünür ki, cavabdeh tərəfindən iddiaçının bank hesabına ƏDV borcu üzrə 19 aprel 2023-cü il tarixdə 1800 manat, 22 may 2023-cü il tarixdə 810 manat, 15 iyul 2023-cü il tarixdə 7200 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 08 iyun 2023-cü il tarixli EBDH seriyalı 462681 nömrəli elektron qaimə-faktura üzrə 21940,64 manat, 13 aprel 2023-cü il tarixli EBDD seriyalı 535728 nömrəli elektron qaimə-faktura üzrə 27979,96 manat, 13 aprel 2023-cü il tarixli EBDD seriyalı 543733 nömrəli elektron qaimə-faktura üzrə 34351,96 manat, 10 may 2023cü il tarixli EBDF seriyalı 290146 nömrəli elektron qaimə-faktura üzrə 40660,49 manat, 25 iyul 2023-cü il tarixli EBDK seriyalı 618737 nömrəli elektron qaimə-faktura üzrə 20692,48 manat, 25 iyul 2023-cü il tarixli EBDF seriyalı 617070 nömrəli elektron qaimə-faktura üzrə 37986,96 manat məbləğində icarə haqqı borcu hesablanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.1-ci və 700.2-ci maddələrinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında 01 fevral 2023-cü il tarixli 2023-A-03 nömrəli nəqliyyat vasitələrinin subicarəsi müqaviləsi bağlanmış, müqavilə öhdəliyinə uyğun olaraq iddiaçı həmin müqaviləyə 01 nömrəli əlavədə göstərilən maşın və texnikaları cavabdehin subicarəsinə versə də, cavabdeh müqavilə öhdəliklərinə riayət etməyərək həmin texnikaların icarəsi ilə əlaqədar aylıq icarə haqlarını tam olaraq iddiaçıya ödəməmiş, nəticədə onun iddiaçıya icarə haqqı borcu yaranmışdır. Belə ki, tərəflərin nümayəndələri tərəfindən imzalanaraq möhürlənmiş 01 iyun 2023cü il tarixli 01 nömrəli üzləşmə aktı ilə tərəflər 01 fevral 2023-cü il tarixli 2023-A-03 nömrəli subicarəsi müqaviləsi üzrə cavabdehin iddiaçıya 91375,43 manat məbləğində əsas, 16447,57 manat məbləğində ƏDV borcu olmaqla, cəmi 107823 manat məbləğində borcu olması ilə bağlı razılığa gəlmişdirlər. Məhkəmə cavabdehin iddiaçıya olan icarə haqqının məbləğini hesablayarkən 01 iyun 2023-cü il tarixli üzləşmə aktından sonra tərəflər arasında baş tutmuş müvafiq əməliyyatlar üzrə hesablanma aparılmalı olduğunu zəruri hesab edir. Sözügedən üzləşmə aktının tərtib edildiyi tarixdən (01 iyun 2023-cü ildən) sonra tərtib edilmiş 08 iyun 2023-cü il tarixli göstərilmiş icarə xidməti haqqında təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə göstərilmiş icarə haqqının məbləği ƏDV daxil olmaqla cəmi 21940,59 manat məbləğindədir. Qeyd olunan hal (xidmətin dəyəri) cavabdehə göndərilmiş eyni tarixli EBDH seriyalı 462681 nömrəli elektron qaimə-faktura ilə də təsdiq edilməkdədir. Belə olduğu təqdirdə, cavabdehin üzləşmə aktının tərtib edildiyi 01 iyun 2023-cü il tarixdən sonra borcu 129763,59 (107823+21940,59=129763,59) manat məbləğində təşkil etmişdir. Eyni zamanda, iş materiallarında olan xx.xx.2025-ci il tarixli hesabdan çıxarış və ƏDV sub-uçot hesabından çıxarış sənədlərindən görünür ki, üzləşmə aktının tərtib edildiyi 01 iyun 2023-cü il tarixdən sonra cavabdeh tərəfindən əsas borc üzrə 15 iyul 2023-cü il tarixdə 7200 manat məbləğində pul vəsaiti, ƏDV borcu üzrə 17 iyul 2023-cü il tarixdə 40000 manat məbləğində pul vəsaiti iddiaçının hesabına köçürülmüşdür. Nəticədə cavabdehin qalıq borcu 82563,59 (129763,59-(40000+7200)=82563,59) manat məbləğində təşkil edir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 25 iyul 2023-cü il tarixli EBDK seriyalı 618737 nömrəli və 25 iyul 2023-cü il tarixli EBDF seriyalı 617070 nömrəli elektron qaimə-fakturalara münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan digər 4 elektron qaimə-faktura (13 aprel 2023-cü il tarixli EBDD seriyalı 535728 nömrəli, 13 aprel 2023-cü il tarixli EBDD seriyalı 543733 nömrəli, 10 may 2023-cü il tarixli EBDF seriyalı 290146 nömrəli, 08 iyun 2023-cü il tarixli EBDH seriyalı 462681 nömrəli) tərtib edilmiş təhvil-təslim aktları ilə birlikdə iş materiallarına əlavə edildiyindən, sözügedən 2 ədəd 25 iyul 2023-cü il tarixli elektron qaimə-fakturalar ilə bağlı təhvil-təslim aktı təqdim edilmədiyindən həmin qaimə-fakturalar özlüyündə müvafiq icarə xidmətlərinin göstərilməsini təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən 119302,49 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması barədə hissəsi qismən təmin edilməli, cavabdehdən 82563,59 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 300 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Bakı şəhəri fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə1 arasında bağlanmış 14 yanvar 2025-ci il tarixli EM-748VK-1988/25 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin 2.1-ci bəndindən görünür ki, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 300 manat məbləğində müəyyən olunmuşdur. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsinin əsaslılığı iş materialları ilə sübut olunur və iddia tələbi həmin hissədə təmin edilməlidir. Bunlardan əlavə, iş materiallarında olan 06 dekabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 410 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia qismən təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq hesablanmış 337,69 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 82563,59 manat məbləğində borc, hüquqi yardımla bağlı ödənilmiş 300 manat məbləğində xidmət haqqının və 337,69 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 83201,28 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 82563,59 (səksən iki min beş yüz altmış üç manat, əlli doqquz qəpik) manat məbləğində borc, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının və 337,69 (üç yüz otuz yeddi manat, altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 83201,28 (səksən üç min iki yüz bir manat, iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar