Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-253/2022 25.10.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş pul tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə Cavabdehndən 354000 (üç yüz əlli dörd min) manat məbləğində əsas bоrc, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci, hüquqi yardımla bağlı ödənilmiş 210 (iki yüz on) manat məbləğində xidmət haqqı və 644 (altı yüz qırx dörd) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 355254 (üç yüz əlli beş min iki yüz əlli dörd) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışıdır ki, mülki dövriyyədə geyim məhsullarının, tibbi maskaların istehsalı və satışı üzrə fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh RT Group Supply” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 16 sentyabr 2021-ci il tarixli BTF-M-21/61 saylı alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən iddiaçı müvafiq malları cavabdehin sifarişi əsasında hazırlayıb ona verməyi, cavabdeh isə həmin malları qəbul edib əvəzində onun dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehə müqaviləyə əsasən 354000 (üç yüz əlli dörd min) manat dəyərində tibbi maskaları verməklə müqavilə üzrə öhdəliyini tam şəkildə yerinə yetirmişdir. Lakin cavabdeh razılaşdırılmış məbləği ödəməmişdir. Borcun ödənilməsi üçün cavabdehə iddiaçı tərəfindən xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehdən pulun alınması bundan sonra da mümkün olmamışdır. Mübahisənin həll edilməsi üçün cavabdeh mediator vasitəsilə 17 yanvar 2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak etmək üçün dəvət edilsə də o, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bundan sonra mediator iddiaçıya cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə arayış təqdim etmişdir. Cavabdehnə məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə baxış iclaslarında iştirak etməmə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Sumqayıt Kommersiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfin eyni tarixli ərizəsi nəzərə alınaraq, işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan icraçı adlanan "xxxx" MMC ilə sifarişçi adlanan Cavabdeh MMC arasında bağlanmış 16 sentyabr 2021-ci il tarixli BTF-M-21/61 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən icraçı müqavilədə qeyd edilmiş malları sifarişçinin mülkiyyətinə verməyi, sifarişçi isə həmin malları qəbul edib əvəzində onun dəyərini hazırkı müqavilə şərtlərinə uyğun icraçıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndində qeyd edilir ki, bu müqavilənin 1.2-ci bəndinə əsasən tərəflər arasında razılıq əldə olunarsa sifariş ediləcək mallar bu müqaviləyə əlavə olunmuş X2 göstəriləcəkdir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən alıcı malların Protokolda göstərilmiş dəyərinin ilkin olaraq 30%-i həcmində avans ödənişini satıcı tərəfindən ona hesab-faktura təqdim olunduqdan sonra 5 iş günü ərzində ödəyir. Məbləğin qalan hissəsini mallar tədarük olunduqdan sonra elektron qaimə əsasında 15 (on beş) iş günü ərzində ödəyir. İş materiallarında olan 16 sentyabr 2021-ci il tarixli BTF-M-21/61 saylı alqı-satqı müqaviləsinə dair X1 görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 354000 manat dəyərində olan (ƏDV daxil olmaqla) ******* ədəd 3 qatlı tibbi maskanın Cavabdehnə verilməsi razılaşdırılmışdır. İş materiallarında olan 16 sentyabr 2021-ci il tarixli EBBJ seriyalı 251065 nömrəli elektron qaimədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə satılan malların dəyəri 354000 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 14 mart 2022-ci il tarixli məktubundan görünür ki, uçot baza məlumatlarına əsasən 16 sentyabr 2021-ci il tarixli EBBJ seriyalı 251065 nömrəli 354000 manat məbləğində olan (ƏDV daxil olmaqla) elektron qaimə həmin gün təsdiq olunmuşdur. İş materiallarında olan cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə tərəfindən imzalanaraq möhürü ilə təsdiq olunub “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edilmiş 29 aprel 2022-ci il tarixli arayışda cavabdeh iddiaçıdan 325000 ədəd maska götürdüyünü bildirmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 27 may 2022-ci il tarixli e-2-2(119)-253/2022 nömrəli qərardadı ilə iddiaçının vəsatəti əsasında məhkəməyə təqdim olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı ilə Cavabdeh direktoru Qanuni nümayəndə arasında “Whatsapp” mobil tətbiqi vasitəsilə mübahisə predmeti olan alqı-satqı müqaviləsi üzrə ödənişlə bağlı səs yazılarının Qanuni nümayəndə aid olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə-fonoskopik ekspertizası təyin edilmişdir. 10 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 21 iyul 2022-ci il tarixli 4/879 saylı məktubu ilə adından eyniləşdirici tədqiqat aparılacaq şəxsin eksperimental səs və nitq nümunələri təqdim edilmədiyindən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqısatqı müqaviləsində irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçı tərəfindən satılmış mallar cavabdehə verilmiş, cavabdeh isə öhdəliyini yerinə yetirməyərək aldığı malların dəyərini ödəməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı ilə Cavabdeh direktoru Qanuni nümayəndə arasında “Whatsapp” mobil tətbiqi vasitəsilə mübahisə predmeti olan alqı-satqı müqaviləsi üzrə ödənişlə bağlı səs yazılarının Qanuni nümayəndə aid olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə təyin edilmiş məhkəmə-fonoskopik ekspertizasının keçirilməsindən Qanuni nümayəndə eksperimental səs və nitq nümunələrini təqdim etmədiyi üçün imtina edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, yalnız “Whatsapp” mobil tətbiqi vasitəsilə mübahisə predmeti olan alqı-satqı müqaviləsi üzrə ödənişlə bağlı səs yazıları məhkəməyə verildikdən sonra Cavabdeh direktoru Qanuni nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə 29 aprel 2022ci il tarixli arayış təqdim edərək iddiaçıdan 325000 ədəd maska götürdüyünü etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və Cavabdehndən (VÖEN: **********) 354000 manat məbləğində əsas bоrc iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Həmçinin, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və hüquqi yardımla əlaqədar ödənilmiş 210 (iki yüz on) manat məbləğində xidmət haqqı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 644 (altı yüz qırx dörd) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdehndən (VÖEN: **********) 354000 (üç yüz əlli dörd min) manat məbləğində əsas bоrc, 644 (altı yüz qırx dörd) manat məbləğində ödənilmiş dövlət rüsumu, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və hüquqi yardımla əlaqədar ödənilmiş 210 (iki yüz on) manat məbləğində xidmət haqqı olmaqla cəmi 355254 (üç yüz əlli beş min iki yüz əlli dörd) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-253/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(119)-253/2022
25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver