Məhkəmə qərarları › İş №e-2-2(119)-2544/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2544/2025

18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2544/2025 18.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “gecikdirilmiş vaxt üçün faiz borcunun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “gecikdirilmiş vaxt üçün faiz borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 11 yanvar 2024-cü il tarixli L000079/0003 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə 41588,58 (qırx bir min beş yüzsəksən səkkiz manat əlli səkkiz qəpik) manat məbləğində əsas borca hesablanmış 5% məbləğində 2246,94 (iki min iki yüz qırx altı manat doxsan dörd qəpik) manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 42,47 (qırx iki manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, borc verən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filial ilə borc alan Cavabdeh1 arasında 04 avqust 2022-ci il tarixli L000079 nömrəli kredit limiti müqaviləsinə əsasən 120 ay müddətinə illik 30%-dən çox olmamaq şərtilə ******* (bir milyon) manat məbləğində kredit limiti ayrılmışdır. Həmin kredit limiti çərçivəsində 11 yanvar 2024-cü il tarixli L000079/0003 nömrəli kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 16 % olmaqla 12 ay müddətinə 80000 (səksən min) manat məbləğində kredit verilmişdir. Kredit verildikdən sonra ödənişlər cavabdeh tərəfindən qrafikə uyğun olaraq ödənilsə də, sonradan cavabdeh müqavilənin və ödəniş qrafikinin tələblərini pozmuşdur. İddiaçı tərəfindən cavabdehlərə qarşı iddia qaldırılaraq tərəflər arasında bağlanmış 11 yanvar 2024-cü il tarixli L000079/0003 nömrəli kredit müqaviləsi üzrə banka olan 41588,58 (qırx bir min beş yüz səksən səkkiz manat əlli səkkiz qəpik) manat məbləğində əsas borc, 1497,19 (min dörd yüz doxsan yeddi manat on doqquz qəpik) manat məbləğində faiz borcu, 3706,71 (üç min yeddi yüz altı manat yetmiş bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 46792,48 (qırx altı min yeddi yüz doxsan iki manat qırx səkkiz qəpik) manat məbləğində borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 135 (yüz otuz beş) manat məbləğində rüsumun, 230,33 (iki yüz otuz manat otuz üç qəpik) manat məbləğində dövlət rüsumunun, həmçinin həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş Cavabdeh4 məxsus (DƏDRX tərəfindən verilmiş 30 noyabr 2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0,0573 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 265.3 kv.m olan qeyri-yaşayış binası, qeyri-yaşayış binasının yerləşdiyi 0.0573 ha torpaq sahəsi və həyətyanı tikili və qurğulara yönəldilərək açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına iddiaçıya olan borcun ödənilməsi, 04 avqust 2022-ci il tarixli L000079 nömrəli kredit limiti müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 12 iyun 2025-ci il tarixli e-2-2(119)- 200/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən 11 yanvar 2024-cü il tarixli L000079/0003 nömrəli kredit müqaviləsi üzrə 41588,58 (qırx bir min beş yüz səksən səkkiz manat əlli səkkiz qəpik) manat məbləğində əsas borc, 1497,19 (bir min dörd yüz doxsan yeddi manat on doqquz qəpik) manat məbləğində faiz borcu, 2080 (iki min səksən manat) manat məbləğində cərimə, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 15 (on beş manat) manat məbləğində rüsum, 120 (bir yüz iyirmi manat) manat məbləğində xidmət haqqı və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 225,5 (iki yüz iyirmi beş manat əlli qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 45526,27 (qırx beş min beş yüz iyirmi altı manat iyirmi yeddi qəpik) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi, tələbin Cavabdeh4 məxsus (DƏDRX tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0573 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 265.3 kv.m olan qeyri-yaşayış binası, qeyri-yaşayış binasının yerləşdiyi 0.0573 ha torpaq sahəsi və həyətyanı tikili və qurğulara yönəldilərək, ilkin satış qiyməti 102000 (bir yüz iki min) manat müəyyən edilməklə açıq hərracda satılması, göstərilən əmlak açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 45526,27 (qırx beş min beş yüz iyirmialtı manat iyirmi yeddi qəpik) manat məbləğində borc tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehlə bağlanmış 11 yanvar 2024-cü il tarixli L000079/0003 nömrəli kredit müqaviləsi 12 aylıq müddətə bağlanmışdır. 12 avqust 2024-cü il tarixdə sonuncu ödəniş edilsədə, gecikmədən çıxılmamış və əsas, faiz və cərimə borcu üzrə öhdəliklər yerinə yetirilməmişdir. 12 avqust 2024-cü il tarixdən uzun müddət keçməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə əsas, faiz və gecikmə borcunu ödəməmişdir. Bununla da, cavabdeh bankı haqqı çatanlardan məhrum etmiş, borc aldığı pulu geri qaytarmaqdan yayınmışdır. Hazırda 31 oktyabr 2025-ci il tarixinə cavabdehin banka əsas borcunun qalığı 41588,58 (qırx bir min beş yüz səksən səkkiz manat əlli səkkiz qəpik) manat təşkil edir. Qeyd olunan əsas borcun ödənilməsini gecikdirdiyinə, əsassız olaraq pul vəsatini özündə saxladığına və bank da digər əsasdan çıxış edərək daha böyük məbləğdə pul tələb edə bilmədiyinə görə əsas borcun faktiki qalığına görə illik 5% (beş faiz) pul cavabdehdən tutularaq banka ödənilməlidir. Beləliklə təqdim edilmiş sənədlərdən və 31 oktyabr 2025-ci il tarixdən sonrakı dövrü əhatə edən kredit borcu üzrə ödəniş cədvəlindən görünür ki, cavabdeh əsas borca görə illik 5% hesablanmaqla ödəniş etməlidir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 31 oktyabr 2025-ci il tarixə (02 oktyabr 2024-cü il tarixdən) İddiaçı Açıq Səhmdar Cəmiyyətinə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə 5 % məbləğində hesablanmış 2246,94 (iki min iki yüz qırx altı manat doxsan dörd qəpik) manat məbləğində borcu qalmaqdadır.

İşdə iştirak edən şəxslərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. O, izahatında bildirmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə 11 yanvar 2024-cü il tarixli L000079/0003 nömrəli kredit müqaviləsi üzrə 41588,58 (qırx bir min beş yüz səksən səkkiz manat əlli səkkiz qəpik) manat məbləğində əsas borca 5% hesablanmış 2246,94 (iki min iki yüz qırx altı manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti faizin hesablanmasının dayandırıldığı 02 oktyabr 2024-cü il tarixdən, yəni müqaviləyə birtərəfli xitam verildiyi tarixdən hesablanmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 12 iyun 2025-ci il tarixli e- 2-2(119)-200/2025 nömrəli qətnaməsi 12 avqust 2025-ci il tarixində qüvvəyə minib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin AR Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Plenum qərarında göstərilmişdir ki kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin ödənilməsini tələb edə bilər. 02 oktyabr 2024-cü il tarixdə müqaviləyə birtərəfli xitam verilmiş və həmin tarixdən sonra heç bir ödəniş olunmamış, əsas borcun ödənilməsində gecikmə yaranmışdır. Bununla da cavabdeh bankı haqqı çatanlardan məhrum etmiş, bankın əlavə zərərə düşməsinə səbəb olmuş, borc aldığı pulu geri qaytarmaqdan yayınmışdır. Cavabdeh vaxtında ödəniş etsəydi, 16 faiz məbləğində əlavə faiz ödəməli idi.

4. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlər Cavabdeh1 nümayəndəsinin, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

6. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

İş materialları:

7. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 04 avqust 2022-ci il tarixli L000079 nömrəli kredit limiti müqaviləsinin 2.1-ci bəndinə əsasən, ilkin şərtləri bu müqavilədə nəzərdə tutulmaqla bank borcalana ******* manat məbləğində kredit limiti ayırır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, bank kredit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşma imzalandıqda borcalana kredit verməyi, borcalan isə bu müqavilə və limitindən istifadə edilməsi ilə bağlı kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada istifadə etdiyi krediti ödəniş qralikinə əsasən qaytarmağı, habelə kredit limitindən istifadə edilməsi ilə bağlı faiz ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.22-ci bəndinə əsasən, tərəflər razılaşırlar ki, borcalan üzərinə götürdüyü öhdəliyi icra etməzsə və ya lazımınca icra etməzsə, bank limit üzrə kreditin qalan hissəsini verməkdən imtina edə, habelə borcalanın cərimə faizi və dəbbə pulu daxil olmaqla kredit və faiz, borcunun məcburi qaydada alınması üçün məhkəmədə iddia qaldıra və ya icra qeydi verilməsi üçün notariusa müraciət edə və ya onun razılığı olmadan (həmçinin məhkəməyə müraciət edilmədən, icra qeydi alınmadan) və xəbərdar etmədən onun bankdakı milli və xarici valyutada olan cari, sub, əmək haqqı, əmanət və digər hesablarından birdəfəyə və ya hissə-hissə silə bilər. Borcalanın kredit borcu ilə onun bankdakı pul vəsaiti fərqli valyuta növlərində olduqda, bank həmin vəsaiti silinmə günü bankın təyin eldiyi daxili məzənnə ilə konvertasiya edərək silinməni həyata keçirəcək.

8. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 11 yanvar 2024-cü il tarixli L000079/0003 nömrəli kredit razılaşmasının 1.1-ci bəndinə əsasən, tərəflər öz aralarında 04 avqust 2022-ci tarixli L000079 nömrəli “kredit limiti müqaviləsi”ni bağlamaqla, 120 ay müddətinə, illik 30 faizdən çox olmamaq şərti ilə ******* manat məbləğində kredit limitinin istifadəsi barədə razılığa gəlmişdirlər. Hazırkı kredit razılaşmasını bağlamaqla tərəflər həmin kredit limiti üzrə ayrılmış limit çərçivəsində kreditin borcalan tərəfindən istifadəsi barədə əlavə razılığa gəlirlər. Həmin razılaşmanın 1.2-ci bəndinə əsasən, bank həmin müqavilə çərçivəsində borcalana 12 (on iki ) ay müddətinə qaytarmaq şərti ilə illik 16% olmaqla 80000 (səksən min) manat məbləğində kredit verir. Borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və həmin kreditə görə hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürür. Həmin razılaşmanın 2.1-ci bəndinə əsasən, bu müqavilə bank və borcalan arasında bağlanmış 04 avqust 2022-ci tarixli L000079 nömrəli “kredit limiti müqaviləsi”nin tələblərinə uyğun olaraq bağlanılır və bank borcalana 12 ay müddətinə qaytarmaq şərti ilə illik 16 faiz olmaqla 80000 manat məbləğində kredit verir. Borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (1 nömrəli Əlavə) uyğun olaraq həyata keçirir. Həmin razılaşmanın 2.2-ci bəndinə əsasən, əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 16% faiz olmaqla cərimə faizi ödəyir. Bank eyni zamanda ağlabatan məbləğdə dəbbə pulu tələb edə bilər.

9. İş materiallarında olan 11 yanvar 2024-cü il tarixli L000079/0003 nömrəli kredit razılaşması üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh1 MMC-nin banka olan borcu üçün son ödəniş tarixi 11 yanvar 2025-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.

10. İş materiallarında olan İddiaçı ASC ilə borc alan qismində Cavabdeh1 MMC, zamin qismində cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 04 avqust 2022-ci il tarixli L000079 nömrəli zaminlik müqavilələrinin 2.1-ci bəndinə əsasən, bu müqaviləyə görə zamin borcalanın bank ilə bağladığı 04 avqust 2022 tarixli L000079 nömrəli kredit limiti müqaviləsi (bundan sonra kredit limiti müqaviləsi və ya kredit müqaviləsi adlanacaq) üzrə borcalanın bank qarşısındakı öhdəliklərinin icrasını öz üzərinə götürür.

11. Həmin zaminlik müqavilələrinin 4.1-ci bəndinə əsasən, borcalanın bank qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərlərin (kredit kartı müqaviləsi üzrə kredit (əsas) borc, faizlər, cərimə faizi, dəbbə pulu, məhkəmə xərcləri, notariusun icra qeydi xərcləri və s.) əvəzinin ödənilməsi də daxil olmaqla, zamin bank qarşısında borcalan ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. Öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə bu müqavilədə və ya kredit müqaviləsində nəzərdə tutulan hallardan biri və ya bir neçəsi baş verdikdə bank borcun məcburi qaydada alınması üçün məhkəmədə iddia qaldıra və ya icra qeydi verilməsi üçün notariusa müraciət edə bilər.

12. İş materiallarında olan cavabdehə verilən krediti və onun tərəfindən müvafiq tarixlər üzrə həyata keçirilmiş ödənişləri əks etdirən maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin L000079/0003 nömrəli kredit razılaşması üzrə 41588,58 manat məbləğində əsas borcu ödənilməmiş qalmışdır.

13. Sumqayıt Kommersiya Məhkəməsinin 12 iyun 2025-ci il tarixli e-2-2(119)- 200/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1ndən, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 11 yanvar 2024-cü il tarixli L000079/0003 nömrəli kredit razılaşması üzrə 41588,58 (qırx bir min beş yüz səksən səkkiz manat, əlli səkkiz qəpik) manat məbləğində əsas borc, 1497,19 (min dörd yüz doxsan yeddi manat, on doqquz qəpik) manat məbləğində faiz borcu, 2080 (iki min səksən) manat məbləğində cərimə, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun, 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqının və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 225,5 (iki yüz iyirmi beş manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 45526,27 (qırx beş min beş yüz iyirmi altı manat, iyirmi yeddi qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, cavabdehlər Cavabdeh1ndən, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 tutulmalı olan cəmi 45526,27 (qırx beş min beş yüz iyirmi altı manat, iyirmi yeddi qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh4 məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0573 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 265.3 kv.m olan qeyri-yaşayış binasına, həmin qeyri-yaşayış binasının yerləşdiyi 0.0573 ha torpaq sahəsinə (həyətyanı tikili və qurğularla birlikdə) yönəldilməsi və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı ASC-yə olan cəmi 45526,27 (qırx beş min beş yüz iyirmi altı manat, iyirmi yeddi qəpik) manat məbləğində borc ödənilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0573 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 265.3 kv.m olan qeyri-yaşayış binası, həmin qeyri-yaşayış binasının yerləşdiyi 0.0573 ha torpaq sahəsinin (həyətyanı tikili və qurğularla birlikdə) ilkin satış qiyməti 102000 (yüz iki min) manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1ndən, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət olunmuşdur.

14. İş materiallarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin 12 iyun 2025-ci il tarixli e-2-2(119)-200/2025 nömrəli qətnaməsi qanuni qüvvəsini alaraq 12 avqust 2025-ci il tarixdə icraya yönəldilmiş, Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən 26 avqust 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir.

15. İş materiallarından görünür ki, 08 oktyabr 2024-cü il tarixdə iddiaçı tərəfindən cavabdehlərə pretenziya göndərilərək müqavilə üzrə 02 oktyabr 2024-cü il tarixə İddiaçı ASC-yə 41588,58 manat (qırx bır min beş yüz səksən səkkiz manat əlli səkkiz qəpik) əsas, 1497,19 manat (min dörd yüz doxsan yeddi manat on doqquz qəpik) faiz, 3706,71 manat (üç min yeddi yüz altı manat yetmiş bir qəpik) cərimə borcu olmaqla, cəmi 46792,48 manat (qırx altı min yeddi yüz doxsan iki manat qırx səkkiz qəpik) məbləğində borclarının 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə, İddiaçı ASC tərəfindən müqavilə vaxtından əvvəl ləğv ediləcəyi və qalıq borcun ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməklə məcburi qaydada həmin borcun cavabdehlərdən tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

Tətbiq edilən hüquq

16. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Həmin Məcəllənin 386.4-cü maddəsinə əsasən, elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir.

18. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

19. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

22. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

23. Həmin Məcəllənin 445.7.-ci maddəsinə görə bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

24. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

25. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

26. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

27. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

28. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

29. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır. Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə görə MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasmın Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında qeyd edir ki, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.

32. Məhkəmə yuxarıda istinad olunan MM-in normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kreditor hər hansı əlavə sübut təqdim etmədən ərizədə qeyd olunan dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.

33. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1ndən, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 11 yanvar 2024-cü il tarixli L000079/0003 nömrəli kredit müqaviləsi üzrə əsas borca illik 5% ilə hesablanan 2246,94 (iki min iki yüz qırx altı manat doxsan dörd qəpik) manat məbləğində faiz borcu tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

34. Eləcə də, iddia tələbinin həcminə uyğun hesablanmış 42,47 (qırx iki manat qırx yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1ndən, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

35. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

36. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

40. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1ndən, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 11 yanvar 2024-cü il tarixli L000079/0003 nömrəli kredit müqaviləsi üzrə əsas borca illik 5% ilə hesablanan 2246,94 (iki min iki yüz qırx altı manat doxsan dörd qəpik) manat məbləğində faiz borcu və 42,47 (qırx iki manat qırx yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar