Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-255/2025 10.03.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 08 avqust 2023-cü il tarixli 011R********** nömrəli krеdit razılaşması üzrə 24102,48 (iyirmi dörd min yüz iki manat, qırx səkkiz qəpik) manat məbləğində krеdit bоrcu, 2009,24 (iki min doqquz manat, iyirmi dörd qəpik) manat məbləğində faiz bоrcu və 503,13 (beş yüz üç manat, on üç qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 26614,85 (iyirmi altı min altı yüz on dörd manat, səksən beş qəpik) manat məbləğində bоrcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 169,84 (yüz altmış doqquz manat, səksən dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 08 dekabr 2022-ci il tarixli 011L**********49 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi və 08 avqust 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə Cavabdeh2 müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bununla əlaqədar Cavabdeh2 və onun öhdəliyinə görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyan zaminlər - hazırkı iddia tələbi üzrə digər cavabdehlər - Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 ilə mübahisənin pretenziya qaydasında nizama salınması həllinə dair cəhdlər edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi 07 mart 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 06 fevral 2025-ci il tarixdə keçirilmiş iclasında iştirak etmiş Cavabdeh4 izahatında göstərmişdir ki, onun Cavabdeh2 hazırkı kredit müqaviləsi üzrə zamin olmasından xəbəri olmamışdır. Cavabdeh2 2 dəfə 15000 manat məbləğində kredit götürərkən o, sonuncuya zamin olmuşdur, lakin həmin kreditlər ödənilmiş və kredit müqavilələrinə xitam verilmişdir. O, işlədiyi iş yerindən çıxdıqdan sonra iddiaçının Quba şəhərində fəaliyyət göstərən filialına yaxınlaşmış və işdən çıxdığı üçün, eyni zamanda gələcəkdə özünün də kredit götürməsinə şərait yaradılması üçün zaminlik müqaviləsinə xitam verilməsini xahiş etmiş, lakin bununla bağlı tədbir görülməmişdir. Cavabdeh2 sonuncu dəfə kredit götürərkən o, zamin kimi iştirak edib imza çəkməmişdir. Məhkəmədən ona bildiriş gəldikdən sonra yenidən iddiaçının Quba şəhərində fəaliyyət göstərən filialına yaxınlaşmış, oradan bildirilmişdir ki, Cavabdeh2 10 il müddətinə kredit müqaviləsi üzrə zamin durmuşdur. Bildirir ki, o, xx.xx.2022-ci il tarixində uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən zaminlik üçün imza çəksə də, sözügedən müqavilənin şərtləri ilə tanış olmamışdır. Məhkəmənin 21 fevral 2025-ci il tarixdə keçirilmiş iclasında iştirak etmiş iddiaçının nümayəndəsi izahatında göstərmişdir ki, cavabdehlərdən Cavabdeh4 06 fevral 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi izahatda qeyd etmişdir ki, əsas borclunun növbəti dəfə kredit götürməsi zamanı o, iştirak etməmişdir. Bununla bağlı müvafiq araşdırma aparılmış və müəyyənləşdirilmişdir ki, Cavabdeh4 Cavabdeh2 tərəfindən ilk dəfə kredit götürülərkən uzunmüddətli kredit xətti müqaviləsi üzrə zamin olmuş və bu müqavilə üzrə öhdəliklər başa çatmışdır. Bundan sonra isə 08 dekabr 2022-ci il tarixli uzunmüddətli kredit və təminat müqaviləsi bağlanılmışdır ki, şəxs həmin müqaviləyə imza etməklə borclu Cavabdeh2 kredit xətti üzrə üzərinə götürəcəyi öhdəliklərə zamin olmuşdur. Yəni Cavabdeh2 ilk dəfə uzunmüddətli kredit xətti daxilində 15000 manat məbləğində kredit götürmüş və bu öhdəliyini icra etmişdir. Məhz bu müqavilədən irəli gələn ayrıca zaminlik müqaviləsinə Cavabdeh4 imza çəkmişdir. Sonradan 08 dekabr 2022-ci il tarixli uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmış və Cavabdeh4 də digər cavabdehlərlə bərabər bu müqaviləni imzalamaqla zamin olmuşdur. Hazırkı mübahisənin predmeti olan 30000 manat məbləğində kredit isə həmin kredit uzunmüddətli kredit və təminat müqaviləsinin daxilində verildiyi üçün artıq zaminlərin yenidən imza çəkmələrinə zərurət olmamışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı QSC ilə kredit alan qismində Cavabdeh2 və zamin qismində Cavabdeh4 arasında bağlanmış 08 dekabr 2022-ci il tarixli 011L**********49 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin 2.2-ci bəndi ilə müəyyən edilir ki, həmin cavabdehə sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə 120 ay müddətinə 300000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.7-ci bəndinə görə, kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.13-cü bəndinə əsasən, zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmin müqavilənin 2.15-ci bəndinə əsasən, tərəflər bu müqaviləni bağlamaqla təsdiq və bəyan edirlər ki, üçüncü şəxs(lər) bank ilə qoşulma barədə saziş imzalamaqla zamin və girov qoyan qismində bu müqaviləyə qoşula bilər(lər). Üçüncü şəxs(lər) qoşulma barədə sazişi imzaladığı andan müqavilənin tərəfi hesab olunur və tərəflərin bu müqavilədə razılaşdırdığı şərtləri tam şəkildə qəbul və təsdiq etmiş hesab olunur. Həmin müqavilənin 2.16-cı bəndinə əsasən, qoşulma barədə sazişin imzalanması və yeni zamin və (və ya) girov qoyanın müqaviləyə qoşulması ilə əlaqədar tərəf(lər)in razılığının və ya təsdiqinin alınması tələb olunmur. Bank öz mülahizəsinə uyğun olaraq qoşulma barədə sazişi imzalamaq hüququna malikdir. Həmin müqavilənin 4.9-cu bəndinə əsasən, bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 faizi məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq kredit alanın bankda olan hesab(lar)ından birtərəfli qaydada akseptsiz şəkildə silir və ya həmin cərimə borcunun ödənilməsini kredit alandan tələb edir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən, zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanmış 08 avqust 2023-cü il tarixli 011S**********01 nömrəli qoşulma barədə sazişin 1-ci bəndinə əsasən, zamin (Cavabdeh5) kredit alanın bu sazişin 2-ci bəndində göstərilən öhdəliklərini təmin etmək məqsədilə sazişi imzalamaqla müqaviləyə (08 dekabr 2022-ci il tarixli 011L**********49 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi) qoşulur və buna müvafiq olaraq müqavilə üzrə kredit alanın həm bu sazişin imzalanması anınadək mövcud olan, həm də bu saziş imzalandıqdan sonra yaranan öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 08 avqust 2023-cü il tarixli 011S**********02 nömrəli qoşulma barədə sazişin 1-ci bəndinə əsasən, zamin (Cavabdeh1) kredit alanın bu sazişin 2-ci bəndində göstərilən öhdəliklərini təmin etmək məqsədilə sazişi imzalamaqla müqaviləyə (08 dekabr 2022-ci il tarixli 011L**********49 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi) qoşulur və buna müvafiq olaraq müqavilə üzrə kredit alanın həm bu sazişin imzalanması anınadək mövcud olan, həm də bu saziş imzalandıqdan sonra yaranan öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 08 avqust 2023-cü il tarixli 011S**********03 nömrəli qoşulma barədə sazişin 1-ci bəndinə əsasən, zamin (Cavabdeh3) kredit alanın bu sazişin 2-ci bəndində göstərilən öhdəliklərini təmin etmək məqsədilə sazişi imzalamaqla müqaviləyə (08 dekabr 2022-ci il tarixli 011L**********49 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi) qoşulur və buna müvafiq olaraq müqavilə üzrə kredit alanın həm bu sazişin imzalanması anınadək mövcud olan, həm də bu saziş imzalandıqdan sonra yaranan öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 08 avqust 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən, bank məbləği 30000 manat olan krediti illik 23 faiz dərəcəsi ilə 36 ay müddətinə kredit alana verir. Həmin kredit sazişində bu sazişin tərəflər arasında 08 dekabr 2022-ci il 011L**********49 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə bağlandığı qeyd edilmişdir. İş materiallarında olan 08 avqust 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma üzrə verilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh2 banka olan borcu üçün son ödəniş tarixi 10 avqust 2026-cı il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 29 oktyabr 2024-cü il tarixli OUT-2024/10/29-73 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 08 avqust 2023-cü il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə iddiaçıya 24102,48 manat məbləğində əsas bоrcu, 2009,24 manat məbləğində faiz borcu və 503,13 manat məbləğində cərimə оlmaqla, cəmi 26614,85 manat məbləğində borcu vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit razılaşması adlandırılır. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış 08 dekabr 2022-ci il tarixli 011L**********49 uzunmüddətli kredit və təminat müqaviləsi və 08 avqust 2023-cü il tarixli 011R********** kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə Cavabdeh2 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, uzunmüddətli kredit və təminat müqaviləsinin və qoşulma barədə sazişlərin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zaminlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 da kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 08 avqust 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə cavabdehlərdən 24102,48 manat məbləğində əsas borcun və 2009,24 manat məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin 08 avqust 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə cavabdehlərdən 503,13 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh2 kredit razılaşması üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndi) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. Cavabdeh4 məhkəmənin 06 fevral 2025-ci il tarixində keçirilmiş iclasında verdiyi izahatda ona qarşı yönəlmiş iddia ilə razı olmadığını, borclu Cavabdeh2 tərəfindən sonuncu dəfə kredit götürülərkən zamin kimi iştirak edərək hər hansı müqavilə imzalamadığını qeyd etmişdir. Məhkəmə irəli sürülən dəlilə münasibətdə qeyd edir ki, borclu Cavabdeh2lə yanaşı, həmçinin zamin qismində Cavabdeh4 özü tərəfindən də imzalanmış 08 dekabr 2022-ci il tarixli uzunmüddətli kredit və təminat müqaviləsinin 2.13-cü və 11.1-ci bəndlərinə əsasən, zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır və zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. 30000 manat məbləğində kreditin Cavabdeh2 verilməsini nəzərdə tutan 08 avqust 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma da, məhz 08 dekabr 2022-ci il tarixli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə bağlanmış və kredit məbləği də məhz bu müqavilə ilə açılmış kredit xətti çərçivəsində Cavabdeh2 verilmişdir. Belə olduğu təqdirdə, Cavabdeh4 08 dekabr 2022-ci il tarixli uzunmüddətli kredit və təminat müqaviləsinin istinad edilmiş 2.13-cü və 11.1-ci bəndlərinə əsasən, 08 avqust 2023-cü il tarixli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə Cavabdeh2 kredit öhdəliyinə zamin olmuşdur və bununla əlaqədar onun iddianın ona qarşı yönəlmiş hissəsinə etirazı tamamilə əsassız hesab edilməlidir. Bundan əlavə, qeyd edilməlidir ki, Cavabdeh4 izahatında xx.xx.2022-ci il tarixində uzunmüddətli kredit və təminat müqaviləsini imzaladığını, lakin həmin müqavilənin şərtləri ilə tanış olmadığını qeyd etmişdir. Bununla əlaqədar nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 390.1-ci və 390.5-ci maddələrinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmçinin Məcəllənin 399.1-ci və 407.2ci maddələrinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı andan bağlanmış sayılır. Başqa sözlə, məhkəmə hesab edir ki, şəxsin müqavilə öhdəliyinə etirazının əsası həmin müqavilənin şərtlərini oxumadan imzalaması barədə dəlil təşkil edirsə, həmin dəlillər onun müqavilə öhdəliyindən azad edilməsi üçün əsas sayıla bilməz. Bundan başqa, iddia tələbinin 169,84 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 22 noyabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 169,84 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 169,84 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada 08 avqust 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 24102,48 (iyirmi dörd min yüz iki manat, qırx səkkiz qəpik) manat məbləğində borc, 2009,24 (iki min doqquz manat, iyirmi dörd qəpik) manat məbləğində faiz borcu, 503,13 (beş yüz üç manat, on üç qəpik) manat məbləğində cərimə və 169,84 (yüz altmış doqquz manat, səksən dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 26784,69 (iyirmi altı min yeddi yüz səksən dörd manat, altmış doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 müştərək qaydada 08 avqust 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 24102,48 (iyirmi dörd min yüz iki manat, qırx səkkiz qəpik) manat məbləğində borc, 2009,24 (iki min doqquz manat, iyirmi dörd qəpik) manat məbləğində faiz borcu, 503,13 (beş yüz üç manat, on üç qəpik) manat məbləğində cərimə və 169,84 (yüz altmış doqquz manat, səksən dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 26784,69 (iyirmi altı min yeddi yüz səksən dörd manat, altmış doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-255/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-255/2025
10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver