Məhkəmə qərarları › İş №e-2-2(119)-2568/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2568/2025

25.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2568/2025 25.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi, iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin nümayəndəsi X1, cavabdeh Ağac-Bəzək Bitkiləri İdarəsinin qanuni təmsilçisi Nümayəndə iştirakı ilə iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən cavabdeh Ağac-Bəzək Bitkiləri İdarəsinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İri Şəhərlərin Birləmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi cavabdeh Ağac-Bəzək Bitkiləri İdarəsinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 77847 (yetmiş yeddi min səkkiz yüz qırx yeddi) manat məbləğində əsas borcun və 323,54 (üç yüz iyirmi üç manat əlli dörd qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Ağac-Bəzək Bitkiləri İdarəsi ilə “İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti” publik hüquqi şəxsi arasında bağlanmış 01 yanvar 2006-cı il tarixli 150442 saylı müqaviləyə əsasən cavabdehə iddiaçı tərəfindən su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidməti göstərilmişdir. Cavabdeh Ağac-Bəzək Biktiləri İdarəsi qeyri-əhali qrupu abonentinə aid olmaqla ötən illər ərzində xidmətlərə görə az bir məbləğ ödəsə də, 04 dekabr 2025-ci il tarixinə 77847 (yetmiş yeddi min səkkiz yüz qırx yeddi) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Ötən illər ərzində “İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay borc məbləğinə dair bildiriş göndərilir. Eyni zamanda borcun könüllü ödənilməsi tələbi barədə 16 oktyabr 2025-ci il tarixində, 3-53-3-15/2-1207/2025 saylı pretenziya məktubu göndərilməsinə baxmayaraq cavabdeh Ağac-Bəzək Biktiləri İdarəsi bu günə kimi borcun tam ödənilməsini təmin etməmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. O, abonentə 21 iyun 2021-ci il tarixdə 10072 manat, 07 fevral 2023-cü il tarixdə abonetə 10072 manat dəymiş ziyan hesablandığını, yoxlamaların yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığını, eyni zamanda 21 iyun 2021-ci il tarixli aktı arxivdə tapa bilmədikləri üçün təqdim edə bilmədiyini qeyd etmişdir. O, cavabdehə kanalizasiya xidməti göstərilmədiyini demişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh Ağac-Bəzək Bitkiləri İdarəsinin qanuni təmsilçisi Nümayəndə izahatında bildirmişdir ki, idarənin ərazisində məcburi köçkünlər də yaşayır, onlar da sudan istifadə edir. Ağac-Bəzək Bitkiləri İdarəsində kanalizasiya xətti mövcud olmayıb. Göstərilənlərə əsasən məhkəmədən borcun silinməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Su ölçmə cihazlarının istismar təsərrüfatı və su satışı müəssisəsi ilə X2 arasında bağlanmış “Su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair” 01 yanvar 2006-cı il tarixli 150442 nömrəli müqaviləyə əsasən müəssisə abonenti tələbatına uyğun məişət içməli və istehsalat məqsədli su ilə təmin edir və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirir, abonent isə göstərilmiş xidmətlərin haqqını heab fakturada göstərilmiş müddətdə ödəyir. Abonent haqqında məlumatdan görünür ki, Ağac-Bəzək Bitkiləri İdarəsinə sudan istifadəyə görə 109442,05 manat, çirkab borcuna görə 13136,72 manat, sudan qanunsuz istifadəyə görə 20144 manat olmaqla, cəmi 142722,77 manat borc hesablanmış, cavabdeh tərəfindən 64875,77 manat ödəniş edilmiş, 77847 manat borc qalmışdır. 07 fevral 2023-cü il tarixli 601020 nömrəli aktda göstərilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən Ağac-Bəzək Bitkiləri İdarəsinin ******* nömrəli “Teksan-50” markalı sayğacına və obyektin su xəttinə baxış keçirilmiş, araşdırma zamanı “bitkilərin suvarılmasına su sayğacından keçməyən d=50 polad borudan sayğacsız qeyri-qanuni istifadə edilməsi” məlum olmuşdur. İş materiallarından görünür ki, Ağac-Bəzək Bitkiləri İdarəsinə 11 fevral 2023-cü il tarixli 601020 nömrəli akta əsasən su təhcizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqı kimi 10072 manat məbləğində borc hesablanmışdır. 11 aprel 2025-ci il tarixli 150442 nömrəli üzləşmə aktından görünür ki, Sumqayıt şəhər Ağac-Bəzək Bitkiləri İdarəsinin 01 aprel 2025-ci il tarixə qalıq borcu su borcu 66931,09 manat, çirkab borcu 9384,91 manat olmaqla, cəmi 76316 manat təşkil edir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Ağac-Bəzək Bitkiləri İdarəsinə ünvanlanmış 16 oktyabr 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, “İri Şəhərlərin Birləmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən cavabdehə su təhcizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 77549 manat borcla əlaqədar xəbərdarlıq edilərək, borcun 10 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş arayışda göstərilir ki,abonent Sumqayıt şəhər Ağac-Bəzək Bitkiləri İdarəsi ilə Sumqayıt şəhəri (kod-150442) yaranmış 77847 manat borc 2018-ci ildən, 44567 manat suya, 13136 manat isə çirkab suya hesablanmışdır. Abonent hal-hazırda işlək sayğacı ******* nömrəli “teksan” markalı sayğacdır. Digər sayğacı 61007 nömrəli sayğac 2018-ci il tarixdə sökülüb həmin xəttdən hal-hazırda sudan istifadə dayandırılıb. Bu müddət ərzində sayğacından kecən su sərfiyyatına qismən ödəniş olunmuşdur. Abonentə 21 iyun 2021-ci il tarixdə 10072 manat, 07 fevral 2023-cü il tarixdə abonetə 10072 manat olmaqla, ümumilikdə 20144 manat dəymiş ziyan hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikas Qanununun 59-cu maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği aşağıdakılara əsasən hesablanır: a) suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna; b) müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara. Həmin Qanunun 30-cu maddəsinə əsasən verilən suyun həcminin hesablanması qaydalarına görə su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifələrindən biridir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. - 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. - 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Göründüyü kimi, tərəflər arasında sudan istifadə edilməsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə lazımi qaydada əməl etməmiş, sudan istifadəyə görə yaranmış borc məbləğini ödəməmişdir. Bundan başqa Ağac-Bəzək Bitkiləri İdarəsinə iddiaçı tərəfindən kanalizasiya sistemindən istifadəyə görə 13136,72 manat, sudan qanunsuz istifadəyə görə 20144 manat məbləğində borc hesablanmışdır. Qanunsuz istifadəyə görə hesablanmış borcun 10072 manat hissəsi 601020 nömrəli akta əsasən hesablanmış, qalan 10072 manat məbləğində borcun hesablanması ilə bağlı akt iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Hazırda iddiaçı sudan istifadəyə görə yaranmış borc məbləği ilə yanaşı çirkab sularının axıdılmasına və qanunsuz istifadəyə görə hesablanmış borc məbləğini də tələb edir. Sudan qanunsuz istifadə əsası ilə hesablanmış 20144 manat borc məbləği ilə bağlı qeyd edilməlidir ki, iddiaçı cavabdeh barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, iddiaçı tərəfindən 07 fevral 2023-cü il tarixdə aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış, digər yoxlama ilə bağlı isə hər hansı akt məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan onların hüquqi nəticələri də qanunsuz hesab edilməli, iddiaçı tərəfindən Ağac-Bəzək Bitkiləri İdarəsinə aktlar əsasında qanunsuz istifadəyə görə hesablanmış 20144 manat məbləğində borc silinməlidir. Bundan başqa məhkəmə hesab edir ki, abonentə tullantı sularının axıdılması (kanalizasiya) xidmətindən istifadəyə görə hesablanmış 13136,72 manat məbləğində borc da silinməlidir. Belə ki, iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, Ağac-Bəzək Bitkiləri İdarəsi tərəfindən tullantı sularının axıdılması (kanalizasiya) xidmətindən istifadə olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə tələb edilən ümumilikdə 77847 manat borcdan qanunsuz istifadə (20144 manat) və çirkab suları ilə bağlı (13136,72 manat) hesablanmış borc məbləği cavabdehin abonent hesabından silinməklə sudan istifadəyə görə yaranmış qalan 44566,28 (77847 manat -20144 manat - 13136,72 manat = 44566,28 manat) manat məbləğində borc Ağac-Bəzək Bitkiləri İdarəsindən tutularaq "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “cavabdehdən "323,54 (üç yüz iyirmi üç manat əlli dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə olaraq hesablanmış 223,7 (iki yüz iyirmi üç manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh Ağac-Bəzək Bitkiləri İdarəsindən tutularaq iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdeh Ağac-Bəzək Bitkiləri İdarəsindən 44566,28 (qırx dörd min beş yüz altmış altı manat iyirmi səkkiz qəpik) manat məbləğində borc və 223,7 (iki yüz iyirmi üç manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 44789,98 (qırx dörd min yeddi yüz səksən doquz manat doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Ağac-Bəzək Bitkiləri İdarəsindən 44566,28 (qırx dörd min beş yüz altmış altı manat iyirmi səkkiz qəpik) manat məbləğində borc və 223,7 (iki yüz iyirmi üç manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 44789,98 (qırx dörd min yeddi yüz səksən doquz manat doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar