Məhkəmə qərarları › İş №e-2-2(119)-2571/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(119)-2571/2025

26.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2571/2025 26.01.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2993,62 (iki min doqquz yüz doxsan üç manat, altmış iki qəpik) manat məbləğində əsas borcun və 49,94 (qırx doqquz manat, doxsan dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 01 yanvar 2005ci il tarixli 150449 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidməti göstərilmişdir. Cavabdeh qeyri-əhali qrupu abonentinə aid olmaqla ötən illər ərzində xidmətlərə görə müəyyən məbləğdə ödənişlər həayata keçirsə də, 04 dekabr 2025-ci il tarixinə 2993,62 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Həmin borcun ödənilməsi üçün cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi cari tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini qeyd etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 26 yanvar 2026-cı il tarixli e-2-2(119)- 2571/2025 nömrəli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirdi ki, iş materiallarına əlavə edilmiş müqavilədən başqa tərəflər arasında yeni müqavilə bağlanmamışdır. Smart sayğac quraşdırılırdıqdan sonra karta ödənişlər edildikcə ödənişlərin bir qismi borca tutulmuşdur. Hazırkı vaxta qədər borcun tələb edilməməsinin səbəbi odur ki, iddiaçı tərəfindən mütəmadi olaraq abonentlərə xəbərdarlıq məktubu göndərilir. Ola bilər ki, cavabdeh suyun verilməsinin dayandırılmaması barədə xahiş ünvanlamışdır. İddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi ("xxxx" ASC) ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 01 yanvar 2006cı il tarixli 150449 nömrəli "xxxx" ASC-nin su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilə "xxxx" ASCnin su təchizatı sistemindən abonentin (cavabdehin) tələbatına uyğun lazımi miqdar, tərkib və keyfiyyətinə görə 2874-82-saylı dövlət standartının tələblərinə uyğun, məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Həmin müqavilənin 2.1.1-ci yarımbəndinə əsasən, müəssisə (iddiaçı) abonenti tələbatına uyğun məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli su ilə təmin edir və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirir. Həmin müqavilənin 2.1.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş, İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş, “Sudan istifadə edən istehlakçı qruplar üzrə qiymətlər”ə və “Çirkab suyun axıdılması xidmətlərinin tarifləri”nə uyğun olaraq abonentin istifadə etdiyi 1 m3 suya görə hesablaşma 0,54 manat+18% ƏDV və abonentdən qəbul edilən 1 m3 tullantı suyuna görə hesablaşma 0,12 manat+18% ƏDV müqabilində aparılır. Həmin müqavilənin 2.2.1-ci yarımbəndinə əsasən, abonent müəssisə tərəfindən göstərilmiş xidmətlərin haqqını hesab-fakturada göstərilmiş müddətdə ödəyir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilə 01 yanvar 2006-cı il tarixdə qüvvəyə minir. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən, tərəflərdən biri müqavilənin ləğv edilməsi barədə yazılı təşəbbüs göstərməzsə, bu müqavilənin müddəti hər növbəti il üçün uzadılmış hesab olunur. Növbəti illərdə yeni müqavilənin bağlanması ilə bu müqavilə qüvvədən düşmüş hesab edilir. İş materiallarında olan 04 dekabr 2025-ci il tarixdə çap olunmuş abonent haqqında məlumat sənədindən görünür ki, cavabdehə məxsus Sumqayıt şəhəri, Metallurq bağı, ev 30 ünvanında yerləşən sahibkarlıq obyektində istifadə olunan suya görə 2993,62 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan arayışdan görünür ki, "xxxx" ASC (kod-150449) ilə "xxxx" ASC arasında 2001-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq sudan istifadə olunmuş və dəyəri qismən ödənilmişdir. 25 fevral 2004-cü il tarixdə quraşdırılan mexaniki sayğac 19 fevral 2013-cü il tarixdə sökülərək yerinə smart tipli su sayğacı quraşdırılmışdır. Smart tipli su sayğacı quraşdırıldığı müddətdə sökülən sayğacın hesabatı aparılmış və üzərində 2028 m3 ödənməmiş sərfiyyat - 2293,6 manat borc abonentin hesabına vurulmuşdur. Sonuncu dəfə abonent 28 fevral 2015-ci il tarixdə 31 manat ödəniş etmiş, 21 manat borcuna tutulmuş, su kartına isə 10 m3 yükləmə etmişdir. Fakturalama qrupunun nəzarətçisi tərəfindən hər ay obyektin su xəttinə baxış keçirilir. Sonuncu dəfə 12 yanvar 2026-cı il tarixdə qapının bağlı olduğu, istifadənin olmadığı aşkarlanmışdır. Hal-hazırda abonentin “dt. borcu” 2993 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1.3-cü yarımbəndinə əsasən, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifəsidir. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən, STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Həmin Qaydaların 7.3-cü bəndinə əsasən, smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında 01 yanvar 2006-cı il tarixli 150449 nömrəli müqavilə bağlanılmış, quraşdırılmış sayğac vasitəsilə iddiaçı (“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” phş) cavabdehə (“ünvan 1 ünvanında yerləşən sahibkarlıq obyektini (müqavilə kodu: 150449) həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq su ilə təchiz etmiş, cavabdeh isə istifadə etdiyi suyun dəyərini ödəməli olsa da, həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun 2993,62 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, 2993,62 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə tələb əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia tələbinin 49,94 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə gəldikdə, iş materiallarında olan 08 dekabr 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 49,94 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia tələbi üzrə iddia təmin edildiyindən 49,94 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 2993,62 manat məbləğində borc və 49,94 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3043,56 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 241-244, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 2993,62 (iki min doqquz yüz doxsan üç manat, altmış iki qəpik) manat məbləğində borc və 49,94 (qırx doqquz manat, doxsan dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3043,56 (üç min qırx üç manat, əlli altı qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin xeyrinə tutulsun. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar