Məhkəmə qərarları › İş №e-2-2(119)-2572/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2572/2025

03.03.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2572/2025 03.03.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı "xxxx" publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" publik hüquqi şəxsi tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddia tələbi və tərəflərin nümayəndələrinin izahatları:

1. İddiaçı "xxxx" publik hüquqi şəxsi Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 66493,5 (altmış altı min dörd yüz doxsan üç manat, əlli qəpik) manat məbləğində əsas borcun və 289,48 (iki yüz səksən doqquz manat, qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 01 mart 2011ci il tarixli 152364 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidməti göstərilmişdir. Cavabdeh qeyri-əhali qrupu abonentinə aid olmaqla ötən illər ərzində xidmətlərə görə müəyyən məbləğdə ödənişlər həayata keçirsə də, 04 dekabr 2025-ci il tarixinə 66493,5 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Ötən illər ərzində iddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay borc məbləğinə dair bildiriş göndərilmişdir. Borcun ödənilməsi üçün cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

3. Cavabdehin nümayəndəsi 24 yanvar 2026-cı il tarixdə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsindən göründüyü kimi hesablamalar 2019-2020-ci illər üzrə aparılmışdır. Məhkəməyə təqdim edilmiş sənədlərdən də görünür ki, cavabdehin inşa etdiyi bina 2012-ci ildə istismara qəbul edilmişdir, yəni cavabdeh 2012-ci ildə binanı təhvil vermişdir. Belə olan halda 2019-2020-ci illər üçün cavabdehə borcun hesablanması qanunsuz və əsassızdır. Bina təhvil verilməmişdən qabaq bütün mənzillərə və qeyri-yaşayış sahələrinə su sayğacları yerləşdirilmişdir, yəni bu dövrdən sonrakı bütün illər üçün suya görə ödəniş abonentlərdən tələb edilə bilərdi. Belə ki, mənzillərə sayğaclar quraşdırıldıqdan sonra cavabdeh sudan istifadə etməmişdir, ona görə də borcun hesablanması qanunsuzdur. Bundan başqa, mütəmadi ödənişlər, müqavilələr üzrə yaranan mübahisələr üzrə iddia müddəti 3 il müəyyən edilmişdir. İddia əsassız olmaqla yanaşı, həmçinin iddia müddəti də ötürülməklə verilmişdir. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən hazırkı iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirmişdir ki, təqdim edilmiş arayışda da qeyd edildiyi kimi, binanın tikintisi zamanı cavabdeh tərəfindən sudan istifadə edilmiş və 1949,6 manat məbləğində sərfiyyat hesablanmışdır. Cavabdeh təşkilatda 2016-cı ilin yanvar ayında “qrunt” suyundan istifadə edilməsinə görə 141,9 manat məbləğində hesablama aparılmışdır. Cavabdeh tərəfindən 100 və 250 manat məbləğlərində edilmiş ödənişlər borcdan çıxılmış və cavabdehin 1741,5 manat məbləğində debitor borcu qalmışdır. Balans sayğacına görə 2019-cu ilin noyabr ayından 2020-ci ilin dekabr ayına qədər 64752 manat məbləğində hesabat aparılmış və debitor borcla birlikdə 66493,5 manat məbləğində ümumi borc hesablanmışdır. İddiaçı tərəfindən göndərilmiş hesab-fakturalar, üzləşmə aktları cavabdeh tərəfindən qəbul edilməmişdir. Borcla bağlı cavabdehə məlumat verilməsi ilə əlaqədar onda hansısa sənəd mövcud deyildir. Hazırkı vaxtda abonentə suyun verilməsi dayandırılmamışdır. 2020-ci ilin dekabr ayından hazırkı vaxta qədər iddia ərizəsi ilə məhkəməyə müraciət edilməməsinin səbəbi iddiaçı təşkilatda dəyişikliklərin baş verməsi olmuşdur. Buna görə də iddia ərizəsi ilə məhkəməyə sonradan müraciət etmək mümkün olmuşdur. İddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Cavabdehin nümayəndəsi 02 mart 2026-cı il tarixində məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmənin 14 yanvar 2026-cı il, 26 yanvar 2026-cı il və 16 fevral 2026-cı il tarixlərində keçirilmiş iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi izahatlarında bildirmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, tikinti zamanı sudan istifadə edilmiş və sərfiyyata uyğun ödəniş həyata keçirilmişdir. Lakin sakinlər binaya köçürüldükdən sonra abonent kodu verilmiş və artıq cavabdeh tərəfindən sudan istifadə edilməmişdir. Buna görə də iddia ərizəsində qeyd edilən borc məbləğinin hesablanması ağlabatan deyildir. Abunə haqqında məlumat sənədinə əsasən, cavabdeh tərəfindən sərfiyyatın ödənişi tam olaraq ödənilmişdir. Sərfiyyatın qeydə alınmaması məsələsi isə tamamilə iddiaçı şirkətə aid olan məsələdir, cavabdehin bununla bağlı hər hansı öhdəliyi yoxdur. Digər tərəfdən bu məsələ ilə bağlı cavabdehin daha əvvəl məlumatı olmamışdır. Cavabdehin nümayəndəsi iddiaçı təşkilata yaxınlaşmış, Yeganə adlı əməkdaş həmin sayğacın binada istifadə edilən bütün sərfiyyatı qeydiyyata aldığını, həmin sərfiyyatın əksər hissəsinin bina sakinləri tərəfindən ödənildiyini, lakin hazırkı vaxtda həmin borcun silinməsinin mümkün olmadığını və bunun üçün məhkəmənin yekun aktının qəbul edilməli olduğunu bildirmişdir.

8. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia müddətinin tətbiqi barədə ərizəni və işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.

İş materialları:

9. İş materiallarında olan iddiaçı "xxxx" publik hüquqi şəxsi ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 01 mart 2011-ci il tarixli 152364 nömrəli "xxxx" ASC-nin su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilə "xxxx" ASC-nin su təchizatı sistemindən abonentin (cavabdehin) tələbatına uyğun lazımi miqdar, tərkib və keyfiyyətinə görə 2874-82-saylı dövlət standartının tələblərinə uyğun, məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir.

10. Həmin müqavilənin 2.1.1-ci yarımbəndinə əsasən, müəssisə (iddiaçı) abonenti tələbatına uyğun məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli su ilə təmin edir və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirir.

11. Həmin müqavilənin 2.2.1-ci yarımbəndinə əsasən, abonent müəssisə tərəfindən göstərilmiş xidmətlərin haqqını hesab-fakturada göstərilmiş müddətdə ödəyir.

12. Həmin müqavilənin 3.1.1.3-cü yarımbəndinə əsasən, müəssisənin xidmət haqqı nəzərdə tutulmuş müddətdə ödənilmədikdə müəssisə Qanunun 26 və 62-ci maddələrində, digər normativ və hüquqi aktlarda nəzərdə tutulmuş qaydada, əvvəlcədən xəbərdar etməklə abonentin su təchizatını tam və ya qismən məhdudlaşdırmaq hüququna malikdir.

13. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən, müqavilə 31 dekabr 2015-ci il tarixədək qüvvədir.

14. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən, tərəflərdən biri müqavilənin ləğv edilməsi barədə yazılı təşəbbüs göstərməzsə, bu müqavilənin müddəti hər növbəti il üçün uzadılmış hesab olunur. Növbəti illərdə yeni müqavilənin bağlanması ilə bu müqavilə qüvvədən düşmüş hesab edilir.

15. İş materiallarında olan 04 dekabr 2025-ci il tarixdə çap olunmuş abonent haqqında məlumat sənədindən görünür ki, cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən sahibkarlıq obyektində istifadə olunan suya görə 66493,5 manat məbləğində borc hesablanmışdır.

16. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh (kod-152364) ilə "xxxx" ASC arasında 2011-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh binanın tikintisində sudan istifadə etdiyi müddətdə sayğac quraşdırılmış və istifadə olunan suyun dəyəri ödənilmişdir. Lakin binanın tikintisi başa çatdıqdan sonra - 2012-ci ilin noyabr ayında mənzillər fərdi qaydada kodlaşdığı müddətdə binanın giriş xəttinə quraşdırılan balans sayğacının dəyəri abonentin səhlənkarlığı nəticəsində ödənilmədiyinə görə quraşdırılan sayğac qeydiyyata alınmamışdır. Eyni zamanda 2012-ci il bina təhvil verilməmişdən əvvəl istifadə olunan suyun dəyərindən 1949,6 manat “dt.borc” qalmışdır. 2016-cı ilin yanvar ayında sayğacsız qrunt suyundan istifadəyə görə 141,9 manat hesabat aparılmış, abonent tərəfindən 2016-cı ilin aprel ayında 100 manat, 2016-cı ilin noyabr ayında 250 manat məbləğində ödəniş olunduqdan sonra 1741,5 manat məbləğində qalıq borc yaranmışdır. 2019-cu ilin noyabr ayından 2020-ci ilin dekabr ayına qədər balans sayğacından keçən su sərfiyyatı da nəzərə alınmaqla, yekun borc 66493,5 manat məbləğində təşkil etmişdir. Həmin dövr ərzində abonentə təqdim olunan hesabfakturalar və üzləşmə aktlarının qəbulundan imtina edilmişdir.

17. İş materiallarına, həmçinin kassa mədaxil orderi, qaimə-faktura və tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının 04 nömrəli aktı əlavə edilmişdir.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

19. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

20. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

21. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

22. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir.

23. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

24. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

25. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən, öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur.

26. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

28. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

29. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

30. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

32. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

33. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2).

34. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

38. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1.3-cü və 2.1.6-cı yarımbəndlərinə əsasən, fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək və verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) STKM-in vəzifələridir.

40. Həmin Qaydaların 5.1.5-ci yarımbəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarıdır.

41. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən, STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər.

42. Həmin Qaydaların 8.1.8-ci yarımbəndinə əsasən, istifadə edilmiş suyun hesabı istehlakçı tərəfindən bu Qaydaların tələblərinə uyğun olaraq vaxtında və tam ödənilmədikdə STKM “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istehlakçıların su təchizatını istehlakçını mütləq qaydada (bu Qaydaların 8.1.9-cu yarımbəndində nəzərdə tutulan hal istisna olmaqla) xəbərdar etmək şərtilə dayandıra bilər.

Məhkəmənin mövqeyi:

43. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən 2012-2020-ci illər ərzində istehlak edilmiş su üzrə ümumilikdə 66493,5 manat məbləğində borcun tutulmasını xahiş etmiş və məhkəməyə təqdim edilmiş abonent haqqında məlumat sənədində müvafiq borcun əsas - 64752 manat məbləğində olan hissəsinin 2019-cu ilin noyabr ayından 2020-ci ilin dekabr ayına qədər olan sərfiyyat üzrə hesablandığı qeyd edilmişdir.

44. İlk növbədə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2.1-ci yarımbəndinə uyğun olaraq iddiaçı tərəfindən 2012-2020-ci il və ondan sonrakı müddət ərzində borcun ödənilməsi ilə bağlı sənədin (hesab-fakturanın) cavabdehə göndərilməsi ilə bağlı məhkəməyə hansısa sənəd təqdim edilməmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında belə sənədlərin mövcud olmadığını bildirmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclaslarında verdiyi izahatlarında sakinlər binaya köçürüldükdən sonra cavabdeh tərəfindən sudan istifadə edilmədiyini qeyd etmişdir.

45. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən su istehlak edilmiş olsa belə, “Sudan istifadə Qaydaları”na uyğun olaraq su təchizatı və kanalizasiya müəssisəsinin vəzifələrinə daxil olsa da, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesab, həmin hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə suyun verilməsinin dayandırılacağı barədə yazılı bildiriş cavabdehə təqdim edilməmiş, o cümlədən su verilmiş olsa belə, ödəniş edilməməsinə baxmayaraq Qaydaların tələblərinə zidd olaraq suyun təchizatı dayandırılmamışdır.

46. Cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, “Sudan istifadə Qaydaları”nın 7.2-ci bəndinin tələblərini və iddia ərizəsində qeyd edilən borc məbləğinin əsas hissəsinin 2019-2020-ci ilin dekabr ayı üzrə hesablandığını nəzərə alaraq idddiaçının 2021-ci ildən başlayaraq 3 il ərzində müvafiq ödənişləri tələb etmək hüququ olmasına baxmayaraq, bu hüququndan istifadə etməmiş, yəni hüququnun müdafiəsi üçün müəyyən edilmiş müddəti ötürmüşdür.

47. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Hazırkı işdə iddia müddətinin axımının dayandırılması, kəsilməsi və ya iddia müddətinin bərpası əsasları yoxdur.

48. İddiaçının nümayəndəsinin iddia müddətinin tətbiq edilməli olmaması barədə dəlili - iddiaçı təşkilatda struktur dəyişikliklərin olması Mülki Məcəllənin yuxarıda istinad edilən 378-ci maddəsinin (qətnamənin 24-cü bəndi) tələblərinə əsasən əsaslı hesab edilmir.

49. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, hazırkı iddia ərizəsi əsaslı olmadığından və iddia mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətdə verilmədiyindən təmin edilməməlidir.

50. İddia tələbinin məhkəmə xərcinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərci iddiaçının özünə aid edilməlidir.

51. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT E T D İ:

İddiaçı "xxxx" publik hüquqi şəxsi tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar