Məhkəmə qərarları › İş №e-2-2(119)-26/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-26/2023

07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-26/2023 07.04.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 28759,05 manat əsas borc, 8606,79 manat faiz borcu və 468,07 manat cərimə borcu olmaqla, cəmi 37833,91 manat borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat mediasiya xərcinin və 3,50 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 fevral 2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 20%-lə 36 ay müddətinə 30000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh2 ilə 28 fevral 2020-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 13 aprel 2022-ci il tarixinədək Cavabdeh1 banka xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 28759,05 manat əsas borcu, 8606,79 manat faiz borcu və 1872,28 manat cərimə borcu olmaqla, cəmi 39238,12 manat borcu vardır. Cavabdeh1 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 1872,28 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında, yəni 468,07 manat məbləğində tələb olunur. Bu barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC cavabadehlər Cavabdeh1, Cavabdeh3 və X4 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün mediatora müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 06 sentyabr 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə “iddia tələbinin həcminin artırılmasına dair” ərizə təqdim edərək 28 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 28759,05 manat əsas borc, 10697,82 manat faiz borcu və 5128,36 manat cərimə borcu olmaqla, cəmi 44585,23 manat borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat mediasiya xərcinin və 23,76 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin və iddia tələbinin həcminin artırılmasına dair ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddianı tələbini qəbul etmədiyini bildirmiş, krediti mağaza açmaq üçün götürdüyünü və mağazanın qeyri-qanuni olaraq söküldüyünü, buna görə kredit borcunu ödəyə bilmədiyini qeyd etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin həcminin artırılmasına dair ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 28 fevral 2020-ci il tarixli 4-MZ2-1-0-1353-20 nömrəli kreditin verilməsinə dair müqaviləyə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 20% olmaqla 36 ay müddətinə 30000 manat məbləğində kredit götürmüş, kreditin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış zaminlik müqavilələri göstərilmişdir. - 28 fevral 2020-ci il tarixli 4-MZ2-1-0-1353-20 nömrəli zaminlik müqaviləsindən görünür ki, bankdan kredit götürmüş borc alan Cavabdeh1 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh3 öz üzərinə götürmüşdür. Həmin zaminlik müqaviləsinin tələblərinə görə zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 28 fevral 2020-ci il tarixli 4-MZ2-1-0-1353-20 nömrəli zaminlik müqaviləsindən görünür ki, bankdan kredit götürmüş borc alan Cavabdeh1 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh2 öz üzərinə götürmüşdür. Həmin zaminlik müqaviləsinin tələblərinə görə zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 4-MZ2-1-0-1353-20 nömrəli kredit müqaviləsinə 28 fevral 2020-ci il tarixli 1 saylı Əlavəyə əsasən borcalan Cavabdeh1 banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini borcalan Cavabdeh1 imza etmişdir. Həmin ödəniş cədvəlinə əsasən 30000 manatın 36 ay müddətinə 28 fevral 2023-cü il tarixinədək ödənilməsi müəyyən olunmuşdur. - 28 fevral 2020-ci il tarixli 4-MZ2-1-0-1353-20 nömrəli kredit müqaviləsinə 02 iyul 2020-ci il tarixli 1 nömrəli Əlavə Sazişə əsasən bu saziş qüvvəyə mindiyi tarixdən müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay təşkil edir. - 28 fevral 2020-ci il tarixli 4-MZ2-1-0-1353-20 nömrəli zaminlik müqaviləsinə İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 02 iyul 2020-ci il tarixli 1 nömrəli Əlavə Sazişdən görünür ki, bu saziş qüvvəyə mindiyi tarixdən müqavilənin bağlı olduğu 28 fevral 2020-ci il tarixli 4-MZ2-1-0-1353-20 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay təşkil edir. - 28 fevral 2020-ci il tarixli 4-MZ2-1-0-1353-20 nömrəli zaminlik müqaviləsinə İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 02 iyul 2020-ci il tarixli 1 nömrəli Əlavə Sazişdən görünür ki, bu saziş qüvvəyə mindiyi tarixdən müqavilənin bağlı olduğu 28 fevral 2020-ci il tarixli 4-MZ2-1-0-1353-20 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay təşkil edir. - 4-MZ2-1-0-1353-20 nömrəli kredit müqaviləsinə 02 iyul 2020-ci il tarixli 1 saylı Əlavəyə əsasən borc alan Cavabdeh1 banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini borc alan Cavabdeh1 imza etmişdir. Həmin ödəniş cədvəlinə əsasən 28759,93 manatın 32 ay müddətinə 3 ay güzəşt müddəti tətbiq olunmaqla 28 fevral 2023-cü il tarixinədək ödənilməsi müəyyən edilmişdir. - 28 fevral 2020-ci il tarixli 4-MZ2-1-0-1353-20 nömrəli kredit müqaviləsinə 05 noyabr 2020-ci il tarixli 1 nömrəli Əlavə sazişdən görünür ki, bu saziş qüvvəyə mindiyi tarixdən 28 fevral 2020-ci il tarixli 4-MZ2-1-0-1353-20 nömrəli kredit müqaviləsi üzrə kreditin müdəti 28 fevral 2023-cü il tarixədək uzadılır. Müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay təşkil edir. - 28 fevral 2020-ci il tarixli 4-MZ2-1-0-1353-20 nömrəli zaminlik müqaviləsinə İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 05 noyabr 2020-ci il tarixli 1 nömrəli Əlavə Sazişdən görünür ki, bu saziş qüvvəyə mindiyi tarixdən 28 fevral 2020-ci il tarixli 4-MZ2-1- 0-1353-20 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay təşkil edir. -28 fevral 2020-ci il tarixli 4-MZ2-1-0-1353-20 nömrəli zaminlik müqaviləsinə İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 05 noyabr 2020-ci il tarixli 1 nömrəli Əlavə Sazişdən görünür ki, bu saziş qüvvəyə mindiyi tarixdən 28 fevral 2020-ci il tarixli 4-MZ2-1- 0-1353-20 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay təşkil edir. - 4-MZ2-1-0-1353-20 nömrəli kredit müqaviləsinə 05 noyabr 2020-ci il tarixli 1 saylı Əlavəyə əsasən borcalan Cavabdeh1 banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini borcalan Cavabdeh1 imza etmişdir. Həmin ödəniş cədvəlinə əsasən 28759,05 manatın 28 ay müddətinə 3 ay güzəşt müddəti tətbiq olunmaqla 28 fevral 2023-cü il tarixinədək ödənilməsi müəyyən olunmuşdur. - 24 avqust 2022-ci il tarixli maliyyə arayışına görə Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 28759,05 manat məbləğində əsas borcu, 10697,82 manat məbləğində faiz borcu, 5128,36 manat məbləğində cərimə olmaqla, cəmi 44585,23 manat məbləğində borcu vardır. İş materiallarında olan məhkəmə-mühasibat ekspertizasının 16 fevral 2023-cü il tarixli 9/8139 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə 24 avqust 2022-ci il tarixinə banka ödənilməli olan əsas borcu 28769,05 manat və faiz borcu 10705,21 manat kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, iş materialları ilə müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borc alan (cavabdeh) Cavabdeh1 (VÖEN **********), zaminlər (cavabdehlər) Cavabdeh2 və Cavabdeh3 28 fevral 2020-ci il tarixli 4-MZ2-1-0- 1353-20 nömrəli kredit müqaviləsini, həmin müqaviləyə Əlavə Sazişləri və müvafiq zaminlik müqavilələrini bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək borc verən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəniş cədvəlində nəzərdə tutulan qaydada ödəməmiş və bununla da borc verən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci və iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 23,76 (iyirmi üç manat 76 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə, yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, 28 fevral 2020-ci il tarixli 4-MZ2-1-0-1353-20 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalı olan əsas və faiz borcunun məbləğləri müəyyən edilərkən iddia tələbi və cavabdeh tərəfin mənafeyi nəzərə alınaraq cavabdehlərdən tutulmalı olan əsas və faiz borcu məbləğləri məhkəmə-mühasibatlıq ekspertizasının 16 fevral 2023-cü il tarixli 9/8139 nömrəli ekspert rəyində müəyyən edilmiş nəticəyə əsasən deyil, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, 16 fevral 2023-cü il tarixli 9/8139 nömrəli ekspert rəyində Cavabdeh1 ilə bağlanmış 28 fevral 2020-ci il tarixli 4-MZ2-1-0-1353-20 nömrəli kredit müqaviləsi üzrə iddiaçı tərəfindən borcun hesablandığı 24 avqust 2022-ci il tarixinə əsas borcun 28769,05 manat, faiz borcunun isə 10705,21 manat olması müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 28759,05 manat məbləğində əsas borcun və 10697,82 manat məbləğində faiz borcunun tutulması tələb olunur. Ona görə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehlərdən iddia tələbində göstərilən məbləğdə, yəni 28759,05 manat məbləğində əsas borc və 10697,82 faiz borcu tutulmalıdır. Çünki, iddia tələbi üzrə hesablanmış əsas və faiz borcu məbləği ekspert rəyində hesablanmış məbləğdən az məbləğdədir və bu səbəbdən də, həmin kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulmasında ekspert rəyində müəyyən edilmiş nəticə nəzərə alınmayaraq, cavabdehlərdən müştərək qaydada iddia tələbi üzrə 28759,05 manat məbləğində əsas borc və 10697,82 manat məbləğində faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın ”28 fevral 2020-ci il tarixli 4- MZ2-1-0-1353-20 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 5128,36 manat cərimənin tutulması” tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla, cərimə məbləği azaldılmalı, cavabdehlərdən müştərək qaydada 1000 manat məbləğində cərimə tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 28759,05 manat məbləğində əsas borc 10697,82 manat məbləğində faiz borcu və 1000 manat məbləğində cərimə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bununla yanaşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci və iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət büdcəsinə ödəmiş olduğu 23,76 (iyirmi üç manat 76 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Eləcə də, hazırkı iddia tələbi üzrə ümumilikdə hesablanan 211,37 (iki yüz on bir manat 37 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 187,61 (yüz səksən yeddi manat 61 qəpik) manat məbləğində (211,37 manat – 23,76 manat = 187,61 manat) pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq X1 ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 28759,05 (iyirmi səkkiz min yeddi yüz əlli doqquz manat 05 qəpik) manat məbləğində əsas borc, 10697,82 (on min altı yüz doxsan yeddi manat 82 qəpik) manat məbləğində faiz borcu, 1000 (min) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci və 23,76 (iyirmi üç manat 76 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 40680,63 (qırx min altı yüz səksən manat 63 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə 187,61 (yüz səksən yeddi manat 61 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar