Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-267/2022 07.02.2022 Sumqayıt Kommersiya Məhkəməsi Mən, Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Tağıyev Xəqani Qəhrəman oğlu iddiaçı "xxxx" ASC-nin cavabdeh “X1” MMC-yə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC cavabdeh “X1” MMC-yə qarşı icarə müqaviləsinin ləğvi və borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), həmçinin iddiaçının tələbləri iddia ərizəsində qeyd olunmalıdır. İddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş elektron iddia ərizəsinin “tərəflər” bölməsində iddiaçı qismində "xxxx" ASC ilə yanaşı onun direktoru İddiaçı2 da iddiaçı kimi göstərilmişdir. Halbuki, iddia ərizəsinin mətnindən İddiaçı2 iddiaçı olduğu görünmür. Bundan başqa, iddia ərizəsinin “Xahiş edirik” hissəsində tələb olunan məbləğlərin cavabdehdən kimin xeyrinə tutulmalı olduğu göstərilməmişdir. Qeyd olunan nöqsanlar iddia ərizəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş formasına və məzmununa riayət edilməməsi kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini geri qaytarır. Həmin Məcəllənin 150.2-ci maddəsinə görə kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron Məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron Məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Hazırkı iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınmasını və iddia ərizəsi üzrə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsini təsdiqləyən sənədlər cavadehə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsində nəzərdə tutulan qaydada çatdırılmamışdır. Mülki Prosessual Məcəllənin 152.1.4-cü maddəsinə müvafiq olaraq, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə uyğun olaraq, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə, "xxxx" ASC-nin məhkəməyə daxil olmuş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş formasına və məzmununa riayət edilmədiyinə, iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınmasını və iddia ərizəsi üzrə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsini təsdiqləyən sənədlər cavadehə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsində nəzərdə tutulan qaydada çatdırılmadığına görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 151-152, 263, 264, 267 və 268-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı "xxxx" ASC-nin cavabdeh “X1” MMC-yə qarşı icarə müqaviləsinin ləğvi və borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, bu qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-267/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-267/2022
07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver