Məhkəmə qərarları › İş №e-2-2(119)-2693/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2693/2025

27.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2693/2025 27.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddia tələbi və tərəflərin izahatları:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 12400 (on iki min dörd yüz) manat məbləğində əsas borc, 90,86 (doxsan manat, səksən altı qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 12490,86 (on iki min dörd yüz doxsan manat, səksən altı qəpik) manat məbləğində borcun və ödənilmiş 127,5 (yüz iyirmi yeddi manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104,3 kv.m. olan fərdi yaşayış evinə və torpaq sahəsinə yönəldilərək həmin ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı və Cavabdeh1 arasında 08 sentyabr 2020-ci il tarixdə 049Ş nömrəli “Vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi” bağlanmışdır. 08 sentyabr 2020-ci il tarixli 049Ş nömrəli “Vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi”nə əsasən illik 1 faiz tətbiq edilməklə 60 ay müddətinə 13000 manat məbləğində kredit borcu restrukturizasiya edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı və Cavabdeh1 arasında 10 fevral 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanılmışdır. Həmin ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104,3 kv.m. olan fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Restrukturizasiya müqaviləsinin 1.2ci bəndinə əsasən, Cavabdeh1 13000 manat məbləğində əsas borcun və ona hesablanmış faizlərin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq kreditora ödənilməsinə dair öhdəlik götürmüşdür. Beləliklə, Cavabdeh1 kredit müqaviləsinə əsasən iddiaçıya 12400 manat məbləğində əsas borc, 90,86 manat məbləğində faiz borcu olmaqla, cəmi 12490,86 manat məbləğində kredit borcu vardır. Cavabdehlərlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

3. İddiaçı 30 dekabr 2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 11759,68 (on bir min yeddi yüz əlli doqquz manat, altmış səkkiz) manat məbləğində borcun və ödənilmiş 127,5 (yüz iyirmi yeddi manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104,3 kv.m. olan fərdi yaşayış evinə və torpaq sahəsinə yönəldilərək həmin ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı 02 fevral 2026-cı il tarixdə yenidən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 11498,18 (on bir min dörd yüz doxsan səkkiz manat, on səkkiz qəpik) manat məbləğində əsas borc, 11,5 (on bir manat, əlli qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 11509,68 (on bir min beş yüz doqquz manat, altmış səkkiz qəpik) manat məbləğində borcun və ödənilmiş 127,5 (yüz iyirmi yeddi manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104,3 kv.m. olan fərdi yaşayış evinə və torpaq sahəsinə yönəldilərək həmin ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı 12 fevral 2026-cı il tarixdə yenidən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 10992,87 (on min doqquz yüz doxsan iki manat, səksən yeddi qəpik) manat məbləğində əsas borc, 3,6 (üç manat, altmış qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 10996,47 (on min doqquz yüz doxsan altı manat, qırx yeddi qəpik) manat məbləğində borcun və ödənilmiş 127,5 (yüz iyirmi yeddi manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104,3 kv.m. olan fərdi yaşayış evinə və torpaq sahəsinə yönəldilərək həmin ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizəni müdafiə edərək izahatlarında bildirmişdir ki, ilkin müqavilə üzrə kredit öhdəliyi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsir dairəsinə düşdüyü üçün restrukturizasiya müqaviləsi ilkin müqavilənin davamı kimi bağlanmışdır. Cavabdeh1 restrukturizasiya ilə bağlı müraciət etmiş, həmçinin faiz borcları da silinmişdir. Restrukturizasiya müqaviləsi ilə yanaşı sonrakı ipoteka müqaviləsi bağlanmamışdır. Borc öhdəliyinin müddətinin uzadılması barədə yalnız borc alan Cavabdeh1 məlumat verilmiş, ipoteka qoyan Cavabdeh2 məlumat verilməmişdir. İddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

7. Məhkəmə iclaslarında Cavabdeh2 izahatlarında bildirmişdir ki, ona restrukturizasiya müqaviləsi barədə məlumat verilməmişdir. Əgər məlumat verilsəydi, əmlakın düzgün qiymətləndirilməsini tələb edərdi. İpoteka müqaviləsi bağlanarkən əmlakın qiyməti yalnız 1-2 şəkil əsasında müəyyən edilmişdir. Cavabdeh2 məhkəmədən ipoteka predmeti olan əmlakla bağlı qiymətləndirmə həyata keçirilməsini xahiş etdi.

8. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

9. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Məhkəmənin 02 fevral 2026-cı il tarixli iclasında iştirak etmiş Cavabdeh1 izahatında iddia tələbini qəbul etdiyini və ona 1 il vaxt verilərsə, borcu ödəyəcəyini bildirmişdir.

11. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

İş materialları:

12. İş materiallarında olan iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 10 fevral 2015ci il tarixli 000303 nömrəli kredit müqaviləsinin 1-ci bəndinə əsasən, müqavilənin şərtləri ilə borcverən (iddiaçı) borcalana (cavabdehə) pul vəsaitinin borc verilməsini, borcalan isə alınmış vəsaitin və hesablanmış faizlərin ödənilməsini öz öhdəsinə götürür.

13. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, borcverən borcalana “quşçuluq” məqsədilə 30 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verməyi öhdəsinə götürür.

14. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, borcalan tərəfindən kreditə görə hesablanmış faizlərin və əsas borcun ödəniş cədvəli üzrə qaytarılması təmin edilmədikdə, kredit müqaviləsinin vaxtından əvvəl ləğvi, əsas kredit borcunun və ona hesablanmış faizin qaytarılması ilə bağlı müvafiq tədbir görmək borcverənin hüquqlarından biridir.

15. Həmin müqavilənin 6.5-ci bəndinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini təmin edir.

16. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən, verilən kreditin və ona hesablanmış faizlərin qaytarılması bu müqaviləyə əlavə olunmuş və onun ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə uyğun olaraq həyata keçirilməlidir, bu zaman borcverən tərəfindən tərtib olunmuş hesablamalar əsas götürülür.

17. İş materiallarında olan iddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 10 fevral 2015-ci il tarixli ipoteka müqaviləsinin 1-ci bəndinə əsasən, İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh1 arasında 10 fevral 2015-ci il tarixdə bağlanılmış 000303 nömrəli kredit müqaviləsinə əsasən ipoteka saxlayan, əsas müqavilə üzrə borcalana 30 ay müddətinə 15000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə borcun qaytarılması vaxtı və ödənişlərin məbləği barədə tərtib olunmuş kreditin ödəniş cədvəli bu müqaviləyə əlavə olunur və onun ayrılmaz tərkib hissəsidir.

18. Həmin müqavilənin 2-ci bəndinə əsasən, kredit (faizlə) qaytarılana qədər 10 fevral 2015-ci il tarixdə bağlanılmış 000303 nömrəli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə ipoteka qoyan MA seriyalı ******* nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən Cavabdeh2 məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 104,3 kv.m. ümumi, 43,9 kv.m. yaşayış, 60,4 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evini 0,03 ha torpaq sahəsi ilə birgə ipoteka ilə yükləməyi öz öhdəsinə götürür.

19. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 119 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 104,3 kv.m. olan fərdi yaşayış evi 10 fevral 2015-ci il tarixdən 30 ay müddətinə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin çıxarışın “Əsas öhdəliyin mahiyyəti və icra müddəti” hissəsinin qarşısında 10 fevral 2015-ci il tarixli 000303 nömrəli kredit müqaviləsi qeyd edilmişdir.

20. İş materiallarında olan iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 08 sentyabr 2020-ci il tarixli 049Ş nömrəli güzəştli kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən, müqaviləyə əsasən, kreditor borclunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 13000 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 13000 manat məbləğində güzəştli krediti verməyi, borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəli (kreditin qaytarılması cədvəli) üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür.

21. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, kredit illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il müddətinə verilir.

22. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, borclu bu müqavilə üzrə kreditora çatmalı olan krediti və hesablanmış faizləri və digər ödənişləri bu müqavilənin 5-ci bəndində nəzərdə tutulan müddətdə və qaydada ödəməyi öhdəsinə götürür.

23. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, müqavilə üzrə müəyyən olunmuş güzəşt müddəti ərzində hesablanmış aylıq faizlər ödənilməlidir.

24. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilə üzrə müəyyən edilən öhdəliklərin təminatı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ipoteka və ya zaminlik müqaviləsi ilə müəyyən olunur.

25. Həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 iddiaçıya olan borcunun həmin plana uyğun olaraq son ödəniş tarixi 2025-ci ilin sentyabr ayı olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.

26. İş materiallarında olan 11 fevral 2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçıya 10992,87 manat məbləğində əsas borcu, 3,6 manat məbləğində faiz borcu olmaqla, cəmi 10996,47 manat məbləğində borcu vardır.

Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

29. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

30. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

31. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

32. Həmin Məcəllənin 309.1-ci mddəsinə əsasən, daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.

33. Həmin Məcəllənin 309.2-ci maddəsinə əsasən, ipotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır.

34. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

35. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

36. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

37. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

38. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, 739.1-ci və 739.2-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

39. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır.

40. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən, ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır: ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə (14.1.1.).

41. Həmin Qanunun 14.5-ci maddəsinə əsasən, ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən və daşınar əmlakın rəsmi reyestrindən çıxarışla ... təsdiq edilir.

42. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Məhkəmənin mövqeyi:

46. Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və Cavabdeh1 arasında bağlanmış 10 fevral 2015-ci il tarixli 000303 nömrəli kredit müqaviləsi üzrə ona 30 ay müddətinə qaytarılması şərtilə illik 15 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmiş, həmin müqavilənin təminatı qismində isə iddiaçı və digər Cavabdeh2 arasında eynitarixli ipoteka müqaviləsi bağlanılmışdır.

47. Bundan sonra, iddiaçı və Cavabdeh1 arasında 08 sentyabr 2020-ci il tarixli 049Ş nömrəli güzəştli kredit müqaviləsi bağlanılmış, müqaviləyə əsasən, cavabdehin ididaçı qarşısında olan öhdəliyinin həcmi 13000 manat məbləğində müəyyən edilmişdir.

48. Cavabdeh1 08 sentyabr 2020-ci il tarixli güzəştli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan borcu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilədə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun iddiaçı qarşısında müqavilə öhdəliyinin icrası ilə əlaqədar məsuliyyəti yaranmışdır.

49. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 10992,87 manat məbləğində əsas borc və 3,6 manat məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.

50. İddia tələbinin “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı və Cavabdeh1 arasında 08 sentyabr 2020-ci il tarixli güzəştli kredit müqaviləsi bağlanılaraq əsas öhdəliyin icrası müddətinin dəyişdirilməsinə, yəni kreditin ödənilməsi vaxtının 5 il müddətinə uzadılmasına baxmayaraq ipoteka müqaviləsi yenilənməmiş, ipotekanın əlavə dövlət qeydiyyatının aparılması təmin edilməmişdir.

51. Eyni zamanda iş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 119 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışda ipoteka yüklülüyünün əsası 10 fevral 2015-ci il tarixli 000303 nömrəli kredit müqaviləsi, müddəti isə 30 ay olaraq qeyd edilmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 öhdəliyin müddətinin uzadılması barədə ona məlumat verilmədiyini qeyd etmiş, iddiaçının nümayəndəsi də bu halı təkzib etməmişdir.

52. Digər tərəfdən, 08 sentyabr 2020-ci il tarixli güzəştli kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən, müqavilə üzrə müəyyən edilən öhdəliklərin təminatı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ipoteka və ya zaminlik müqaviləsi ilə müəyyən olunur.

53. Müqavilənin istinad edilən bəndinin tələbləri nəzərə alındıqda, iddiaçı tərəfindən güzəştli kredit müqaviləsinin təminatı olaraq nə zaminlik, nə də ipoteka müqaviləsi təqdim edilmiş, iddiaçının nümayəndəsi də izahatlarında sözügedən müqavilə ilə əlaqədar tərəflər arasında hər hansı ipoteka müqaviləsi (və ya sonrakı ipoteka müqaviləsi və ya ipoteka müqaviləsinə əlavə saziş, o cümlədən digər) bağlanılmadığını qeyd etmişdir.

54. Göstərilənlərə əsasən, məhkəmə qeyd edir ki, hazırda tutma yönəldilməsi xahiş edilən ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilmədiyindən, təqdim edilən sənədlərlə isə 08 sentyabr 2020-ci il tarixli güzəştli kredit müqaviləsindən irəli gələn öhdəliklərin ipoteka ilə təminat altına alınması müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə əsaslı deyildir və təmin edilməməlidir.

55. Bundan başqa, iddia tələbinin ödənilmiş 127,5 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarında olan 19 dekabr 2025-ci il tarixli **********59 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 127,5 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

56. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir.

57. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

58. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

59. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 122,99 manat təşkil etdiyindən həmin məbləğdə pul vəsaiti Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır.

60. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdеh Cavabdeh1 10992,87 manat məbləğində əsas borc, 3,6 manat məbləğində faiz borcu və 122,99 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11119,46 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

61. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh1 10992,87 (on min doqquz yüz doxsan iki manat, səksən yeddi qəpik) manat məbləğində əsas borc, 3,6 (üç manat, altmış qəpik) manat məbləğində faiz borcu və 122,99 (yüz iyirmi iki manat, doxsan doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11119,46 (on bir min yüz on doqquz manat, qırx altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar