Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-273/2022 30.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh "X5" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 25 fevral 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, 10 ay ərzində icarə haqqının ödənilməməsinə görə yaranmış 13000 (on üç min) manat məbləğində borcun, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci və 29 (iyirmi doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh "X5" Məhdud Məsuliyyəli Cəmiyyəti arasında bağlanmış 25 fevral 2021-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 430 kv.m qeyri-yaşayış sahəsi 01 mart 2021-ci il tarixdən 31 dekabr 2021-ci il tarixinədək hər ayın 1-dən 5-nə kimi 1300 manat (ƏDV ilə birlikdə) icarə haqqı ödənilməsi şərti ilə cavabdeh "X5" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilmişdir. Müqavilə bağlandığı gündən cavabdeh özünə məxsus əmlaklarını icarəyə götürdüyü qeyri-yaşayış sahəsinə gətirərək oradan istifadə etmişdir. İcarə müqaviləsində göstərilir ki, icarə haqqı "İcarəçi" tərəfindən hər ayın 1-dən 5-nə kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bank hesabına ödənilməlidir. "X5" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə dəfələrlə icarə haqqını və ƏDV-ni ödəməsi barədə bildirilsə də, cavabdeh bir müddət vaxt istəmiş, lakin icarə haqlarını ödəməmişdir. Müqavilə şərtləri pozulduğundan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Mediasiya Şurasına müraciət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak etmək üçün iddiaçı tərəfindən 50 manat ödəniş edilmiş, cavabdeh mediasiya sessiyasının iclasında iştirak etmədiyinə görə onun əvəzinə yenidən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 50 manat xidmət haqqı ödənilməklə, ümumilikdə 100 manat xidmət haqqı Mediasiya Şurasına ödənilmişdir. Mediator tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi və 100 manat xidmət haqqının "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməsi barədə arayış verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti icarə müqaviləsinin tələblərinə əməl edərək cavabdeh "X5" Məhdud Məsuliyyətli Cəmiyyətinə müqavilənin ləğv edilməsinin və borcun ödənilməsinin təklif olunmasına dair pretenziya göndərmiş, cavabdeh 23 dekabr 2021-ci il tarixdə həmin pretenziyanı qəbul etsə də, icarə haqqını könüllü ödəməkdən yayınmış və icarə müqaviləsinin ləğv edilməsinə münasibət bildirməmişdir. Cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixinə ümumilikdə 13000 manat borcu vardır. Cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə1 Exan oğlu “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia tələbinə etiraz təqdim edərək iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı aralarında bağlanmış 25 fevral 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, 10 ay ərzində icarə haqqının ödənilməməsinə görə yaranmış 13000 (on üç min) manat borcun, 100 manat məbləğində ödənilmiş mediasiya xərcinin və 29 manat ödənilmiş dövlət rüsumunun cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi tələbinə dair iddiasının əsassız sayılaraq təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, guya “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına xx.xx.2021-ci il tarixdən etibarən xx.xx.2021ci il tarixədək hər ay 1300 (min üç yüz) manat ödəməyi öhdəsinə götürmüş, həmin öhdəliyi yerinə yetirməmiş və nəticədə iddiaçıya 13000 (on üç min) manat borcu yaranmışdır. Lakin iddia həqiqətə uyğun deyildir. Belə ki, o, “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri və qanuni nümayəndəsi olaraq belə bir müqaviləni nə imzalamış, nə də möhürlə təsdiq etmişdir. “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ona 29 mart 2022-ci il tarixdə məhkəmənin iş materialları onun şəxsi kabinetinə yerləşdirdikdən sonra məlum olmuşdur. Əslində isə o, fevral ayının əvvəllərində anbar kimi istifadə etmək məqsədilə müəyyən bir sahə verilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə şifahi olaraq razılaşmış, ilkin razılaşma üzrə əşyaların bir hissəsi boş olan anbarların birinə yığılmışdır. Təxminən bir həftə, on gün sonra-25 fevral 2021-ci il tarixdə o, şifahi razılaşmanı rəsmiləşdirmək məqsədilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri O.Q.Xəlilova ərizə ilə müraciət edərək anbar kimi istifadə olunması məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qeyri – yaşayış sahəsindən 430 kv.m sahəni xx.xx.2021-ci il tarixdən etibarən icarəyə verməsini xahiş etmişdir. Həmin tarixədək icarə qiymətindən xəbərsiz olmuşdur. O, ərizəni özü imzalayıb möhürlə təsdiqləyərək iddiaçıya təqdim etmişdir. Lakin aylıq icarə haqqının hər ay üçün 1300 (min üç yüz) manat olduğunu bildikdən sonra razılaşmayaraq heç bir müqavilə bağlamamış və öhdəlik götürməmişdir. Bir neçə gündən sonra isə gətirdiyi əşyaları anbardan çıxarmış, O.Q.Xəlilova anbarda qalan bir neçə stol-stulu qoymağa yeri olmadığını bidirmiş və bir müddətdən sonra həmin əşyaları da oradan götürərək anbarı təhvil vermişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia tələbinə etirazına münasibət olaraq qeyd etmişdir ki, 25 fevral 2021-ci il tarixdə “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi imzaladığı və möhürlə təsdiqlədiyi ərizə ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə müraciət edərək sahəsi 430 kv.m. olan qeyri-yaşayış sahəsinin (tikilinin) ona icarəyə verilməsini xahiş etmişdir. İcarə müqaviləsi bağlanaraq sahəsi 430 kv.m olan tikili müqavilə şərtlərinə əməl etməklə 01 mart 2021-ci il tarixdən “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilmiş, icarə müqaviləsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən möhür və imza ilə təsdiq olunmuşdur. Qarşı tərəf özünə məlum və yaxud icarə haqqında ərizəsini möhürlə təsdiq etdiyi səbəbdən icarə müqaviləsini ancaq imza ilə təsdiq etmişdir. “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti sonradan öz işini təşkil etmək məqsədi ilə tikilinin müəyyən hissəsində plastik materiallardan istifadə etməklə ofis yaratmış, icarə fəaliyyətini mütəmadi olaraq davam etdirmişdir. Lakin müvəqqəti maddi çətinliyi əsas gətirərək icarə haqqının ödənilməsini aydan-aya gecikdirmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi bir müddət güzəştə gedərək onlara vaxt vermişdir. Lakin sonradan bunun bəhanə olduğu yəqin edilərək “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Müqavilə icarə üçün bağlanılıb, dövlət mənafeyinə və təhlükəsizliyinə xələl gətirən fəaliyyət istisna olmaqla, həmin tikilini boş saxlamaq, istehsal prosesi yaratmaq, anbar şəklində istifadə etmək icarəçinin öz işidir. Hər bir halda icarə haqqı ödənilməlidir. İcarəçi icarəyə götürülmüş sahədən istifadə etmədiyi halda isə icarə haqqının hesablanması üçün icarədara yazılı müraciət edib icarəni tamam və müvəqqəti dayandırmaq üçün icarədar ilə razılığa gəlməli idi. Lakin bu hal baş verməmişdir. Sonradan icarəyə götürülmüş sahənin icarə haqqının artmasının qarşısını almaq, digər tərəfdən bu sahənin icarədarın özünə lazım olması səbəbi ilə “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi çətinliklə olsa da, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə dəvət edilmiş onun direktorunun iştirakı ilə icarəyə verilmiş sahənin qapıları açılmış, həmin icarəyə götürülmüş 430 kv.m. sahədə külli miqdarda avadanlıq və materiallar saxlandığı məlum olmuşdur. “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru bu sahədə olan avadanlıq və materialların onunla əməkdaşlıq edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olduğunu bildirmişdir. Bu materialların və avadanlıqların kimə məxsus olduğu icarədar üçün önəmli deyildir. Çünki icarə müqaviləsi “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır. Məsələyə icarədar bu prizmadan yanaşaraq icarə haqqının ödənilməsini, eləcə də sahənin boşaldılmasını təmin etmək məqsədi ilə icarə haqqının ödənilməsinə qədər bu material və avadanlıqların saxlanılması üçün “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə güzəştə gedərək girov şəklində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsinə etiraz etməmişdir. Buna görə də akt tərtib olunmuş, həmin akt “X5 ” MMC, "xxxx" MMC və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən imzalanıb möhürlə təsdiqlənmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən onun ərazisində fəaliyyət göstərən "xxxx" MMC şirkətinə başqa icarəçinin icarəyə götürdüyü sahəyə avadanlıq və materiallarını yığması barədə yazılı və yaxud şifahi icazə verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 izahatında iddia tələbini müdafiə edib, iddia ərizəsində və “etiraza dair münasibətində” yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil iddia tələbini qəbul etmədiyini bildirərək, etirazda yazılanlara uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. O, mövqeyini onunla əsaslandırmışdır ki, sözügedən icarə müqaviləsi “X5” MMC-nin direktoru Nümayəndə1 tərəfindən imzalanmamış, həmin müqaviləni imzalamaq üçün heç kimə etibarnamə ilə səlahiyyət verilməmiş, müqavilə “X5” MMC-nin möhürü ilə təsdiqlənməmiş, bu səbəbdən də, sözügedən icarə müqaviləsi üzrə cavabdehin heç bir öhdəliyi yoxdur. O, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 430 kv.m qeyriyaşayış sahəsinin 01 mart 2021-ci il tarixindən “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilməsinin xahiş olunması barədə ərizəni isə mübahisələndirmədiklərini, həmin ərizənin “X5” MMC tərəfindən verildiyini, həmin ərizənin işçilərdən hər hansı biri tərəfindən imzalandığını və MMC-nin möhürü ilə təsdiq olunduğunu qeyd etmişdir. O, cavabdehin mallarının həmin qeyri-yaşayış sahəsində 2021-ci ilin fevral-mart aylarında olduğunu, lakin sonradan icarə haqqının qiyməti ilə razılaşmayaraq icarə müqaviləsi bağlamadığını və əşyalarını həmin sahədən çıxardığını vurğulamışdır. Məhkəmənin iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" X2 Cəmiyyətinin nümayəndəsi X3 izahat verərək, “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə1 özünün deyil, atasının sözügedən icarə obyektini idarə etdiyini, orada cavabdehin malları olduğunu və mal gətirib satdıqlarını bildirmişdir. Eyni zamanda o, Nümayəndə1 atası ilə şəxsi münasibətlərə əsasən "xxxx" X2 Cəmiyyətinin Çindən gələn yağışa həssas mallarının bir hissəsinin həmin anbara yığıldığını, malın həmin anbara yığılması ilə bağlı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə hər hansı danışıqlarının olmadığını vurğulamışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2021-ci il tarixdə daxil olmuş ərizəsindən görünür ki, “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 430 kv.m qeyri-yaşayış sahəsinin 01 mart 2021-ci il tarixindən müvafiq qaydada sənədləşdirmə yolu ilə “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilməsi xahiş edilmişdir. İş materiallarında olan 25 fevral 2021-ci il tarixli icarə müqaviləsinə əsasən icarədar "xxxx" Açıq Səhmdar Cəmiyyəti ünvan 2 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisindən 430 kv.metrlik sahəyə malik olan qeyri-yaşayış sahəsini müvəqqəti olaraq istifadə üçün icarəyə verməyi, icarəçi – “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti isə icarəyə götürdüyü sahəni qəbul edərək bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür (Müqavilənin “X5” MMC-nin direktoru kimi qeyd olunmuş Nümayəndə1 adının yazıldığı qrafasında imza olsa da, müqavilə həmin MMC-nin möhürü ilə təsdiqlənməmişdir). Həmin müqavilənin 2-ci bəndinə əsasən icarəçi aylıq icarə haqqını 1300 (bir min üç yüz) manat ƏDV-ilə birlikdə Cəmiyyətin bank hesabına köçürülmə yolu ilə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti 01 mart 2021-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək müəyyən olunmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən icarə haqqı icarəçi tərəfindən hər ayın 1-dən 5-nə kimi mütləq qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bank hesabına ödənilməlidir, əks təqdirdə icarəçinin işçiləri və nəqliyyat vasitələrinin Cəmiyyətin ərazisinə buraxılmayacaqdır. İş materiallarında olan 15 noyabr 2021-ci il tarixli aktda göstərilir ki, "xxxx" ASC-nin Kadrlar şöbəsinin rəisi - Nümayəndə2, Mərkəzi anbarın rəisi - R.S.Allahverdiyevin, mühafizəçi - H.A.Həsənquluyevin, “X5” MMC-nin direktoru Nümayəndə1 və onunla iş birliyində olan "xxxx" MMC-nin baş anbardarı Ş.P. Soltanovun və "xxxx" ASC-dən avadanlıq üzrə mütəxəssis kimi dəvət olunmuş baş mühəndis R.Ə. Həsənovun iştirakı ilə “X5” MMC-nin "xxxx" ASC-dən götürdüyü 430 kv.m. anbarın icarə haqqını ödəmədiyi üçün (bu borc 11700 manat təşkil edir) yeni borcun yaranmamasının qarşısını almaq, eləcə də bu anbarın "xxxx" ASC-nin özünə ehtiyac olduğunu nəzərə alaraq, videoçəkiliş aparılmaqla həmin anbar açılmışdır. Açılmış anbara baxış keçirilən zaman “X5” MMC-nin direktoru Nümayəndə1 anbarda olan mal, material və avadanlıqların (avadanlıq TİMS 200 AXA - OS-OD190175 - 51 ədəd; mebran – 14 ədəd kiçik ölçülü; mebran - 7 ədəd böyük ölçülü; dəzgah nasos - 1 ədəd; mebel aksesuarları - küllü miqdarda; parça materiallar; dekorativ güllər; taxta və karton materiallar və sair.) onunla iş birliyində olan "xxxx" MMCyə məxsus olduğunu bildirdi. Həmin mal, material və avadanlıqların anbardan boşaldılması üçün və "xxxx" ASC-yə olan 11700 manat borcun tezliklə ödənilməsi məqsədi ilə girov şəklində "xxxx" MMC-nin nümayəndəsi baş anbardar Ş.P. Soltanova təhvil verildi. "X5" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə1 aktın doğruluğunu öz imzası ilə təsdiq etmiş və aktda qeyd olunanlara etiraz etməmişdir (həmin Aktın surətini "X5" MMC-nin direktoru Nümayəndə1 almışdır). Məhkəmə araşdırması zamanı cavabdeh tərəfin etirazı nəzərə alınaraq, mübahisənin obyektiv həlli məqsədi ilə iş materiallarında olan 25 fevral 2021-ci il tarixli icarə müqaviləsindəki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 430 kv.m qeyri-yaşayış sahəsinin 01 mart 2021-ci il tarixindən “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilməsinin xahiş olunması barədə ərizədəki və 15 noyabr 2021-ci il tarixli aktdakı imzanın Nümayəndə1 tərəfindən icra olunub-olunmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan 04 oktyabr 2022-ci il tarixli 4/1384 nömrəli ekspert rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş işin 102-ci vərəqində olan 15 noyabr 2021-ci il tarixli “Akt”ın aşağı hissəsində “Nümayəndə1” yazılarının qarşısındakı imza və həmin “Akt”ın arxa tərəfində “AKTİN SURƏTİN ALDİM Çıngız Eynalov” yazılarının yanındakı imza - Nümayəndə1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, işin 34-cü vərəqində olan “Ərizə”də “Direktor:” qrafasında “Nümayəndə1” yazılarının yuxarı hissəsində olan imza - Nümayəndə1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Lakin 04 oktyabr 2022-ci il tarixli 4/1384 nömrəli ekspert rəyi verilərkən iş materiallarında olan 25 fevral 2021-ci il tarixli icarə müqaviləsindəki imzanın Nümayəndə1 tərəfindən icra edilib-edilmədiyi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 430 kv.m qeyri-yaşayış sahəsinin 01 mart 2021-ci il tarixindən “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilməsinin xahiş olunması barədə ərizədəki və 25 fevral 2021-ci il tarixli icarə müqaviləsindəki imzanın eyni şəxs tərəfindən icra olunub-olunmaması müəyyən edilmədiyindən məhkəmənin 24 oktyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir İş materiallarında olan 01 dekabr 2022-ci il tarixli 4/1693 nömrəli ekspert rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş işin 34-cü vərəqində olan “Ərizə”də “Direktor:” qrafasında “Nümayəndə1” yazılarının yuxarı hissəsində olan imza ilə işin 33-cü vərəqində olan 25 fevral 2021-ci il tarixli “İcarə müqaviləsi”də “İcarəçi” “X5” MMC hissəsində “Direktor:” qrafasında “Nümayəndə1” yazılarının qarşısında olan imza - öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş işin 33-cü vərəqində olan 25 fevral 2021-ci il tarixli “İcarə müqaviləsi”də “İcarəçi” “X5” MMC hissəsində “Direktor:” qrafasında “Nümayəndə1” yazılarının qarşısında olan imza Nümayəndə1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru (qanuni təmsilçisi) Nümayəndə1 tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 430 kv.m qeyri-yaşayış sahəsinin 01 mart 2021-ci il tarixindən müvafiq qaydada sənədləşdirmə yolu ilə “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilməsi barədə ərizə verilmiş olsa da, həmin tərəflər arasında məlum icarə sahəsi üzrə tərtib edilmiş 25 fevral 2021-ci il tarixli icarə müqaviləsi icarəçi olaraq “X5” MMC-nin direktoru Nümayəndə1 tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmışdır. Lakin bununla belə mötəbərliyi heç bir şübhə doğurmayan və “X5” MMC-nin direktoru Nümayəndə1 da iştirakı ilə tərtib edilmiş və sonuncunun özü tərəfindən də imzalanaraq təsdiq edilmiş 15 noyabr 2021-ci il tarixli aktın məzmunu ilə müəyyən olunur ki, 15 noyabr 2021-ci il tarixində anbar açılan zaman iddiaçı "xxxx" ASC-yə məxsus 430 kv.m. anbarda cavabdeh “X5” MMC ilə iş birliyində olan "xxxx" MMC-yə məxsus müxtəlif avadanlıqlar olmuş və qeyd olunan tarixdə “X5” MMC-nin direktoru Nümayəndə1 da iştirakı ilə həmin avadanlıqlar sonuncunun icarəsində olan sahə kimi qeyd olunan anbardan çıxarılmış və anbar iddiaçı "xxxx" ASC-nin faktiki sahibliyinə qaytarılmışdır. Həmin Aktda bu çıxarılmanın səbəbi kimi anbarın ödənilməyən icarə haqqı borcunun 11700 manat məbləğində olması və həmin məbləğin artmasının qarşısını almaq olduğu göstərilmişdir. Yəni, Aktın məzmunu ilə təsdiq olunur ki, məlum icarə obyektində cavabdeh “X5” MMC ilə iş birliyində olan "xxxx" MMC-yə məxsus avadanlıqlar saxlanılmaqla, həmin obyekt qeyd olunan dövrdə iddiaçının deyil, cavabdeh tərəfin faktiki sahibliyində və istifadəsində olmuş və Aktda qeyd olunan konkret hallara, o cümlədən də icarə haqqı borcunun “11700 manat məbləğində” olmasına və məlum icarə sahəsində cavabdehlə iş birliyində olan digər bir MMC-nin əmlakının saxlanılmasına həmin Aktla təsbit olunan hərəkətlərin yerinə yetirilməsində və Aktın tərtib olunaraq imzalanmasında bilavasitə iştirak edən cavabdeh “X5” MMC-nin direktoru Nümayəndə1 tərəfindən heç bir etiraz və irad, hər hansı bir fərqli mövqe bildirilməmişdir. Bununla da, cavabdeh “X5” MMC-nin direktoru Nümayəndə1 doğruluğunu öz imzası ilə təsdiq etdiyi və heç bir etiraz bildirmədiyi15 noyabr 2021-ci il tarixli Aktla və işin digər mübahisələndirilməyən halları ilə cavabdehin 11700 manat icarə haqqı borcu olması təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdi ki, yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsi ilə əlaqədar tərəflər arasında icarə münasibətləri mövcud olmuş, iddiaçı tərəfindən sözügedən qeyri-yaşayış sahəsi faktiki olaraq cavabdehə müvəqqəti olaraq istifadə üçün icarəyə verilmiş, cavabdeh isə öhdəliyini yerinə yetirməyərək 15 noyabr 2021-ci il tarixədək yaranmış 11700 manat məbləğində icarə haqqı borcunu ödəməmişdir. Ona görə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh "X5" Məhdud Məsuliyyətli Cəmiyyətindən 11700 manat məbləğində icarə haqqı borcu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan əlavə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbində "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 25 fevral 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iddia tələbinin həmin hissədə əsaslılığı müəyyən edilməmişdir. Çünki məlum icarə müqaviləsinin müddəti 31 dekabr 2021-ci il tarixindən bitdiyindən və eyni zamanda, 15 noyabr 2021-ci il tarixdə həmin sahə cavabdehin qanuni təmsilçisinin iştirakı ilə boşaldılaraq iddiaçıya qaytarılmış olduğundan müqavilənin məhkəmə qaydasında ləğv edilməsinə zərurət qalmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdeh "X5" Məhdud Məsuliyyətli Cəmiyyətidən 11700 manat məbləğində icarə haqqı borcu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində mediasiya xərcinin və iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət büdcəsinə ödəmiş olduğu 29 (iyirmi doqquz) manat məbləğində dövlət rüsumunun əvəzi "X5" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, hazırkı iddia tələbi üzrə ümumilikdə hesablanan 125,1 (yüz iyirmi beş manat 10 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 96,1 (doxsan altı manat 10 qəpik) manat məbləğində (125,1 manat – 29 manat = 96,1 manat) pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi cavabdeh "X5" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 248 (iki yüz qırx səkkiz) manat məbləğində pul vəsaiti cavabdeh "X5" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq X1 ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "X5" Məhdud Məsuliyyətli Cəmiyyətindən 11700 manat məbləğində icarə haqqı borcu, mediasiya ilə əlaqədar ödənilmiş 100 manat məbləğində mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş 29 manat məbləğində pul olmaqla, cəmi 11829 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə 96,1 (doxsan altı manat 10 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 248 (iki yüz qırx səkkiz) manat məbləğində pul vəsaiti cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-273/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-273/2022
30.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver