Məhkəmə qərarları › İş №e-2-2(119)-275/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-275/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-275/2025 01.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “maddi ziyanın əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3045 (üç min qırx beş) manat məbləğində maddi ziyanın, 300 (üç yüz) manat məbləğində xidmət haqqının, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat, iyirmi beş qəpik) manat məbləğində notariat haqqının və 50,45 (əlli manat, qırx beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 (etibarnamə əsasında İddiaçı adından) ilə Cavabdeh arasında 22 may 2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “Ravon Nexia R3 minik” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. Belə ki, avtomobil təmir olunması üçün 09 sentyabr 2024-cü il tarixində avtoservisə aparılmış və servis tərəfindən verilən dəymiş zərərin hesablanmasına dair akta əsasən avtomobilin bərpası üçün 3045 manat tələb olunmuşdur. Cavabdehə bu barədə şifahi məlumat verilsə də, o, qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə iddiaçı həmin vaxt avtomobili avtoservisdə 3045 manat ödəyərək öz hesabına təmir etdirmişdir. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə pretenziya göndərilmişdir. Lakin cavabdeh yenə də həmin məbləği ödəməmişdir Bundan başqa hüquqi xidmət olaraq 300 manat məbləğində vəkilə əlavə xərc çəkilmiş, məhkəməyə iddia ərizəsi verilərkən 50,45 manat dövlət rüsumu və iddiaçının məhkəmədə təmsil edilməsi üçün etibarnamə alınması ilə əlaqədar 17,25 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçının nümayəndəsi 01 iyul 2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında cavabdeh izahatlarında bildirmişdir ki, iddia ərizəsində göstərilmiş dəymiş ziyanın məbləği ilə razı deyildir. Avtomobilin buferi qopmuş, eyni zamanda buferdə qırılmalar olmuşdur, təkərlərə də zərər dəymişdir. Lakin avtomobilin mühərrikinə hansısa zərər dəyməmişdir. Qəza törədərkən avtomobilin yalnız sağ hissəsi əzilmiş, lakin iddiaçı tərəfindən avtomobilin arxa hissəsində əvvəldən mövcud olan zədənin də qəza nəticəsində olduğu qeyd olunmuşdur. Avtomobilə kreditlə 4 ədəd təkər almışdır. Buna görə də ona təkərlər üçün ödənilən məbləğin nəzərə alınacağı bildirilmişdir. İddiaçı tərəfin öz servisi var və orada təmir olduqca bahadır. Avtomobilin ehtiyat hissələrinin həmin servisdə olan qiyməti başqa satış məntəqələrindəki qiymətdən 2 qat çoxdur. Mütəxəssis rəyində müəyyən edilmiş dəymiş ziyanın məbləği ilə də razılaşmır. Ustalar avtomobilə dəymiş zərərin təxminən 600-700 manat məbləğində olduğunu bildirmişdir, lakin bu halı təsdiq edən hansısa sənəd təqdim edə bilmir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 24 fevral 2025-ci il tarixində keçirilən iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirmişdir ki, avtomobil cavabdehə icarəyə verilən zaman cavabdeh tərəfindən 600 manat məbləğində depozit ödənilmişdir. Həmin depozitlə bağlı razılaşmada cavabdeh qeyd etmişdir ki, avtomobili 3 ay ərzində qaytardığı halda depoziti tələb etməyə hüququ yoxdur, lakin avtomobili 3 aydan sonra qaytardığı halda 180 manat məbləğində ödəniş ona geri ödənilməlidir. Avtomobil 3 aydan çox müddətdə istifadə olunmuşdur. Lakin cavabdeh avtomobili qəzalı vəziyyətə gətirdiyi üçün icarə müqaviləsində də nəzərdə tutulmuş qaydada 180 manat məbləğində ödənişin edilməsinə hər hansı əsas qalmamışdır. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: Belə ki, iş materiallarında olan icarəyə verən X2 (İddiaçı adından) ilə icarəyə götürən Cavabdeh arasında bağlanmış 22 may 2024-cü il tarixli 30ST220524/XD482 nömrəli icarə müqaviləsinin predmetini “Ravon R3 minik” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil təşkil edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən fiziki şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanılmasını və təhlükəsizliyini təmin etməyə, nəqliyyat vasitəsini yanacaq və sürtgü materialları ilə icarəyə verənin şifahi müəyyənləşdirdiyi servisdə təmin etməyə, nəqliyyat vasitəsinin istifadə və istismar qaydalarına riayət etməyə, nəqliyyat vasitəsini kənar şəxslərin idarə etməsinə yol verməməyə, nəqliyyat vasitəsinin sıradan çıxmış tam hissələrini (təkər, akkumlyator və s.) icarəyə verənin şifahi müəyyənləşdirdiyi servisdə öz hesabına yenisi ilə əvəz etməyə, hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini və üçüncü tərəfin iddiası ilə bağlı nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə, yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı ödəməyə və nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nəqliyyat vasitəsinin hər hansı bir səbəbdən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyə borcludur. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, icarəyə verən nəqliyyat vasitəsini işlək vəziyyətdə icarəyə götürənə verməlidir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən şəxs tərəfindən hər hansı bir yol nəqliyyat hadisəsi və bədbəxt hadisə baş verərsə, nəqliyyat vasitəsini icarəyə verən şəxs heç bir məsuliyyət daşımır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə bağlandığı zaman nəqliyyat vasitəsini icarəyə götürən şəxs 600 (altı yüz) manat məbləğində depozit məbləğini nəqliyyat vasitəsini icarəyə verən şəxsə ödəməlidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən şəxs hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və istifadə etdiyi dövr üçün borc qalığını ödəməlidir və ya depozit məbləğindən verməlidir. Buu məbləğ depozit məbləğindən artıq olduqda fərqi nağd şəkildə verməlidir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini üç aydan tez qaytararsa, depozit məbləği geri qaytarılmır. Üç aydan sonra isə depozit məbləğinin 30 faizi on gün müddətinə geri qaytarılır və yazılı şəkildə ərizədə qeyd olunur. Nəqliyyat vasitəsini icarəyə verən şəxsə nəqliyyat vasitəsini icarəyə götürən şəxsin borcu olduğu halda həmin kəsr hissəsi nəqliyyat vasitəsini icarəyə götürən şəxsin depozit məbləğindən tutulur. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxsin təqsiri üzündən nəqliyyat vasitəsinə hər hansı bir ziyan dəyərsə dəymiş ziyan depozit məbləği hesabına aradan qaldırılır. Əgər depozit məbləği ziyanı tam şəkildə aradan qaldırmaq üçün yetərli deyilsə, nəqliyyat vasitəsini icarəyə götürən şəxs qalan fərqi nəqliyyat vasitəsini icarəyə verənə ödəməlidir. Əgər nəqliyyat vasitəsinə dəymiş zərər depozit məbləğindən azdırsa, bu zaman depozit məbləğinin tamamlanması məqsədi ilə dəymiş zərər məbləğində olan hissəni nəqliyyat vasitəsini icarəyə verən şəxs nəqliyyat vasitəsini icarəyə götürən şəxsdən tələb etməlidir. Bundan sonra nəqliyyat vasitəsini icarəyə götürən şəxs depozit məbləğinin bərpa olunmasını nəqliyyat vasitəsini icarəyə verən şəxsdən tələb edə bilər. İş materiallarında olan Cavabdeh 27 iyul 2024-cü il tarixli ərizəsində qeyd edilmişdir ki, avtomobilin icarəsinə görə o, 600 manat məbləğində depozit ödəmişdir. Əgər avtomobili 3 ay ərzində qaytaracaqsa, qoyduğu depoziti tələb etməyə heç bir hüququ yoxdur və həmin müddətdə avtomobilə zərər vurarsa, vurulan zərər depozit məbləğində çıxılmır. Əgər avtomobili 3 aydan sonra qaytararsa, verdiyi depozitin 420 manat məbləği qaytarılmır, qalıq 180 manatdan avtomobilə dəyən zərərlər çıxılır, qalıq məbləğ qaytarılır. Avtomobilin cərimələri ilə tanış olmuşdur. İş materiallarında olan “Nəqliyyat vasitəsinin sürücüyə təhvil verilməsinə dair” 22 may 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, 22 may 2024-cü il tarixli 30ST220524/XD482 nömrəli icarə müqaviləsinə əsasən “Ravon R3 minik” markalı, **-XD- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi texniki baxımdan saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan “Nəqliyyat vasitəsinin təhvil alınmasına dair” 09 sentyabr 2024-cü il tarixli aktda avtomobilin sürücüsü Cavabdeh tərəfindən avtomobilin 09 sentyabr 2024-cü il tarixində evakuator vasitəsilə avtoservisə gətirildiyi, avtoservisdə avtomobilə baxış keçirildiyi, baxış keçirilən zaman avtomobilin qəza keçirərək idarə olunmadığı qeyd olunmuş və avtomobildə olan nöqsanlar göstərilmişdir. Həmçinin qeyd edilmişdir ki, Cavabdeh avtomobilin zədələrinin aşkarlanıb qiymətləndirilməsində şəxsən iştirak edərək xərclərin ödənilməsi, akta imza edilməsi təklif olunsa da, o, həmin hərəkətlərin edilməsindən imtina etmişdir. İş materiallarında olan 10 sentyabr 2024-cü il tarixli qüsur aktından görünür ki, avtomobilin ehtiyat hissələrinin qiyməti 1885 manat, təmir-usta işlərinin qiyməti 1160 manat məbləğində olmaqla, “Ravon R3 minik” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir xərci 3045 manat məbləğində müəyyən edilir. İş materiallarında olan 11 sentyabr 2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, avtomobilin ehtiyat hissələrinin qiyməti 1885 manat, təmir-usta işlərinin qiyməti 1160 manat olmaqla, cəmi 3045 manat məbləğində pul vəsaiti “Ravon R3 minik” markalı, **-XD- *** dövlət qeydiyyat nişanlı avtomobil üçün idiaçı tərəfindən avtoservisə ödənilmişdir. İş materiallarında olan “Aktın surətinin göndərilməsi barədə” məktubdan və ona əlavə edilmiş poçt qəbzindən görünür ki, “Nəqliyyat vasitəsinin təhvil alınmasına dair” 09 sentyabr 2024-cü il tarixli akt iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən “qiymətləndirmə fəaliyyətinin məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığı və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi qiymətləndirildiyi” əsası ilə tərtib edilmiş 14 aprel 2025-ci il tarixli 3-16-16/2-451/2025 nömrəli məktubla Sumqayıt Kommersiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli qərardadı icra olunmadan iş məhkəməyə geri qaytarılmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 19 iyun 2025-ci il tarixli AE 06-030/25 nömrəli mütəxəssis rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22 may 2024-cü il tarixli 30ST220524/XD482 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verilmiş “Ravon R3 minik” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 06 sentyabr 2024-cü il tarixdə (09 sentyabr 2024-cü il tarixdə avtoservisə gətirilmişdir) baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2750 manat məbləğində ziyan dəymişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 103.1-ci və 103.2-ci maddələrinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda göstərilənlərə əsasən müəyyən edilmişdir ki, tərəflər arasında 22 may 2024-cü il tarixli 30ST220524/XD482 nömrəli icarə müqaviləsi bağlanılmış və həmin müqavilə əsasında “Ravon Nexia R3” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Sözügedən avtomobil 09 sentyabr 2024-cü il tarixdə avtoservisə gətirilmiş və iddiaçı tərəfindən təhvil alınarkən avtomobilə keçirilmiş baxış nəticəsində nəqliyyat vasitəsinin nasaz vəziyyətdə olması müəyyən edilmişdir. Bununla əlaqədar 10 sentyabr 2024-cü il tarixli qüsur aktı tərtib edilərək avtomobilə dəymiş zərərin 3045 manat məbləğində olması müəyyən edilmişdir. Göründüyü kimi, tərəflər arasında icarə müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış, iddiaçı tərəfindən “Ravon Nexia R3” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil 22 may 2024-cü il tarixində texniki cəhətdən saz vəziyyətdə Cavabdeh təhvil verilmiş, lakin sonuncu həmin nəqliyyat vasitəsini 09 sentyabr 2024-cü il tarixdə qəzalı vəziyyətdə iddiaçıya geri qaytarmışdır. Cavabdeh 10 sentyabr 2024-cü il tarixli qüsur aktında nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin olduğundan yüksək göstərildiyini, əslində avtomobilə 500-600 manat məbləğində zərər dəydiyini qeyd etsə də, bu halı təsdiq edəcək hər hansı sübutu (qiymətləndirmə rəyi, akt və s.) məhkəməyə təqdim etməmişdir. Bununla belə tərəflərin mənafeləri və mübahisənin obyektiv həllinə nail olmaq məqsədilə avtomobilə dəymiş zərərin mütəxəssis tərəfindən qiymətləndirilməsi qərara alınmış, məhkəməyə təqdim edilmiş 19 iyun 2025-ci il tarixli AE 06-030/25 mütəxəssis rəyində avtomobilə dəymiş zərərin 2750 manat məbləğində olduğu qeyd edilmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış 22 may 2024-cü il tarixli 30ST220524/XD482 nömrəli icarə müqaviləsinin 4.1-4.3-cü bəndlərinin və cavabdehin 27 iyul 2024-cü il tarixli ərizəsinin qarşılıqlı təhlilindən görünür ki, nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini üç aydan tez qaytararsa, depozit məbləği geri qaytarılmır. Üç aydan sonra isə depozit məbləğinin 30 faizi on gün müddətinə geri qaytarılır və yazılı şəkildə ərizədə qeyd olunur. Əgər nəqliyyat vasitəsini icarəyə götürən şəxsin təqsiri üzündən nəqliyyat vasitəsinə hər hansı bir ziyan dəyərsə, dəymiş ziyan depozit məbləği hesabına aradan qaldırılır. Əgər depozit məbləği ziyanı tam şəkildə aradan qaldırmaq üçün yetərli deyilsə, nəqliyyat vasitəsini icarəyə götürən şəxs qalan fərqi nəqliyyat vasitəsini icarəyə verənə ödəməlidir. Cavabdeh tərəfindən 22 may 2024-cü il tarixində icarəyə götürülmüş nəqliyyat vasitəsinin 3 aydan sonra, yəni 09 sentyabr 2024-cü il tarixində iddiaçıya təqdim edildiyi, icarə müqaviləsində tərəflərin nəqliyyat vasitəsinin üç aydan sonra qaytarıldığı halda, depozit məbləğinin 30 faizinin on gün müddətinə geri qaytarılmalı olduğunu razılaşdırdıqları, o cümlədən müqavilədə avtomobilin nasaz vəziyyətdə qaytarılacağı halda depozit məbləğinin geri qaytarılmayacağı barədə hər hansı qeyd-şərt olmadığı nəzərə alınaraq, cavabdehin ödədiyi 600 manat məbləğində olan depozit məbləğinin 30 faizi miqdarında, yəni 180 manat məbləğində pul vəsaiti cavabdehin xeyrinə hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin 3045 manat məbləğində maddi ziyanın əvəzinin ödənilməsi hissəsində qismən təmin edilməli, avtomobilə dəymiş zərərin məbləği 19 iyun 2025-ci il tarixli AE 06-030/25 mütəxəssis rəyində hesablanmış məbləğ əsas götürülməklə 2750 manat məbləğində müəyyən edilməli, həmin məbləğdən icarə müqaviləsinin 4.2-ci bəndinin müddəalarına uyğun olaraq cavabdeh tərəfindən verilmiş 600 manat məbləğində depozit məbləğinin 30 faizi olan 180 manat məbləğində pul vəsaiti çıxılmaqla dəymiş ziyana görə 2570 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 300 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarına əlavə edilmiş 29 dekabr 2024-cü il tarixli ödəniş qəbzi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən nümayəndəsinin hesabına 300 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin etibarnamə alınması üçün ödənilmiş 17,25 manat məbləğində notariat haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən nümayəndəsinə verilmiş 17 fevral 2024-cü il tarixli etibarnamənin alınması üçün 17,25 manat notariat haqqı ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 17,25 manat məbləğində notariat haqqının əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, iş materiallarında olan 28 dekabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 50,45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İstinad edilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 45,7 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, "xxxx" MMC-nin 19 iyun 2025-ci il tarixli AE 06-030/25 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş xərclərə dair bildirişdən görünür ki, aparılan tədqiqatın dəyəri 200 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehdən "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2570 manat məbləğində maddi ziyan, hüquqi yardımla bağlı ödənilmiş 300 manat məbləğində xidmət haqqı, etibarnamə alınması üçün ödənilmiş 17,25 manat məbləğində notariat haqqı və 45,7 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2932,95 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti cavabdehdən "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2570 (iki min beş yüz yetmiş) manat məbləğində zərərin, 17,25 (on yeddi manat, iyirmi beş qəpik) manat məbləğində notariat əməliyyatının aparılması üçün çəkilmiş xərcin, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının və ödənilmiş 45,7 (qırx beş manat, yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2932,95 (iki min doqquz yüz otuz iki manat, doxsan beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar