Məhkəmə qərarları › İş №e-2-2(119)-28/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-28/2024

15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-28/2024 15.03.2024 Sumqayıt Kommersiya Məhkəməsi X2 Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 21 avqust 2018-ci il tariхli 2018/00302-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 2149,14 (iki min yüz qırx doqquz ABŞ dolları on dörd sent) ABŞ dolları məbləğində əsas borc, 705,52 (yeddi yüz beş ABŞ dolları əlli iki sent) ABŞ dolları məbləğində faiz borcu, 1000 (min) ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 3854,66 (üç min səkkiz yüz əlli dörd ABŞ dolları altmış altı sent) ABŞ dolları məbləğində borcun və mediasiya ilə əlaqədar ödənilmiş 105 (yüz beş) manat məbləğində mediasiya xərcinin tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 2 ünvanında yerləşən, 56 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 52000 manat olmaqla açıq hərracda satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına 3854,66 (üç min səkkiz yüz əlli dörd ABŞ dolları altmış altı sent) ABŞ dolları məbləğində borcun və 105 (yüz beş) manat məbləğində mediasiya xərcinin İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay müddətində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 21 avqust 2018-ci il tariхli, 2018/00302-01 nömrəli krеdit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 7500 ABŞ dolları məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 1-nı ipoteka predmeti kimi İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinə təqdim etmiş və bu barədə 21 avqust 2018-ci il tariхli, 2018/00302-01 İP nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi 28 avqust 2018-ci il tarixdə qeydə alınmış və müvafiq çıxarış verilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri ipoteka qoyan və ipoteka saxlayanın razılığına əsasən 52000 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. 06 aprel 2023-cü il tarixinə kredit müqaviləsi üzrə 2149,14 ABŞ dolları məbləğində əsas borc, ona hesablanmış 705,52 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 3854,66 ABŞ dolları məbləğində borc yaranmışdır. Mübahisənin məhkəməyəqədər həlli məqsədi ilə 24 fevral 2023-cü il tarixdə “taxes.gov.az” elektron portalının İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinə məxsus şəxsi kabinetdən Cavabdeh1 elektron qaydada, həmçinin Cavabdeh2 poçt vasitəsilə pretenziya məktubu göndərilmiş, cavabdehə bütün borcunu bağlaması təklif edilmiş və ona 09 mart 2023-cü il tarixinə qədər vaxt verilmişdir. Buna baxmayaraq cavabdehlər iddiaçının müraciətinə pretenziya ilə müəyyən olunan vaxt ərzində münasibət bildirmədiyindən, mübahisənin pretenziya qaydasında həll edilməsi baş tutmamışdır. Daha sonra 27 fevral 2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə cavabdehlərə təklif yollanılmış və tərəflər ilkin mediasiya sessiyasında iştirak etmək üçün dəvət olunmuşlar. 26 aprel 2023cü il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” və “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışlardan da göründüyü kimi, Cavabdeh1 mediasiya prosesini davam etdirməyə razılıq vermədiyindən və Cavabdeh2 ilkin mediasiya sessiyasında iştirak etmədiyindən, mübahisənin məhkəməyəqədər mediatorun vasitəçiliyi ilə həlli baş tutmamışdır. 26 aprel 2023-cü il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” və “ilkin mediasiya sessiyaslnda iştirak edilməməsi barədə” arayışdan və 4339 saylı ödəniş tapşırığından da göründüyü kimi, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı olaraq 105 manat məbləğində mediasiya xərci İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmişdir. 07 mart 2024-cü il tarixdə İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edilərək məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 izahatında əsas borc üzrə bir neçə gün əvvəl ödəniş həyata keçirdiyini, əsas borcu tam şəkildə 4-5 aya ödəyə biləcəyini bildirmiş, məhkəmədən faiz borcunun azaldılmasını, cərimənin isə silinməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanılmış 21 avqust 2018-ci il tarixli 2018/00302-01 nömrəli kredit müqaviləsinə görə Cavabdeh1 dövriyyə vəsaitlərinin artırılması üçün illik faiz dərəcəsi 24% olmaqla 60 (altmış) ay müddətinə 7500 (yeddi min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən Cavabdeh1 bu müqavilə üzrə bütün ödənişləri vaxtında həyata keçirməyi (faizlərin ödənilməsi, kreditin əsas məbləğinin qaytarılması, dəbbə pulunun ödənilməsi) (borc alanın öhdəliyi müvafiq pul vəsaitinin borc verənin kassasına və ya hesabına daxil edilməsindən sonra yerinə yetirilmiş hesab edilir) öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə görə borc alan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, borc verən hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1% (sıfr tam onda bir) faizi qədər dəbbə pulu tuta bilər. Dəbbə pulu (cərimə) müqavilə üzrə kreditin verildiyi müddət ərzində, kredit üzrə nəzərdə tutulmuş ödəniş gününün sonrakı ilk günündən hesablanmağa başlanır. Həmin müqavilənin 4.1-ci bəndinə görə bu müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq mülkiyyət hüququ ilə tam Cavabdeh2 məxsus olan Sumqavıt şəhəri, 17-ci mikrorayon, ev 2 ünvanında yerləşən 83.4 kv.m ümumi sahədən ibarət 56 nömrəli mənzil ipoteka qoyulur. İş materiallarında olan 21 avqust 2018-ci il tarixli 2018/00302-01 nömrəli krеdit müqaviləsi üzrə tərtib olunmuş ödəniş cədvəlində (1 nömrəli Əlavə) borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 21 avqust 2023-cü il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyanlar Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 21 avqust 2018-ci il tarixli 2018/00302-01İP nömrəli ipoteka müqaviləsinə əsasən 21 avqust 2018-ci il tarixli 2018/00302-01 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 2 ünvanında yerləşən 56 nömrəli mənzil ipoteka ilə yüklü edilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ipoteka müqaviləsi 28 avqust 2018-ci il tarixdə qeydiyyata alınmış, Cavabdeh2 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 2 ünvanında yerləşən 56 nömrəli mənzil İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti kimi 21 avqust 2018-ci il tarixli 2018/00302-01 nömrəli kredit müqaviləsi göstərilmişdir. İddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 06 aprel 2023-cü il tarixli borc haqqında arayışda göstərilir ki, Cavabdeh1 21 avqust 2018-ci il tarixli 2018/00302-01 nömrəli kredit müqaviləsi üzrə 06 aprel 2023-cü il tarixinə İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinə 2149,14 ABŞ dolları məbləğində əsas borcu, 705,52 ABŞ dolları məbləğində faiz borcu və 1000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 3854,66 ABŞ dolları məbləğində borcu vardır. İddiaçı tərəfindən tərtib olunaraq 26 fevral 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuş borc haqqında arayışda göstərilir ki, Cavabdeh1 21 avqust 2018-ci il tarixli 2018/00302-01 nömrəli kredit müqaviləsi üzrə 12 yanvar 2023-cü il tarixinə İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinə 2149,14 ABŞ dolları məbləğində əsas borcu, 585,40 ABŞ dolları məbləğində faiz borcu və 802,50 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 3537,04 ABŞ dolları məbləğində borcu vardır. İddiaçı tərəfindən tərtib olunaraq 15 mart 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuş borc haqqında arayışda göstərilir ki, Cavabdeh1 21 avqust 2018-ci il tarixli 2018/00302-01 nömrəli kredit müqaviləsi üzrə 15 mart 2024-cü il tarixinə İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinə 974,74 ABŞ dolları məbləğində əsas borcu, 1010,10 ABŞ dolları məbləğində faiz borcu və 802,50 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 2829,52 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan 12 sentyabr 2023-cü il tarixli 9/6344 nömrəli ekspert rəyində göstərilir ki, İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanılmış 21 avqust 2018-ci il tarixli 2018/00302-01 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 06 aprel 2023-cü il tarixə banka olan borcu əsas borc üzrə 2195,15 ABŞ dolları, faiz borcu üzrə 724,08 ABŞ dolları müəyyən olunmuşdur. İş materiallarından göründüyü kimi, Cavabdeh1 ilə İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 21 avqust 2018-ci il tarixli 2018/00302-01 №-li kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla Cavabdeh1 cərimə hesablanmır. İş materiallarında olan 30 dekabr 2023-cü il tarixli 3-16- 16/2-10/6215-9/6337 nömrəli ekspert rəyində göstərilir ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 2 ünvanında yerləşən 56 nömrəli mənzilin likvid dəyərinin təqribən 74000 manat məbləğində olduğu müəyyən edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 12 yanvar 2023-cü il tarixdə bildiriş göndərilərək cavabdehlərdən banka olan 2149,14 ABŞ dolları məbləğində əsas borc, 585,40 ABŞ dolları məbləğində faiz borcu, 802,50 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 3537,04 ABŞ dolları məbləğində borcun ödənilməsi tələb olunmuş, borc ödənilmədiyi halda “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlaka tutmanın yönəldilməsi proseduruna başlanacağı, həmçinin kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsindən irəli gələn əsas borc, faiz borcu, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. İddiaçı iddia tələbində tərəflər arasında bağlanmış 21 avqust 2018-ci il tarixli 2018/00302-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iddia tələbinin həmin hissədə əsaslılığı müəyyən edilməmişdir. Çünki iddiaçının 12 yanvar 2023-cü il tarixdə cavabdehlərə bildiriş göndərərək bütün borcu qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Bundan başqa sözügedən kredit müqaviləsinin müddəti 21 avqust 2023-cü il tarixində bitmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin o, 21 avqust 2018-ci il tarixli 2018/00302-01 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, 21 avqust 2018-ci il tarixli 2018/00302-01 nömrəli kredit müqaviləsi üzrə borc Cavabdeh1 tutulmalıdır. 21 avqust 2018-ci il tarixli 2018/00302-01 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 tutulmalı olan əsas və faiz borcunun məbləği müəyyən edilərkən iddia tələbi və cavabdeh tərəfin mənafeyi nəzərə alınaraq əsas və faiz borcunun məbləği məhkəmə-mühasibatlıq ekspertizasının 12 sentyabr 2023-cü il tarixli 9/6344 nömrəli ekspert rəyində müəyyən edilmiş nəticəyə əsasən deyil, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər əsasında müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının xeyrinə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən iddiaçı tərəfindən 15 mart 2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edilmiş 15 mart 2024-cü il tarixə borcun hesablandığı borc haqqında arayış nəzərə alınmalıdır. Belə ki, iddia tələbində “2149,14 (iki min yüz qırx doqquz ABŞ dolları on dörd sent) ABŞ dolları məbləğində əsas bоrcun“ tutulması tələb olunsa da, həmin arayışda Cavabdeh1 21 avqust 2018-ci il tarixli 2018/00302-01 nömrəli kredit müqaviləsi üzrə 15 mart 2024-cü il tarixə 974,74 ABŞ dolları məbləğində əsas borcunun olması qeyd olunmuşdur. Buna görə məhkəmə hesab edir ki, 21 avqust 2018-ci il tarixli 2018/00302-01 nömrəli kredit müqaviləsi üzrə 974,74 (doqquz yüz yetmiş dörd ABŞ dolları yetmiş dörd sent) ABŞ dolları məbləğində əsas borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı iddia qaldırarkən istinad etdiyi maliyyə arayışında 06 aprel 2023-cü il tarixinə 705,52 (yeddi yüz beş ABŞ dolları əlli iki sent) ABŞ dolları məbləğində faiz hesablandığını bildirmişdir. Məhkəmə qeyd edir ki, kreditorun borcluya bildiriş göndərərək bütün borcu qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Odur ki, kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin (əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, ən azı illik beş faizin) ödənilməsini borcludan tələb edə bilər. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən borcun müvafiq qaydada ödənilməsi barədə Cavabdeh1 12 yanvar 2023-cü il tarixdə bildirişin göndərilməsi nəzərə alınmalı, həmin bildirişdə qeyd olunmuş və 26 fevral 2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edilmiş borc haqqında arayışda 12 yanvar 2023-cü il tarixə hesablanmış 585,4 (beş yüz səksən beş ABŞ dolları qırx sent) ABŞ dolları məbləğində faiz borcu ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddia tələbinin "1000 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması" hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, Cavabdeh1 30 (otuz) ABŞ dolları məbləğində dəbbə pulu ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. - 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: - 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; - 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. - 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadında göstərilir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Göründüyü kimi, kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış müvafiq ipoteka müqaviləsinə əsasən Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 2 ünvanında yerləşən 56 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci, 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Məhkəmə iş üzrə keçirilmiş ekspertiza tədqiqatın nəticəsi olaraq verilmiş rəyi nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 74000 (yetmiş dörd min) manat göstərilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 2 ünvanında yerləşən 56 nömrəli mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər mənzildən çıxarılmalı və həmin əmlak boşaldılmalıdır. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 105 (yüz beş) manat məbləğində mediasiya xərcinin Cavabdeh1 tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş 26 aprel 2023-cü il tarixli MŞS/MT030/2023-00548 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” və “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışlardan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh1 iştirak etmiş olsa da, mediasiya prosesi davam etdirilməmiş, İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən mediatora 105 (yüz beş) manat məbləğində mediasiya xərci ödənilmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmalı, İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən mediatora ödənilmiş 105 (yüz beş) manat məbləğində mediasiya xərcinin 52,5 (əlli iki manat əlli qəpik) manat məbləğində hissəsi Cavabdeh1 tutularaq İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bundan başqa iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq X1 ödənilməlidir. Eləcə də, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun hesablanan 47,03 (qırx yeddi manat üç qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh1 dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 974,74 (doqquz yüz yetmiş dörd ABŞ dolları yetmiş dörd sent) ABŞ dolları məbləğində əsas borc, 585,4 (beş yüz səksən beş ABŞ dolları qırx sent) ABŞ dolları məbləğində faiz borcu, 30 (otuz) ABŞ dolları məbləğində dəbbə pulu ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və mediasiya ilə əlaqədar ödənilmiş 52,5 (əllik iki manat əlli qəpik) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh1 tutulmalı olan pul vəsaiti İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 2 ünvanında yerləşən 56 nömrəli mənzilə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq 974,74 (doqquz yüz yetmiş dörd ABŞ dolları yetmiş dörd sent) ABŞ dolları məbləğində əsas borc, 585,4 (beş yüz səksən beş ABŞ dolları qırx sent) ABŞ dolları məbləğində faiz borcu, 30 (otuz) ABŞ dolları məbləğində dəbbə pulu ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və mediasiya ilə əlaqədar ödənilmiş 52,5 (əllik iki manat əlli qəpik) manat məbləğində mediasiya xərci İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 2 ünvanında yerləşən 56 nömrəli mənzilin ilkin satış qiyməti 74000 (yetmiş dörd min) manat müəyyən edilsin. İpoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər mənzildən çıxarılsın və həmin mənzil boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 dövlət nəfinə 47,03 (qırx yeddi manat üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar