Məhkəmə qərarları › İş №e-2-2(119)-283/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-283/2025

18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-283/2025 18.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24 iyul 2023-cü il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə 118926,76 (yüz on səkkiz min doqquz yüz iyirmi altı manat, yetmiş altı qəpik) manat məbləğində əsas borc, 8478,8 (səkkiz min dörd yüz yetmiş səkkiz manat, səksən qəpik) manat məbləğində faiz borcu, 272,65 (iki yüz yetmiş iki manat, altmış beş qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 127678,21 (yüz iyirmi yeddi min altı yüz yetmiş səkkiz manat, iyirmi bir qəpik) manat məbləğində kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı ödənilmiş 51 (əlli bir) manat və 418 (dörd yüz on səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzinin ödənilməsi, 24 iyul 2023-cü il tarixli 1**-MF-*** İM nömrəli ipoteka müqaviləsinə əsasən iddiaçının ipoteka hüquqları ilə yüklü edilmiş ipoteka qoyan Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 208 A, mənzil 70 (yeni qaydalarla: AZ5000, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Heydər Əliyev prospekti, 208A, M13, m.3) ünvanında yerləşən mənzilə tutma yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 24 iyul 2023-cü il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 17 faiz dərəcəsi ilə olmaqla 36 ay müddətinə 140000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq cavabdehə məxsus Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 208 A, mənzil 70 (yeni qaydalarla: AZ5000, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Heydər Əliyev prospekti, 208A, M13, m.3) ünvanında yerləşən mənzil 24 iyul 2023-cü il tarixli 1**-MF-*** nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Kredit borcu üzrə sonuncu dəfə 23 noyabr 2024-cü il tarixində 5000 manat məbləğində ödəniş həyata keçirilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun 11 dekabr 2024-cü il tarixinə 118926,76 manat məbləğində əsas borcu, 8478,8 manat məbləğində faiz borcu, 272,65 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 127678,21 manat məbləğində borcu yaranmışdır. İddiaçı 18 iyun 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehin banka yaxınlaşaraq kreditin restrukturizasiya edilməsini xahiş etdiyini, onun müraciətinə təsdiq verildiyini, cari gün ərzində müqavilənin restrukturizasiya olunmasının gözlənildiyini bildirərək məhkəmədən iclasın onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh3 nümayəndəsi Nümayəndə3 izahatlarında bildirmişdi ki, cavabdehin iddiaçı təşkilata borcu olduğunu qəbul edir. Lakin iddia ərizəsində göstərilən faiz məbləği mübahisəlidir. Çünki iddiaçı tərəfindən faiz məbləği çox hesablanmışdır. İddiaçı tərəfindən bildiriş daxil olduqdan sonra 13 dekabr 2024-cü il, 18 fevral 2025-ci il və 06 mart 2025-ci il tarixlərində ümumilikdə 30000 manat məbləğində ödəniş edilmişdir. Bu məbləğin yalnız 5000 manat olan hissəsi iddia ərizəsində qeyd edilmiş, qalan məbləğ isə qeyd edilməmişdir. İddiaçı təşkilata 30000 manat məbləğində ödəniş edildikdən sonra bank tərəfindən yenidən 10000 manat məbləğində də ödəniş edilməsinin zəruriliyi bildirilmişdir. Həmin məbləği cari ilin may ayının 5-nə ödəməyi planlaşdırır. Həmin ödəniş həyata keçirildikdən sonra iddiaçı yeni ipoteka müqaviləsinin bağlanılacağını bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 24 iyul 2023-cü il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilir ki, bank (İddiaçı ASC) bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana (Cavabdeh1 MMCyə) məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək şərtilə kredit verir, borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində banka qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, kredit üzrə borc qalığının uçotu borcalanın ******* unikal kodu altında açılmış kredit hesabında aparılır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, kreditin əsas şərtlərini: kreditin məbləği- 140000 manat, kreditin müddəti-36 ay, kreditin illik faiz dərəcəsi-17 faiz, dəbbə pulu (cərimə)-illik 34 faiz təşkil edir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, bu kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 17,72 faiz təşkil edir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, kreditin qaytarılması bu müqaviləyə 1 saylı əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, kredit üzrə faizlər ildə 360 təqvim günü, ayda isə 30 təqvim günü götürülməklə, borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, bu müqavilənin 2.1-ci bəndində uyğun faizlərin hesablanması kreditin borcalana verildiyi gündən başlanır və kredit müddətinin bitməsindən asılı olmayaraq kredit tam ödənilənədək davam edir. Həmin müqavilənin 2.9-cu bəndinə əsasən, borcalan bu müqavilənin 2.3-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda, hər gecikdirilən gün üçün kreditin əsas borcunun ödənilməmiş hissəsinə görə kredit üzrə bu müqavilənin 2.1-ci bəndində göstərilən dəbbə pulu (cərimə) ödəməlidir. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən, kredit üzrə borc öhdəliyinin vaxtından əvvəl icrasının tələb edilməsi barədə bankın xəbərdarlıq bildirişindən 10 iş günü ərzində borcalan borc öhdəliyini qeyd-şərtsiz yerinə yetirməlidir. Bu müddət ərzində öhdəlik icra edilmədikdə, ödənilməmiş kredit gecikdirilmiş borc hesab edilir və hər gecikdirilən gün üçün ödənilməyən qalıq məbləğinə bu müqavilənin 2.9-cu bəndinə uyğun dəbbə pulu hesablanır. Həmin müqavilənin 3.1.6-cı yarımbəndinə əsasən, borcalan davam edən 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə bank müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi/dəbbə pulu ili birlikdə vaxtından əvvəl qaytarılması borcalandan tələb edə bilər. Həmin müqavilənin 3.4.1-ci və 3.4.3-cü yarımbəndlərinə əsasən, kredit borcunu bu müqavilənin 2.3-cü bəndində göstərilən cədvəl üzrə vaxtında və tam ödəmək, həmçinin vaxtı keçmiş kreditə görə dəbbə pulunu və borcun məcburi tutulması üçün bankın çəkdiyi xərcləri ödəmək borcalanın öhdəlikləridir. İş materiallarında olan 24 iyul 2023-cü il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh1 MMC banka olan borcu üçün son ödəniş tarixi 24 iyul 2026-cı il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə borcalan qismində Cavabdeh1 MMC, zamin qismində Cavabdeh2 arasında bağlanmış 24 iyul 2023-cü il tarixli 1**-MF-***/1 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, borcalan 24 iyul 2023-cü il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür və eyni zamanda həmin müqavilə üzrə borcalan öhdəliyini icra etmədiyi və/və ya lazımınca icra etmədiyi təqdirdə zamin bankın ilk yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və dəbbə pulu (cərimə) ilə birlikdə, dərhal banka ödənilməsini (qaytarılmasını) öz üzərinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, zamin və borcalan bank qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan ipoteka saxlayan (İddiaçı ASC) ilə borcalan qismində Cavabdeh1 MMC, ipoteka qoyan qismində Cavabdeh3 (nümayəndəsi tərəfindən imzalanmış) arasında bağlanmış 24 iyul 2023-cü il tarixli 1**-MF-*** İM nömrəli ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən, Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 208 A, mənzil 70 (yeni qaydalarla: AZ5000, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Heydər Əliyev prospekti, 208A, M13, m.3) ünvanında yerləşən mənzil ipotekaya qoyulmuşdur. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, ipoteka predmetinin bazar qiyməti müqavilənin bağlandığı an üçün peşəkar qiymətləndirmə fəaliyyəti ilə məşğul olan qiymətləndirici tərəfindən 214000 manat müəyyən edilmişdir. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 200000 manat müəyyən edilmişdir. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən, əsas öhdəliyin və yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biridir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 425 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 208 A, mənzil 70 (yeni qaydalarla: AZ5000, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Heydər Əliyev prospekti, 208A, M13, m.3) İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 11 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC 24 iyul 2023-cü il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə sonuncu dəfə 23 noyabr 2024-cü il tarixində 5000 manat məbləğində ödəniş həyata keçirmişdir. Həmin müqavilə üzrə cavabdehin 11 dekabr 2024-cü il tarixinə iddiaçıya 118926,76 manat məbləğində əsas bоrc, 8478,8 manat məbləğində faiz borcu, 272,65 manat məbləğində cərimə оlmaqla, cəmi 127678,21 manat məbləğində borcu vardır. İş materiallarında olan 13 dekabr 2024-cü il, 18 fevral 2025-ci il və 06 mart 2025-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, müvafiq olaraq 5000 manat və hər biri 10000 manat olmaqla, cəmi 25000 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçı təşkilata köçürülmüşdür. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış 31 yanvar 2025-ci il tarixli ərizənin məzmununda “... qeyd edirik ki, zamin bildirir ki, ay sonunadək kreditin tam bağlanılması ilə bağlı tədbirlər görür” qeyd edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış 04 aprel 2025-ci il tarixli ərizənin məzmununda “... müştəri banka yaxınlaşaraq kreditin restrukturizasiya edilməsini xahiş etmişdir. Müştəri müraciəti hazırda təhlil edildiyindən məhkəmə baxış iclasını təxirə salmanızı xahiş edirik” qeyd edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış 16 aprel 2025-ci il tarixli ərizənin məzmununda “... müştəri banka yaxınlaşaraq kreditin restrukturizasiya edilməsini xahiş etmişdir. Müştəri müraciətinə təsdiq verilmişdir. Hazırda kreditin sənədləşmə işləri yekunlaşma üzrədir.” qeyd edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış 28 aprel 2025-ci il tarixli ərizənin məzmununda “... müştəri banka yaxınlaşaraq kreditin restrukturizasiya edilməsini xahiş etmişdir. Müştəri müraciətinə təsdiq verilmişdir. Bu gün ərzində müqavilənin restrukturizasiya olunması gözlənilir” qeyd edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 13 iyun 2025-ci il tarixli 02-115/25 nömrəli mütəxəssis rəyindən görünür ki, Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 208 A, mənzil 70 (yeni qaydalarla: AZ5000, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Heydər Əliyev prospekti, 208A, M13, m.3) ünvanında yerləşən mənzilin likvid dəyəri 245000 manat, bazar dəyəri 272500 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci və 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 24 iyul 2023-cü il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğlərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zaminlik müqaviləsinin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zamin Cavabdeh2 də kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır. İş materiallarından göründüyü kimi, məhkəmə proseslərinin gedişi dövründə Cavabdeh1 MMC tərəfindən 13 dekabr 2024-cü il tarixli mədaxil qəbzi üzrə 5000 manat, 18 fevral 2025-ci il tarixli mədaxil qəbzi üzrə 10000 manat, 06 mart 2025-ci il tarixli mədaxil qəbzi üzrə 10000 manat məbləğində olmaqla, cəmi 25000 manat məbləğində pul vəsaiti iddiaçı təşkilatın hesabına köçürülmüşdür. Belə olduğu təqdirdə cavabdehlərdən tutulmalı olan əsas borcun məbləği 93926,76 manat (118926,76 manat - 25000 manat = 93926,76 manat) məbləğində təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 24 iyul 2023-cü il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada 93926,76 manat əsas, 8478,8 manat məbləğində faiz bоrcu iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh3 nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsində göstərilən faiz məbləğinin mübahisəli olmasını və çox hesablandığını qeyd etsə də, bu halı təsdiq edən hər hansı təsdiqedici sənədi məhkəməyə təqdim etməmiş, faiz məbləğinin düzgün hesablanmadığının nədən ibarət olmasını əsaslandırmamış, eləcə də bununla əlaqədar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilərək keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Ona görə də məhkəmə izahatda qeyd edilən bu halı əsaslı hesab etmir. İddiaçının cari tarixdə məhkəməyə təqdim etdiyi müqavilənin restrukturizasiya ediləcəyi ilə bağlı ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə proseslərinin gedişi dövründə iddiaçı tərəfindən müqavilə öhdəliklərinin restrukturizasiyası ilə bağlı məhkəməyə 31 yanvar 2025-ci il, 04 aprel 2025-ci il, 16 aprel 2025-ci il və 28 aprel 2025ci il tarixlərdə oxşarməzmunlu ərizələr təqdim edilmişdir. Mübahisənin məhkəmədən kənar qaydada həllinə yönəldiyindən tərəflərin mənafeyi nəzərə alınaraq həmin müraciətlər əsasında məhkəmə iclasları bir neçə dəfə təxirə salınmış, lakin buna baxmayaraq hər hansı nəticə baş verməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hazırkı ərizəni əsaslı hesab etməyərək iclasın təxirə salınmasına zərurət görməmişdir. İddia tələbinin cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 24 iyul 2023-cü il tarixli kredit müqaviləsi üzrə 272,65 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh1 MMC-nin kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (kredit müqaviləsinin 2.9-cu bəndi) iddiaçı cavabdehlər Cavabdeh1 MMCdən və Cavabdeh2 cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə təmin edilməlidir. İddiaçı və borcalan qismində Cavabdeh1 MMC, ipoteka qoyan qismində Cavabdeh3 arasında bağlanmış 24 iyul 2023-cü il tarixli 1**-MF-*** İM nömrəli ipoteka müqaviləsinə əsasən, Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 208 A, mənzil 70 (yeni qaydalarla: AZ5000, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Heydər Əliyev prospekti, 208A, M13, m.3) ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə müvafiq pul vəsaitlərinin ipoteka ilə yüklü edilmiş həmin torpaq sahəsinə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə "xxxx" MMC-dən təqdim edilmiş 13 iyun 2025-ci il tarixli 02-115/25 nömrəli mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 245000 manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 51 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh1 MMC-dən və Cavabdeh2 iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə 09 oktyabr 2024-cü il tarixli təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tərəfindən 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin iş materiallarında olan təyinatı “Xidmət haqqının ödənilməsi” olan ********** nömrəli təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tərəfindən 36 manat məbləğində xidmət haqqı ödənilmişdir. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 15 manat məbləğində dövlət rüsumunun və 36 manat məbləğində xidmət haqqının əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan əlavə, iş materiallarında olan 20 dekabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 418 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 392,68 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, "xxxx" MMC-nin 13 iyun 2025-ci il tarixli 02-115/25 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş xərclərə dair bildirişdən görünür ki, aparılan tədqiqatın dəyəri 500 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi təmin edildiyindən iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 500 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada 93926,76 manat məbləğində əsas borc, 8478,8 manat məbləğində faiz borcu, 272,65 manat məbləğində cərimə, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun, 36 manat məbləğində xidmət haqqının və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 392,68 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 103121,89 məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, həmin cavabdehlərdən tutulmalı olan cəmi 103121,89 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş digər Cavabdeh3 məxsus ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 208 A, mənzil 70 (Yeni qaydalarla: AZ5000, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Heydər Əliyev prospekti, 208A, M13, m.3) ünvanda yerləşən mənzilə yönəldilməli və həmin ipoteka predmetinin ilkin satış qiyməti 245000 manat məbləğində müəyyən edilməli, idida qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 500 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada 93926,76 (doxsan üç min doqquz yüz iyirmi altı manat, yetmiş altı qəpik) manat məbləğində əsas borc, 8478,8 (səkkiz min dörd yüz yetmiş səkkiz manat, səksən qəpik) manat məbləğində faiz borcu, 272,65 (iki yüz yetmiş iki manat, altmış beş qəpik) manat məbləğində cərimə, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun, 36 (otuz altı) manat məbləğində xidmət haqqının və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 392,68 (üç yüz doxsan iki manat, altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 103121,89 (yüz üç min yüz iyirmi bir manat, səksən doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 tutulmalı olan cəmi 103121,89 (yüz üç min yüz iyirmi bir manat, səksən doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş digər Cavabdeh3 məxsus ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 208 A, mənzil 70 (Yeni qaydalarla: AZ5000, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Heydər Əliyev prospekti, 208A, M13, m.3) ünvanda yerləşən mənzilə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı ASC-yə olan cəmi 103121,89 (yüz üç min yüz iyirmi bir manat, səksən doqquz qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 208 A, mənzil 70 (Yeni qaydalarla: AZ5000, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Heydər Əliyev prospekti, 208A, M13, m.3) ünvanda yerləşən mənzilin ilkin satış qiyməti 245000 (iki yüz qırx beş min) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar