Məhkəmə qərarları › İş №e-2-2(119)-290/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-290/2025

10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-290/2025 10.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı X1 Birliyi tərəfindən Cavabdehnə qarşı verilmiş “müqavilənin bağlanması, qaz sayğacının bərpa olunması və qazlaşmanın təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı X1 Birliyi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “müqavilənin bağlanması, qaz sayğacının bərpa olunması və qazlaşmanın təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 Birliyinə məxsus Sumqayıt şəhəri, Bakı küçəsi, 15-ci məhəllədə yerləşən avtoservisə Cavabdeh İB tərəfindən qazın verilməsi üçün müqavilənin bağlanması, qaz sayğacının bərpa olunması və qazlaşmanın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində Mülki Prosessual Məcəllənin 36-cı maddəsinə istinad edərək qeyd etmişdir ki, “istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər... Hazırkı iddia üzrə mübahisəyə aidiyyəti üzrə kommersiya məhkəmələrində iddiaçı hüquqi şəxsin yerləşdiyi və qeydiyyatda olduğu ünvan üzrə baxılmalıdır. Bu baxımdan da, hazırkı iddia ərizəsi Sumqayıt Kommerisya Məhkəməsinə təqdim olununmuşdur”. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının özünün də iddia ərizəsində qeyd etdiyi kimi "İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 24-cü bəndində göstərilmişdir ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. Hazırkı iddia tələbi də istehlakçının hüququnun müdafiəsi haqqında iddia tələbləri kateqoriyasına aid edilmədiyindən Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsi hazırkı tələbə şamil edilə bilməz. Bundan başqa, iddiaçının iddia ərizəsində qeyd etdiyi tələblər “müqavilənin bağlanması, qaz sayğacının bərpa olunması və qazlaşmanın təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Göründüyü kimi, hazırda tərəflər arasında təbii qazın alqı-satqısına dair qüvvədə olan hər hansı müqavilə mövcud deyildir. Buna görə də məhkəmə hesab edir ki, X1 Birliyinin Cavabdehnə qarşı verilmiş “müqavilənin bağlanması, qaz sayğacının bərpa olunması və qazlaşmanın təmin olunması” barədə iddia tələbi Mülki Prosessual Məcəllənin 36.11-ci maddəsinin də təsiri altına düşmür. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia tələbinə ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində deyil, Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən, cavabdeh hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsində baxılmalıdır. “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlarla müəyyən edilir ki, Cavabdeh İB-nin hüquqi ünvanı ünvan 2-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli 04 nömrəli qərarının 20.2-ci bəndinə əsasən, Bakı şəhəri, Xətai rayonu Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə cavabdeh hüquqi şəxsin olduğu yerin yerləşdiyi ərazi vahidi Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına deyil, Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi olduğundan həmin iddiaya ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxıla bilməz. Mülki Prosessual Məcəllənin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iş materiallarına əsasən müəyyən edilir ki, iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınması haqqında müvafiq sənəd iddiaçı tərəfindən hazırkı iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilməmişdir. Halbuki mülki-prosessual qanunvericiliyin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən həmin Məcəllənin 150.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada yuxarıda qeyd olunan hərəkətləri yerinə yetirməli və həmin hərəkətlərin yerinə yetirilməsini təsdiq edən müvafiq sənədləri məhkəməyə təqdim etməlidir. Mülki Prosessual Məcəllənin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Göründüyü kimi, kommersiya mübahisələri üzrə verilən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehə göndərilməli olması hazırda Mülki Prosessual Məcəllənin 150.1.4-cü maddəsində imperativ qaydada təsbit olunmuşdur. Lakin bu sənədin cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada çatdırılmasını təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmiş və bununla da hazırkı iddia ərizəsi Mülki Prosessual Məcəllənin qeyd olunan maddəsinin tələblərinə riayət edilməklə verilməmişdir. Həmin Məcəllənin 152.1.4 maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı X1 Birliyi tərəfindən cavabdehlər Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması həmin nöqsan aradan qaldırıldıqdan sonra ərazi aidiyyəti üzrə yenidən müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar