Məhkəmə qərarları › İş №e-2-2(119)-294/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-294/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-294/2024 25.04.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 543 (beş yüz qırx üç) manat məbləğində əsas borc, 1315,21 (min üç yüz on beş manat iyirmi bir qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1858,21 (bir min səkkiz yüz əlli səkkiz manat iyirmi bir qəpik) manat məbləğində borcun və mediasiya ilə əlaqədar ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Bakı filialı ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında 25 dekabr 2013-cü il tarixli birgə borclularla kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən ticarət məqsədi ilə illik 27 % dərəcəsi ilə 24 ay müddətinə hər birinə 1000 (min) manat olmaqla, cəmi 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit verən birgə borclulara onlardan birgə öhdəliyin yalnız birdəfəlik icrasını tələb etmək hüququ ilə kredit vəsaitinin verilməsini öhdəsinə götürmüşdür. Birgə borclular qrupunun hər biri borcu qəbul etməyi, müqavilədə göstərilən şərtlər daxilində borcu və hesablanacaq faizləri qaytarmağı öhdəsinə götürür. Cavabdehlər iddiaçı qarşısında öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişlər. Belə ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 hazırda borcu əsas borc üzrə 543 (beş yüz qırx üç) manat, faiz borcu üzrə 1315,21 (min üç yüz on beş manat iyirmi bir qəpik) manat olmaqla, cəmi 1858,21 (min səkkiz yüz əlli səkkiz manat iyirmi bir qəpik) manat məbləğində təşkil edir. İddiaçı tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi və yazılı formada xəbərdarlıqlar edilmiş, qeyd olunan kredit müqaviləsi üzrə əsas və faiz borcu haqqında məlumat verilmiş, onların tez bir zamanda banka ödənilməsi tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 13 mart 2024-cü il tarixli e-2-2(119)-294/2024 nömrəli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək iddia müddəti keçdiyindən iddia tələbinin rədd olunmasını xahiş etmişlər. Eyni zamanda onlar kredit müqaviləsi üzrə sonuncu dəfə 2015ci ilin noyabr ayında ödəniş edildiyini bildirmişlər. 15 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. O, kredit müqaviləsi üzrə sonuncu dəfə 18 noyabr 2015-ci il tarixdə ödəniş edildiyini bildirmişdir. Həmçinin o, qeyd etmişdir ki, cavabdehlər tərəfindən sonuncu dəfə 18 noyabr 2015-ci il tarixdə ödəniş həyata keçirildikdə 1 manat artıq məbləğ qalmış, həmin məbləğ müəyyən müddət ödəniş edilmədiyinə görə sistem tərəfindən avtomatik olaraq hesabdan çıxarışda 20 avqust 2019-cu ilə tarixə qeyd olunmuşdur. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən 25 aprel 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlanaraq məhkəmə işlərinin çoxluğu ilə əlaqədar məhkəmə iclasının təxirə salınması xahiş olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə birgə borclular cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış 25 dekabr 2013-cü il tarixli Birgə borclularla kredit müqaviləsinə əsasən bu müqavilənin şərtləri əsasında kredit verən birgə borclulara onlardan birgə öhdəliyin yalnız birdəfəlik icrasını tələb etmək hüququ ilə kredit vəsaitinin verilməsini, birgə borclular qrupunun hər biri isə alınmış vəsaitin və ona hesablanmış faiz məzənnəsinin birgə öhdəliyin tam icrasında iştirak etməyə borclu şəkildə ödənilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən kredit verən tərəfindən ticarət məqsədi ilə 24 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə birgə borclular Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 hər birinə 1000 (min) manat olmaqla, cəmi 3000 (üç min) manat kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəllərinə əsasən borcalanlar Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına olan borcunun son ödəniş tarixi 24 dekabr 2015-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlləri borcalanlar Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, sözügedən kredit müqaviləsi üzrə sonuncu dəfə 18 noyabr 2015-ci il tarixdə 155 manat məbləğində kredit ödənişi həyata keçirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini birgə borclular Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 vermiş, lakin borclular tərəfindən əsas və faiz borcu hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş edilməmişdir. Məhkəmə qeyd edir ki, araşdırılan mübahisə üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ərizə təqdim edərək iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi mübahisə predmetini təşkil edən kredit müqaviləsi 25 dekabr 2013-cü il tarixdə bağlanmış, kredit müqaviləsinin müddəti 24 dekabr 2015-ci il tarixdə bitmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, həmin kredit müqaviləsi üzrə sonuncu dəfə 18 noyabr 2015-ci il tarixdə kredit ödənişi həyata keçirilmişdir. Həmin vaxtdan sonra cavabdehlər tərəfindən bu kredit müqaviləsi üzrə ödəniş aparılması iş üzrə sənədlərlə və tərəflərin izahatları ilə öz təsdiqini tapmır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı isə kredit müqaviləsinin müddətinin bitdiyi vaxtdan müqavilə tələbləri üzrə qanunla müəyyənləşdirilmiş üç illik iddia müddəti keçdikdən sonra - 06 fevral 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd olunur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Plenum qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. - 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddiası iddia müddəti keçdiyindən rədd edilməli, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar