Məhkəmə qərarları › İş №e-2-2(119)-298/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-298/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-298/2024 08.02.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək həmin müqavilə üzrə yaranmış 2610,67 (iki min altı yüz on manat, altmış yeddi qəpik) manat məbləğində əsas borc, 629,85 (altı yüz iyirmi doqquz manat, səksən beş qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 3240,52 (üç min iki yüz qırx manat, əlli iki qəpik) manat məbləğində borcun və 60 (altmış) manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçı tərəfindən cavabdehlərə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan iddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış 20 avqust 2020-ci il tarixli 466 nömrəli xəbərdarlıq məktubunda onların 271,76 manat əsas borc, 55,94 manat faiz borcu olmaqla, ümumilikdə 277,70 manat məbləğində borclarının olması, 25 iyun 2021-ci il tarixli 398 nömrəli xəbərdarlıq məktubunda onların 1046,45 manat əsas borc, 111,08 manat faiz borcu olmaqla, ümumilikdə 1157,53 manat məbləğində borclarının olması, 23 noyabr 2021-ci il tarixli 672 nömrəli xəbərdarlıq məktubunda onların 2197,61 manat əsas borc, 245,08 manat faiz borcu olmaqla, ümumilikdə 2442,69 manat məbləğində borclarının olması və 03 noyabr 2022-ci il tarixli 563 nömrəli xəbərdarlıq məktubunda onların 866,19 manat əsas borc, 159,74 manat faiz borcu olmaqla, ümumilikdə 1025,93 manat məbləğində borclarının olması göstərilmiş və məktublarda həmin borcların 5 gün ərzində ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş poçt xəbərnamələrindən görünür ki, həmin xəbərdarlıq məktubları cavabdehlərə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci il tarixlərində çatdırılmışdır. Lakin hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixində müraciət olunmuş və iddia ərizəsinin məzmununda cavabdehlərdən 2610,67 manat əsas borc, 629,85 manat faiz borcu olmaqla, ümumilikdə 3240,52 manat məbləğin iddiaçının xeyrinə tutulması xahiş olunmuşdur. Göründüyü kimi, cavabdehlərlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sonuncu sənədin (pretenziya məktubunun) onlara çatdırılmasının üzərindən 1 il 2 aydan çox müddət keçmiş, digər tərəfdən isə həmin xəbərdarlıq məktublarının məzmunlarında cavabdehlərdən tələb olunan əsas borc və faiz məbləğlərinin, həm ayrı-ayrılıqda, həm cəm miqdarları ilə hazırkı iddia ərizəsində tələb olunan məbləğlərin miqdarları bir-birindən tam fərqlənir. Halbuki, mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınması zamanı yerinə yetirilməli olan qaydalardan biri cavabdehlərin bilavasitə məhkəməyə ünvanlanacaq tələbin həcmindən məlumatlı olmasıdır, hazırkı işdə işdə isə, yuxarıda qeyd edildiyi kimi cavabdehlərə ünvanlanan pretenziya məktublarındakı tələbin həcmi ilə iddia ərizəsindəki tələbin həcmi üst-üstə düşmür. Bundan başqa, iş materialları nəzərdən keçirilərkən müəyyən edildi ki, iddiaçı tərəfindən iddia ərizəsinin cavabdehlərdən biri olan Cavabdeh4 elektron qaydada göndərilməsini təsdiq edən "Onlayn kargüzarlıq” sənədi iş materiallarına əlavə olunsa da, iddiaçının həmin cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair müvafiq sənədin elektron qaydada göndərilməsini təsdiq edən "Onlayn kargüzarlıq” sənədi iş materiallarına əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən, bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən, elektron kabinet vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Göründüyü kimi, hazırda Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənədin cavabdehə çatdırılmasının xüsusi qaydası müəyyən edilmiş və həmin sənədin (yəni pretenziya məktubunun) cavabdehə həmin qaydada göndərilməli olması həmin Məcəllənin 150.1.6-cı maddələrində imperativ qaydada təsbit olunmuşdur. Lakin yuxarıda qeyd olunan sənədin cavabdehlərdən Cavabdeh4 qanunvericiliklə müəyyən edilmiş qaydada göndərilməsini və çatdırılmasını təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamış və bununla da hazırkı iddia ərizəsi Mülki Prosessual Məcəllənin 150.1.4-cü, 150.1.6-cı və 150.2-ci maddələrinin tələblərinə riayət edilməklə verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bunlarla yanaşı, iş materialları nəzərdən keçirilərkən, həmçinin müəyyən edildi ki, iş üzrə digər cavabdehlər – Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Mülki Prosessual Məcəllənin istinad olunan maddəsindən göründüyü kimi, iş üzrə digər cavabdehlər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması (əgər iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədləri digər cavabdehlərə həmin Məcəllənin 150.2-ci maddəsində nəzərdə tutulan qaydada göndərmək mümkün deyilsə, poçt vasitəsilə göndərilməli) haqqında sənəd iddia ərizəsinə əlavə edilməli olsa da, iddiaçı tərəfindən bu tələbə də riayət edilməmişdir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, iddia ərizəsində müqavilə üzrə yaranmış 2610,67 manat məbləğində əsas borc və 629,85 faiz borcu olmaqla, ümumilikdə 3240,52 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması xahiş edilsə də, bundan fərqli olaraq, iş materiallarındakı xx.xx.2022-ci il tarixə olan kredit və faiz borcunun ödənilməsi barədə məlumat sənədində cavabdehin iddiaçıya ödəməli olduğu əsas borcun məbləği 2724,54 manat, faiz borcunun məbləği 214,44 manat, əsas borcla birlikdə ümumi ödəməli olduğu məbləğ isə 2938,98 manat göstərilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizə icraata götürüldüyü halda, cavabdehdən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmadığı halda, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı olduğundan, iddia ərizəsində tələb olunan əsas borc və faiz borcu məbləğlərinin, həmçinin onların cəm məbləğlərinin miqdarı tələbin əsaslığını təsdiq edən sənədlərdə dəqiqliklə qeyd olunmalı, həmin sənədlər tarixcə yeni olmalıdır. Göründüyü kimi, hazırkı iddia ərizəsinə əlavə olunmuş yuxarıda qeyd edilən məlumat sənədi isə xx.xx.2022-ci il tarixli olub, həmin tarixə olan məlumatları əks etdirməklə, məzmunundakı əsas borc, faiz borcu və tələb olunan ümumi borc məbləğlərinin miqdarı iddia ərizəsində göstərilənlərlə eynilik təşkil etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-3.2.4-cü maddəsinə əsasən, tələbin əsaslığını təsdiq edən sənədlər kiçik iddialara dair işlər üzrə ərizədə göstərilməlidir. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Beləliklə, Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddiaçı tərəfindən cavabdehə qarşı verilmiş iddia tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydada verilmiş iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar