Məhkəmə qərarları › İş №e-2-2(119)-31/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-31/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-31/2023 26.04.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 Həsən oğlunun, cavabdeh və eyni zamanda Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Cavabdeh3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 23 sentyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 birgə qaydada K4033 saylı Maliyyələşdirmə üçün Ərizə üzrə 33918,06 (otuz üç min doqquz yüz on səkkiz manat 06 qəpik) manat əsas borc və 13652,02 (on üç min altı yüz əlli iki manat 02 qəpik) manat cərimə olmaqla, cəmi 47570,08 (qırx yeddi min beş yüz yetmiş manat 08 qəpik) manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün ödənilmiş 33 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, borc verən İddiaçı ASC (bundan sonra “Bank”) ilə borc alan Cavabdeh1 MMC (bundan sonra “Borcalan”) arasında 22 iyun 2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X3 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul edilməsi barədə OnGTC-03091LE/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalamaqla, borc alan Cavabdeh1 MMC “www.pashabank.az” saytında yerləşdirilmiş X4 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Eyni zamanda, tərəflər arasında X6 çərçivəsində 29 iyun 2020-ci il tarixli GL4032 saylı Kredit Limiti Müqaviləsi imzalanmış və Bank tərəfindən Borcalana 29 iyun 2030-cu il tarixədək illik faiz dərəcəsi 25%-dək, illik cərimə faizi 40%-dək olmaqla 60000000 (altmış milyon) manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında X6 və GL4032 saylı Kredit limiti müqaviləsi çərçivəsində 29 iyun 2020-ci il tarixli K4033 saylı Maliyyələşdirmə üçün Ərizə Forması imzalanmış və Bank tərəfindən Borcalana 29 oktyabr 2020-ci il tarixədək illik faiz dərəcəsi 12%, illik cərimə faizi 15%, kredit müddəti bitdikdən sonra illik cərimə faizi 27% olmaqla 70000 (yetmiş min) manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədilə kredit xətti açılmışdır. Bundan başqa, Bank ilə borc alan Cavabdeh1 MM arasında bağlanmış GL4032 saylı Kredit limiti müqaviləsi üzrə Borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə, Bank ilə Cavabdeh2 arasında 29 iyun 2020-ci il tarixli Z4025 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Lakin, Borcalan K4033 saylı Maliyyələşdirmə üçün Ərizə üzrə 644 gün ərzində müqavilə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Nəticədə Borcalanın 04 avqust 2022-ci il tarixə İddiaçı ASC qarşısında öhdəliyi K4033 saylı Maliyyələşdirmə üçün ərizə üzrə 33918,06 (otuz üç min doqquz yüz on səkkiz manat 06 qəpik) manat əsas borc və 13652,02 (on üç min altı yüz əlli iki manat 02 qəpik) manat cərimə borcu olmaqla, cəmi 47570,08 (qırx yeddi min beş yüz yetmiş manat 08 qəpik) manat təşkil edir. Tərəflər arasında bağlanmış kredit limiti müqaviləsinin 3.7-ci bəndinə və X3 4-cü bölməsinin 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və müvafiq əlavədə göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bundan başqa iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya institutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı "xxxx" ASC Mediasiya prosesi üzrə 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödəmişdir. Əlavə olaraq, iddiaçı "xxxx" ASC iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 33 (otuz üç) manat məbləğində dövlət rüsumu da ödəmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 21 noyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “başqa cavabdehin işə cəlb edilməsi” barədə vəsatət və “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edilərək, Bank ilə borc alan Cavabdeh1 MMC arasında bağlanmış GL4032 saylı Kredit limiti müqaviləsi üzrə Borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə, Bank ilə zamin Cavabdeh3 arasında da 29 iyun 2020-ci il tarixli Z4024 nömrəli zaminlik müqaviləsi bağlandığına görə zamin Cavabdeh3 da cavabdeh qismində işə cəlb edilməsi və cavabdehlər Cavabdeh1ndən, Cavabdeh2 və Cavabdeh3 K4033 saylı Maliyyələşdirmə üçün Ərizə üzrə 33918,06 (otuz üç min doqquz yüz on səkkiz manat 06 qəpik) manat əsas borc və 16563,32 (on altı min beş yüz altmış üç manat 32 qəpik) manat cərimə borcu olmaqla, cəmi 50481,38 (əlli min dörd yüz səksən bir manat 38 qəpik) manat məbləğində borcun, mediasiya prosesləri üzrə ödənilmiş 400 (dörd yüz) (200+200) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün ödənilmiş 33 manat dövlət rüsumunun birgə qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması haqqında qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Cavabdeh və eyni zamanda Cavabdeh1 qanuni təmsilçisi Cavabdeh3 tərəfindən 27 dekabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinə qarşı etiraz” təqdim edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbi üzrə zamin olaraq Cavabdeh3 cavabdehlikdən azad olunması xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, Cavabdeh3 kredit verən "xxxx" ASC-nin kredit alan "xxxx" MMC-nin gecikmədə olan kreditinə zamin olması ilə əlaqədar ona qarşı qaldırılmış borc iddiasını qəbul etmir. Belə ki, 2021-ci ilin aprel ayında borcalan "xxxx" MMC-nin borcverən "xxxx" ASC qarşısında həmin günə olan borcun yarısı zamin olaraq Cavabdeh3 tərəfindən ödənilmişdir. Çünki, zamin Cavabdeh3 borc alan "xxxx" MMC-nin 50% təsisçisidir və ədalətlilik baxımından zamin olaraq Cavabdeh3 üzərinə düşən öhdəlik yükü də 50% olmalıdır. Ona görə də, Cavabdeh3 öz üzərinə düşən öhdəliyi 2021-ci il aprel ayında yerinə yetirərək, Şirkətin Bank qarşısında həmin günə olan borcunun yarısını ödəmişdir. Bu ödəniş barədə "xxxx" ASC-nin əlaqədar əməkdaşları da məlumatlandırılmış və hətta "xxxx" ASC-nin İdarə Heyəti də zamin Cavabdeh3 qarşı məhkəmədə iddia qaldırmamaq qərarı vermişdir. Ancaq daha sonra "xxxx" ASC-nin İdarə Heyyəti fikrini dəyişərək zamin Cavabdeh3 qarşı da iddia qaldırılmasını istəmiş və buna görə də onun adı cavabdeh kimi məhkəmə iddiasına sonradan əlavə edilmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdehlər Cavabdeh1ndən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada K4033 saylı Maliyyələşdirmə üçün Ərizə üzrə 33918,06 manat əsas borc və 16563,32 manat cərimə borcu olmaqla, cəmi 50481,38 manat məbləğində borcun, mediasiya prosesləri üzrə ödənilmiş cəmi 400 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün ödənilmiş 33 manat dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 suallara cavab olaraq bildirdi ki, ilk öncə borcalanla Bank arasında Kredit Limiti Müqaviləsi bağlanılır və bundan sonra Borcalan Maliyyələşdirmə barədə Ərizə ilə Banka müraciət edir. Maliyyələşdirmə barədə Ərizə isə özlüyündə elə kredit müqaviləsi deməkdir. Həmin Ərizənin və Kredit Limiti Müqaviləsinin tərkib hissəsi olan X2 nəzərdə tutulan ümumi şərtlər əsasında müştəriyə kredit verilir. Kreditlər “onlayn” qaydada verilir. Belə ki, müştəri, yəni Borcalan kredit verən İddiaçı ASC-yə məxsus internet informasiya ehtiyatında X6 ilə tanış olur və əgər razıdırsa həmin sənədi elektron qaydada imzalayır. Borcalan Cavabdeh1 MMC ilə Kredit Limiti Müqaviləsi 2030-cu ilə qədər bağlanmış olsa da, 70000 manat məbləğində kreditin alınması üçün Borcalanın Maliyyələşdirmə barədə Ərizəsində həmin kreditin qaytarılmasının son müddəti 29 oktyabr 2020-ci il tarixi qeyd olunmuşdur. Həmin kreditin qaytarılması üçün nəzərdə tutulan müddət bitdiyinə görə iddiaçı cavabdehlərdən yalnız əsas və cərimə borclarını tələb edir və faiz borcunu tələb etmir. Məhkəmə iclasında cavabdeh və eyni zamanda Cavabdeh1 qanuni təmsilçisi Cavabdeh3 zamin olaraq iddia tələbini tamamilə qəbul etmədiyini, borcalan Cavabdeh1 MMC-nin qanuni təmsilçisi qismində isə sonuncunun əvəzindən iddia tələbini qismən qəbul etdiyini, yəni borcalan Cavabdeh1 MMC-dən əsas borcun tutulmasına razı olsa da, iddia tələbi ilə “cərimə borcunun tutulması” hissəsində razı olmadığını bildirib, məhkəmədən cərimə borcunun tam olaraq silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, Cavabdeh1 MMC 2020-ci ildə müflis olmasına baxmayaraq, o, borc alınmasına zamin olduğu üçün öz vəsaitləri hesabına kredit ödənişlərini ödəməyi davam etmişdir. Buna görə də o, zamin qismində 2021-ci ilin aprel ayında Banka 30000 manat məbləğində pul ödəmişdir. Borc isə təxminən 70000 manat məbləğində olmuşdu. O, 30000 manat məbləğində pulu ödəyərək, qarşı tərəfdən onu zaminlikdən çıxarmasını xahiş etmişdir. Ona görə də, Bank birinci verdiyi iddia ərizəsində onu cavabdeh kimi göstərməmişdi. Lakin sonradan Bank vədinə əməl etməmiş və onu zaminlikdən çıxarmayaraq, ona qarşı da iddia tələbi vermişdi. Həmçinin İddiaçı ASC müqavilə müddəti bitdikdən 2 il sonra məhkəməyə müraciət etmişdir. Halbuki, müqavilə müddəti bitəndən 90 gün sonra məhkəməyə müraciət olunsa idi, bu məbləğdə də cərimə hesablanılmazdı. Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin artırılması” barədə ərizəni, cavabdeh və eyni zamanda Cavabdeh1 qanuni təmsilçisi Cavabdeh3 tərəfindən iddia tələbinə qarşı verilmiş yazılı Etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "Bank" “Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti ilə "müştəri" Cavabdeh1 (VÖEN **********) arasında 22 iyun 2020-ci ildə “Bank xidmətlərinin göstərilməsinə dair X3 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi” barədə OnGTC-03091LE/2019 nömrəli Razılaşma imzalanmış və həmin Razılaşmanı imzalamaqla sonuncu X4 qeyd edilmiş şərtləri qəbul etmişdir. Həmin X6 çərçivəsində 29 iyun 2020-ci il tarixli K4033 nömrəli “Maliyyələşdirmə üçün Ərizə”ni imzalayan borcalan Cavabdeh1nə borcverən “Paşa Bank" ASC tərəfindən illik faiz dərəcəsi 12%, illik cərimə faizi 15% və kredit müddəti bitdikdən sonra illik cərimə faizi 27% olmaqla, 29 oktyabr 2020-ci il tarixədək 70000 (yetmiş min) manat məbləğində birdəfəlik kredit verilmişdir. Həmin Razılaşmanın 1-ci bəndinə əsasən, Cavabdeh1 MMC (VÖEN **********) şəxsində bu Razılaşmanı imzalamaqla, bank xidmətlərinin göstərilməsinə dair X3 Bankın rəsmi internet səhifəsində “https://www.pashabank.az/gsa_ addendum/lang,az/” link üzrə yerləşdirilən 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir. İş materiallarına əlavə edilmiş kredit verən “Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti ilə kredit alan Cavabdeh1 (VÖEN **********) arasında bağlanmış 29 iyun 2020-ci il tarixli GL4032 nömrəli Kredit Limiti Müqaviləsinin şərtlərinə əsasən, Kredit Verən tərəfindən kredit alan Cavabdeh1nə illik kredit limiti üzrə faiz dərəcəsi 25% olmaqla, 29 iyun 2030-cu il tarixədək 60000000 (altımış milyon) manat məbləğində kredit limitinin ayrılması barədə razılığa gəlinmişdir. Həmin Kredit Limiti Müqaviləsinin 3.7-ci bəndinə əsasən, kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və müvafiq Əlavədə göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə Müvafiq Əlavə ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İş materiallarına əlavə edilmiş Bank xidmətlərinin göstərilməsinə dair X3 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli versiyasına əsasən, bu Müqavilədə Müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır. X5 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kredit barədə məlumat”nı müəyyən edən 1.1-ci bəndinə əsasən, Bank Müştəriyə “Maliyyələdirmə üçün Ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, Overdraft, tranşlarla kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya/akkreditivin maliyyələşdirilməsi üçün kredit xətti və s. kimi öhdəliklər) üçün (bundan sonra xüsusi növə istinad edilmədiyi halda, ümumi olaraq “Kredit” adlandırılacaq) Kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası (bu Müqavilədə qeyd olunandan fərqlidirsə), istifadə və qüvvədə olma müddət, cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi şərtlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunur. Müştərinin kredit sifarişi təklifə dəvət, “Maliyyələşdirmə üçün Ərizə” isə Bankın krediti vermək üçün təklifini ifadə edir və Müştəri onu imzalamaqla təklifi qəbul edir. X5 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kreditin məbləği, verilməsi və qaytarılması, Kredit məbləğinə hesablanan faizlərin miqdari və ödənilməsi şərtləri”ni müəyyən edən 3.8-ci bəndinə əsasən, Müştərinin Bank qarşısında mövcud bir neçə pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş tələblərin müddəti nəzərə alınmaqla ilkin olaraq hər öhdəlik üzrə cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin, sonra əsas borc və son olaraq Overdraft üzrə öhdəliklərin (mövcud olduğu təqdirdə) silinməsinə yönəldilir. X5 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kreditin məbləği, verilməsi və qaytarılması, Kredit məbləğinə hesablanan faizlərin miqdari və ödənilməsi şərtləri”ni müəyyən edən 3.9-cu bəndinə əsasən, Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İş materiallarında olan 29 iyun 2020-ci il tarixli Z4024 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh3 – “Zamin” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh3 “zamin” olaraq borcalan Cavabdeh1 tərəfindən 29 iyun 2020-ci il tarixli GL4032 nömrəli Kredit Limiti Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 29 iyun 2020-ci il tarixli Z4025 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh2 – “Zamin” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh2 “zamin” olaraq borcalan Cavabdeh1 tərəfindən 29 iyun 2020-ci il tarixli GL4032 nömrəli Kredit Limiti Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. X1 6-cı bəndlərinə əsasən, zaminlik müqaviləsinin qüvvədə olma müddəti Borcalanın Müqavilənin 2.1-ci bəndində göstərilən müqavilə və ya müqavilələrdən irəli gələn öhdəliklərinin Bank qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 18 noyabr 2022-ci il tarixli Maliyyə Arayışında 17 noyabr 2022-ci il tarixinə 29 iyun 2020-ci il tarixli K4033 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə borcalan Cavabdeh1 MMC-nin borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 33918,06 manat məbləğində əsas borc və 16563,32 manat məbləğində cərimə borcu olmaqla, cəmi 50481,38 (əlli min dörd yüz səksən bir manat 38 qəpik) manat məbləğində borcunun (gecikmə günün sayı – 749) olduğu göstərilmişdir. Yuxarıda təsvir olunanlardan görünür ki, 29 iyun 2020-ci il tarixli K4033 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” əsasında verilmiş kredit tam qaytarılmadığı üçün krediti vermiş Bank tərəfindən borcalan Cavabdeh1 17 noyabr 2022-ci il tarixə 33918,06 manat məbləğində əsas borcnun və 16563,32 manat məbləğində cərimə borcunun olduğu müəyyən edilmiş və həmin borcun cavabdehlərdən (borcalan Cavabdeh1 MMC-dən və zaminlər Cavabdeh2 və Cavabdeh3) müştərək qaydada tutulması üçün iddia ərizəsi və “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Lakin, mübahisənin obyektiv həlli məqsədi ilə 29 iyun 2020-ci il tarixli K4033 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə tələb edilən borcun düzgün hesablanıbhesablanmamasının müəyyən edilməsi üçün cavabdeh tərəfin vəsatəti əsasında məhkəmənin 30 dekabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspertiza keçirilmiş və məhkəmə-mühasibatlıq ekspertizasının 17 mart 2023-cü il tarixli 9/410 nömrəli Ekspert Rəyindən görünür ki, borcalan “North Agro“ MMC-nin 29 oktyabr 2020-ci il tarixə (kreditin qaytarlmalı olduğu sonuncu günə) Banka olan əsas borcu cəmi 62568,57 manat məbləğində müəyyən edilmişdir (“North Agro“ MMC ilə İddiaçı ASC arasında bağlanmış 29 iyun 2020-ci il tarixli GL4032 nömrəli Kredit Limiti Müqaviləsinin və həmin Müqavilə çərçivəsində imzalanmış 29 iyun 2020-ci il tarixli K4033 nömrəli “Maliyyələşdirmə üçün Ərizə”nin şərtləri nəzərə alınmaqla, yəni müqavilə dövründə əsas borcdan ödəniş nəzərdə tutulmadığından 29 iyun 2020-ci il tarixli K4033 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə müqavilə dövründə cərimə hesablanmamışdı). Borcalan “North Agro“ MMC-nin 17 noyabr 2022-ci il tarixə isə Banka olan (müqavilə müddətindən sonra cərimə hesablanmaqla) əsas borcu 35599,81 manat məbləğində və cərimə borcu 15619,42 manat məbləğində müəyyən edilir (Rəydə qeyd olunan bu nəticələr Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış 20 aprel 2023-cü il tarixli 3-16-16/2-336/23 nömrəli Məktubla da təsdiq edilmişdir). Eyni zamanda, qeyd etmək lazımdır ki, məhkəmə-mühasibatlıq ekspertizasının 17 mart 2023-cü il tarixli 9/410 nömrəli Ekspert Rəyinin ekspertiza tədqiqatı prosesinin təsviri hissəsində göstərilmişdir ki, cavabdeh “North Agro“ MMC-nin krediti üzrə Banka 17 noyabr 2022-ci il tarixədək ümumilikdə 46918,03 manat məbləğində ödəniş aparılmışdır və həmin ödəniş məbləğin 6756,40 manat hissəsi cərimə borcundan, 5761,44 manat hissəsi faiz borcundan və 34400,19 manat hissəsi isə əsas borcdan silinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, iş materialları ilə müəyyən edilir ki, borcalan (cavabdeh) Cavabdeh1 MMC, zaminlər (cavabdehlər) Cavabdeh2 və Cavabdeh3 müvafiq olaraq 22 iyun 2020-ci ildə “Bank xidmətlərinin göstərilməsinə dair X3 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi” barədə OnGTC-03091LE/2019 nömrəli Razılaşmanı, 29 iyun 2020-ci il tarixli GL4032 nömrəli Kredit Limiti Müqaviləsini, 29 iyun 2020-ci il tarixli K4033 nömrəli “Maliyyələşdirmə üçün Ərizə”ni, 29 iyun 2020-ci il tarixli Z4024 nömrəli və 29 iyun 2020-ci il tarixli Z4025 nömrəli Zaminlik Müqavilələrini bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı ASC-yə ödənilməli olan əsas borcu müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, borcverən İddiaçı ASC-dən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı ASC tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən isə 33 (otuz üç) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Daha sonra isə, yəni iş üzrə məhkəmə prosesi başlandıqdan sonra digər zamin Cavabdeh3 cavabdeh qismində işə cəlb edilməsi üçün İddiaçı ASC tərəfindən mediatora əlavə olaraq 200 (iki yüz) manat məbləğində xidmət haqqı da ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, təsvir olunanlara əsasən müəyyən olunur ki, borcalan Cavabdeh1 MMC 29 iyun 2020-ci il tarixli K4033 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini 29 oktyabr 2020-ci il tarixədək təmin etmədiyindən, həmin Müqavilə üzrə yaranmış borc borcalan Cavabdeh1 MMC-dən tutulmalıdır. Lakin, 29 iyun 2020-ci il tarixli K4033 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə Cavabdeh1 MMC-dən tutulmalı olan əsas borcun və cərimə borcunun məbləğləri müəyyən edilərkən - iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 17 mart 2023-cü il tarixli Ekspert Rəyi sübut olaraq nəzərə alınsa da, Cavabdeh1 MMC-dən tutulmalı olan borc məbləğləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Yəni, məhkəmə-mühasibatlıq ekspertizasının 17 mart 2023-cü il tarixli Ekspertiza Rəyində Cavabdeh1 MMC ilə bağlanmış 29 iyun 2020-ci il tarixli K4033 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə 17 noyabr 2022-ci il tarixə – “əsas borcun məbləği 35599,81 manat və cərimə borcunun məbləği isə 15619,42 manat miqdarında” müəyyən edilmiş olsa da, hazırkı iddia tələbində iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada “33918,06 manat məbləğində əsas borcun“ tutulması tələb olunur. Bu halda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh1 MMC-dən həmin “Maliyyələşdirmə üçün Ərizə” üzrə ekspertiza Rəyində müəyyən olunan əsas borc məbləği deyil, iddia tələbində göstərilən məbləğdə, yəni 33918,06 manat məbləğində əsas borc tutulmalıdır. Çünki, ekspert Rəyində əsas borcun 35599,81 manat məbləğində olduğu qeyd olunsa da, iddiaçı iddia tələbində daha az məbləğdə, yəni “33918,06 manat məbləğində əsas borcun tutulmasını” xahiş etmişdir. Eləcə də, işin hallarına əsasən məhkəmə hesab edir ki, iddianın "16563,32 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, Cavabdeh1 MMC-dən cəmi 2000 (iki min) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan əlavə, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılarkən digər hallarla yanaşı, məhkəməyə müraciət olunanadək məlum kredit üzrə ödənmiş pul vəsaitlərindən hesablanmış faizin ödənilməsi və müəyyən məbləğdə cərimə ödənişi üzrə də silinmələrin aparılması və eyni zamanda, tərəflər arasında imzalanmış müqavilə xarakterli öhdəlik yaradan sənədlərin tələblərinə görə kreditin qaytarılma (ödənilmə) müddətinin və qaydasının dəqiq müəyyən edilməsinə baxmayaraq, ödəniş qaydalarına riayət olunmadığı halda - iddiaçı tərəfindən bununla bağlı tərəflər arasında imzalanmış Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər görülməyərək, uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar hesablanmış cərimə məbləğinin də yüksək həddə artması, bu cərimə məbləğinin artmasına iddiaçı tərəfin hərəkətsizliyinin də səbəb olması kimi hallar da nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Eyni zamanda, iş materialları ilə müəyyən edilmişdir ki, zaminlər Cavabdeh2 və Cavabdeh3 29 iyun 2020-ci il tarixli Z4024 nömrəli və 29 iyun 2020-ci il tarixli Z4025 nömrəli Zaminlik Müqavilələri bağlayarkən zaminliklə təmin olunan öhdəlik kimi borcalan Cavabdeh1 MMC tərəfindən 29 iyun 2020-ci il tarixli GL4032 nömrəli Kredit Limiti Müqaviləsində göstərilən müddətə qədər olduğu qeyd olunsa da, 29 iyun 2020-ci il tarixli K4033 nömrəli “Maliyyələşdirmə üçün Ərizə”yə əsasən alınmış kreditin qaytarılma vaxtının son müddəti 29 oktyabr 2020-ci il tarixidir və həmin tarixdə məlum kreditin tam qaytarılması üçün nəzərdə tutulan müddət bitmişdir. Yəni, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminliyi ilə təmin olunmuş “Maliyyələşdirmə üçün Ərizə"nin və həmin Ərizə əsasında alınan kreditin qaytarılmasının son müddəti 29 oktyabr 2020-ci il tarixi olmuşdur. Lakin, iddiaçı Bank zaminliklə təmin edilmiş həmin öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni müvafiq olaraq 29 oktyabr 2020-ci il tarixdən 1 (bir) il ərzində həmin zaminlərə qarşı iddia irəli sürməmişdir. Belə ki, İddiaçı ASC məlum “Maliyyələşdirmə üçün Ərizə" üzrə yaranmış öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hazırkı iddia ərizəsini qeyd olunan müddət (bir illik müddət) keçdikdən sonra, yəni 23 sentyabr 2022-ci ildə məhkəməyə təqdim etmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin tələblərinə görə, yəni 29 iyun 2020-ci il tarixli K4033 nömrəli “Maliyyələşdirmə üçün Ərizə" üzrə zaminliklə təmin edilmiş öhdəliklərin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor (Bank) tərəfindən zaminlərə qarşı iddia irəli sürülmədiyi üçün, hazırkı iddia ərizəsi ilə həmin “Maliyyələşdirmə üçün Ərizə" üzrə tələb edilən borclar zaminlərdən tutulmamalı və zamin qismində Cavabdeh2 və zamin qismində Cavabdeh3 qarşı zaminliklə əlaqədar yönəlmiş iddia tələbi həmin Məcəllənin 477-ci maddəsində müəyyən olunmuş müddət keçdikdən sonra məhkəməyə müraciət olunması ilə əlaqədar təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0. və 477.0.4-cü maddələrinin tələblərinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmçinin, işin konkret hallarına görə "cavabdehlərdən ümumilikdə cəmi 400 (dörd yüz) (200 + 200) manat mediasiya xərcinin tutulması" hissəsində də iddia tələbi qismən əsaslı hesab edilməli və iki dəfəyə “200 manat” və “200 manat” olmaqla ödənmiş ümumilikdə cəmi 400 manat mediasiya xərcinin 200 (iki yüz) manat hissəsi Cavabdeh1 MMC-dən tutulmalıdır. Çünki, cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı verilmiş ilkin iddia ərizəsi ilə 23 sentyabr 2022-ci ildə məhkəməyə müraciət olunarkən iddiaçı tərəfindən həmin cavabdehlərlə təşkil edilən mediasiya prosesi üçün cəmi 200 manat məbləğində mediasiya xərci ödəmiş və bununla bağlı məhkəməyə 10 avqust 2022ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayış təqdim etmişdir. Lakin, həmin iddia ərizəsi Sumqayıt Kommersiya Məhkəməsinin icraatına daxil olduqdan və iş üzrə məhkəmə prosesi başlandıqdan sonra iddiaçı tərəf öz təşəbbüsü ilə hazırki işə cavabdeh qismində Cavabdeh3 da əlavə olunması üçün Mediasiya Təşkilatına müraciət edərək, onunla əlaqədar 04 noyabr 2022-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayış almış və bununla bağlı mediatorun hesabına əlavə olaraq 200 manat məbləğində pul ödəmişdir. Lakin, iddia tələbi Cavabdeh3 aid hissədə təmin olunmadığı üçün iddiaçı tərəfin öz təşəbbüsü ilə həmin cavabdehlə əlaqədar mediasiya üçün əlavə olaraq ödənilmiş 200 manat məbləğində pulun əvəzi Cavabdeh1 MMC-dən tutulmalı deyildir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh1ndən 29 iyun 2020-ci il tarixli K4033 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə 33918,06 manat məbləğində əsas borc, 2000 manat məbləğində cərimə və mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən 33 (otuz üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh1 MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti isə Cavabdeh1 MMC-dən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Həmçinin, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə hesablanan 197,75 (yüz doxsan yeddi manat 75 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 164,75 (yüz altmış dörd manat 75 qəpik) manat məbləğində (197,75 manat – 33 manat = 164,75 manat) pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi Cavabdeh1 MMC-dən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1ndən 29 iyun 2020-ci il tarixli K4033 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə 33918,06 (otuz üç min doqquz yüz on səkkiz manat 06 qəpik) manat məbləğində əsas borc, 2000 (iki min) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı və 33 (otuz üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 36151,06(otuz altı min yüz əlli bir manat 06 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh1ndən dövlət rüsumunun qalığı kimi 164,75 (yüz altmış dörd manat 75 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1ndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar