Məhkəmə qərarları › İş №e-2-2(119)-31/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-31/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-31/2025 05.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə4 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 iyun 2023-ci il tarixli № L005772/0001 nömrəli kredit müqaviləsi üzrə banka olan 36932,8 (otuz altı min doqquz yüz otuz iki manat 80 qəpik) manat əsas, 1791,24 (min yeddi yüz doxsan bir manat 24 qəpik) manat faiz və 1237,25 (min iki yüz otuz yeddi manat 25 qəpik) manat cərimə borcu olmaqla, cəmi 39961,29 (otuz doqquz min doqquz yüz altmış bir manat 29 qəpik) manat borcun və 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehlərdən (borcalan- ipotekaqoyan Cavabdeh1, zaminlər Cavabdeh3 və Cavabdeh2) tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, həmin borcun ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus “Kia Cerato” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı (ban nömrəsi - KNAFX411BE5866670, mühərrik nömrəsi - G4FGEH695505, buraxılış ili - 2014-cü il) avtomobilə yönəldilərək avtomobilin açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, 24 iyun 2023-ci il tarixli № L005772/0001 nömrəli Kredit Müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan borc məbləğinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Abşeron” filialı ilə Cavabdeh1 arasında bağlanmış 24 iyun 2023-cü il tarixli L005772/0001 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 18 % olmaqla 12 ay müddətinə 40000 (qırx min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1, İddiaçı Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh3 və Cavabdeh2 arasında 24 iyun 2023-cü il tarixli L005772 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bankla Cavabdeh1 (ipotekaqoyan) arasında bağlanmış 24 iyun 2023-cü il tarixli L005772 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus “Kia Cerato” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı, qara rəngli (ban nömrəsi - KNAFX411BE5866670, mühərrik nömrəsi - G4FGEH695505, buraxılış ili - 2014-cü il) avtomobil ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 3.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığa əsasən 17000 (on yeddi min) manat məbləğində qiymətləndirilmişdir. Belə ki, xx.xx.2023-ci il tarixli L005772/0001 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 14 noyabr 2023-cü il tarixinədək əsas və faiz borcları üzrə öhdəlikləri ödəniş cədvəlinə uyğun şəkildə ödəməmişdir. Cavabdeh1 banka 36932,8 (otuz altı min doqquz yüz otuz iki manat 80 qəpik) manat əsas, 1791,24 (min yeddi yüz doxsan bir manat 24 qəpik) manat faiz və 1237,25 (min iki yüz otuz yeddi manat 25 qəpik) manat cərimə borcu olmaqla, cəmi 39961,29 (otuz doqquz min doqquz yüz altmış bir manat 29 qəpik) manat borcu qalmışdır. Bununla əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, iddiaçı tərəfindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Həmçinin 15 yanvar 2024-cü il tarixdə Sumqayıt 1 saylı Mediasiya Təşkilatında keçirilmiş ilkin mediasiya sessiyasında iddiaçının nümayəndısi iştirak etsə də, cavabdehlər mediasiya sessiyasında iştirak etmədiyindən mübahisənin mediasiya sessiyasında həlli mümkün olmamışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq bankın xeyrinə ödənilməlidir.

3. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 17 oktyabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin “Abşeron” filialı ilə Cavabdeh1 arasında bağlanmış 24 iyun 2023-cü il tarixli L005772/0001 nömrəli kredit müqaviləsi üzrə 16 oktyabr 2024-cü il tarixə banka olan 36932,8 (otuz altı min doqquz yüz otuz iki manat 80 qəpik) manat əsas, 2031,15 (iki min otuz bir manat on beş qəpik) manat faiz, 1237,25 (min iki yüz otuz yeddi manat 25 qəpik) manat cərimə borcu olmaqla, cəmi borcu 40201,2 (qırx min iki yüz bir manat 20 qəpik) manat borcun, 210 (iki yüz on) manat məbləğində mediasiya rüsumunun cavabdehlərdən (borcalan, ipotekaqoyan Cavabdeh1, zamin - Cavabdeh3, zamin Cavabdeh2) tutularaq İddiaçı ASC-yə ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus “Kia Cerato” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı, qara rəngli (ban nömrəsi - KNAFX411BE5866670, mühərrik nömrəsi - G4FGEH695505, buraxılış ili - 2014-cü il) avtomobilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, 24 iyun 2023-cü il tarixli L005772/0001 nömrəli kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehlərdən (borcalan, ipotekaqoyan - Cavabdeh1, zamin - Cavabdeh3, zamin - Cavabdeh2) tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahişmişdir. İpoteka predmeti olan avtomobilin likvid qiymətinin ekspert rəyi ilə müəyyən edilməsinin mümkün olmamasına münasibətdə isə o, həmin məsələsinin iş üzrə yekun akt qəbul edildikdən sonra icra mərhələsində həll olunmasına etiraz etmədiyini bildirmişdir.

5. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər.

6. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

İş materialları

8. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 24 iyun 2023-cü il tarixli L005772 nömrəli kredit limiti müqaviləsinə əsasən həmin cavabdehə 120 ay müddətinə 500000 manat məbləğində kredit limiti ayrılmışdır.

9. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanılmış 24 iyun 2023-cü il tarixli L005772/0001 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 18 % olmaqla 12 ay müddətinə 40000 (qırx min) manat məbləğində kredit verilmişdir.

10. Həmin kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 1) uyğun həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına illik faizdən əlavə illik 18 % olmaqla cərimə faizi ödəyir.

11. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zaminlər Cavabdeh2, Cavabdeh3 və borcalan Cavabdeh1 arasında bağlanmış 24 iyun 2023-cü il tarixli L005772 nömrəli zaminlik müqaviləsinə əsasən bu müqavilayə görə zaminlər borcalanın 24 iyun 2023-cü il tarixli L005772 nömrəli kredit limiti müqavilasi üzrə borcalanın bank qarşısındakı öhdəliklərinin icrasını öz üzərlərinə götürürlər.

12. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyanborcalan Cavabdeh1 arasında bağlanmış 24 iyun 2023-cü il tarixli L005772 nömrəli ipoteka müqaviləsinə əsasən 24 iyun 2023-cü il tarixli L005772 nömrəli kredit limiti müqaviləsinin təminatı kimi mülkiyyət hüququ ilə ipoteka qoyan Cavabdeh1 məxsus olan “Kia Cerato” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı ban nömrəsi - KNAFX411BE5866670, mühərrik nömrəsi - G4FGEH695505, rəngi qara, buraxılış ili - 2014-cü il olan avtomobili ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

13. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş arayışından görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 14 noyabr 2023-cü il tarixə 36932,8 (otuz altı min doqquz yüz otuz iki manat 80 qəpik) manat əsas, 1791,24 (min yeddi yüz doxsan bir manat 24 qəpik) manat faiz borcu vardır.

14. İş materiallarından görünür ki, yuxarıda qeyd olunan ipoteka predmeti və həmin ipoteka predmetinə dair ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “tutmanın yönəldilməsi haqqında bildirişi” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın rəsmi reyestrində” müvafiq qaydada qeydiyyata alınmışdır.

15. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 12 iyul 2024-cü il tarixli 9/3622 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanılmış 24 iyun 2023-cü il tarixli L005772/0001 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 14 noyabr 2023-cü il tarixə olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 36930 manat, faiz borcu üzrə 2031,15 manat.

16. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə göndərilmiş 24 dekabr 2024-cü il tarixli 3-16-16/2- 9/9506/2024 nömrəli məktuba əlavə edilmiş “Məlumat”dan görünür ki, qərardadda göstərilən avtomobil cavabdeh tərəfindən ekspert baxışına təqdim edilmədiyindən məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilərək iş icrasız məhkəməyə geri qaytarılmışdır.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

19. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

22. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

23. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

24. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

25. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

26. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

29. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

30. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

31. Təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında 24 iyun 2023-cü il tarixli L005772/0001 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqavilə ilə iddiaçı tərəfindən Cavabdeh1 illik 18 % faiz dərəcəsi ilə 12 ay müddətinə qaytarılması şərtilə 40000 (qırx min) manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək ödənilməli olan əsas və faiz borclarını tam ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmiş, nəticədə onun sözügedən kredit müqaviləsi üzrə borcu yaranmışdır. Cavabdeh1 öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, onunla birlikdə, həmçinin zaminlər Cavabdeh2 və Cavabdeh3 də iddiaçı ilə aralarında bağlanmış zaminlik müqaviləsinin şərtlərinə əsasən, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyətləri yaranmışdır.

32. Məhkəmə qeyd edir ki, iddiaçı və Cavabdeh1 arasında bağlanmış 24 iyun 2023cü il tarixli L005772/0001 nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən məhkəmə-mühasibatlıq ekspertizasının 12 iyul 2024-cü il tarixli 9/3622 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalı, iddia tələbi üzrə 36930 (otuz altı min doqquz yüz otuz) manat məbləğində əsas borc tutulmalıdır.

33. İddia tələbinin 24 iyun 2023-cü il tarixli L005772/0001 nömrəli kredit müqaviləsi üzrə 2031,15 (iki min otuz bir manat 15 qəpik) manat məbləğində faiz borcu və 1237,25 (min iki yüz otuz yeddi manat 25 qəpik) manat məbləğində cərimənin iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir.

34. Bundan başqa, iddia tələbinin “tutmanın Cavabdeh1 məxsus “Kia Cerato” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılaraq borcun hərracda satışdan əldə olunan vəsait hesabına ödənilməsi” hissəsi də əsaslı olduğu üçün təmin edilməlidir.

35. Belə ki, iş materiallarında olan 24 iyun 2023-cü il tarixli L005772 nömrəli ipoteka müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan- borcalan Cavabdeh1 arasında bağlanmış həmin müqaviləyə əsasən mübahisə predmeti olan kreditin təminatı kimi tərəflərin razılıqlarına mülkiyyət hüququ ilə ipoteka qoyan Cavabdeh1 məxsus olan “Kia Cerato” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı ban nömrəsi - KNAFX411BE5866670, mühərrik nömrəsi - G4FGEH695505, buraxılış ili - 2014-cü il olan avtomobili ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir və həmin ipoteka müqaviləsinə əsasən borcalan üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə borcverən öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir.

36. İş materiallarından görünür ki, yuxarıda qeyd olunan ipoteka predmeti və həmin ipoteka predmetinə dair ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “tutmanın yönəldilməsi haqqında bildirişi” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın rəsmi reyestrində” müvafiq qaydada qeydiyyata alınmışdır.

37. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

38. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.

39. "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır.

40. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

41. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

42. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

43. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdehlərdən müştərək qaydada tutulmalı olan pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan “Kia Cerato” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli və həmin avtomobil açıq hərracda satılaraq iddiaçıya olan borc ödənilməlidir.

44. Bundan başqa, iddia tələbinin hərracdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə hissəsi ilə bağlı məhkəmə yuxarıda göstərilənləri və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan digər halları, o cümlədən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun və Mülki Məcəllənin tələblərini nəzərə alaraq hesab edir ki, tələbin həmin hissədə əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. Çünki borcun yönəldiyi ipoteka predmetinin satışından əldə edilən vəsait cavabdehlərdən tutulan borcu tam ödəmədikdə, ödənilməyən hissənin cavabdehlərdən alınması, yəni qətnamə əsasında verilmiş icra sənədi ödənilməyən hissədə yuxarıda qeyd olunan Məcəllə və Qanunların tələblərinə uyğun olaraq ümumi qaydada icra edilir.

45. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

46. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş 15 yanvar 2024-cü il tarixli MŞS/MT030-2023-02767 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş olsa da, cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediatora ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar CəmiyyətiNə ödənilməlidir.

47. Eləcə də, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 210,59 (iki yüz on manat 59 qəpik) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir.

48. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur.

49. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

50. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

51. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

53. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

54. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

55. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2024-cü il tarixli 9/3622 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılan ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir.

56. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 36930 (otuz altı min doqquz yüz otuz) manat məbləğində əsas borc, 2031,15 (iki min otuz bir manat 15 qəpik) manat məbləğində faiz borcu, 1237,25 (min iki yüz otuz yeddi manat 25 qəpik) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin əvəzi olmaqla, cəmi 40408,4 (qırx min dörd yüz səkkiz manat, qırx qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, cavabdehlərdən müştərək qaydada tutulmalı olan 40408,4 (qırx min dörd yüz səkkiz manat, qırx qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus “Kia Cerato” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı (ban nömrəsi - KNAFX411BE5866670, mühərrik nömrəsi - G4FGEH695505, buraxılış ili - 2014-cü il) avtomobilə yönəldilməli və həmin avtomobil açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilməli, iddia qalan hissədə təmin edilməməli, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti və 210,59 (iki yüz on manat 59 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir.

57. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 36930 (otuz altı min doqquz yüz otuz) manat məbləğində əsas borc, 2031,15 (iki min otuz bir manat 15 qəpik) manat məbləğində faiz borcu, 1237,25 (min iki yüz otuz yeddi manat 25 qəpik) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin əvəzi olmaqla, cəmi 40408,4 (qırx min dörd yüz səkkiz manat, qırx qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlərdən müştərək qaydada tutulmalı olan 40408,4 (qırx min dörd yüz səkkiz manat, qırx qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus “Kia Cerato” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı (ban nömrəsi - KNAFX411BE5866670, mühərrik nömrəsi - G4FGEH695505, buraxılış ili - 2014-cü il) avtomobilə yönəldilsin və həmin avtomobil açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə 210,59 (iki yüz on manat 59 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar