Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-312/2024 29.03.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 3432,02 (üç min dörd yüz otuz iki manat iki qəpik) manat məbləğində əsas borc, 368,36 (üç yüz altmış səkkiz manat otuz altı qəpik) manat məbləğində faiz borcu, 56,65 (əlli altı manat altmış beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3857,03 (üç min səkkiz yüz əlli yeddi manat üç qəpik) manat məbləğində borcun və mediasiya ilə əlaqədar ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 mart 2023-cü il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 (VÖEN **********) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Mərdəkan” filialından 120 ay müddətinə 10000 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh3 14 mart 2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən illik 25 faizlə 18 ay müddətinə 4000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 və Cavabdeh2 ilə 14 mart 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 2023-cü il dekabrın 11-dək Cavabdeh3 banka 14 mart 2023-cü il tarixli kredit müqaviləsi üzrə 3432,02 manat əsas borcu, 368,36 manat faiz borcu, 113,29 manat cərimə borcu olmaqla, cəmi 3913,67 manat borcu vardır. Cavabdeh3 14 mart 2023-cü il tarixli kredit müqaviləsi üzrə banka cərimə borcu 113,29 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 56,65 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh3 (VÖEN **********) arasında bağlanmış 14 mart 2023-cü il tarixli 29-MCR-1-296-23 saylı kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 120 ay müddətinə aylıq dərəcəsi 2.50 % olmaqla 10000 (on min) manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan 14 mart 2023-cü il tarixli Z/04129/23 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 14 mart 2023-cü il tarixli 29-MCR-1-296-23 saylı kredit limitinin ayrılmasına dair razılaşma üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh3 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. Həmin zaminlik müqaviləsinin tələblərinə görə zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan 14 mart 2023-cü il tarixli Z/04130/23 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 14 mart 2023-cü il tarixli 29-MCR-1-296-23 saylı kredit limitinin ayrılmasına dair razılaşma üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh3 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. Həmin zaminlik müqaviləsinin tələblərinə görə zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan 14 mart 2023-cü il tarixli 29-MCR-1-296-23/1 saylı kreditin verilməsinə dair razılaşmaya əsasən borcalan Cavabdeh3 (VÖEN **********) biznes məqsədi ilə 18 ay müddətinə aylıq faiz dərəcəsi 2,08%, faktiki illik faiz dərəcəsi 26,38 % olmaqla 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Kredit üzrə gündəlik cərimə faiz dərəcəsi 0,20% müəyyən edilmişdir. İş materiallarında olan 14 mart 2023-cü il tarixli 29-MCR-1-296-23/1 saylı kreditin verilməsinə dair razılaşmaya 1 saylı Əlavədə borcalan Cavabdeh3 banka olan borcunun müvafiq ödəniş cədvəlinə əsasən son ödəniş tarixi 14 sentyabr 2024-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh3 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 11 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh3 kredit müqaviləsi üzrə 11 dekabr 2023-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 3432,02 manat məbləğində əsas bоrc, 368,36 manat məbləğində faiz və 113,29 manat məbləğində cərimə borcu оlmaqla, cəmi 3913,67 manat məbləğində borcu vardır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 28 mart 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilmiş 11 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh3 kredit müqaviləsi üzrə 14 noyabr 2023-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 3432,02 manat məbləğində əsas bоrc, 304,01 manat məbləğində faiz və 77,07 manat məbləğində cərimə borcu оlmaqla, cəmi 3813,1 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 14 noyabr 2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək cavabdehlərdən 5 gün müddətində banka olan borclarını tam ödəmələri, əks təqdirdə borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh3 (VÖEN: **********) 14 mart 2023-cü il tarixli 29-MCR-1-296-23/1 saylı kreditin verilməsinə dair razılaşmanı bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 14 mart 2023-cü il tarixli 29-MCR-1-296-23/1 saylı kreditin verilməsinə dair razılaşma üzrə 3432,02 (üç min dörd yüz otuz iki manat iki qəpik) manat məbləğində əsas bоrc iddiaçının xeyrinə ödənilməlidir. İddiaçı iddia qaldırarkən istinad etdiyi maliyyə arayışında 11 dekabr 2023-cü il tarixinə 368,36 (üç yüz altmış səkkiz manat otuz altı qəpik) manat məbləğində faiz hesablandığını bildirmişdir. Məhkəmə qeyd edir ki, kreditorun borclulara xəbərdarlıq məktubu göndərərək bütün borcu qaytarmalarını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Buna görə kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin ödənilməsini borcludan tələb edə bilər. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən borcun müvafiq qaydada ödənilməsi barədə cavabdehlərə 14 noyabr 2023-cü il tarixdə xəbərdarlıq məktubunun göndərilməsi nəzərə alınmalı və 14 noyabr 2023-cü il tarixli maliyyə arayışında həmin tarixə hesablanmış 304,01 (üç yüz dörd manat bir qəpik) manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göstrilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 56,65 (əlli altı manat altmış beş qəpik) manat məbləğində cərimənin tutulması” hissəsi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 14 mart 2023-cü il tarixli Z/04129/23 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 və 14 mart 2023-cü il tarixli Z/04130/23 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəlik kredit razılaşmasında göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə borcalanla birgə məsuliyyəti öz üzərilərinə götürür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 70 manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 12 yanvar 2024-cü il tarixli, MŞQ/MT-027/2024-00016 nömrəli arayışdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ilkin mediasiya sesiyasında iştirak etsə də, cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən mediatora ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərcinin əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3432,02 (üç min dörd yüz otuz iki manat iki qəpik) manat məbləğində əsas bоrc, 304,01 (üç yüz dörd manat bir qəpik) manat məbləğində faiz borcu, 56,65 (əlli altı manat altmış beş qəpik) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 3862,68 (üç min səkkiz yüz altmış iki manat altmış səkkiz qəpik) pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Eləcə də, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 57,93 (əlli yeddi manat doxsan üç qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3432,02 (üç min dörd yüz otuz iki manat iki qəpik) manat məbləğində əsas bоrc, 304,01 (üç yüz dörd manat bir qəpik) manat məbləğində faiz borcu, 56,65 (əlli altı manat altmış beş qəpik) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 3862,68 (üç min səkkiz yüz altmış iki manat altmış səkkiz qəpik) pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 57,93 (əlli yeddi manat doxsan üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-312/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-312/2024
29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver