Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-334/2024 03.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, Cavabdehin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə 9633,34 (doqquz min altı yüz otuz üç manat, otuz dörd qəpik) manat məbləğində borc, 258,22 (iki yüz əlli səkkiz manat, iyirmi iki qəpik) manat məbləğində cərimə olmaqla cəmi 9891,56 (doqquz min səkkiz yüz doxsan bir manat, əlli altı qəpik) manat məbləğində pul vəsaitinin, 110 (yüz on) manat məbləğində mediasiya xərcinin və 18,79 (on səkkiz manat, yetmiş doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, icarəyə verən qismində çıxış edən iddiaçı ilə icarəçi qismində çıxış edən cavabdeh arasında qeyri-yaşayış sahəsinin sonuncunun icarəsinə verilməsi ilə bağlı 01 fevral 2018-ci il tarixli icarə müqaviləsi bağlanılmış, həmin müqavilənin şərtlərinə əsasən cavabdeh razılaşdırılmış icarə haqlarını tam ödəməyərək icarə öhdəliyini lazımınca icra etməmişdir. Bununla əlaqədar cavabdehin ünvanına pretenziya məktubu göndərilmiş, o cümlədən mübahisənin mediasiya vasitəsilə həllinə cəhd edilmiş, lakin göstərilənlər hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh iddia ərizəsinə etiraz verərək və etirazda cavabdehin iddiaçıya hər hansı borcunun olmadığını qeyd edərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, icarə müqaviləsinə xitam verilməsi üçün tərtib edilən 29 aprel 2022-ci il tarixli aktda müqaviləyə xitam verilməsinin səbəbi kimi borc deyil, məhz müqavilənin dəyişməsi qeyd edilmişdir. Yəni icarə müqaviləsinin 2.1.5-ci yarımbəndinin tələbləri də nəzərə alındıqda. hər hansı borc mövcud olduğu təqdirdə, iddiaçı tərəfindən müqaviləyə xitam verilməklə bərabər borcun tutulması üçün məhkəməyə müraciət olunmalıydı. Üstəlik, müqaviləyə xx.xx.2018-ci il tarixli və xx.xx.2022-ci il tarixli əlavə və dəyişikliklərin edilməsi cavabdeh tərəfindən icarə haqqları vaxtında ödənilməsini göstərir. Etirazda, həmçinin göstərilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən maliyyə arayışı və obyektin əməliyyat tarixçəsində bir sıra yanlışlıqlar mövcuddur. Həmin sənədlərdən göründüyü kimi, xx.xx.2020-ci il tarixində həmin ay üzrə ödənilməli olan icarə haqqının (2500 manatın) 1200 manatı ödənilmişdir. Sənədlərin məzmunundan aşkar olur ki, icarə haqqı məbləğinin artdığı vaxtdan başlayaraq (xx.xx.2018-ci il) aylığı 2500 manat olan icarə haqqını hissəvi olaraq ayda 2 dəfə olmaqla ödənilmiş, lakin, xx.xx.2020-ci il tarixində ödənilən son ödənişdən sonra “COVİD-19” pandemiyası ilə əlaqədar fors-major vəziyyəti yaranmış, ölkə ərazisində bütün ictimai iaşə obyektlərinin fəaliyyətinə qadağa tətbiq edildiyi kimi, cavabdehin icarəyə götürdüyü kafe də öz fəaliyyətini dayandırmışdır. İcarə müqaviləsinin 7.1-ci bəndində də bu hal tənzimlənməkdədir. Buna baxmayaraq 2020-ci ilin mart ayı üzrə yerdə qalan 1300 manat icarə haqqı borc məbləği hesab edilmişdir. Halbuki 12 mart 2020-ci il tarixindən başlayaraq 01 iyul 2021-ci il tarixinə qədər icarəyə götürülən yeməkxana fəaliyyət göstərməmişdir. Bundan başqa, maliyyə arayışının məzmunu ilə obyektin əməliyyat tarixçəsi arasında da uyğunsuzluq mövcuddur. Belə ki, xx.xx.2020-ci il tarixindən başlayaraq xx.xx.2021-ci il tarixinə qədər icarəyə götürülən kafe fəaliyyət göstərmədiyindən obyektin əməliyyat tarixçəsində 2020-ci ilin iyun ayının 1-i tarixinə və 2021-ci ilin iyun ayının 10-u tarixinə “hesablanmış icarə haqqı” qrafasında iki dəfə olmaqla 1666,67 manat və 1666,67 manat icarə haqqı hesablanmışdır. Halbuki, tərəflər arasında bağlanmış həm icarə müqaviləsində, həm də sonradan imzalanmış əlavə dəyişiklik və razılaşmada məhz bu məbləğlə bağlı razılaşma olmamışdır. Bundan əlavə, pandemiya ilə əlaqədar olaraq ölkə ərazisindəki bir çox xəstəxanalarda, poliklinikalarda, eləcə də dövlət əhəmiyyətli obyektlərdə pandemiya əleyhinə peyvənd məntəqələri təşkil olunduğundan yeməkxananın yerləşdiyi Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksində də pandemiya əleyhinə peyvənd məntəqəsi təşkil edilmişdir və orada çoxlu sayda həkim personalı fəaliyyət göstərmişdir. Avtovağzal kompleksinin rəhbərliyi tərəfindən də həmin personalın gündəlik yeməklə təmin olunması öhdəliyi yeməkxananın üzərinə qoyulmuş, bununla əlaqədar müəyyən güzəştlərin edilməsi ilə bağlı şifahi razılaşmalar olmuşdur. Məhz bu səbəbdən 2021-ci ilin iyul, avqust, sentyabr və oktyabr ayları üzrə aylıq 1000 manat və həmin ilin noyabr ayı üzrə isə 1855 manat məbləğində icarə haqları ödənilmişdir. 2021-ci ilin dekabr ayından isə pandemiya ilə əlaqədar vəziyyət nisbətən düzəldiyindən aylıq icarə haqları tam olaraq ödənilmişdir. 2022-ci ilin yanvar ayında 2100 manat ödənilsə də (xx.xx.2022-ci il 1000 manat və xx.xx.2022-ci il 1100 manat) həmin ay üzrə ödənilməli olan kəsr (400 manat) xx.xx.2022-ci il tarixində əvəzləşdirilmişdir. Belə ki cavabdeh tərəfindən İddiaçı MMC-yə yazılmış xx.xx.2022-ci il tarixli ərizəyə əsasən icarə haqqına bir ay müddətinə güzəşt olunaraq aylıq icarə haqqının 1900 manat təyin edilməsini xahiş edilmişdir. xx.xx.2022-ci il tarixində isə 1900 manat əvəzinə 2300 manat ödəniş edilmişdir. Bütün bu qeyd edilənlər onu deməyə əsas verir ki, cavabdehin iddiaçıya hər hansı borcu yoxdur. 01 fevral 2018-ci il tarixində icarə müqaviləsi əsasında yeməkxananı icarəyə götürdükdən sonra yeməkxana cavabdehin istəyi əsasında deyil, məhz Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin rəhbərliyinin istəyinə uyğun olaraq təmir edilmiş, bu məqsədlə yeməkxananın təmiri üçün cavabdeh tərəfindən 100000 manata yaxın xərc çəkilmişdir. Bütün bunlar gələcəkdə ödəniləcək icarə haqqları üzrə müəyyən güzəştlərin ediləcəyinə bir işarə olsa da, hər hansı güzəşt tətbiq edilməmişdir. İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə vəsatətlə müraciət edərək məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmənin 20 may 2024-cü il tarixində keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçı izahatında göstərdi ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli icarə müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən, icarəyə verən qismində çıxış edən iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanındakı Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksində yerləşən, sahəsi 200 kv.metr olan qeyri-yaşayış sahəsini icarəyə verməyi, icarəçi qismində çıxış edən cavabdeh isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 1800 manat məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında imzlalanmış 01 fevral 2018-ci il tarixli icarə müqaviləsinə edilən 14 sentyabr 2018-ci il tarixli 01 nömrəli əlavəyə əsasən, icarə haqqının məbləği 01 oktyabr 2018-ci il tarixindən 2500 manat, 01 mart 2022-ci il tarixli 02 nömrəli əlavəyə əsasən isə 01 mart 2022-ci il tarixdən 01 aprel 2022-ci il tarixədək 1900 manat olması razılaşdırılmışdır. Müqaviləyə 29 aprel 2022-ci il tarixdə tərəflərin imzaladığı icarə müqaviləsinə xitam verilməsi barədə sazişlə xitam verilmişdir. Cavabdeh qeyd edilən müqavilə üzrə ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə 9633,34 manat manat məbləğində icarə haqqı borcu yaranmış və bu borcla əlaqədar 258,22 manat məbləğində cərimə hesablanmışdır. Qeyd edilənlərə əsasən, iddiaçının nümayəndəsi göstərilən borc və cərimə məbləğlərinin, həmçinin 110 manat məbləğində mediasiya xərcinin əvəzinin və 18,79 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi, həmçinin göstərmişdir ki, ölkə ərazisində 27 mart 2020-ci ildən etibarən rəsmi olaraq pandemiya elan edilmiş, həmin vaxta qədər cavabdeh avtovağzalda fəaliyyət göstərmiş, 2020-ci il 1 iyun tarixinə qədər müvəqqəti qapanmalar olmuş, həmin tarixlərdə sahibkarlar hissə-hissə fəaliyyətlə məşğul olmuşlar. Obyektin əməliyyat tarixçəsindən görünür ki, 2020-ci ilin aprel və aylarında cavabdehdən hər hansı ödəniş tələb edilməmişdir. İcarə müqaviləsi üzrə icarə haqqının artırılması isə sözügedən obyektə olan tələbat nəzərə alınmaqla tərəflər arasındakı razılaşma əsasında müəyyən edilmiş və daha sonra razılaşma əsasında da müqaviləyə xitam verilmişdir. İcarə müqaviləsinə xitam verilməsinə dair sazişin 4-cü bəndində cavabdeh borcu olduğunu qəbul etmiş və saziş onun tərəfindən imzalanmışdır. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək etirazda qeyd edilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, borc məbləğinin 60-70 faizi silinərsə, qalan məbləği hissə-hissə ödəyə bilər. İcarə haqqı onun razılığı olmadan artırılmışdır. Üzərində hazırda tələb edilən borc məbləğinin qeyd edildiyi icarə müqaviləsinə xitam verilməsi barədə sazişdə və icarə müqaviləsinə xitam verilməsi barədə aktda borc məbləğinin yazıldığını görməmiş, oxumadan və anlaqsız vəziyyətdə imzalamışdır. 2020-ci ilin iyun ayı üzrə 1666,67 manat və 2021-ci ilin iyun ayı üzrə 1666,67 manat icarə haqqı borcu artıq hesablanmış, həmin müddət ərzində obyekt fəaliyyət göstərməmişdir. Həmçinin iddiaçının nümayəndəsi tərəfindən 27 mart 2020-ci il tarixdə avtovağzalın bağlanıldığı bildirilsə də, obyekt 19 mart 2020-ci il tarixdə bağlanılmışdır. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, cavabdehin işlətdiyi kafe təyinatlı obyektdə 2016-cı ildən etibarən kassir vəzifəsində işləyir, pandemiya ilə əlaqədar 19 mart 2020-ci il tarixində obyekt bağlanılmış və 2021-ci ilin iyun ayının 20-si fəaliyyətə başlanılmışdır. 2020-ci ilin iyun ayı ərzində ara-sıra obyektə baxış üçün getmişlər və həmin baxış 1 saatdan artıq davam etməmişdir. Obyektin bağlanılması, o cümlədən sonradan açılması ilə əlaqədar cavabdeh özü ona və digər işçilərə məlumat vermişdir. İş materiallarında olan 01 fevral 2018-ci il tarixli icarə müqaviləsinin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, müqavilə ilə müəyyən olunmuş şərtlərə və qaydalara uyğun olaraq icarəyə verən (İddiaçı MMC) Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin ticarət mərkəzində yerləşən sahəsi 200 kvadrat metr olan “Az kafe yeməkxana” nömrəli qeyri-yaşayış sahəsini icarəçiyə (Cavabdeh) icarəyə verməyi və icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.1-ci və 2.1.5-ci yarımbəndlərinə əsasən, icarəçinin öz üzərinə götürdüyü vəzifələri vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini ondan tələb etmək, onun bu müqavilə üzrə icarə haqqı ilə bağlı öhdəliklərini müqavilə ilə müəyyən edilmiş müddətdə tam və ya qismən yerinə yetirmədikdə, 15 (on beş) təqvim günü gözləməklə və gözləmə müddətinə cərimə tətbiq etməklə və ya etməməklə müqaviləni birtərəfli qaydada ləğv etmək icarəyə verənin hüququdur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, müqavilə qüvvədə olduğu müddət ərzində icarəçi icarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmamaqla 1800 manat (ƏDV daxil) məbləğində icarə haqqı ödəyir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, təqvim ayının tam icarə haqqı həmin ayın 5-dan gec olmamaqla icarəçi tərəfindən icarəyə verənin hesabına manatla, köçürülmə yolu ilə, icarəyə verənin razılığı olduqda isə nağd ödənilir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə, bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişini gecikdirdiyi məbləğin 1 (bir) faizi həcmində cərimə ödəməlidir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin təmiri, texniki xidməti icarəçi tərəfindnə həyata keçiriləcəkdir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən, tərəflərdən heç biri bu müqavilə üzrə öz öhdəliklərini tərəflərin iradəsindən aslı olmayan müharibə, mülki ixtişaşlar, epidemiya, mühasirə, embarqo, zəlzələ, daşqın, yanğın və digər təbii fəlakətlər kimi fors major halların nəticəsində meydana çıxan səbəblərdən yerinə yetirə bilmədikdə Tərəflər bu zaman məsuliyyətdən azad edilir. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən, müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş sənəd fors-major halın mövcüdluğunu və onun davamlılığını təsdiq etməlidir. Həmin müqavilənin 7.4-cü bəndinə əsasən, əgər fors-major halları və şəraiti 3 ay davamlı olaraq davam edərsə və onun bitməsi əlamətləri görünmürsə, bu müqavilə bir tərəfin digər tərəfə bildiriş göndərməsi yolu ilə icarəçə və ya icarəyə verən tərəfindən xitam oluna bilər. Həmin müqavilənin 9.3-cü bəndinə əsasən, hər iki tərəfin digər tərəfi 15 təqvim günü əvvəlcədən xəbərdarlıq etməklə müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ var. İş materiallarında olan 01 fevral 2018-ci il tarixli icarə müqaviləsinə 14 sentyabr 2018-ci il tarixli 1 nömrəli əlavə və dəyişikliyin 1-ci bəndinə əsasən, icarə haqqının məbləği 01 oktyabr 2018-ci il tarixindən 2500 manat məbləğində müəyyən edilir. İş materiallarında olan 01 fevral 2018-ci il tarixli icarə müqaviləsinə 01 mart 2022-ci il tarixli 2 nömrəli əlavə razılaşmaya əsasən, tərəflər qeyri-yaşayış sahəsinə görə aylıq icarə haqqının məbləğinin 01 mart 2022-ci il tarixdən 01 aprel 2022-ci il tarixinədək 1900 manat məbləğində olması barədə razılığa gəlmişlər. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 29 aprel 2022-ci il tarixli ərizənin məzmunundan görünür ki, cavabdeh iddiaçıdan icarə müqaviləsinə 29 aprel 2022-ci il tarixindən xitam verilməsini xahiş etmişdir. İş materiallarına icarə müqaviləsinə xitam verilməsi üçün akt (29 aprel 2022-ci il tarixli) əlavə edilmişdir. Həmin akt cavabdehin özü və iddiaçı təşkilatın əməkdaşları tərəfindən imzalanmış və aktın məzmununda cavabdehin 9633,34 manat məbləğində icarə haqqı borcunun olması, o cümlədən obyektdə mövcud olan sayğac göstəriciləri qeyd edilmişdir. İş materiallarına iddiaçı və cavabdeh arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi barədə 29 aprel 2022-ci il tarixli saziş əlavə edilmişdir. Həmin sazişin 1-ci bəndindən görünür ki, sazişlə tərəflər arasında bağlanmış 01 fevral 2018-ci il tarixli icarə müqaviləsinə tərəflərin razılığı ilə xitam verilir. Sazişin 4-cü bəndində qeyd edilmişdir ki, icarəçi hazırkı müqaviləyə əsasən icarəyə verənə 9633,34 manat icarə haqqı borcunun olduğunu qəbul edir. İş materiallarında olan 25 iyul 2023-cü il tarixli 02-02/388 nömrəli maliyyə arayışından görünür ki, 29 aprel 2022-ci il tarixinə icarəçinin icarəyə verənə icarə haqqı borcu 9633,34 manat, ona hesablanmış cərimə 258,22 manat, cəmi borc isə 9891,56 təşkil edir. İş materiallarında olan obyektin əməliyyat tarixçəsinə əsasən, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hesablanmış icarə haqlarının cəmi 81088,34 manat, ödənilmiş icarə haqlarının cəmi isə 71455 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı "Azerbaijan Ground Services” MMC ilə Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli icarə müqaviləsi bağlanılmış, müqavilə öhdəliyinə uyğun olaraq iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin ticarət mərkəzində yerləşən, sahəsi 200 kvadrat metr olan qeyri-yaşayış sahəsini cavabdehin icarəsinə versə də, cavabdeh müqavilə öhdəliklərinə riayət etməyərək həmin qeyri-yaşayış sahəsinin icarəsi ilə əlaqədar aylıq icarə haqlarını tam olaraq iddiaçıya ödəməmiş, nəticədə onun iddiaçı təşkilata 9633,34 manat məbləğində icarə haqqı borcu yaranmışdır. Bu qeyd edilənlər yuxarıda istinad edilən sübutlarla (01 fevral 2018-ci il tarixli icarə müqaviləsi, 29 aprel 2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi üçün akt, 29 aprel 2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi barədə saziş, 25 iyul 2023-cü il tarixli maliyyə arayışı, obyektin əməliyyat tarixçəsi və s.) tam sübut olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 01 fevral 2018-ci il tarixli icarə müqaviləsi üzrə 9633,34 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Cavabdehin məhkəməyə təqdim etdiyi etirazda, o cümlədən məhkəmə iclaslarında verdiyi izahatlarda icarə haqqı borcunun olmaması barədə göstərdikləri işdəki sübutlarla təsdiqini tapmır. Belə ki, iş materiallarından göründüyü kimi cavabdehin özünün müraciəti əsasında icarə müqaviləsinə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilmiş və bununla əlaqədar tərtib edilmiş 29 aprel 2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi üçün aktın və eynitarixli icarə müqaviləsinə xitam verilməsi barədə sazişin məzmununda hazırkı iddia tələbində qeyd edilən icarə haqqı borcunun məbləği öz əksini tapmışdır. Qeyd edilən hər iki sənəd borcun mövcudluğu və ya miqdarı barədə hansısa qeyd daxil edilmədən (mübahisələndirilmədən) cavabdeh tərəfindən imzalanmışdır. Cavabdeh məhkəmə iclaslarındakı izahatlarında həmin sənədləri imzalamasının səbəbini sənəddə borcunun yazıldığını görməməsi, sənədi oxumadan imzalaması, anlaqsız vəziyyətdə imzalaması kimi hallarla əsaslandırmışdır. Məhkəmə hesab edir ki. cavabdehin bu barədə qeyd etdikləri inandırıcı deyil və mülki-hüquqi məsuliyyətdən yayınmaq məqsədi güdməkdədir. Digər tərəfdən nəzər alınmalıdır ki, cavabdeh məhkəmədə verdiyi izahatlarda borc məbləğinin 60-70 faizi silindiyi təqdirdə, qalan məbləği hissə-hissə ödəyə biləcəyini göstərmişdir. Bu hal, özü-özlüyündə borcun olmaması barədə cavabdehin göstərdiklərinin özü tərəfindən təkzib edildiyini göstərməkdədir. Cavabdeh izahatında icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin 2020-ci ilin mart ayının ortalarından 2021-ci ilin iyul ayının ortalarınadək pandemiya ilə əlaqədar fəaliyyət göstərmədiyini, buna baxmayaraq 2020-ci ilin iyun və 2021-ci ilin iyun aylarına görə icarə haqqı borcunun hesablandığını göstərmişdir. Bu xüsusat onun vəsatəti əsasında ifadə verən şahidin ifadəsində də əksini tapmışdır. İddiaçının nümayəndəsi isə pandemiya zamanı müəyyən qapanma və açılmalarla əlaqədar sözügedən ayların müəyyən qismində obyektin fəaliyyət göstərdiyini, buna görə də icarə haqqının tam (2500 manat) məbləğdə deyil, obyektin fəaliyyət göstərdiyi günlərin sayı nəzərə alınaraq 1666,67 manat məbləğində icarə haqqının hesablandığını bildirmişdir. Obyektin əməliyyat tarixçəsindən icarə haqqının də qeyd edilən aylar (2020, iyun və 2021, iyun) üzrə 1666,67 manat məbləğində hesablanması görünməkdədir. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli 190 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə ictimai iaşə məkanlarında, eləcə də restoran, kafe və çay evlərində müştərilərə saat 08:00-dan 22:00-dək yerində xidmət 2020-ci il 31 may saat 00:00-dan bərpa olunmuşdur. “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarının 1.1.2-ci yarımbəndinə əsasən, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər (açıq hava sahəsində müştərilərə yerində xidmətlər istisna olmaqla) üzrə fəaliyyət 2020-ci il 21 iyun saat 00:00dan 30 sentyabr saat 00:00-dək dayandırılmışdır. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 2021-ci il 151 nömrəli Qərarının 2.2.2-ci yarımbəndinə əsasən, 2021-ci il 10 iyun saat 00:00-dan etibarən iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda istinad edilmiş qərarlarından göründüyü kimi, cavabdehin fəaliyyət sahəsi olan ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlərin fəaliyyətinə 31 may 2020-ci il tarixindən 21 iyun 2020-ci il tarixinədək icazə verilmiş, bununla əlaqədar aylıq 2500 manat olan icarə haqqı günlərin sayına uyğun olaraq 1666,7 manat məbləğində hesablanmış, daha sonra xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sözügedən fəaliyyət dayandırılmış, 2021-ci il 10 iyun saat 00:00-dan etibarən isə həmin fəaliyyət yenidən bərpa edilmiş, bununla əlaqədar 2021-ci ilin iyun ayı üzrə aylıq 2500 manat olan icarə haqqı günlərin sayına uyğun olaraq 1666,7 manat məbləğində hesablanmışdır. Göstərilənlərlə əlaqədar məhkəmə 2020-ci ilin iyun və 2021-ci ilin iyun ayında icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin fəaliyyət göstərməməsi barədə cavabdehin izahatında, o cümlədən şahidin ifadəsində göstərdiklərinə tənqidi yanaşır. Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarlarından göründüyü kimi, icarəyə götürülmüş obyektin fəaliyyətinə cavabdeh tərəfindən mübahisələndirilən dövrlərdə - 31 may 2020-ci il tarixindən 21 iyun 2020-ci il tarixinədək və 2021-ci ilin 10 iyun tarixindən etibarən faktiki olaraq icazə verilmiş, həmin obyektin fəaliyyətinə hər hansı qadağa qoyulmamış, bununla əlaqədar həmin dövrlər üzrə icarə haqqı qismən (2500 manat deyil, 1666,7 manat) hesablanmış, cavabdeh həmin tarixlərdə fəaliyyət göstərməməsi barədə iddiaçıya nə müqavilə dövründə, nə də müqaviləyə xitam verilənlərkən hər hansı etiraz ünvanlamamış, ünvanladığı halda isə bunu təsdiq edən sənədi məhkəməyə təqdim etməmiş, o cümlədən müqaviləyə xitam verilərkən tərtib edilən sənədlərə bu barədə qeyd və s. daxil etməmişdir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, cavabdehin icarə müqaviləsinin 7.4-cü bəndinə (əgər fors major halları və şəraiti 3 (üç) ay davamlı olaraq davam edərsə və onun bitməsi əlamətləri görünmürsə, bu müqavilə bir tərəfin digər tərəfə bildiriş göndərilməsi yolu ilə xitam oluna bilər) və 9.3-cü bəndinə (hər iki tərəfin digər tərəfi 15 (on beş) gün əvvəlcədən xəbərdarlıq etməklə müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ var) əsasən, müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ olsa da, iddiaçıya icarə müqaviləsinə xitam verilməsi ilə bağlı müraciət etməmişdir. Cavabdehin izahatında göstərdiyi digər dəlil - iddiaçının iddianı vaxtından gec verməsi və borcunu 15 gün ərzində tələb etməli olması barədə göstərdikləri ilə bağlı məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən qanunvericilikdə bağlı müəyyən edilmiş iddia müddətinə riayət edildiyi müəyyən edildi, belə ki, müqaviləyə xx.xx.2023-cü il tarixində tərəflərin qarşılıqlı razılığı ilə xitam verildiyindən Mülki Məcəllənin 373-cü maddəsinin müddəalarına əsasən iddiaçı müqavilə tələblərini vaxtında irəli sürmüşdür. Eyni zamanda, nəzərə alınmalıdır ki, cavabdehin qeyd etdiyi 15 günlük müddət icarə müqaviləsinin 9.3-cü bəndində əksini tapmışdır və həmin bənd borcun tələb edilməsi müddətini deyil, müqaviləyə birtərəfli qaydada xitam verilməsini qaydasını tənzimləyir. Cavabdehin etirazda və izahatlarında göstərdiyi digər dəlillər, yəni icarə haqqının onun razılığı olmadan artırılması, icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin təmirinə yüz min manata yaxın xərc çəkməsi kimi hallarla bağlı məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154.2.5-ci maddəsinə əsasən, etirazının əsaslandığı fakt və halları təsdiq edən sübutları təqdim etməmişdir. Digər tərəfdən, iş materiallarından görünür ki, icarə haqqının 01 oktyabr 2018-ci il tarixindən 2500 manat məbləğində müəyyən edilməsi tərəflərin qarşılıqlı razılığı ilə - xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə 14 sentyabr 2018-ci il tarixli 1 nömrəli əlavə və dəyişikliklə həyata keçirilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbinin cavabdehlərdən 258,22 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin icarə müqaviləsi üzrə icarə haqqı ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (icarə müqaviləsinin yuxarıda istinad edilmiş 4.3-cü bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin ödənilmiş 110 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarında olan 02 fevral 2024-cü il tarixli, MŞS-MT030-2024-00226 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışa və 25 dekabr 2023-cü il tarixli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən 110 manat məbləğində mediasiya xərci (100 manat mediasiya haqqı + 10 manat poçt xərci) ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin 110 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulması hissəsi də təmin edilməli, yuxarıda göstərilənlər və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən ödənilmiş 110 manat məbləğində mediasiya xərcinin əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan əlavə, iddia tələbinin 18,79 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 08 sentyabr 2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 7,31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin 18,79 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsi qismən təmin edilməli, iddiaçının ödədiyi 7,31 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən onun xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə 9633,34 manat məbləğində borc və 258,22 manat məbləğində cərimə olmaqla, cəmi 9891,56 manat məbləğində pul vəsaiti, 110 manat məbləğində mediasiya xərcinin əvəzi və 7,31 manat məbləğində dövlət rüsumunun əvəzi, ümumilikdə 10008,87 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, yuxarıda istinad edilən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, hazırkı iddia tələbinin təmin edilmiş hissəsinə (9633,34 manat məbləğində borc + 258,22 manat məbləğində cərimə = 9891,56 manat) mütənasib olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 118,91 manat təşkil edir. İddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 7,31 manat məbləğində dövlət rüsumu ödənildiyindən, ödənilməli olan dövlət rüsumunun qalıq məbləği, yəni 111,6 manat məbləğində dövlət rüsumu cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 01 fevral 2018-ci il tarixli icarə müqaviləsi üzrə 9633,34 (doqquz min altı yüz otuz üç manat, otuz dörd qəpik) manat məbləğində borc və 258,22 (iki yüz əlli səkkiz manat, iyirmi iki qəpik) manat məbləğində cərimə, 110 (yüz on) manat məbləğində mediasiya xərcinin əvəzi və 7,31 (yeddi manat, otuz bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 10008,87 (on min səkkiz manat, səksən yeddi qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 111,6 (yüz on bir manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-334/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-334/2024
03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver