Məhkəmə qərarları › İş №e-2-2(119)-336/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-336/2022

05.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-336/2022 05.03.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı “TBC Kredit Bank olmayan Kredit Təşkilatı“ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “TBC Kredit Bank olmayan Kredit Təşkilatı“ Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə bağlanmış 10 mart 2021-ci il tarixli BAKU1-43201-19114 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan 10 mart 2021-ci il tarixli BAKU1-43201-19114 saylı Razılaşmanın ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə ümumlikdə 3936,27 manat əsas borc, 398 manat cari faiz borcu və 660,66 manat cari dəbbə borcu olmaqla, cəmi 4994,93 manat kredit borcunun və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 70 manat xidmət haqqının əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin kiçik mübahisələrə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hazırkı iddia ərizəsində digər tələblərlə yanaşı “Cavabdeh2 ilə bağlanmış 10 mart 2021-ci il tarixli BAKU1-43201-19114 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan 10 mart 2021-ci il tarixli BAKU1-43201- 19114 saylı Razılaşmanın ləğv edilməsi” barədə də qətnamə qəbul olunmasını xahiş etmiş olsa da, həmin tələb ilə bağlı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilməmişdir. Halbuki, hazırkı iddia ərizəsinə əlavə edilmiş və tələbin əsaslandırıldığı 10 mart 2021-ci il tarixli BAKU1-43201-19114 nömrəli Kredit Müqaviləsinin 7.10-cu bəndində göstərilir ki, “qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında məhkəmə tərəfindən həll edilir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Eləcə də, sadələşdirilmiş icraat qaydasında bu kimi iddia tələbləri (“müqavilənin ləğv edilməsi” tələbi) üzrə “sadələşdirilmiş icraat qaydasında” deyil, iddia icraatı qaydasında iddia ərizələri verilməlidir. Yəni, iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-150-ci maddəsinin tələblərinə riayət etməklə, hazırkı tələblə iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Eyni zamanda, məhkəmə iddiaçı tərəfin diqqətinə çatdırmağı lazım bilir ki, Mülki- Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş digər tələblərlə yanaşı, həmin Məcəllənin 150.1.4-cü, 150.1.6-cı, 150.1.7-ci və 150.2-ci maddələrinin tələblərini də yerinə yetirməli və bununla bağlı müvafiq sənədləri məhkəməyə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsin əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-3-cü maddəsinin tələblərinə görə kiçik mübahisələr üzrə iddia ərizəsi məhkəməyə ümumi qaydada verilir (maddə 284-3.1), ərizədə iddiaçının tələbi və onun əsaslandığı hallar (maddə 284-3.2.3) və tələbin əsaslığını təsdiq edən sənədlər (maddə 284-3.2.4) göstərilir. Həmin Məcəllənin 284-4.1-ci maddəsinin tələblərinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa (maddə 284-4.1.3) - kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar verilmiş iddia ərizəsinin qəbul olunmasından imtina edilir. Beləliklə də, Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş hazırkı iddia ərizəsinin sadələşdirilmiş icraat qaydasında məhkəmə icraatı mümkün deyildir. Ona görə də, həmin kiçik mübahisələrə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı və iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinin tələblərinə görə, ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması, iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264 və 284-1 - 284-4-cü maddələrini rəhbər tutub, QƏRARA A L D İ: İddiaçı “TBC Kredit Bank olmayan Kredit Təşkilatı“ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddiaçıya izah olunsun ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin qəbul edilməsindən imtina olunması - iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar