Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-342/2023 08.08.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Mahmudova Aynur Əşrəf qızının iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 20 fevral 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6814,38 (altı min səkkiz yüz on dörd dollar 38 sent) ABŞ dolları əsas borcun, 6373,56 (altı min üç yüz yetmiş üç dollar 56 sent) ABŞ dolları faiz borcunun, 7436,13 (yeddi min dörd yüz otuz altı dollar 13 sent) ABŞ dolları cərimə borcunun, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 1757,5 (min yeddi yüz əlli yeddi dollar 50 sent) ABŞ dolları faiz borcunun, iş üzrə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiyaya dair xərcin və 4,15 (dörd manat 15 qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, kredit verən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şamaxı Filialı ilə kredit alan Cavabdeh3 arasında 15 iyul 2014-cü il tarixli ********* nömrəli Kredit Müqaviləsi bağlanmış və həmin müqavilə üzrə borc alan Cavabdeh3 “Əsas vəsaitin artırılması” məqsədi ilə 36 ay müddətinə illik 29 % dərəcəsi ilə 12740 (on iki min yeddi yüz qırx) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh2 və Cavabdeh1 ilə Bank arasında 340005022/ZM nömrəli 15 iyul 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu Müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bildirilir ki, cavabdehlər 15 iyul 2014-cü il tarixli ********* nömrəli Kredit Müqaviləsi üzrə öhdəliklərini icra etmədiklərinə görə ilkin olaraq 07 sentyabr 2018-ci il tarixli **********170 nömrəli iddia ərizəsi ilə iddia müddəti ötürülmədən 12 sentyabr 2018-ci il tarixdə Şamaxı Rayon Məhkəməsinə müraciət olunmuşdur. Şamaxı rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(074)-748/2019 nömrəli qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən baxılmamış saxlanılmışdır. Həmin qərardaddan LPO İddiaçı ASC tərəfindən şikayət verilsə də, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2019-cu il tarixli 2(105)-4191/2019 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və Şamaxı Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(074)-748/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borc tələbi” mübahisəsi ilə əlaqədar 24 yanvar 2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş olsa da, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilkin mediasiya sessiyasında iştirak etmədiklərindən və Cavabdeh3 isə mediasiya prosesini davam etdirməyə razılıq vermədiyindən - “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” və “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 24 yanvar 2023-cü il tarixli MŞS/MT030/2023-00069 nömrəli Arayışlar tərtib edilmişdir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 11 avqust 2022-ci il tarixli **********881 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 08 avqust 2022-ci il tarixə Cavabdeh3 kredit üzrə cəmi borcu 22381,57 ABŞ dolları təşkil edir. Bu məbləği isə 6814,38 ABŞ dolları əsas borc, 6373,56 ABŞ dolları faiz borcu, 7436,13 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 1757,5 ABŞ dolları faiz borcu təşkil edir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və 6814,38 ABŞ dolları əsas borcun, 6373,56 ABŞ dolları faiz borcunun, 7436,13 ABŞ dolları cərimə borcunun, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 1757,5 ABŞ dolları faiz borcunun, iş üzrə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində mediasiyaya dair xərcin və 4,15 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş üzrə 16 mart 2023-cü il və 07 aprel 2023-cü il tarixlərində keçirilən məhkəmə hazırlıq iclaslarında və 04 may 2023-cü il tarixində keçirilmiş məhkəmə baxış iclasında Cavabdeh3 iddia tələbini qismən qəbul etdiyini və hazırkı iddia ərizəsi üzrə ondan yalnız sahibkarlıq fəaliyyəti ilə əlaqədar aldığı kreditə görə ödənilməmiş 6814,38 ABŞ dolları məbləğində əsas borcun tutulmasına razı olsa da, iddia tələbi ilə qalan hissədə, yəni faiz və cərimə borcunun tutulması hissəsində razı olmadığını bildirərək, faiz və cərimə borcunun tutulması hissəsində iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə 04 may 2023-cü il tarixində keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirib, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona qarşı “borcun tutulması” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin, iş üzrə 08 avqust 2023-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 həmin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işin mahiyyəti üzrə baxılmasının davam etdirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçılarının izahatlarını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15 iyul 2014-cü il tarixli ********* nömrəli Kredit Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Kreditor” və Cavabdeh3 – “Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən “əsas vəsaitin artırılması” məqsədilə borcalan Cavabdeh3 (VÖEN **********) 36 ay müddətinə illik 29 % dərəcəsi ilə 12740 (on iki min yeddi yüz qırx) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, bu Müqaviləyə əsasən kredit Borcalana Əsas vəsaitin artırılması məqsədlə verilir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, kredit 36 (otuz altı) ay müddətinə verilir. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, kreditin istifadəsinə görə Borcalan Kreditora illik 29 (iyirmi doqquz) faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 29,789 % faiz təşkil edir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən, gecikdirilən borc məbləğinə cərimə kimi illik 58 % faiz dərəcəsilə, aylıq isə 4,83 % faiz dərəcəsilə faiz hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. İş materiallarında olan 15 iyul 2014-cü il tarixli Ödəniş Cədvəlindən görünür ki, 15 iyul 2014-cü il tarixli ********* nömrəli Kredit Müqaviləsinə əsasən verilən kreditin və ona hesablanmış faizlərin borcalan Cavabdeh3 tərəfindən müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (36 ay ərzində, hər ay 533,97 ABŞ dolları məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh3 imza etmişdir. İş materialları ilə müəyyən olunur ki, kredit verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borc alan Cavabdeh3 12740 (on iki min yeddi yüz qırx) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 15 iyul 2014-cü il tarixli 340005022/ZM nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Kreditor”, Cavabdeh2 və Cavabdeh1 – “Zaminlər” və Cavabdeh3 – “Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh2 və Cavabdeh1 zaminlər olaraq, borcalan Cavabdeh3 15 iyul 2014-cü il tarixli ********* nömrəli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşlər. İş materiallarında olan 16 avqust 2022-ci il tarixli **********923 nömrəli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh3 15 iyul 2014-cü il tarixli ********* nömrəli Kredit Müqaviləsi üzrə 08 avqust 2022-ci il tarixinə borcverən Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 6814,38 ABŞ dolları əsas borcu, 6373,56 ABŞ dolları faiz borcu, 7436,13 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 1757,5 ABŞ dolları faiz borcu olmaqla, cəmi 22381,57 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, məlum Kredit Müqaviləsi əsasında verilmiş kredit tam qaytarılmadığı üçün iddiaçı tərəfindən borcalan Cavabdeh3 08 avqust 2022-ci il tarixə 15 iyul 2014-cü il tarixli ********* nömrəli Kredit Müqaviləsi üzrə 6814,38 ABŞ dolları əsas borcun, 6373,56 ABŞ dolları faiz borcunun, 7436,13 ABŞ dolları cərimə borcunun, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 1757,5 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilmiş və həmin borcun cavabdehlərdən (borcalan Cavabdeh3, zaminlər Cavabdeh2 və Cavabdeh1) müştərək qaydada tutulması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Lakin, cavabdeh qismində iştirak etdiyi məhkəmə iclaslarında borcalan Cavabdeh3 iddianı yalnız “əsas kredit borcunun tələb olunması” hissəsində qəbul etdiyini bildirməsi və onun məlum kredit müqaviləsi üzrə “6814,38 ABŞ dolları məbləğində əsas borcunun olduğunu” etiraf etməsi, lakin iddia ərizəsində tutulması tələb olunan borcun miqdarı ilə razılaşmayaraq, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün şifahi vəsatətlə məhkəməyə müraciət etməsi nəzərə alınaraq, mübahisənin obyektiv həlli məqsədi ilə 15 iyul 2014-cü il tarixli ********* nömrəli Kredit Müqaviləsi üzrə tələb edilən borcun düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi üçün məhkəmənin 04 may 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 24 iyun 2023-cü il tarixli 9/4343 nömrəli Ekspert Rəyi ilə müəyyən olunur ki, Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 15 iyul 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinin şərtlərinə və eyni zamanda müvafiq normativ xarakterli aktların tələblərinə uyğun olaraq ekspert qarşısında qoyulmuş suallar üzrə müqavilənin sonuna, yəni 15 iyul 2017-ci il tarixinədək və müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmaqla 08 avqust 2022-ci il tarixinə Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu aşağıdakı kimi müəyyən edilmişdir: 15 iyul 2017-ci il tarixə (kredit müddətinin bitdiyi tarixə) əsas kredit borcu - 6924,03 ABŞ dolları və faiz borcu - 3723,67 ABŞ dolları;. 08 avqust 2022-ci il tarixə (iddia tələbinin tarixinə) isə əsas kredit borcu - 6924,03 ABŞ dolları, faiz borcu - 3723,67 ABŞ dolları və illik 5% lə hesablanan faiz borcu – 1753,13 ABŞ dolları. Göründüyü kimi, iş materialları ilə müəyyən edilir ki, borcalan (cavabdeh) Cavabdeh3, zaminlər (cavabdehlər) Cavabdeh2 və Cavabdeh1 15 iyul 2014-cü il tarixli ********* nömrəli Kredit Müqaviləsi üzrə, və 15 iyul 2014-cü il tarixli 340005022/ZM nömrəli Zaminlik Müqaviləsi bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən LPO İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış cəriməni müqavilələrdə nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, borcverən LPO İddiaçı ASC-dən alınmış kreditləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən isə 4,15 (dörd manat 15 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (Cavabdeh3 ilkin mediasiya sessiyasında iştirak etmişdir). Lakin, iş materialları ilə müəyyən edilir ki, zaminlər Cavabdeh2 və Cavabdeh1 ilə bağlanmış 15 iyul 2014-cü il tarixli 340005022/ZM nömrəli Zaminlik Müqaviləsinə əsasən zaminliklə təmin edilən öhdəlik olaraq “borcalan Cavabdeh3 15 iyul 2014-cü il tarixli ********* nömrəli Kredit Müqaviləsi üzrə alınan kreditin” qaytarılma vaxtının son müddəti 15 iyul 2017-ci il tarixidir və həmin tarixdə məlum kredit müqaviləsinin müddəti bitmişdir. Yəni, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 zaminliyi ilə təmin olunmuş Kredit Müqaviləsinin və kreditin qaytarılmasının son müddəti 15 iyul 2017-ci il tarixi olmuşdur. Lakin, iddiaçı zaminliklə təmin edilmiş həmin öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni müvafiq olaraq 15 iyul 2017-ci il tarixdən 1 (bir) il ərzində həmin zaminlərə qarşı iddia irəli sürməmişdir (hazırkı iddia ərizəsi 20 fevral 2023-cü ildə məhkəməyə təqdim edilmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0. və 477.0.4-cü maddələrinin tələblərinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məlum Kredit Müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hazırkı iddia ərizəsini qeyd olunan müddət (bir illik müddət) keçdikdən sonra, yəni 20 fevral 2023-cü ildə məhkəməyə təqdim etmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin tələblərinə görə, yəni “məlum Kredit Müqaviləsi üzrə zaminliklə təmin edilmiş öhdəliklərin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor tərəfindən zaminlərə qarşı iddia irəli sürülmədiyi” üçün, hazırkı iddia ərizəsi üzrə Kredit Müqaviləsi üzrə tələb edilən borclar zaminlərdən tutulmamalı və zamin qismində Cavabdeh2 və zamin qismində Cavabdeh1 qarşı məlum zaminliklə əlaqədar yönəlmiş iddia tələbi həmin Məcəllənin 477-ci maddəsində müəyyən olunmuş müddət keçdikdən sonra məhkəməyə müraciət olunması ilə əlaqədar təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, məlum kredit müqaviləsi üzrə borcalan Cavabdeh3 15 iyul 2014-cü il tarixli ********* nömrəli Kredit müqaviləsi üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən, həmin Müqavilə üzrə yaranmış borc - “Borcalan” olaraq Cavabdeh3 tutulmalıdır. Lakin, 15 iyul 2014-cü il tarixli ********* nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh3 tutulmalı olan əsas borc, müqavilə müddətinə hesablanmış faiz borcunun və müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış faiz borcunun məbləğləri müəyyən edilərkən - iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 24 iyun 2023-cü il tarixli 9/4343 nömrəli Ekspert Rəyi mötəbər sübut olaraq nəzərə alınmalı və cavabdehdən tutulmalı olan borc məbləğləri həmin Rəyə uyğun olaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla müəyyən edilməlidir. Yəni, 24 iyun 2023-cü il tarixli 9/4343 №-li Ekspertiza Rəyində Cavabdeh3 ilə bağlanmış 15 iyul 2014-cü il tarixli Kredit müqaviləsi üzrə iddiaçı tərəfindən borcun hesablandığı 08 avqust 2022-ci il tarixə “əsas borc 6924,03 ABŞ dolları, faiz borcu 3723,67 ABŞ dolları və illik 5 %-lə hesablanan faiz borcu 1753,13 ABŞ dolları miqdarında” müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən cavabdehlərdən müştərək qaydada 08 avqust 2022-ci il tarixə hesablanmış “6814,38 ABŞ dolları məbləğində əsas borcun, 6373,56 ABŞ dolları məbləğində faiz borcun və illik 5 %-lə hesablanan 1757,5 ABŞ dolları məbləğində faiz borcun“ tutulması tələb olunur. Buna görə də, iddia ərizəsində tələb olunan 6814,38 ABŞ dolları məbləğində əsas borc Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri baxımından tam olaraq tutulmalı olduğu halda, 08 avqust 2022-ci il tarixə hesablanaraq tələb edilən “6373,56 ABŞ dolları məbləğində faiz borcu və illik 5 %-lə hesablanan 1757,5 ABŞ dolları məbləğində faiz borcu” 24 iyun 2023-cü il tarixli 9/4343 nömrəli Ekspertiza Rəyi ilə təsdiq olunmadığına görə, həmin Rəylə 08 avqust 2022-ci il tarixə müəyyən edilmiş "3723,67 ABŞ dolları” miqdarında faiz borcu və "1753,13 ABŞ dolları” miqdarında illik 5 %-lə hesablanan faiz borcu Cavabdeh3 tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın "7436,13 ABŞ dolları məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, Cavabdeh3 cəmi 100 (yüz) ABŞ dolları məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh3 (VÖEN **********) ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 6814,38 ABŞ dolları məbləğində əsas borc, müqavilə müddətinə hesablanmış 3723,67 ABŞ dolları məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 1753,13 ABŞ dolları məbləğində faiz borcu və 100 (yüz) ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 12391,18 ABŞ dolları məbləğində borc Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddianın "ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması" tələbi də qismən təmin olunaraq, Cavabdeh3 ilkin mediasiya sessiyasında iştirak etməsi və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Cavabdeh3 iddiaçının xeyrinə mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının 100 (yüz) manat hissəsi tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bundan əlavə, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 4,15 (dörd manat 15 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi də Cavabdeh3 tutularaq, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə hesablanan 153,2 (yüz əlli üç manat 20 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 149,05 (yüz qırx doqquz manat 05 qəpik) manat məbləğində pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi Cavabdeh3 dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir (153,2 manat – 4,15 manat = 149,05 manat). “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh3 dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 (VÖEN **********) ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 6814,38 (altı min səkkiz yüz on dörd dollar 38 sent) ABŞ dolları məbləğində əsas borc, müqavilə müddətinə hesablanmış 3723,67 (üç min yeddi yüz iyirmi üç dollar 67 sent) ABŞ dolları məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 1753,13 (min yeddi yüz əlli üç dollar 13 sent) ABŞ dolları məbləğində faiz borcu və 100 (yüz) ABŞ dolları məbləğində cərimə olmaqla - cəmi 12391,18 (on iki min üç yüz doxsan bir dollar 18 sent) ABŞ dolları məbləğində borc, mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 100 (yüz) manat hissəsi və 4,15 (dörd manat 15 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh3 dövlət rüsumunun qalığı kimi 149,05 (yüz qırx doqquz manat 05 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh3 dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-342/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-342/2023
08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver