Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-348/2022 04.04.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil oğlunun iştirakı ilə, İddiaçı cavabdeh “X1 ve San.LTD.ŞTİ” Şirkətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 09 mart 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “X1 ve San.LTD.ŞTİ” Şirkətinə qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 133904 züy) otuz üç min doqquz yüz dörd) ABŞ dolları, o cümlədən mediasiya xərci və məhkəmə rüsumu olaraq ödənilən 518 (beş yüz on səkkiz) manat pulu cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə 04 aprel 2022-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasına İddiaçı nümayəndəsi Vəkil gəlmiş olsa da, iş üzrə keçirilən məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh “X1 ve San.LTD.ŞTİ” Şirkətinin nümayəndəsi məhkəmə hazırlıq iclasına gəlməmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin iştirakı olmadan iş üzrə məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin baxılması üçün məhkəmə baxışına təyin olunmasını xahiş etdi. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı tərəfindən cavabdeh “X1 ve San.LTD.ŞTİ” Şirkətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsində iddia tələbi tərəflər arasında bağlanmış “1 nömrəli 01.04.2019-cu il tarixli müqaviləyə 27 yanvar 2022-ci il tarixli 1 saylı Əlavə” ilə əsaslandırılmış olsa da, həmin Müqavilə üzrə yaranmış mübahisənin məhkəməyə qədər, yəni pretenziya qaydasında nizama salınması qaydasına riayət edilməsi ilə əlaqədar iddia ərizəsinə heç bir sənəd əlavə olunmamışdır. Halbuki, həmin 27 yanvar 2022-ci il tarixli 1 saylı Əlavənin 6.1-ci bəndində qeyd olunur ki, tərəflər hazırkı müqavilə ilə bağlı baş verə biləcək və ya ondan irəli gələn bütün mübahisəli məsələləri qarşılıqlı anlaşma və danışıqlar yolu ilə mümkün qədər tez zamanda həll edilməyə çalışmalıdırlar. Əgər tərəflər razılığa gələ bilmirlərsə, o halda hazırkı müqavilə ilə bağlı baş verə biləcək bütün mübahisəli məsələlər Azərbaycan Respublikasının Məhkəmələri tərəfindən baxılmaq üçün təqdim olunmalıdır. Ona görə də, iddia ərizəsinə əlavə edilmiş 06 sentyabr 2021-ci il tarixli 09/21-05 nömrəli Bildiriş-Xəbərdarlıq məktubunun (Pretenziya məktubunun) 27 yanvar 2022-ci il tarixli 1 saylı Əlavə üzrə cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (sübut) kimi nəzərə alınması mümkün deyildir. Çünki, həmin Bildiriş-Xəbərdarlıq məktubu iddia tələbinin əsaslandırıldığı 27 yanvar 2022-ci il tarixli 1 saylı Əlavə bağlanmamışdan bir neçə ay əvvəl cavabdehə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Göründüyü kimi, yuxarıda təsvir olunan hallar hazırkı mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı tərəfindən Mülki-Prosessual Məcəllənin 4.3cü maddəsinin tələblərinin lazımi qaydada yerinə yetirilmiş olmasını təsdiq etmir. Halbuki, həmin tələblər kommersiya mübahisləri ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl iddiaçının yerinə yetirməli olduğu zəruri hərəkətlərdir ki, məlum mübahisə ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh tərəf həmin mübahisədən xəbər tutub, mübahisənin məhkəməyə qədər nizama salınması imkanlarından istifadə edə bilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə - iddia ərizəsi baxılmamış saxlanılır. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, İddiaçı “borcun tutulması” tələbinə dair hazırkı iddia ərizəsi ilə cavabdeh “X1 ve San.LTD.ŞTİ” Şirkətinə qarşı məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmələrini təsdiq edən sənədi, yəni “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun təşkil edilməklə, ilkin mediasiya sessiyasının keçirilməsini təsdiq edən sənədləri iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməmişdir. Çünki, iddiaçı tərəfindən iddia ərizəsinin məzmununda “1 nömrəli 01.04.2019-cu il tarixli müqaviləyə 27 yanvar 2022-ci il tarixli 1 saylı Əlavə” üzrə yaranmış borcun tutulması xahiş olunsa da, iddia ərizəsinə əlavə edilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞİH- 002830 nömrəli Arayışın tarixi “10 yanvar 2022-ci il” tarixidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinin tələblərinə görə, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə (maddə 21.9.1), tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə (maddə 21.9.2), tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə (maddə 21.9.3), bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə (maddə 21.9.4) - müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda - məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi tələblərinə müvafiq qaydada yerinə yetirilməməsi və kommersiya mübahisəsi üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya prosesinin həyata keçirilməsinə dair tələblərin müvafiq qaydada yerinə yetirilməməsi - gələcəkdə hazırkı mübahisəni mahiyyəti üzrə həll edəcək məhkəmə aktının qanuniliyini və əsaslılığını şübhə altına ala biləcəyindən, həmin tələblərin yerinə yetirilməsi məqsədi ilə hazırkı mərhələdə İddiaçı tərəfindən cavabdeh “X1 ve San.LTD.ŞTİ” Şirkətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi Mülki-Prosessual Məcəllənin 259.0.1-ci və 259.0.13cü maddələrinə əsasən baxılmamış saxlanmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 10 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda, məhkəmənin hazırlıq iclasında da ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Eyni zamanda, məhkəmə iddiaçı tərəfin diqqətinə çatdırmağı lazım bilir ki, Mülki- Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən həmin Məcəllənin 149-150-ci maddələrinin müvafiq tələblərini lazımi qaydada yerinə yetirməli və bununla bağlı müvafiq sənədləri məhkəməyə təqdim etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdeh “X1 ve San.LTD.ŞTİ” Şirkətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-348/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-348/2022
04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver