Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-35/2024 15.01.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 və Cavabdeh3nə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 21 aprel 2022-ci tarixli 14KD/22 nömrəli kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 160894,47 (yüz altmış min səkkiz yüz doxsan dörd manat qırx yeddi qəpik) manat, faiz üzrə 9136,12 (doqquz min yüz otuz altı manat on iki qəpik) manat, cərimə üzrə 1538,08 (min beş yüz otuz səkkiz manat səkkiz qəpik) manat olmaqla, ümumilikdə 171568,67(yüz yetmiş bir min beş yüz altmış səkkiz manat altmış yeddi qəpik) manat borcun, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin və 61,57 (altmış bir manat əlli yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X2” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 21 aprel 2022-ci tarixli 14KD/22 nömrəli kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə illik 15 % ödəmək şərtilə, 250000 (iki yüz əlli min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq “X2” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 21 aprel 2022-ci il tarixli 14KDZ/22 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən borcalan əsas borcu, faizləri, o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu müqavilə ilə nəzərdə tutulmuş qaydada keditora ödəyir. Lakin Cavabdeh2 müqavilənin şərtini pozaraq kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra еtməmişdir. Cavabdeh2 10 iyul 2023-cü il tarixli maliyyə arayışına əsasən əsas kredit borcu üzrə 160894,47 manat, faiz üzrə 9136,12 manat, cərimə üzrə 1538,08 manat olmaqla, cəmi 171568,67 manat məbləğində banka borcu vardır. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbinə əsasən,tərəflərin könüllü razılığı ilə 26 iyul 2023-cü il tarixdə Bakı 11 saylı Mediasiya Təşkilatında ilkin mediasiya sessiyası keçirilmiş və “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə Bakı 11 saylı Mediasiya Təşkilatının MŞB/11/2023-01407 saylı arayışı əldə olunmuşdur. Daha sonra iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh2ndən, Cavabdeh1 və Cavabdeh3ndən müştərək qaydada 21 aprel 2022-ci il tarixli 14KD/22 saylı kredit müqaviləsinə əsasən 123091,08 (yüz iyirmi üç min doxsan bir manat səkkiz qəpik) manat məbləğində əsas borcun, mediasiya ilə əlaqədar ödənilmiş 800 (səkkiz yüz) manat məbləğində mediasiya xərcinin və 61,57 (altmış bir manat əlli yeddi qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 05 sentyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim olunaraq "xxxx" X5 Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 21 aprel 2022-ci il tarixli 14KD/22 saylı kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 15 % ödəmək şərtilə, 250000 (iki yüz əlli min) manat məbləğində kredit verildiyi, kredit müqaviləsinin təminatı olaraq “X2” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında 21 aprel 2022-ci il tarixli 14KDZ/22-1 saylı zaminlik müqaviləsi bağlandığı bildirilmiş, iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)- 1007/2023 nömrəli kommersiya işi üzrə Cavabdeh3 digər cavabdeh qismində işə cəlb olunması məhkəmədən xahiş edilmişdir. 20 sentyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iddiaçının vəsatəti əsasında Cavabdeh3 cavabdeh qismində işə cəlb edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda o, məhkəməyə müraciət olunarkən texniki səhv ucbatından Cavabdeh3 cavabdeh qismində cəlb edilmədiyini, buna görə iki dəfə ilkin mediasiya sessiyasında iştirak olunduğunu və 800 manat mediasiya xərci ödənildiyini bildirmişdir. Məhkəmə baxış iclasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndələri məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - “X2” Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 arasında bağlanmış 21 aprel 2022-ci il tarixli 14KD/22 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2nə “X2” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kreditor Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun “19” aprel 2022-ci il tarixli 90/2022 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə Borcalana 250000 (iki yüz əlli min) manat məbləğində illik 15 (on beş) faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə kredit verilmişdir. - 21 aprel 2022-ci il tarixli kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən borcalan Cavabdeh2 banka olan borcunun sonuncu ödəniş tarixi 21 aprel 2024-cü il olmaqla, müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini borcalan Cavabdeh2 direktoru Cavabdeh1 imza etmişdir. - “X2” Açıq Səhmdar Cəmiyyəti- “kreditor”, Cavabdeh2- “borclu” və Cavabdeh1 “zamin” olmaqla bağlanmış 21 aprel 2022-ci il tarixli 14KDZ/22 nömrəli zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borclunun 21 aprel 2022-ci tarixli 14KD/22 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürür. - “X2” Açıq Səhmdar Cəmiyyəti- “kreditor”, Cavabdeh2- “borclu” və Cavabdeh3 “zamin” olmaqla bağlanmış 21 aprel 2022-ci il tarixli 14KDZ/22-1 nömrəli zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borclunun 21 aprel 2022-ci tarixli 14KD/22 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürür. - İddiaçı tərəfindən tərtib olunaraq məhkəmə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh2 31 avqust 2023-cü il tarixinə 21 aprel 2022-ci tarixli 14KD/22 nömrəli kredit müqaviləsi üzrə “X2” Açıq Səhmdar Cəmiyyətinə 123091,08 manat məbləğində əsas borcu vardır. Məhkəmə araşdırması zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 11 dekabr 2023-cü il tarixli 9/8824 nömrəli rəyində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və “X2" Aşıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 21 aprel 2022-ci il tarixli 14KD/22 nömrəli Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə arayışında göstərilən 31 avqust 2023-cü il tarixə banka borcu əsas borc üzrə 125436,88 (yüz iyirmi beş min dörd yüz otuz altı manat səksən səkkiz qəpik) manat, faiz borcu üzrə 3292,72 (üç min iki yüz doxsan iki manat yetmiş iki qəpik) manat təşkil edir. - 26 iyul 2023-cü il tarixli, MŞB/11/2023-01407 nömrəli Bakı 11 saylı Mediasiya təşkilatının “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışından görünür ki, ilkin mediasiya sessiyasında iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi, Cavabdeh2 qanuni təmsilçisi və eyni zamanda Cavabdeh1 iştirak etmiş olsa da, mediasiya prosesi davam etdirilməmiş, mediasiya prosesinin keçirilməsi ilə əlaqədar olaraq iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyəti 400 (dörd yüz) manat məbləğində mediasiya ödənişini həyata keçirmişdir. - 15 avqust 2023-cü il tarixli, MŞS/MT030/2023-01597 nömrəli Sumqayıt 1 saylı Mediasiya təşkilatının “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışından görünür ki, ilkin mediasiya sessiyasında iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iştirak etmiş olsa da, cavabdehlər mediasiya sessiyasında iştirak etməmiş və mediasiya prosesinin keçirilməsi ilə əlaqədar olaraq iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyəti 400 (dörd yüz) manat məbləğində mediasiya ödənişini həyata keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh2 iddiaçıdan aldığı kredit üzrə əsas borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh2 21 aprel 2022-ci tarixli 14KD/22 nömrəli kredit müqaviləsi üzrə üzrə öhdəliklərini icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, “X2” Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 arasında bağlanmış 21 aprel 2022-ci il tarixli 14KD/22 nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən iddia tələbi və cavabdehlərin mənafeyi nəzərə alınaraq əsas borcun məbləği məhkəmə-mühasibatlıq ekspertizasının 11 dekabr 2023-cü il tarixli 9/8824 nömrəli ekspert rəyində müəyyən edilmiş nəticəyə əsasən deyil, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, 11 dekabr 2023-cü il tarixli 9/8824 nömrəli ekspert rəyində Cavabdeh2 bağlanmış 21 aprel 2022-ci il tarixli 14KD/22 nömrəli kredit müqaviləsi üzrə iddiaçı tərəfindən borcun hesablandığı 31 avqust 2023-cü il tarixinə əsas borcun 125436,88 (yüz iyirmi beş min dörd yüz otuz altı manat səksən səkkiz qəpik) manat olması müəyyən edilmiş olsa da, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə 123091,08 (yüz iyirmi üç min doxsan bir manat səkkiz qəpik) manat məbləğində əsas borcun tutulması tələb olunur. Ona görə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq kredit razılaşması üzrə iddia tələbində göstərilən məbləğdə, yəni 123091,08 (yüz iyirmi üç min doxsan bir manat səkkiz qəpik) manat məbləğində əsas borc tutulmalıdır. Çünki, iddia tələbi üzrə hesablanmış əsas borcun məbləği ekspert rəyində hesablanmış məbləğdən azdır və bu səbəbdən də, həmin kredit müqaviləsi üzrə əsas borcun tutulmasında ekspert rəyində müəyyən edilmiş nəticə nəzərə alınmayaraq iddia tələbi üzrə 123091,08 (yüz iyirmi üç min doxsan bir manat səkkiz qəpik) manat məbləğində əsas borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 21 aprel 2022-ci il tarixli 14KDZ/22 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 və 21 aprel 2022-ci il tarixli 14KDZ/22-1 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə borcalanla birgə məsuliyyəti öz üzərilərinə götürür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin cavabdehlərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 800 (səkkiz yüz) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə müraciət olunarkən zamin Cavabdeh3 cavabdeh qismində cəlb edilməmiş, buna görə də ilkin mediasiya sessiyası yalnız borcalan Cavabdeh2 və zamin Cavabdeh1 iştirakı ilə keçirilmiş, Bakı 11 saylı Mediasiya təşkilatı tərəfindən 26 iyul 2023-cü il tarixli, MŞB/11/2023-01407 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış verilmiş və iddiaçı tərəfindən 400 (dörd yüz) manat məbləğində mediasiya ödənişi həyata keçirilmişdir. Sonradan iddiaçı tərəfindən digər zamin Cavabdeh3 cavabdeh kimi cəlb edilmiş, iddiaçı yenidən mediasiya sessiyasının keçirilməsi barədə mediatora müraciət etmiş və cavabdehlər borcalan- Cavabdeh2nə, zamin - Cavabdeh1 və zamin - Cavabdeh3nə ilkin mediasiya sessiyasının keçirilməsi barədə bildiriş göndərilmişdir. İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ikinci dəfə keçirilən mediasiya sessiyasında iştirak etmiş olsa da, cavabdehlər iştirak etməmiş, Sumqayıt 1 saylı Mediasiya təşkilatı tərəfindən 15 avqust 2023-cü il tarixli, MŞS/MT030/2023-01597 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmiş və mediasiya prosesinin keçirilməsi ilə əlaqədar olaraq iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 400 (dörd yüz) manat məbləğində mediasiya ödənişi həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, texniki səhv ucbatından əvvəllər Cavabdeh3 cavabdeh qismində cəlb edilməmiş, daha sonra Cavabdeh3 cavabdeh qismində cəlb edildiyinə görə ikinci dəfə mediasiya sessiyası keçirilməsi üçün mediatora müraciət olunmuşdur. Qanunvericiliyin tələbinə görə iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh tərəflə bir dəfə ilkin mediasiya sessiyasında iştirak etməlidir. Məhkəmə hesab edir ki, məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehlərin dairəsini düzgün müəyyən edib mediasiya prosesi başlatmaq iddiaçının vəzifəsi olduğundan, cavabdehlərin hamısı dəqiq müəyyən edilmədiyi üçün ikinci dəfə ilkin mediasiya sessiyasının keçirilməsinə görə cavabdehlər məsuliyyət daşımır. Buna görə iddia tələbi “mediasiya ilə əlaqədar ödənilmiş 800 (səkkiz yüz) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsində qismən təmin edilməli, cavabdehlər Cavabdeh2ndən, Cavabdeh1 və Cavabdeh3ndən mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci müştərək qaydada tutularaq iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Eləcə də, iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 61,57 (altmış bir manat əlli yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi qismində cavabdehlər Cavabdeh2ndən, Cavabdeh1 və Cavabdeh3ndən müştərək qaydada 61,57 (altmış bir manat əlli yeddi qəpik) manat məbləğində pul iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2ndən, Cavabdeh1 və Cavabdeh3ndən müştərək qaydada 123091,08 (yüz iyirmi üç min doxsan bir manat səkkiz qəpik) manat məbləğində əsas borc, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və 61,57 (altmış bir manat əlli yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 123552,65 (yüz iyirmi üç min beş yüz əlli iki manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2ndən, Cavabdeh1 və Cavabdeh3ndən müştərək qaydada tutularaq X1 ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2ndən, Cavabdeh1 və Cavabdeh3ndən müştərək qaydada 123091,08 (yüz iyirmi üç min doxsan bir manat səkkiz qəpik) manat məbləğində əsas borc, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və 61,57 (altmış bir manat əlli yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 123552,65 (yüz iyirmi üç min beş yüz əlli iki manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2ndən, Cavabdeh1 və Cavabdeh3ndən müştərək qaydada tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-35/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-35/2024
15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver