Məhkəmə qərarları › İş №e-2-2(119)-356/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-356/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-356/2022 14.06.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Akif oğlunun iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05 avqust 2021-ci il tarixli 390/21 nömrəli Alqı-Satqı müqaviləsinə əsasən yaranmış 1423,20 (min dörd yüz iyirmi üç manat 20 qəpik) manat əsas borc, 225 (iki yüz iyirmi beş) manat dəbbə pulu və mediasiya sessiyasına ödənilmiş 60 (altımış) manat olmaqla, cəmi 1708,20 (min yeddi yüz səkkiz manat 20 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında alkoqollu və alkoqolsuz içki məhsullarının alqısatqısına dair 05 avqust 2021-ci il tarixli 390/21 nömrəli müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.1.-ci bəndinə görə “Satıcı” özünün idxal etdiyi və ya rəsmi distributoru olduğu sular, spirtli, spirtsiz içkilər və s. məhsullarını, “Alıcı”nın sifarişi nəzərə alınmaqla, qaimə-faktura əsasında Alıcıya satmağı öz öhdəsinə götürür. Lakin, Alıcı həmin müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə borcu yaranmışdır. Həmin Müqavilənin 2.1-ci bəndinə görə “Alıcı”ya verilən məhsulların bir vahidinin qiyməti və ümumi dəyəri, həmçinin qanunvericiliyə müvafiq olaraq hesablanmış ƏDV faktura ilə müəyyən edilir və aldığı məhsulun dəyərini nağdsız qaydada 30 gün müddətinə ödənilməsini “Alıcı” təmin etməlidir. Müqavilənin 3.1-ci bəndinə görə Alıcı müqavilə üzrə öhdəliyini icra və ya lazımi qaydada icra edə bilmədiyi təqdirdə Satıcıya dəymiş zərəri ödəməlidir. Həmin Müqavilənin 3.2-cü bəndinə əsasən Alıcı son istifadə müddətinə 30 gün qalmış bütün malları Satıcıya rəsmi (qaimə-faktura əsasında) təhvil verməlidir. Qeyd edilən müddət keçdikdən sonra mallar Satıcı tərəfindən qəbul edilmir və bu müqavilənin Alıcısı həmin malların tam dəyərini ödəyir. Müqavilənin 4.2-ci bəndinə görə tərəflərin qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələri Azərbaycan Respublikasının Qanunvericiliyi əsasında həll olunur. Satıcı İddiaçı MMC tərəfindən tərtib edilmiş 05 avqust 2021-ci il, 11 avqust 2021-ci il, 23 avqust 2021-ci il, 11 avqust 2021-ci il, 09 sentyabr 2021ci il və 10 noyabr 2021-ci il tarixlərə aid elektron qaimələrdən görünür ki, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə onun cəmi 1423,20 manat məbləğində borcu yaranmışdır. Həmin borcun 10 gün müddətində ödənilməsi ilə bağlı cavabdehə 05 yanvar 2022-ci il tarixdə “pretenziya” məktubu göndərilmişdir. Lakin, cavabdeh həmin məktubu alsa da, borcu ödəməkdən imtina etmişdir. Bundan sonra 17 yanvar 2022-ci il tarixdə cavabdeh tərəfə mediasiya prosesinin tətbiqi barədə “təklif” göndərilmişdir. Lakin, cavabdeh həmin mediasiya təklifinə də heç bir cavab verməmişdir. Bununla bağlı 01 fevral 2022-ci il tarixdə Mediasiya Şurasına mediatorun təyin olunması ilə bağlı ərizə ilə müraciət olunmuş və 25 fevral 2022-ci il tarixdə İlkin mediasiya sessiyasının arayışı verilmişdir. Hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərər - zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh 05 avqust 2021-ci il tarixli 390/21 nömrəli Alqı-Satqı müqaviləsinə əsasən yaranmış 1423,20 manat əsas borc, 225 manat dəbbə pulu və mediasiya sessiyasına ödənilmiş 60 manat xidmət haqqı olmaqla, cəmi 1708,20 manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş üzrə 27 aprel 2022-ci ildə keçirilən məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul etdiyini və 05 avqust 2021-ci il tarixli 390/21 nömrəli Alqı-Satqı müqaviləsi üzrə İddiaçınə cəmi 1099 manat məbləğində borcunun olduğunu bildirsə də, iş üzrə təyin edilmiş məhkəmə baxış iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin iclaslara gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən o, məhkəmə baxış iclaslarına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “Satıcı” - hüquqi şəxs İddiaçı ilə “Alıcı” hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh (VÖEN **********) arasında 05 avqust 2021-ci il tarixli 390/21 nömrəli Alqı-Satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, “Satıcı” özünün idxal etdiyi və ya rəsmi distributor olduğu sular, spirtli, spirtsiz içkilər və s. məhsullarını, “Alıcı”nın sifarişi nəzərə alınmaqla, qaimə-faktura əsasında “Alıcı"ya satmağı öz öhdəsinə götürür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, satılan məhsulların hər birinin miqdarı faktura ilə müəyyən edilir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, “Satıcı” öz anbarından realizə edilmək üçün “Alıcı”ya verdiyi məhsulların bir vahidinin qiymətini və ümumi dəyərini, həmçinin qanunvericiliyə müvafiq olaraq hesablanmış ƏDV faktura ilə müəyən edilir və nağdsız qaydada 30 gün müdətinə ödənilməsini "Alıcı" təmin edir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, “Alıcı” tərəfindən məhsulların faktura iıə müəyyən olunmuş dəyəri köçürmə yolu ilə “Satıcı ”ya ödənildikdə ‘'Alıcı” müvəkkil banka verdiyi ödəniş tapşırığının surətini, təqdim etməklə bu barədə Satıcını dərhal xəbərdar etməlidir. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, “Alıcı” “Satıcı"nın hesabına ödəməli olduğu vəsaiti nağd formada yalnız səlahiyyətli nümayəndəsindən mədaxil qəbzi almaqla ödəyir. Bu qaydanın “Alıcı” tərəfindən pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti “Alıcı” daşıyır. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, bu Müqavilə şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduğu zərərə görə mülki-hüquqi məsuliyyət daşıyırlar. Tərəflər fors-major hallarında bu müqavilə şərtlərini icra və ya lazımi qaydada icra edilməsinə görə məsuliyyətdən azad edilirlər. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, “Alıcı” son istifadə müddətinə 30 (otuz) gün qalmış bütün malları “Satıcı”ya rəsmi (qaimə-faktura əsasında) təhvil verməlidir. Qeyd edilən müddət keçdikdən sonra mallar “Satıcı” tərəfindən qəbul edilmir və “Alıcı ” həmin malların tam dəyərini ödəyir. İş materiallarında olan 09 mart 2022-ci il tarixli “Qaimələrin axtarışı” üzrə Çıxarışdan, elektron qaimələrdən və “satış fakturaları” sənədlərindən görünür ki, 05 avqust 2021-ci il tarixli 390/21 nömrəli Alqı-Satqı müqaviləsi üzrə satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh 05 avqust 2021-ci il, 06 avqust 2021-ci il, 11 avqust 2021-ci il, 23 avqust 2021ci il, 09 sentyabr 2021-ci il və 10 noyabr 2021-ci il tarixlərdə müvafiq olaraq ƏDV daxil 102 (yüz iki) manat dəyərində (EBBL 098476 nömrəli Elektron Qaimə), 102,6 (yüz iki manat 60 qəpik) manat dəyərində (EBBL 098610 nömrəli Elektron Qaimə), 266,4 (iki yüz altmış altı manat 40 qəpik) manat dəyərində (EBBL 098831 nömrəli Elektron Qaimə), 171 (yüz yetmiş bir) manat dəyərində (EBBL 099203 nömrəli Elektron Qaimə), 433,8 (dörd yüz otuz üç manat 80 qəpik) manat dəyərində (EBBL 098993 nömrəli Elektron Qaimə) və 347,4 (üç yüz qırx yeddi manat 40 qəpik) manat dəyərində (EBBP 130774 nömrəli Elektron Qaimə) olmaqla, ümumilikdə ƏDV daxil cəmi 1423,20 (min dörd yüz iyirmi üç manat 20 qəpik) manat məbləğində müxtəlif adda spirtli və spirtsiz içkilər satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış 05 avqust 2021-ci il tarixli 390/21 nömrəli Alqı-satqı müqaviləsinə əsasən “satıcı” İddiaçı ilə “alıcı” Cavabdeh arasında müxtəlif adda spirtli və spirtsiz içkilərin alqı-satqısı baş tutmuş və həmin alqı-satqı üzrə “alıcı” Cavabdeh “satıcı” İddiaçınə ümumilikdə cəmi 1423,20 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 1423,20 (min dörd yüz iyirmi üç manat 20 qəpik) manat məbləğində əsas borcun və həmin əsas borcun ödənişinin gecikdirildiyinə görə hesablanmış 225 (iki yüz iyirmi beş) manat məbləğində dəbbə pulunun Cavabdeh tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə bu mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı MMC tərəfindən mediatora 60 (altmış) manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462-ci maddəsinin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ilə bağlanmış 05 avqust 2021-ci il tarixli 390/21 nömrəli Alqı-Satqı müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 1423,20 (min dörd yüz iyirmi üç manat 20 qəpik) manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın “cavabdehdən 225 (iki yüz iyirmi beş) manat məbləğində dəbbə pulunun tutulması” hissəsi isə təmin olunmamalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilməli, yəni tərəflər arasında bağlanan müqavilədə göstərilməlidir. Lakin, tərəflər arasında bağlanmış 05 avqust 2021-ci il tarixli 390/21 nömrəli Alqı-Satqı müqaviləsində Cavabdeh öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə dəbbə pulunun hesablanması və ödənilməsi qaydası nəzərdə tutulmamış və eləcə də, “Alıcı” öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu) ödəyəcəyini vəd etməmişdir. Ona görə də, tərəflər arasında bağlanmış 05 avqust 2021-ci il tarixli 390/21 nömrəli Alqı-Satqı müqaviləsinə istinad edilməklə, hazırki iddia ərizəsi üzrə cavabdehdən hər hansı məbləğdə dəbbə pulunun (cərimənin və yaxud, penyanın) tələb edilməsinin əsaslılığı müəyyən edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh 1423,20 manat məbləğində əsas borc İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, mediasiya xidməti ilə əlaqədar İddiaçı MMC tərəfindən mediatora ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqının əvəzi Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Həmçinin, Cavabdeh dövlət nəfinə 34,23 (otuz dörd manat 23 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh (VÖEN **********) 1423,20 (min dörd yüz iyirmi üç manat 20 qəpik) manat məbləğində əsas borc və mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqı olmaqla - cəmi 1483,20 (min dörd yüz səksən üç manat 20 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 34,23 (otuz dörd manat 23 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar