Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-358/2022 17.03.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti 14 mart 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən yolverilməzliyinə görə həmin iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçı “TBC Kredit" BOKT MMC 14 mart 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi və borcun tutulması” barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh2 ilə bağlanmış 10 mart 2021-ci il tarixli BAKU1-43201-19114 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan 10 mart 2021-ci il tarixli BAKU1-43201-19114 saylı Razılaşmanın ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə ümumlikdə 3936,27 manat əsas borc, 398 manat cari faiz borcu və 660,66 manat cari dəbbə borcu olmaqla, cəmi 4994,93 manat kredit borcunun və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 70 manat haqqın əvəzinin tutulması” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin, "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazasında olan məlumatlarla müəyyən olunur ki, iddia ərizəsində cavabdeh qismində göstərilmiş Cavabdeh2 06 oktyabr 2021-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Göründüyü kimi, cavabdeh qismində göstərilmiş Cavabdeh2 06 oktyabr 2021-ci ildə vəfat etdiyi üçün hazırkı iddia ərizəsinin veridiyi vaxt, yəni 14 mart 2022-ci ildə onun hüquq qabiliyyəti olmamışdır. Buna görə də, iddiaçı ona qarşı “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbi ilə məhkəməyə müraciət etdiyi zaman cavabdeh (borc alan) Cavabdeh2 artıq ölmüş olduğundan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinin tələblərinə əsasən ona qarşı məlum iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi və onun cavabdeh qismində məhkəmə prosesinə cəlb olunması istisna edilir. Odur ki, məhkəməyə müraciət ediləndən əvvəl ölmüş Cavabdeh2 cavabdeh qismində cəlb edilməklə verilmiş hazırkı iddia ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə - iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina olunur. Eyni zamanda, məhkəmə iddiaçı tərəfin diqqətinə çatdırmağı lazım bilir ki, Mülki- Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş digər tələblərlə yanaşı, həmin Məcəllənin 150.1.4-cü, 150.1.6-cı, 150.1.7-ci və 150.2-ci maddələrinin tələblərini də yerinə yetirməli və bununla bağlı müvafiq sənədləri məhkəməyə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd etmək lazımdır ki, iddiaçı "xxxx" Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırkı iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verilmiş olduğundan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı tərəfindən yaradılmış olan elektron kabinetə yerləşdirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddianın yolverilməzliyinə görə iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-358/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-358/2022
17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver