Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-36/2023 01.08.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının, Cavabdeh2 iştirakı ilə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 04 oktyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 027R********** saylı Krеdit Razılaşması üzrə 19273,34 manat məbləğində krеdit bоrcu, 5658,55 manat məbləğində faiz bоrcu və 8993,07 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 33924,96 (otuz üç min doqquz yüz iyirmi dörd manat 96 qəpik) manat məbləğində bоrcun və mediasiya prosesi ilə əlaqədar ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, kredit alan Cavabdeh2 kredit verən İddiaçı QSC tərəfindən 20 may 2019-cu il tarixli 027L**********22 saylı Uzunmüddətli Kredit Müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 150000 (yüz əlli min) manat məbləğində krеdit хətti açılmışdır. Bu Müqaviləyə əsasən kredit alana vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit Razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli Kredit Müqaviləsi üzrə borc alan Cavabdeh2 kredit verən İddiaçı QSC ilə bağlanmış 28 yanvar 2020-ci il tarixli 027R********** saylı Krеdit Razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2 % оlmaqla, Ödəniş Planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 22000 (iyirmi iki min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları 20 aprel 2020-ci il tarixli 027R**********S saylı, 16 sentyabr 2020-ci il tarixli 027R**********SA saylı, 14 dekabr 2020-ci il tarixli 027R**********SB saylı və 25 iyun 2021-ci il tarixli 027R**********SC saylı Sazişlərlə həmin Razılaşmaya və Ödəniş Planına dəyişiklik edilmişdir. Lakin, borcalan Cavabdeh2 Krеdit Razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 10 sentyabr 2021-ci il tarixdən etibarən Banka qaytarmamışdır. Kredit alan Cavabdeh2 götürdüyü krеdit üzrə bоrcundan 2726,66 manat məbləğində ödəniş etmiş və onun 19273,34 manat məbləğində əsas kredit borcu qalmışdır. Kredit Razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, borcalan Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 07 iyun 2022-ci il tarixə 270 gün üçün hesablanmış faiz borcu 5658,55 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu Ödəniş Planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda, hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 07 iyun 2022-ci il tarixə 270 gün üçün hеsablanmış cərimə 8993,07 manat təşkil edir. Uzunmüddətli Krеdit Müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi Ödəniş Planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh1 Zaminlik müqaviləsinə əsasən Bank qarşısında üzərinə məsuliyyət götürmüşdür. Cavabdеh Cavabdeh1 həmin Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən Uzunmüddətli Kredit Müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Cavabdehlərə müvafiq qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar müqavilə üzrə yaranmış borcu ödəməmişlər. Həmçinin, tərəflər arasında olan hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan, məhkəməyə müraciət olunmamışdan əvvəl iddiaçı tərəfindən bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də mübahisənin həll edilməsi mümkün olmamış və mediasiya xərcləri olaraq İddiaçı QSC tərəfindən mediatora 210 manat haqq ödənilmişdir. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 027R********** nömrəli Krеdit Razılaşması üzrə 19273,34 manat məbləğində krеdit bоrcu, 5658,55 manat məbləğində faiz bоrcu və 8993,07 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 33924,96 manat məbləğində bоrcun və mediasiya prosesi ilə əlaqədar ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini, hüquqi şəxs yaratmadan məşğul olduğu fərdi sahibkarlıq fəaliyyəti ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 22000 manat məbləğində aldığı kredit üzrə işində yaranmış problemlərə görə vaxtlı-vaxtında ödənişlər edə bilmədiyini və buna görə də müqavilə müddətinin bitməsinə baxmayaraq aldığı krediti tam qaytara bilmədiyini, lakin hazırkı iddia ərizəsi üzrə ondan yalnız əsas borcun tutulmasına razı olsa da, iddia tələbi ilə qalan hissədə, yəni faiz və cərimə borcunun tutulması hissəsində razı olmadığını bildirərək, məhkəmədən yalnız əsas borcun tutulması və tələb olunan faiz və cərimə borcunun isə silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş üzrə 01 avqust 2023-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 həmin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh1 iştirakı olmadan həmin məhkəmə baxış iclasının keçirilməsini və onun iştirakı olmadan işə baxılmasının davam etdirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20 may 2019-cu il tarixli 027L**********22 nömrəli Uzunmüddətli Kredit Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh2 – “Kredit alan” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən, Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra «kredit» adlandırılacaq) Kredit Alana 120 (yüz iyirmi) ay müddətinə 150000 (yüz əlli min) manat məbləğində kredit xətti (bundan sonra «kredit xətti» adlandırılacaq) açmışdır. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, kreditlər tərəflər arasında «Kredit Razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə», «Akkreditiv açdması üçün razılaşma» və «Bank hesabının kreditləşməsi barədə razılaşma» formasında bağlanacaq ayrıca Razılaşmalar (bundan sonra «Kredit Razılaşmaları») əsasında veriləcək. X4 kredit vermək vədini ifadə etmir. Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit Razılaşmaları ilə müəyyən edilir. İş materiallarında olan 20 may 2019-cu il tarixli 027S**********03 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh1 – “Zamin” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh1 zamin olaraq borcalan Cavabdeh2 20 may 2019-cu il tarixli 027L**********22 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan 20 may 2019-cu il tarixli 027L**********22 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında bağlanmış 28 yanvar 2020-ci il tarixli 027R********** nömrəli Kredit Razılaşmasından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh2 – “Kredit alan” olmaqla, bağlanmış həmin Razılaşmaya əsasən fərdi mikro kredit məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh2 (VÖEN **********) 24 ay müddətinə aylıq 2 % dərəcəsi ilə 22000 (iyirmi iki min) manat məbləğində kredit verilmişdir. Həmin Razılaşmanın 1.2-ci bəndinə əsasən, Kredit alan bu Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş Ödəniş Planına («Ödəniş Planı») əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Razılaşmanın 4.2.2-ci bəndinə əsasən, Ödəniş Planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə bocludur. İş materiallarında olan 28 yanvar 2020-ci il tarixli 027R********** nömrəli Kredit Razılaşması üzrə alınan kreditin və ona hesablanmış faizlərin 28 yanvar 2020-ci il tarixli Ödəniş Planından (Ödəniş Cədvəlindən) görünür ki, kredit alan Cavabdeh2 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 1168 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını kredit alan Cavabdeh2 imza etmişdir. X2 əsasən ödənişin son tarixi 28 yanvar 2022-ci il müəyyən olunmuşdur (həmin Ödəniş Planı zamin Cavabdeh1 tərəfindən də imzalanmışdır). İş materiallarında olan 20 aprel 2020-ci il tarixli 027R**********S nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Sazişdən və həmin Saziş üzrə tərtib edilmiş 20 aprel 2020-ci il tarixli yeni Ödəniş Planından görünür ki, kredit alan Cavabdeh2 28 yanvar 2020-ci il tarixli 027R********** nömrəli Kredit Razılaşması üzrə verilmiş kreditin 20 aprel 2020-ci il tarixli Ödəniş Planı əsasında aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 1156 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını kredit alan Cavabdeh2 imza etmişdir. X2 əsasən ödənişin son tarixi 28 mart 2022-ci il müəyyən olunmuşdur (həmin Ödəniş Planı zamin Cavabdeh1 tərəfindən də imzalanmışdır). İş materiallarında olan 16 sentyabr 2020-ci il tarixli 027R**********SA nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Sazişdən və həmin Saziş üzrə tərtib edilmiş 16 sentyabr 2020-ci il tarixli yeni Ödəniş Planından görünür ki, borcalan Cavabdeh2 28 yanvar 2020-ci il tarixli 027R********** nömrəli Kredit Razılaşması üzrə verilmiş kreditin 16 sentyabr 2020-ci il tarixli Ödəniş Planı əsasında aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 1153 manat məbləğində, sonuncu ay isə 2004,84 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını borcalan Cavabdeh2 imza etmişdir. X2 əsasən ödənişin son tarixi 30 avqust 2022-ci il müəyyən olunmuşdur (həmin Ödəniş Planı zamin Cavabdeh1 tərəfindən də imzalanmışdır). İş materiallarında olan 14 dekabr 2020-ci il tarixli 027R**********SB nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Sazişdən və həmin Saziş üzrə tərtib edilmiş 14 dekabr 2020-ci il tarixli yeni Ödəniş Planından görünür ki, borcalan Cavabdeh2 28 yanvar 2020-ci il tarixli 027R********** nömrəli Kredit Razılaşması üzrə verilmiş kreditin 14 dekabr 2020-ci il tarixli Ödəniş Planı əsasında aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 1156 manat məbləğində, sonuncu ay isə 3614,87 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını borcalan Cavabdeh2 imza etmişdir. X2 əsasən ödənişin son tarixi 30 yanvar 2023-cü il müəyyən olunmuşdur (həmin Ödəniş Planı da zamin Cavabdeh1 tərəfindən imzalanmışdır). İş materiallarında olan 25 iyun 2021-ci il tarixli 027R**********SC nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Sazişdən və həmin Saziş üzrə tərtib edilmiş 25 iyun 2021-ci il tarixli yeni Ödəniş Planından görünür ki, borcalan Cavabdeh2 28 yanvar 2020-ci il tarixli 027R********** nömrəli Kredit Razılaşması üzrə verilmiş kreditin 25 iyun 2021-ci il tarixli Ödəniş Planı əsasında aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 1156 manat məbləğində, sonuncu ay isə (12 iyul 2022-ci ildə) 15327,29 manat məbləğində birdəfəlik ödəniş edilməklə) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını borcalan Cavabdeh2 imza etmişdir. X2 əsasən ödənişin son tarixi 12 iyul 2022-ci il müəyyən olunmuşdur (həmin Ödəniş Planı isə zamin Cavabdeh1 tərəfindən imzalanmamış və həmin 25 iyun 2021-ci il tarixli Saziş və 25 iyun 2021-ci il tarixli Ödəniş Planı ilə zamin Cavabdeh1 rəsmi qaydada tanış edilməmişdir). İş materiallarında olan 26 sentyabr 2022-ci il tarixli 1588 nömrəli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh2 28 yanvar 2020-ci il tarixli 027R********** nömrəli Kredit Razılaşması üzrə 07 iyun 2022-ci il tarixə borcverən İddiaçı QSC-yə 19273,34 manat məbləğində əsas borc, 5658,55 manat məbləğində faiz borcu və 8993,07 manat məbləğində cərimə borcu olmaqla, cəmi 33924,96 manat məbləğində borcu vardır (cərimə hesablanmış gecikdirilən günlərin sayı: 270 gün). Lakin, iş üzrə məhkəmənin 24 yanvar 2023-cü il tarixli qərardadı ilə Cavabdeh2 məlum kreditlə əlaqədar imzalanmış sənədlərin bəzilərində imzalarını mübahisələndirdiyi üçün məhkəmə-xətşünaslıq ekspertizası və eləcə də, mübahisənin obyektiv həlli məqsədi ilə 28 yanvar 2020-ci il tarixli 027R********** nömrəli Kredit Razılaşması üzrə tələb edilən borcun düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi üçün məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 24 fevral 2023-cü il tarixli 9/1032 nömrəli Ekspert Rəyindən görünür ki, borc alan Cavabdeh2 ilə borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli 027R********** nömrəli Kredit Razılaşması (həmin Razılaşma üzrə imzalanmış 25 iyun 2021-ci il tarixli sonuncu Sazişin şərtləri və müvafiq Ödəniş Planları nəzərə alınmaqla) üzrə Cavabdeh2 07 iyun 2022-ci il tarixə (sualda göstərilən tarixə) Banka olan borcu ümumilikdə aşağıdakı kimi müəyyən olunmuşdur: - 07 iyun 2022-ci il tarixə (sualda qeyd edilən tarixə) - əsas borc üzrə 20097,22 manat və faiz borcu üzrə 6695,22 manat. İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 21 iyun 2023-cü il tarixli 4/995 nömrəli Ekspert Rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 20 may 2019-cu il tarixli 027L**********22 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi və həmin Müqavilə əsasında tərtib edilmiş Razılaşmada, Sazişlərdə, Ödəniş Planlarında və digər sənədlərdə kredit alan Cavabdeh2 aid edilən imzaların hamısı eyni şəxs tərəfindən, yəni Cavabdeh2 tərəfindən icra olunmuşdur (çəkilmişdir). Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, 28 yanvar 2020-ci il tarixli 027R********** nömrəli Kredit Razılaşması üzrə cəmi 22000 manat məbləğində verilmiş kredit Ödəniş Planına (Ödəniş Cədvəlinə) uyğun olaraq qaytarılmadığı üçün krediti vermiş Bank tərəfindən borcalan Cavabdeh2 07 iyun 2022-ci il tarixinə 19273,34 manat əsas borcu, 5658,55 manat faiz borcu və 8993,07 manat cərimə borcu olmaqla, cəmi 33924,96 manat məbləğində borcunun olduğu müəyyən edilmiş və həmin borcun cavabdehlərdən (borcalan Cavabdeh2 və zamin Cavabdeh1) müştərək qaydada tutulması üçün 04 oktyabr 2022-ci ildə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı QSC tərəfindən mediatora 210 (iki yüz on) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (ilkin mediasiya sessiyasında cavabdehlər iştirak etməmişlər). Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 28 yanvar 2020-ci il tarixli 027R********** nömrəli Kredit Razılaşması üzrə verilən kreditin qaytarılması ilə əlaqədar Bankla kredit alan Cavabdeh2 arasında sonuncu dəfə imzalanmış və əvvəlki Ödəniş Planından qaytarılmalı borcun müddəti və məbləği üzrə ciddi fərqli şərtlərin müəyyən olunduğu sonuncu 25 iyun 2021-ci il tarixli 027R**********SC nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Saziş və həmin Saziş üzrə tərtib edilmiş 25 iyun 2021-ci il tarixli yeni Ödəniş Planı ilə zamin Cavabdeh1 tanış edilməsi və həmin Saziş və Ödəniş Planında müəyyən edilən şərtlərlə əlaqədar Zaminin razılığının alınması təsdiq edilmir. Belə ki, kredit alan Cavabdeh2 ilə kredit verən İddiaçı QSC arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli 027R********** nömrəli Kredit Razılaşması üzrə, 20 aprel 2020-ci il tarixli 027R**********S nömrəli Saziş üzrə, 16 sentyabr 2020-ci il tarixli 027R**********SA nömrəli Saziş üzrə və 14 dekabr 2020-ci il tarixli 027R**********SB nömrəli Saziş üzrə tərtib edilmiş müvafiq 28 yanvar 2020-ci il tarixli, 20 aprel 2020-ci il tarixli, 16 sentyabr 2020-ci il tarixli və 14 dekabr 2020-ci il tarixli “Ödəniş Planı” sənədləri zamin Cavabdeh1 tərəfindən imzalanmış (həmin imza ilə birlikdə yazılmış qeydlərdən görünür ki, o, zamin olaraq qeyd olunan sənədlərlə tanış edilmiş və həmin sənədlərə öz razılığını bildirmişdir) olsa da, 25 iyun 2021-ci il tarixli 027R**********SC nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Sazişin (sonuncu Sazişin) və həmin Saziş üzrə tərtib edilmiş 25 iyun 2021-ci il tarixli yeni Ödəniş Planının (sonuncu Ödəniş Planının) zamin Cavabdeh1 təqdim olunması və onun zamin qismində həmin sənədləri imza edərək tanış olması - iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə öz təsdiqini tapmamışdır. Yəni, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, 28 yanvar 2020ci il tarixli 027R********** nömrəli Kredit Razılaşması üzrə kredit alan Cavabdeh2 ilə kredit verən İddiaçı QSC arasında tərtib edilərək təsdiq olunmuş 25 iyun 2021-ci il tarixli Saziş, eləcə də həmin sonuncu Saziş üzrə ödənişlərin məbləğini və müddətini müəyyən edən 25 iyun 2021-ci il tarixli sonuncu “Ödəniş Planı” sənədi zamin Cavabdeh1 tərəfindən imzalanmamışdır və iş materialları ilə Cavabdeh1 “Zamin” olaraq qeyd olunan həmin sənədlərlə tanış edilməsi təsdiq olunmamışdır (24 yanvar 2023-cü ildə keçirilən məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh1 verilən suallara cavab olaraq 25 iyun 2021-ci il tarixli Saziş və Ödəniş Planı barədə məlumatlı olmadığını və zamin qismində həmin sənədlərlə tanış edilmədiyini bildirmişdir). Halbuki, Bankla həmin Zamin arasında 20 may 2019-cu il tarixli Zaminlik Müqaviləsi 150000 (yüz əlli min) manat məbləğində kredit xəttinin açılması ilə əlaqədar bağlanmış 20 may 2019-cu il tarixli 027L**********22 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi üzrə imzalanmış olsa da, hazırkı iddia tələbi üzrə iddianın əsaslandırıldığı 28 yanvar 2020-ci il tarixli 027R********** nömrəli Kredit Razılaşması üzrə imzalanmış 25 iyun 2021-ci il tarixli 027R**********SC nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Saziş və həmin Saziş üzrə tərtib edilmiş 25 iyun 2021-ci il tarixli yeni Ödəniş Planında Kredit Razılaşması üzrə ödənişin son tarixi 30 yanvar 2023-cü il tarixindən 12 iyul 2022-ci il tarixinədək azaldılmış və ödənişin son tarixi olan 12 iyul 2022-ci ildə kredit alan Cavabdeh2 tərəfindən 15327,29 (on beş min üç yüz iyirmi yeddi manat 29 qəpik) manat məbləğində birdəfəlik ödəniş edilməsi nəzərdə tutulmuşdur. Təsvir olunan bu hallar üzrə 24 yanvar 2023-cü ildə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsinin suallara cavab olaraq qeyd etdiyi "borcalanla imzalanmış sonuncu Sazişin bağlanmasında zamin Cavabdeh1 imzasına ehtiyac yoxdur, çünki bu Saziş zaminin vəziyyətini pisləşdirmir" izahatının əksinə olaraq, 25 iyun 2021-ci il tarixli sonuncu Ödəniş Planında zamin Cavabdeh1 vəziyyətini çətinləşdirən və onun məsuliyyətinin artmasına, eləcə də onun üçün digər əlverişsiz nəticələrə səbəb olan şərtlər mövcud olmuşdur. Həmçinin, məhkəmə bununla əlaqədar qeyd etməyi lazım bilir ki, 14 dekabr 2020-ci il tarixli 027R**********SB nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Saziş üzrə tərtib edilmiş və zamin Cavabdeh1 tərəfindən də imzalanmış 14 dekabr 2020-ci il tarixli Ödəniş Planında “kreditin hər ay 1156 manat məbləğində, sonuncu ay isə 3614,87 manat məbləğində olmaqla 30 yanvar 2023-cü il tarixinədək ödənilməsi” nəzərdə tutulduğu halda, həmin Zaminin imzalamadığı (tanış edilmədiyi) 25 iyun 2021-ci il tarixli sonuncu Ödəniş Planında isə “kreditin hər ay 1156 manat məbləğində, sonuncu ay isə 15327,29 manat məbləğində olmaqla 12 iyul 2022-ci il tarixinədək ödənilməsi” nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu şərtlər, yəni “qaytarılmalı kredit üzrə sonuncu ödənişin təxminən 5 dəfə artırılması” və “müddətin isə 6 aydan çox qısaldılması” - birmənalı olaraq Zaminin vəziyyətini ağırlaşdıran və pisləşdirən şərtlər kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.1-ci maddələrinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda - zaminliyə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Qərarında qərara alınmışdır ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində isə qeyd edilmişdir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən, onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən, bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 iyul 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Göründüyü kimi, yuxarıda qeyd olunan işin konkret halları və qanunvericilik normaları - 28 yanvar 2020-ci il tarixli 027R********** nömrəli Kredit Razılaşması üzrə imzalanmış 25 iyun 2021-ci il tarixli 027R**********SC nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Saziş və həmin Saziş üzrə tərtib edilmiş 25 iyun 2021-ci il tarixli sonuncu Ödəniş Planı əsasında əmələ gələn fərqli öhdəliklərdən zamin Cavabdeh1 azad olunmasını şərtləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan (cavabdeh) Cavabdeh2 (VÖEN **********) 20 may 2019-cu il tarixli 027L**********22 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi və 28 yanvar 2020-ci il tarixli 027R********** nömrəli Kredit Razılaşması bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, kredit verən İddiaçı QSC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri 28 yanvar 2020-ci il tarixli 027R********** nömrəli Kredit Razılaşması üzrə imzalanmış 25 iyun 2021-ci il tarixli 027R**********SC nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Saziş və həmin Saziş üzrə tərtib edilmiş 25 iyun 2021-ci il tarixli sonuncu Ödəniş Planında (Ödəniş Cədvəlində) nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, borcverən İddiaçı QSC-dən alınmış krediti müqavilə və sazişlərlə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Lakin, hazırkı iddia tələbinin əsasını təşkil edən və iddia tələbi üzrə verilmiş kreditə görə tutulmalı olan borcun əsaslandırıldığı 28 yanvar 2020-ci il tarixli 027R********** nömrəli Kredit Razılaşması üzrə imzalanmış 25 iyun 2021-ci il tarixli 027R**********SC nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Saziş və həmin Saziş üzrə tərtib edilmiş 25 iyun 2021-ci il tarixli sonuncu Ödəniş Planı zamin Cavabdeh1 tanış edilməməsi və razılığının alınmaması səbəbindən, sonuncunun zamin olaraq qeyd olunan məlum Razılaşma üzrə yerinə yetirilməyən öhdəliklər üzrə mülki məsuliyyəti yaranmır və məhkəmə araşdırması zamanı Cavabdeh1 qarşı yönəlmiş iddia tələbinin əsaslılığı öz təsdiqini tapmır. Odur ki, məhkəmə araşdırması zamanı Cavabdeh1 qarşı yönəlmiş iddia tələbinin əsaslılığı öz təsdiqini tapmadığına və sübuta yetirilmədiyinə görə, ona qarşı yönəlmiş iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Eləcə də, yuxarıda təsvir olunanlara əsasən, məhkəmə hesab edir ki, 28 yanvar 2020-ci il tarixli 027R********** nömrəli Kredit Razılaşması üzrə Cavabdeh2 tutulmalı olan əsas borc və faiz borcunun məbləğləri müəyyən edilərkən iddia tələbi nəzərə alınaraq, cavabdehdən tutulmalı olan əsas və faiz borc məbləğləri məhkəmə-mühasibatlıq ekspertizasının 24 fevral 2023-cü il tarixli 9/1032 nömrəli nömrəli Ekspert Rəyində müəyyən edilmiş nəticəyə əsasən deyil, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, 24 fevral 2023-cü il tarixli 9/1032 nömrəli Ekspertiza Rəyində Cavabdeh2 ilə bağlanmış 28 yanvar 2020-ci il tarixli 027R********** nömrəli Kredit Razılaşması üzrə 07 iyun 2022-ci il tarixə – “20097,72 manat əsas borc və 6695,22 manat faiz borcu” olması müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən cavabdehlərdən müştərək qaydada “19273,34 (on doqquz min iki yüz yetmiş üç manat 34 qəpik) manat məbləğində əsas borc və 5658,55 (beş min altı yüz əlli səkkiz manat 55 qəpik) manat məbləğində faiz borcu“ olmaqla cəmi 24931,89 (iyirmi dörd min doqquz yüz otuz bir manat 89 qəpik) manat məbləğində borcun, yəni nisbətən daha az miqdarda kredit borcunun tutulması tələb olunur. Ona görə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh2 iddia tələbində göstərilən məbləğdə, yəni 19273,34 manat məbləğində əsas borc və 5658,55 faiz borcu tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın "8993,07 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, Cavabdeh2 cəmi 1000 (min) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh2 (VÖEN **********) 19273,34 manat məbləğində əsas borc, 5658,55 manat məbləğində faiz borcu və 1000 manat məbləğində cərimə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 210 (iki yüz on) manat məbləğində xidmət haqqı da Cavabdeh2 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin, Cavabdeh2 dövlət nəfinə 167,79 (yüz altmış yeddi manat 79 qəpik) manat məbləğində dövlət rüsumu və iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq və məhkəməxətşünaslıq ekspertizası tədqiqatlarının (24 fevral 2023-cü il tarixli 9/1032 nömrəli və 21 iyun 2023-cü il tarixli 4/995 nömrəli Ekspert Rəyləri) dəyəri olan cəmi 238 (iki yüz otuz səkkiz) manat (100+138) məbləğində pul vəsaiti tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 (VÖEN **********) 19273,34 (on doqquz min iki yüz yetmiş üç manat 34 qəpik) manat məbləğində əsas borc, 5658,55 (beş min altı yüz əlli səkkiz manat 55 qəpik) manat məbləğində faiz borcu, 1000 (min) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 210 (iki yüz on) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 26141,89 (iyirmi altı min yüz qırx bir manat 89 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh2 dövlət nəfinə 167,79 (yüz altmış yeddi manat 79 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 238 (iki yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh2 dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-36/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-36/2023
01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver