Məhkəmə qərarları › İş №e-2-2(119)-367/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-367/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-367/2024 02.04.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3587,41 (üç min beş yüz səksən yeddi manat qırx bir qəpik) manat məbləğində əsas borc, 856,71 (səkkiz yüz əlli altı manat yetmiş bir qəpik) manat məbləğində faiz borcu, 1048,31 (min qırx səkkiz manat otuz bir qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 5492,43 (beş min dörd yüz doxsan iki manat qırx üç qəpik) manat məbləğində borcun və mediasiya ilə əlaqədar ödənilmiş 110 (yüz on) manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 17 sentyabr 2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair Ümumi şərtlər toplusunun 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/4047 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində DCLT00270682-01 saylı 16 sentyabr 2021-ci il tarixli maliyyələşdirmə üçün ərizə forması imzalanmış və bank tərəfindən 16 sentyabr 2022-ci il tarixədək nominal illik faiz dərəcəsi güzəşt müddəti ərzində ödənildikdə 0%, güzəşt müddəti bitdiyi halda 24%, kredit müddəti bitdikdən sonra illik cərimə faizi 33,5% olmaqla, 3589 (üç min beş yüz səksən doqquz) manat məbləğində nağdsız qaydada "xxxx" QSC, "xxxx" QSC və "xxxx" QSC-dən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədilə plastik kart üzrə kredit xətti ayrılmışdır. Lakin borcalan qeyd edilən DCLT00270682-01 saylı müqavilə üzrə öhdəliklərini 335 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bank tərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 17 avqust 2023-cü il tarixinə DCLT00270682-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3587,41 (üç min beş yüz səksən yeddi manat qırx bir qəpik) manat əsas borc, 856,71 (səkkiz yüz əlli altı manat yetmiş bir qəpik) manat faiz borcu, 1048,31 (min qırx səkkiz manat otuz bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 5492,43 (beş min dörd yüz doxsan iki manat qırx üç qəpik) manat borcu vardır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti mediasiya prosesi üzrə 110 (yüz on) manat məbləğində xidmət haqqı ödəmişdir. Ümumi şərtlər toplusunun 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda Ümumi şərtlər toplusuna əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülkiprossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh (VÖEN **********) arasında Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə 17 sentyabr 2020-ci il tarixli OnGTC/SE/4047 saylı Razılaşma imzalanmışdır. - Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu çərçivəsində tərəflər arasında 16 sentyabr 2021-ci il tarixli DCLT00270682-01 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana 16 sentyabr 2022-ci il tarixədək nominal illik faiz dərəcəsi güzəşt müddəti ərzində ödənildikdə 0%, güzəşt müddəti bitdiyi halda 24%, kredit müddəti bitdikdən sonra illik cərimə faizi 33,5% olmaqla, 3589 (üç min beş yüz səksən doqquz) manat məbləğində nağdsız qaydada "xxxx" QSC, "xxxx" QSC və "xxxx" QSC-dən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədilə plastik kart üzrə kredit xətti ayrılmışdır. - 06 fevral 2024-cü il tarixli PB/BPŞ-OUT-00172-2024 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 17 avqust 2023-cü il tarixinə DCLT00270682-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3587,41 (üç min beş yüz səksən yeddi manat qırx bir qəpik) manat əsas borc, 856,71 (səkkiz yüz əlli altı manat yetmiş bir qəpik) manat faiz borcu, 1048,31 (min qırx səkkiz manat otuz bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 5492,43 (beş min dörd yüz doxsan iki manat qırx üç qəpik) manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh (VÖEN: **********) 16 sentyabr 2021-ci il tarixli DCLT00270682-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi “Cavabdeh 3587,41 (üç min beş yüz səksən yeddi manat qırx bir qəpik) manat məbləğində əsas borcun və 856,71 (səkkiz yüz əlli altı manat yetmiş bir qəpik) manat məbləğində faiz borcunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi” hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehdən 1048,31 (min qırx səkkiz manat otuz bir qəpik) manat məbləğində cərimənin tutulması” hissəsi qismən təmin olunmalı, işin halları nəzərə alınmaqla, cərimə məbləği azaldılmalı və Cavabdeh iddiaçının xeyrinə 180 (yüz səksən) manat cərimə tutulmalıdır. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 110 (yüz on) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhəməyə təqdim olunmuş “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 07 yanvar 2024-cü il tarixli, MŞS/MT030/2023-02700 nömrəli arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh iştirak etmiş olsa da, mediasiya prosesi davam etdirilməmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən mediatora 110 (yüz on) manat məbləğində mediasiya xərci ödənilmişdir. Buna görə də iddia tələbi həmin hissədə qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən mediatora ödənilmiş 110 (yüz on) manat məbləğində mediasiya xərcinin 55 (əlli beş) manat məbləğində hissəsi Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 3587,41 (üç min beş yüz səksən yeddi manat qırx bir qəpik) manat məbləğində əsas bоrc, 856,71 (səkkiz yüz əlli altı manat yetmiş bir qəpik) manat məbləğində faiz borcu, 180 (yüz səksən) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 55 (əlli beş) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 4679,12 (dörd min altı yüz yetmiş doqquz manat on iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 66,24 (altmış altı manat iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 3587,41 (üç min beş yüz səksən yeddi manat qırx bir qəpik) manat məbləğində əsas bоrc, 856,71 (səkkiz yüz əlli altı manat yetmiş bir qəpik) manat məbləğində faiz borcu, 180 (yüz səksən) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 55 (əlli beş) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 4679,12 (dörd min altı yüz yetmiş doqquz manat on iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 66,24 (altmış altı manat iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar