Məhkəmə qərarları › İş №e-2-2(119)-369/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-369/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-369/2024 13.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 21971,22 (iyirmi bir min doqquz yüz yetmiş bir manat iyirmi iki qəpik) manat məbləğində əsas borc, 2281,46 (iki min iki yüz səksən bir manat qırx altı qəpik) manat məbləğində faiz borcu və 296,57 (iki yüz doxsan altı manat əlli yeddi qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 24549,25 (iyirmi dörd min beş yüz qırx doqquz manat iyirmi beş qəpik) manat məbləğində borcun və mediasiya ilə əlaqədar ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 oktyabr 2022-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialından 120 ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. 21 oktyabr 2022-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmanın təminatı olaraq 21 oktyabr 2022-ci il tarixdə Cavabdeh2 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. 21 oktyabr 2022-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh3 "xxxx" Açıq Səhmdar Cəmiyyətindən illik 21 % olmaqla 18 ay müddətinə 30000 (otuz min) manat məbləğində kredit götürmüşdür. 2023-cü ilin oktyabrın 23-dək Cavabdeh3 banka 21 oktyabr 2022-ci il tarixli kredit verilməsinə dair razılaşma üzrə 21971,22 (iyirmi bir min doqquz yüz yetmiş bir manat iyirmi iki qəpik) manat məbləğində əsas borc, 2281,46 (iki min iki yüz səksən bir manat qırx altı qəpik) manat məbləğində faiz borcu və 1186,26 (min yüz səksən altı manat iyirmi altı qəpik) manat məbləğində cərimə borcu olmaqla cəmi 25438,94 (iyirmi beş min dörd yüz otuz səkkiz manat doxsan dörd qəpik) manat məbləğində borcu vardır. Cavabdeh3 21 oktyabr 2022-ci il tarixli kredit verilməsinə dair razılaşma üzrə banka ümumi cərimə borcu 1186,26 (min yüz səksən altı manat iyirmi altı qəpik) manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 296,57 (iki yüz doxsan altı manat əlli yeddi qəpik) manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabadehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. 10 may 2024-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edilərək iş həcminin çoxluğunu nəzərə alıb məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. 01 may 2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdehlər Cavabdeh3 və Cavabdeh2 əsas borcu, cərimə borcunu və 28 avqust 2023-cü il tarixli maliyyə arayışında qeyd edilən faiz borcunu qəbul etdiklərini bildirmişlər. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 21 oktyabr 2022-ci il tarixli 4-MCR-1-1277-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən aylıq faiz dərəcəsi 2,5 % olmaqla 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh3 arasında bağlanmış 21 oktyabr 2022-ci il tarixli 4-MCR-1-1277-22/1 nömrəli kreditin verilməsinə dair razılaşmaya əsasən borcalan Cavabdeh3 biznes məqsədilə aylıq faiz dərəcəsi 1,75 %, faktiki illik faiz dərəcəsi 21,68 % olmaqla 18 ay müddətinə 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. - 21 oktyabr 2022-ci il tarixli 4-MCR-1-1277-22/1 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən borcalan Cavabdeh3 banka olan borcunun sonuncu ödəniş tarixi 21 aprel 2024-cü il olmaqla müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuş və həmin ödəniş cədvəlini borcalan Cavabdeh3 imza etmişdir. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 21 oktyabr 2022-ci il tarixli Z/17360/22 nömrəli zaminlik müqaviləsinə əsasən 21 oktyabr 2022-ci il tarixli 4-MCR-1-1277-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh3 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh2 öz üzərinə götürmüşdür. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 21 oktyabr 2022-ci il tarixli Z/17361/22 nömrəli zaminlik müqaviləsinə əsasən 21 oktyabr 2022-ci il tarixli 4-MCR-1-1277-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh3 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh1 öz üzərinə götürmüşdür. - 28 avqust 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərdən 5 gün müddətində banka olan borclarını tam ödəmələri, əks təqdirdə borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. - iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh3 21 oktyabr 2022-ci il tarixli 4-MCR-1-1277-22/1 nömrəli kreditin verilməsinə dair razılaşma üzrə 23 oktyabr 2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 21971,22 (iyirmi bir min doqquz yüz yetmiş bir manat iyirmi iki qəpik) manat məbləğində əsas, 2281,46 (iki min iki yüz səksən bir manat qırx altı qəpik) manat məbləğində faiz və 1186,26 (min yüz səksən altı manat iyirmi altı qəpik) manat məbləğində cərimə borcu vardır. - iddiaçı tərəfindən 08 aprel 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh3 21 oktyabr 2022-ci il tarixli 4-MCR-1-1277-22/1 nömrəli kreditin verilməsinə dair razılaşma üzrə 28 avqust 2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 21971,22 (iyirmi bir min doqquz yüz yetmiş bir manat iyirmi iki qəpik) manat məbləğində əsas, 1578,57 (min beş yüz yetmiş səkkiz manat əlli yeddi qəpik) manat məbləğində faiz və 526,39 (beş yüz iyirmi altı manat otuz doqquz qəpik) manat məbləğində cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh3 (VÖEN **********) 21 oktyabr 2022-ci il tarixli 4-MCR-1-1277-22/1 nömrəli kreditin verilməsinə dair razılaşmanı bağlayarkən üzərinə götürdüyü öhdəliklərini pozmuş, onları lazımınca icra etməyərək borcverən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcalan Cavabdeh3 21 oktyabr 2022-ci il tarixli 4-MCR-1-1277-22/1 saylı kreditin verilməsinə dair razılaşma üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən, həmin müqavilə üzrə yaranmış 21971,22 (iyirmi bir min doqquz yüz yetmiş bir manat iyirmi iki qəpik) manat məbləğində əsas borc iddiaçının xeyrinə ödənilməlidir. İddiaçı iddia qaldırarkən istinad etdiyi maliyyə arayışında 23 oktyabr 2023-cü il tarixinə 2281,46 (iki min iki yüz səksən bir manat qırx altı qəpik) manat məbləğində faiz hesablandığını bildirmişdir. Məhkəmə qeyd edir ki, kreditorun borclulara xəbərdarlıq məktubu göndərərək bütün borcu qaytarmalarını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Buna görə kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin ödənilməsini borcludan tələb edə bilər. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən borcun müvafiq qaydada ödənilməsi barədə cavabdehlərə 28 avqust 2023-cü il tarixdə xəbərdarlıq məktubunun göndərilməsi nəzərə alınmalı və 28 avqust 2023-cü il tarixli maliyyə arayışında həmin tarixə hesablanmış 1578,57 (min beş yüz yetmiş səkkiz manat əlli yeddi qəpik) manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbinin “iddiaçının xeyrinə 296,57 (iki yüz doxsan altı manat əlli yeddi qəpik) manat məbləğində cərimənin tutulması” hissəsi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 21 oktyabr 2022-ci il tarixli Z/17360/22 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 və 21 oktyabr 2022-ci il tarixli Z/17361/22 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəlik kredit razılaşmasında göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə borcalanla birgə məsuliyyəti öz üzərilərinə götürür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Sumqayıt 1 saylı Mediasiya təşkilatının 18 dekabr 2023-cü il tarixli MŞS/MT030/2023-02616 nömrəli arayışından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş olsa da, cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Buna görə də iddia tələbi həmin hissədə qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 21971,22 (iyirmi bir min doqquz yüz yetmiş bir manat iyirmi iki qəpik) manat məbləğində əsas borc, 1578,57 (min beş yüz yetmiş səkkiz manat əlli yeddi qəpik) manat məbləğində faiz borcu, 269,57 (iki yüz altmış doqquz manat əlli yeddi qəpik) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 24019,36 (iyirmi dörd min on doqquz manat otuz altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq hesablanmış 161,46 (yüz altmış bir manat qırx altı qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 21971,22 (iyirmi bir min doqquz yüz yetmiş bir manat iyirmi iki qəpik) manat məbləğində əsas borc, 1578,57 (min beş yüz yetmiş səkkiz manat əlli yeddi qəpik) manat məbləğində faiz borcu, 269,57 (iki yüz altmış doqquz manat əlli yeddi qəpik) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 24019,36 (iyirmi dörd min on doqquz manat otuz altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 161,46 (yüz altmış bir manat qırx altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar