Məhkəmə qərarları › İş №e-2-2(119)-37/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-37/2020

14.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-37/2020 14.08.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Quluzadə Hüseyn Rasim oğlunun katibliyi, iddiaçı X5 və iddiaçının vəkili – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil, cavabdeh X6 iştirakı ilə, iddiaçı X5 cavabdeh X7 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X9 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh X7 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən “Üzlük” daşları emalı sexinin icarəçisi olmuş cavabdeh X3 13200 (on üç min iki yüz) manat məbləğində borcun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 2006-cı il tarixli ********** saylı VÖEN-ə əsasən özünəməxsus “Kamaz” markalı **- BA-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. O, 2016-cı ilin dekabr ayında Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən üzlük daşların emalı sexini icarəyə götürmüş X10 ilə tanış olmuşdur. Tanışlıq zamanı razılaşmışlar ki, o, "Gülbax” daş karxanasından xammal şəkilində üzlük daşlardan gətirəcək, X10 isə həmin daşları alıb pulunu ödəyəcəkdir. Onlar qiymətdə də, ödəmələr üzrə də şifahi razılığa gəlib, həmin günün sabahı işə başlamışlar. Həmin razılıq əsasında o, Qaradağ rayonu ərazisində yerləşən “Gülbax” daş karxanasından üzlük daşları xammal şəkilində alıb, X6 işlətdiyi sexə gətirib boşaldırdı. Əvvəldən elə razılaşmışdılar ki, daşı təhvil verəndə müəyyən miqdar pul ödənilsə də, qalan məbləğin cavabdehlə birgə dəftərlərdə qeydiyyatı aparılırdı. Hissə-hissə ödəmələr barədə birgə razılığa gəlinmişdi. Bu miniballa 2019-cu ilin mart ayınadək birgə işləmişlər. Lakin, növbəti dəfə sexə gələndə Calaləddini orada tapmaq mümkün olmamışdı. Həmin sexdə işləyən X15 ilə görüşərək Calaləddini soruşduqda isə sonuncu bildirmişdi ki, Calaləddin artıq bu sexdə işləmir və Xırdalanda yaşayır. Xırdalan şəhərinə gəlib, Calaləddini taparaq onunla birikdə çayxanada oturub hesabat aparmış və hər ikisinin qeydlərini üzləşdirmişlər. Üzləşdirmə zamanı müəyyən olundu ki, X6 ona 12300 (ön iki min üç yüz) manat borcu qalmışdır. Calaləddin etiraz etməmiş və bildirmişdi ki, malın müəyyən hissəsin nisyə vermiş və pulunu ala bilmədiyinə görə sexi də işlətmək mümkün olmamış, ustaların və fəhlələrin də əmək haqqlarını tam ödəyə bilməmişdir. Calaləddin ondan 2 ay möhlət istəyərək, həmin borcu birdəfəlik qaytara bilməsə də, 2-3 dəfəyə hissə-hissə qaytaracağını bildirmişdi. Həmin vaxtdan 3 ay keçdikdən sonra yenə də Xırdalan şəhərinə gəlib, X10 ilə görüşərək söz verdiyi vaxtdan 3 ay keçdiyini xatırlatdıqda, sonuncu əsəbi halda onun üstünə qışqırıb pulu olmadığını və bu gün ustaların da, fəhlələrin də gəldiyini və onları qovduğunu bildirdi. Bundan sonra başa düşmüşdür ki, Calaləddin borcu qaytarmaq istəmir. Bununla əlaqədar Abşeron rayon Polis İdarəsinə şikayət etsə də, ona bu məsələnin mülki iddia olduğu üçün məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Mülki Məcəllədə nəzərdə tutulmuş qaydada satıcı malı vermək, alıcı isə onun dəyərini ödəmək vəzifəsini daşıyır. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələb etmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən 7 gün müddətində icra etməyə borcludur. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən bir müddət sonra ödənilməsinin nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə hal nəzərdə tutulmadıqda isə, Mülki Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Əşyaların nisyə satışı, satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi yenidən hesablaşmaya səbəb olmur. Alıcı müqaviləni nəzərdə tutulan müddətdə icra etmədikdə, müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək faiz ödəməlidir. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti də əşyanın nisyə satıldığı haqda müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddəti və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601-ci maddəsində nəzərdə tutulmuş qaydada şifahi müqavilə əsasında birgə razılığa gələrək, onun sexə mal gətirməsini və Calaləddinin nə qədər borclu qaldığını həmin sexdə işləyən X15 da təsdiq edə bilər. Lakin, X10 nisyə aldığı malın dəyərinin ödəməkdən imtina edir. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı X9 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin olunması və cavabdeh X3 13200 manat məbləğində borcun tutularaq ona ödənilməsi barədəqətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı X2 cavab olaraq bildirdi ki, onunla cavabdeh X6 arasında heç bir yazılı müqavilə olmamışdır. O, şifahi razılaşma əsasında 2015-ci ilin aprel-may aylarından 2019-cu ilin mart ayına kimi cavabdeh X6 işlətdiyi Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən üzlük daşların emalı sexinə daş gətirmiş və gətirdiyi daşların pulunun bir hissəsini alsa da, qalan hissəsini ala bilməmişdir. Cavabdeh aldığı daşların pullarını ona hissə-hissə vermiş və sonuncu dəfə isə cavabdeh təxminən il yarım əvvəl ona 20-50 manat məbləğində pul vermişdir. Onların arasında olan daş alqı-satqısı ilə əlaqədar heç bir yazılı və imzalanmış sənədləri olmasa da, o, bununla bağlı özünün kitabçasında qeydiyyatlar aparmışdır. Məhkəmə iclasında cavabdeh X10 iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, o, hüquqi şəxs yatarmadan fərdi sahibkar kimi Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yerləşən üzlük daşların emalı sexinin icarəçisi olmuş və həmin sexin fəaliyyət göstərdiyi 2015-ci ildə iddiaçı X1 gətirdiyi daşları alaraq, aldığı daşların keyfiyyətinə, ölçüsünə və digər hallarına uyğun razılaşdıqları pulu iddiaçıya ödəmişdir. Bu alqı-satqı ilə bağlı onların arasında heç bir yazılı müqavilə və sair yazılı sənədlər olmasa da, o, iddiaçıdan, eləcə də qeyri şəxslərdən aldığı daşların və həmin daşların pulunun ödənilməsinin hesabatını öz kitablarında qeyd etmişdir. Aralarında olan şifahi razılaşmaya əsasən o, iddiaçıdan aldığı daşların dəyərini hissə-hissə olmaqla, tam ödəmiş və onun iddiaçıya heç bir borcu qalmamışdır. İddiaçının iddia ərizəsində yazdıqları və məhkəmə iclasında guya borcunun olması barədə dedikləri isə tamamilə əsassızdır və böhtandır. İddiaçı bununla əlaqədar polisə şikayət etmiş olsa da, sonuncunun şikayəti təsdiqini tapmamışdır. Çünki, o, iddiaçı X4 yalnız 2015-ci ildə daş almış və həmin aldığı daşların da pulunu tam ödəmişdir. Sexin işləməsi ilə əlaqədar o, 2016-2017-ci illərdə daşı başqa şəxslərdən, birbaşa karxanalardan almış, 2018-2019-cu illərdə isə sexin elektrik enerjisi ilə təmin olunmasında yaranmış problemlərə görə sexi işlədə bilməmiş və buna görə də, 2019-cu ildə məcbur olub sexi təhvil vermişdir. Yəni, o, iddiaçıdan yalnız 2015-ci ildə daş alaraq pulunu tam ödəmiş, 2016, 2017, 2018 və 2019-cu illərdə isə ondan heç bir daş almamışdır. Hesab edir ki, sexin rəhbərliyi tərəfindən öyrədildiyi üçün iddiaçı ona qarşı belə böhtan xarakterli şikayətlər edir. Buna görə də, tamamilə əsassız olduğu üçün iddiaçı X5 ona qarşı vermiş olduğu borc tələbi barədə iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iddia tələbi üzrə aparılan məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı X9 (VÖEN **********) ilə hüquqi şəxs yatarmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdeh X10 (VÖEN **********) arasında şifahi razılaşma əsasında daş alqı-satqısı üzrə münasibətlər olmuşdur. Yəni, şərtləri şifahi qaydada razılaşma əsasında müəyyən olunmuş münasibətlər əsasında iddiaçı X9 yük maşını ilə cavabdeh X6 icarədarı olduğu Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yerləşən üzlük daşların emalı sexinə karxanadan daş gətirərək təhvil vermiş, sonuncu isə həmin daşların pulunu hissə-hissə ödəmişdir. Lakin, bu razılaşma və həmin razılaşma əsasında baş tutmuş əməliyyatlar mötəbər sübut hesab edilə biləcək hər hansı bir sənədlə (yazılı müqavilə, qəbz, iltizam, akt və s. yazılı sənədlərlə) rəsmiləşdirilməmişdir. Eyni zamanda, qeyd etmək lazımdır ki, iddia ərizəsinin tələb hissəsində cavabdehdən “13200 (on üç min iki yüz) manat məbləğində borcun” tutulması tələb olunsa da, həmin iddia ərizəsinin məzmununda, yəni tələbin əsaslandırıldığı hissədə iddiaçıya “X6 12300 (ön iki min üç yüz) manat borcu qaldığı” yazılmış və bununla da, iddia tələbi həmin məbləğin ödənilməməsi ilə əsaslandırılmışdır. Məhkəmə iclaslarında tərəflər aralarındakı daş alqı-satqısı ilə bağlı ziddiyyətli izahatlar verərək, bu alqı-satqının aparıldığı müddəti (tarixi) və pulunun ödənilməsi barədə bir-birlərini təkzib edən ziddiyyətli fikirlər söyləmişlər. Yəni, iddiaçı X9 məhkəmə iclaslarında vermiş olduğu izahatlarında “2015-ci ilin aprel-may aylarından 2019-cu ilin mart ayına kimi” cavabdeh X6 işlətdiyi Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən üzlük daşların emalı sexinə daş gətirdiyini (məhkəməyə təqdim edilmiş iddia ərizəsində isə onun “2016-cı ilin dekabr ayında Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən üzlük daşların emalı sexini icarəyə götürmüş X10 ilə tanış olduğu” və bundan sonra aralarında baş tutmuş razılaşma əsasında sonuncuya daş gətirdiyi yazılmışdır) və gətirdiyi daşın pulunun bir hissəsini almadığını göstərsə də, cavabdeh X10 izahatlarında “iddiaçı X4 yalnız 2015-ci ildə daş aldığını və həmin aldığı daşların da pulunu tam ödədiyini” bildirmişdir. İddia ərizəsi ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuş cavabdeh X10 tərəfindən Abşeron rayon Polis İdarəsinə verilmiş xx xxxx 2019-cu il tarixli izahatın məzmunu ilə də müəyyən olunur ki, sonuncu həmin izahatında da iddiaçı X4 almış olduğu daşların pulunu ödədiyini və heç bir borcu qalmadığını bildirmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı X5 məhkəməyə təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilən “kitabça”dan görünür ki, həmin “kitabça”da müxtəlif rəqəmlər qeyd olunmasına baxmayaraq, həmin rəqəmlərdə daşların verilməsi və pulunun alınması tarixləri qeyd olunmamış və ümumiyyətlə, həmin qeydlər hazırkı mübahisəni həll edə biləcək səviyyədə aydın tərtib edilməmişdir. Yəni, iddiaçının təqdim etmiş olduğu həmin “kitabça”da olan qeydlər əsasında məlum razılaşma əsasında cavabdeh tərəfə daşların verilməsi tarixlərini, verilmiş daşlara görə hansı tarixlərdə pul ödənilməsi və hansı məbləğlərdə ödənilməmiş pulların qalmasını müəyyən etmək mümkün olmamışdır (məhkəmə iclasında “kitabça”nın iddiaçının mübahisəyə aid olduğu dediyi səhifələrin surəti çıxarılaraq iş materiallarına əlavə edilmişdir). Məhkəmə araşdırması zamanı cavabdeh X6 məhkəməyə təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilən iki ədəd “kitab”dan görünür ki, həmin “kitab”larda onun məlum sexin işlədilməsi ilə əlaqədar müxtəlif şəxslərdən, eləcə də iddiaçı X4 aldığı daşların hesabatı aparılmışdır. Həmin qeydlər əsasında cavabdeh X10 bildirmişdir ki, o, iddiaçıdan yalnız 2015-ci ildə daş almış və həmin daşların da pulunu ödəmişdir (məhkəmə iclasında “kitab”ların cavabdehin mübahisəyə aid olduğu dediyi səhifələrin surəti çıxarılaraq iş materiallarına əlavə edilmişdir). Məhkəmə araşdırması zamanı iddia tələbinin sübut edilməsi ilə əlaqədar iddiaçı tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsi ilə X6 işlətdiyi Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən üzlük daşların emalı sexinə X5 daş gətirməsi təsdiq olunsa da, iddiaçı X9 ilə cavabdeh X10 arasında məlum daş alqısatqısının tarixləri, alınmış daşların pulunun tam ödənilib-ödənilməməsi və bu alqı-satqı üzrə cavabdehin iddiaçıya borcunun qalıb-qalmaması barədə olan ziddiyyətləri aradan qaldırmaq mümkün olmamışdır. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatlarına və şahidin ifadəsinə əsasən iddiaçı X9 ilə cavabdeh X10 arasında şifahi razılaşma əsasında daş alqı-satqısı ilə bağlı münasibətlərin mövcud olması təsdiq edilmiş olsa da, həmin münasibətlər üzrə cavabdehin almış olduğu daşlara görə iddiaçıya 13200 (on üç min iki yüz) manat məbləğində borcunun qalması mötəbər sübutlar əsasında sübut olunmamışdır. Qeyd etmək lazımdır ki, iddiaçı tərəf iddia tələbinin sübutu kimi özünün tərtib etdiyi qeydlərin olduğu “kitabça”nı məhkəməyə təqdim etmiş olsa da, mötəbərliliyi müəyyən olunmadığı üçün həmin “kitabça”da olan qeydlər əsasında iddia tələbinin əsaslılığının müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinadetdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair xx xxxx 2019-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan - iddia tələbini təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmalı və məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddia tələbi sübut edilməli idi. Lakin, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddia tələbi, yəni cavabdehin “iddiaçıya 13200 (on üç min iki yüz) manat məbləğində borcunun qalması” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq sübut edilməmişdir. Qeyd etmək lazımdır ki, məhkəmə araşdırması zamanı iddiaçı X8 iddia tələbini sübut etməli olması izah edilmiş və bununla əlaqədar iddiaçıya zəruri əlavə sübutlar təqdim etməsi təklif edilərək, məhkəmə iclasları təxirə salınmaqla, bunun üçün iddiaçı tərəfə müvafiq şərait yaradılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiaçı X5 cavabdeh X7 qarşı “borcun tutulması” barədə iddia tələbi sübuta yetmədiyi üçün təmin edilməməlidir. Eləcə də, hazırkı iddia ərizəsi üzrə iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X5 cavabdeh X7 qarşı “borcun tutulması” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar