Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-37/2024 06.02.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə 5820,7 (beş min səkkiz yüz iyirmi manat yetmiş qəpik) manat məbləğində əsas borc, 1035,9 (min otuz beş manat doxsan qəpik) manat məbləğində faiz borcu və 199 (yüz doxsan doqquz) manat məbləğində cərimə olmaqla, cəmi 7055,60 (yeddi min əlli beş manat altmış qəpik) manat məbləğində borcun və 105 (yüz beş) manat məbləğində ödənilmiş mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 noyabr 2021-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialından 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. 11 noyabr 2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq 11 noyabr 2021-ci il tarixdə Cavabdeh2 və Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. 11 noyabr 2021-ci il tarixli tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh3 "xxxx" Açıq Səhmdar Cəmiyyətindən illik 25% olmaqla 24 ay müddətinə 4000 (dörd min) manat məbləğində kredit götürmüşdür. 06 iyun 2023-cü il tarixədək Cavabdeh3 banka 11 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 5820,7 (beş min səkkiz yüz iyirmi manat yetmiş qəpik) manat əsas borc, 1035,9 (min otuz beş manat doxsan qəpik) manat faiz borcu və 398 (üz yüz doxsan səkkiz) manat cərimə borcu olmaqla, cəmi 7254,6 (yeddi min iki yüz əlli dörd manat altmış qəpik) manat borcu vardır. Cavabdeh3 həmin kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 398 (üz yüz doxsan səkkiz) manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 199 (yüz doxsan doqquz) manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli e-2-2(119)- 1050/2023 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. 27 oktyabr 2023-cü il tarixdə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “iddia ərizəsinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edilərək bildirilmişdir ki, iddia ərizəsinin 1-ci abzasında texniki səhvə yol verilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı ASC-nin “Sumqayıt” filialından 120 ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. 12 mart 2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq 12 mart 2021-ci il tarixdə Cavabdeh2 və 11 noyabr 2021-ci il tarixdə X2 ilə zaminlik müqavilələri bağlanmışdır. 11 noyabr 2021-ci il tarixli tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı ASC-dən illik 23% olmaqla 30 ay müddətinə 8000 (səkkiz min) manat məbləğində kredit götürmüşdür. 16 noyabr 2023-cü il tarixli məhkəmə baxış iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 05 fevral 2024-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edilərək iş həcminin çoxluğunu nəzərə alıb məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. 30 oktyabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh3 izahatında əsas borc məbləği ilə razılaşdığını, faiz borcu və cərimə isə artıq hesablandığı üçün həmin hissədə iddia tələbini qəbul etmədiyini bildirmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini, “iddia ərizəsinin dəqiqləşdirilməsi barədə” ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 12 mart 2021ci il tarixli 4-MZ-2-0-1976-21 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən kredit limiti üzrə faiz dərəcəsi 30 % olmaqla 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 12 mart 2021ci il tarixli 4-MZ-2-0-1976-21 nömrəli zaminlik müqaviləsinə əsasən 12 mart 2021-ci il tarixli 4-MZ-2-0-1976-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh3 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh2 öz üzərinə götürmüşdür. - 11 noyabr 2021-ci il tarixli 4-MZ-2-0-1976-21/2 nömrəli kreditin verilməsinə dair müqaviləyə əsasən Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən biznes məqsədi ilə aylıq faiz dərəcəsi 1,92 %, FİFD 23,44 % olmaqla 30 (otuz) ay müddətinə 8000 (səkkiz min) manat məbləğində kredit götürmüşdür. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 11 noyabr 2021-ci il tarixli Z/11529/21 nömrəli zaminlik müqaviləsinə əsasən 11 noyabr 2021-ci il tarixli 4-MZ-2-0-1976-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh3 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh1 öz üzərinə götürmüşdür. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh3 arasında bağlanmış 11 noyabr 2021-ci il tarixli 4-MZ-2-0-1976-21 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə 11 noyabr 2021-ci il tarixli əlavə sazişə əsasən müqavilənin 10-cu bəndinə əlavə edilərək kredit limitinin təminatı kimi Cavabdeh3 məxsus olan 4-415945-1 nömrəli hesaba gələcəkdə 400000 manat məbləğində mədaxil olunacaq pul vəsaitinin girovu (11 noyabr 2021-ci il tarixli GV/03983/21 nömrəli müqavilə) və 21 yanvar 2022-ci il tarixli Z/00913/22 nömrəli zaminlik müqaviləsi əsasında Cavabdeh1 tərəfindən verilən zaminlik göstərilmişdir. - 11 noyabr 2021-ci il tarixli 4-MZ-2-0-1976-21/2 nömrəli kredit müqaviləsinə 11 noyabr 2021-ci il tarixli 1 saylı Əlavəyə əsasən borcalan Cavabdeh3 banka olan borcunun sonuncu ödəniş tarixi 11 may 2024-cü il olmaqla müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuş və həmin ödəniş cədvəlini borcalan Cavabdeh3 imza etmişdir. - iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş borc haqqında arayışından görünür ki, Cavabdeh3 11 noyabr 2021-ci il tarixli tarixli 4-MZ-2-0-1976-21/2 nömrəli kredit verilməsinə dair razılaşma üzrə 20 iyun 2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 5820,7 (beş min səkkiz yüz iyirmi manat yetmiş qəpik) manat məbləğində əsas, 1035,9 (min otuz beş manat doxsan qəpik) manat məbləğində faiz və 398 (üz yüz doxsan səkkiz) manat məbləğində cərimə borcu vardır. - 06 yanvar 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərdən 5 gün müddətində banka olan borclarını tam ödəmələri, əks təqdirdə borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 16 yanvar 2024-cü il tarixli 9/9808 nömrəli ekspert rəyində göstərilir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 11 noyabr 2021-ci il tarixli, 4MZ-2-0-1976-21/2 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh3 İddiaçı ASC-yə 06 yanvar 2023-cü il tarixə olan borcu əsas borc üzrə 6032,02 (altı min otuz iki manat iki qəpik) manat, faiz borcu üzrə 360,25 (üç yüz altmış manat iyirmi beş qəpik) manat, maliyyə arayışında qeyd edilən tarixə yəni 20 iyun 2023-cü il tarixə olan borcu əsas borc üzrə 6032,02 (altı min otuz iki manat iki qəpik) manat, faiz borcu üzrə 1047,23 (min qırx yeddi manat iyirmi üç qəpik) manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında 11 noyabr 2021-ci il tarixli, 4MZ-2-0-1976-21/2 №-li kredit müqaviləsinin bəndində cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh3 cərimə hesablanmamışdır. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 100 (yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh3 11 noyabr 2021-ci il tarixli 4-MZ-2-0-1976-21/2 nömrəli kreditin verilməsinə dair müqavilə üzrə öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də həmin kredit müqaviləsi üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış borc Cavabdeh3 tutulmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 11 noyabr 2021-ci il tarixli 4-MZ-2-0-1976-21/2 nömrəli kreditin verilməsinə dair müqavilə üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən iddia tələbi və cavabdeh tərəfin mənafeyi nəzərə alınaraq əsas borcun məbləği məhkəmə-mühasibatlıq ekspertizasının 16 yanvar 2024-cü il tarixli 9/9808 nömrəli ekspert rəyində müəyyən edilmiş nəticəyə əsasən deyil, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, 16 yanvar 2024-cü il tarixli 9/9808 nömrəli ekspert rəyində Cavabdeh3 ilə bağlanmış 11 noyabr 2021-ci il tarixli 4-MZ-2-0-1976-21/2 nömrəli kreditin verilməsinə dair müqavilə üzrə əsas borcun 6032,02 (altı min otuz iki manat iki qəpik) manat olması müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5820,7 (beş min səkkiz yüz iyirmi manat yetmiş qəpik) manat məbləğində əsas borcun tutulması tələb olunur. Ona görə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq kredit razılaşması üzrə iddia tələbində göstərilən məbləğdə, yəni 5820,7 (beş min səkkiz yüz iyirmi manat yetmiş qəpik) manat məbləğində əsas borc tutulmalıdır. Çünki, iddia tələbi üzrə hesablanmış əsas borcun məbləği ekspert rəyində hesablanmış məbləğdən az məbləğdədir və bu səbəbdən də, həmin kredit müqaviləsi üzrə əsas borcun tutulmasında ekspert rəyində müəyyən edilmiş nəticə nəzərə alınmayaraq, iddia tələbi üzrə 5820,7 (beş min səkkiz yüz iyirmi manat yetmiş qəpik) manat məbləğində əsas borc tutulmalıdır. İddiaçı iddia qaldırarkən istinad etdiyi borc haqqında arayışda 20 iyun 2023-cü il tarixinə 1035,9 (min otuz beş manat doxsan qəpik) manat məbləğində faiz hesablandığını bildirmişdir. Məhkəmə qeyd edir ki, kreditorun borclulara xəbərdarlıq məktubu göndərərək bütün borcu qaytarmalarını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Buna görə kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin (əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, ən azı illik beş faizin) ödənilməsini borcludan tələb edə bilər. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən borcun müvafiq qaydada ödənilməsi barədə cavabdehlərə 06 yanvar 2023-cü il tarixdə xəbərdarlıq məktubunun göndərilməsi nəzərə alınmalı və 16 yanvar 2024-cü il tarixli 9/9808 nömrəli ekspert rəyi mötəbər sübut olaraq əsas götürülərək rəydə 06 yanvar 2023-cü il tarixə hesablanmış 360,25 (üç yüz altmış manat iyirmi beş qəpik) manat məbləğində faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 12 mart 2021-ci il tarixli 4-MZ-2-0-1976-21 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 və 11 noyabr 2021-ci il tarixli Z/11529/21 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə borcalanla birgə məsuliyyəti öz üzərilərinə götürür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddianın "199 (yüz doxsan doqquz) manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada cəmi 100 (yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 105 (yüz beş) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Sumqayıt 1 saylı Mediasiya təşkilatının 17 iyul 2023-cü il tarixli MŞS/MT030/2023-01328 nömrəli arayışından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 100 (yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Buna görə də iddia tələbi həmin hissədə də qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən mediatora ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5820,7 (beş min səkkiz yüz iyirmi manat yetmiş qəpik) manat məbləğində əsas borc, 360,25 (üç yüz altmış manat iyirmi beş qəpik) manat məbləğində faiz borcu, 100 (yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 6380,95 (altı min üç yüz səksən manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilməlidir. Bundan başqa iddianın təmin edilmiş hissəsinə uyğun olaraq hesablanmış 82,81 (səksən iki manat səksən bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5820,7 (beş min səkkiz yüz iyirmi manat yetmiş qəpik) manat məbləğində əsas borc, 360,25 (üç yüz altmış manat iyirmi beş qəpik) manat məbləğində faiz borcu, 100 (yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 6380,95 (altı min üç yüz səksən manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə 82,81 (səksən iki manat səksən bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-37/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-37/2024
06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver