Məhkəmə qərarları › İş №e-2-2(119)-370/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-370/2024

19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-370/2024 19.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh, eyni zamanda digər Cavabdeh2 qanuni təmsilçisi Cavabdeh4 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2nə, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh2nə, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 MMC ilə aralarında bağlanmış 17 yanvar 2020-ci il tariхli 101842-840283/1 nömrəli krеdit müqaviləsi üzrə 8082,81 (səkkiz min səksən iki manat, səksən bir qəpik) manat məbləğində əsas bоrc, 2327,25 (iki min üç yüz iyirmi yeddi manat, iyirmi beş qəpik) manat məbləğində faiz borcu оlmaqla, cəmi 10410,06 (on min dörd yüz on manat, altı qəpik) manat məbləğində borcun, həmçinin 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və borcalan Cavabdeh2 MMC arasında bağlanmış 17 yanvar 2020 il tariхli 101842-840283/1 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə illik 24% dərəcəsi ilə 15000 (on beş min) manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdehlər Cavabdeh4 arasında 17 yanvar 2020-ci il tariхli 101842-840283/1/3 nömrəli və Cavabdeh3 arasında 17 yanvar 2020 il tariхli 101842-840283/1 nömrəli zaminlik müqavilələri bağlanılmışdır. Sonradan borcalan Cavabdeh2 MMC-nin ərizəsi əsasında 17 yanvar 2020-ci il tariхli 101842-840283/1 nömrəli krеdit müqaviləsi restrukturizasiya olunaraq, bankla Cavabdeh2 MMC arasında kredit müqaviləsinə 29 dekabr 2020-ci il tarixli 1 nömrəli Əlavə Razılaşma bağlanılaraq kredit müqaviləsinin müddəti 24 aydan 48 ayadək uzadılmış və cavabdehə yeni ödəniş cədvəli təqdim edilmişdir. Eyni zamanda bankla cavabdehlər Cavabdeh4 və Cavabdeh3 arasında 17 yanvar 2020 il tariхli zaminlik müqavilələri üzrə ayrı-ayrılıqda 29 dekabr 2020-ci il tarixli 01 nömrəli Əlavə Razılaşmalar və digər Cavabdeh1 arasında 29 dekabr 2020 il tariхli 101842-840283/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı qaydada хəbərdarlıq edilsə də, onlar banka olan borclarını ödəməmişlər. 09 yanvar 2024-cü il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 8082,81 manat məbləğində əsas bоrcu və 2327,25 manat faiz borcu оlmaqla, ümumilikdə 10410,06 (on min dörd yüz on manat, altı qəpik) məbləğində kredit bоrcu yaranmışdır. Mübahisənin mediasiya qaydasında həllinə cəhd edilməsi də hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh, eyni zamanda digər Cavabdeh2 qanuni təmsilçisi Cavabdeh4 28 mart 2024-cü il tarixində vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilərək keçirilməsini xahiş etmişdir və vəsatəti bununla əsaslandırmışdır ki, pandemiya dövründə Cavabdeh2 MMC fəaliyyət göstərməmiş, bu dövrdə Azərbaycan Respublikası Mərkəzi Bankı banklara müvafiq göstərişlər vermişdir ki, verilmiş kreditlər üzrə əlavə faizlər hesablanmasın. İddiaçı ilə bağladıqları 17 yanvar 2020ci il tarixli kredit müqaviləsinin həmin vaxt restrukturizasiya edilməsinə ehtiyac olmamışdır, çünki MMC-nin fəaliyyət göstərə bilməməsi nəzərə alınmaqla bank tərəfindən kredit müqaviləsi restrukturizasiya olunmamalıydı. Yəni həmin restrukturizasiya ilə əlaqədar bağlanmış Əlavə Razılaşma əsassız və qanunsuzdur. Dövlət tərəfindən pandemiya ilə əlaqədar sahibkarlara maliyyə yardımları edilirdi. Bununla əlaqədar Cavabdeh2 MMC-yə ayrılmış vəsait iddiaçı tərəfindən əsassız olaraq kreditin ödənişinə yönəldilmişdir ki, bu da qanunvericiliyə ziddir. Yəni dövlətin sahibkara etdiyi yardım bank tərəfindən mənimsənilərək ona ikinci dəfə zərbə vurulmuşdur. Məhkəməyə təqdim edilən iddia ərizəsində həm əsas borcun, həm faiz borcunun məbləğləri düzgün hesablanmamışdır. Cavabdeh2 MMC-nin rəhbəri kimi onun tərəfindən iddiaçının yol verdiyi qanunsuzluqlarla bağlı Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edilmiş, araşdırma zamanı Mərkəzi Bank tərəfindən iddiaçıdan müvafiq məlumatlar tələb edilmişdir. İddiaçı 26 yanvar 2024-cü il tarixdə KB-119/2-24/2024 saylı məktubla banka cavab məktubu göndərmiş və həmin məktubda qeyd edilmişdir ki, Cavabdeh2 MMC əsas borc üzrə 10366,16 manat, faiz borcu üzrə 8876,12 manat məbləğində ödənişlər etmişdir. Eyni zamanda müştərinin 10496.29 manat (əsas borc 8082,81 manat, faiz borcu 1351,70 manat, cərimə borcu 1061,78 manat) borcu vardır. Bundan bir ay sonra məhkəməyə verilən iddia ərizəsində isə əsas borc üzrə 8082,81 manat, faiz borcu üzrə 2327,25 manat tələb edilməkdədir. Bu da onu deməyə əsas verir ki, bankın hesablamaları real deyildir. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmiş məbləğlərlə iddia ərizəsində qeyd edilmiş məbləğlər arasında mövcud fərqlərin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh, eyni zamanda digər Cavabdeh2 qanuni təmsilçisi Cavabdeh4 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı təşkilat tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş məktubda qeyd edilmiş borc məbləğləri ilə iddia ərizəsində tələb olunan məbləğlər arasında fərq mövcuddur. Belə ki, həmin məktubda 8082 manat məbləğində əsas borc, 1351 manat məbləğində faiz borcu, 1061 manat məbləğində cərimə borcu qeyd edilməsinə baxmayaraq, hazırkı iddia ərizəsində 2327 manat məbləğində faiz borcu qeyd edilmişdir. Yəni iddiaçı təşkilat məhkəmə tərəfindən cərimənin azaldılması ehtimalını nəzərə alaraq, cəriməni də faiz borcu kimi tələb etmişdir. Pandemiya dövründə dövlət tərəfindən maddi dəstək məqsədilə Cavabdeh2 MMC-nin fəaliyyəti üçün müəyyən məbləğdə pul ayrılmışdır. İddiaçı təşkilat həmin məbləği borcdan tutmuşdur. Halbuki Cavabdeh2 MMC-nin adına dövlət tərəfindən nə qədər pul ayrılması, borcdan hansı məbləğdə pulun silinməsi bugünə qədər ona məlum deyildir. Ötən məhkəmə iclasında iddiaçı təşkilatın nümayəndəsinə bildirmişdir ki, əgər 24 aya görə 4000 manat məbləğində faiz borcu ödənilməli idisə, 48 aya görə 8000 manat məbləğində faiz borcu hesablanmaldır. Lakin hazırda təxminən 10000 manat məbləğində borc hesablanmış və tələb edilməkdədir. 2020-ci ilin noyabr ayında banka zamin Səbinə xanımın zaminlikdən çıxarılması və onun əvəzinə Cavabdeh1 zamin olması üçün müraciət etmişdir. İddiaçı təşkilatın əməkdaşı faiz borcu üzrə müəyyən məbləğdə ödəniş həyata keçirməli olduğunu və bu halda zaminin dəyişdirilməsinə yol veriləcəyini bildirmişdir. Bununla əlaqədar təxminən 3000 manat məbləğində ödəniş edərək iddiaçı təşkilatın əməkdaşına etibar etdiyinə görə müəyyən sənədlərlə tanış olmadan onlara imza çəkmişdir. Müqavilənin restrukturizasiya edilməsi üçün iddiaçı təşkilata müraciət etməmişdir. Necə ola bilər ki, zamin Cavabdeh1 ilə müqavilənin bağlandığı tarix və müqavilənin restrukturizasiya edildiyi tarix eyni olsun?! İddiaçı təşkilat bu məsələdə onu aldatmışdır. Həmçinin 5 ay müddətində 300 manat məbləğində ödənişlər həyata keçirdikdən sonra iddiaçı təşkilata müraciət edərək 48 ay müddətinə faizlərin hesablanmalı olduğunu, digər hesablamanın qeyri-qanuni olduğunu bildirmişdir. Cavabdeh, eyni zamanda digər Cavabdeh2 MMC-nin qanuni təmsilçisi göstərdiyi hallara əsasən iddia ərizəsi ilə razı olmadığını qeyd etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli 101842-840283/1 nömrəli kredit müqaviləsinin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, bank (İddiaçı ASC) borcalana (Cavabdeh2 MMC-yə) 24 ay müddətinə 15000 (on beş min) manat məbləğində krеdit vеrməyi, borcalan isə verilmiş kerditi qəbul edib müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi, krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 24 faiz dərəcəsi ilə hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 4.1.2-ci yarımbəndinə əsasən, borcalanın kreditinin əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş tarixlərdə, eyni zamanda ödənişi gecikdirilmiş və ya vaxtı keçmiş əsas, faiz və cərimə borclarının ödənilməsi üçün zəruri olan vəsaiti borcalanın bankda olan bütün hesab(lar)ından akseptsiz qaydada silmək bankın hüququdur. İş materiallarında olan 101842-840283/1 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 MMC-nin banka olan borcunun həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 17 yanvar 2022-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İddiaçı ilə cacabdeh Cavabdeh4 arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli 101842-840283/1/3 zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh4 borcalanın 17 yanvar 2020-ci il tarixli 101842-840283/1 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürür. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli 101842- 840283/1 zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh3 borcalanın 17 yanvar 2020-ci il tarixli 101842-840283/1 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürür. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 29 dekabr 2020-ci il tarixli 101842- 840283/1 zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 borcalanın 17 yanvar 2020-ci il tarixli 101842-840283/1 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürür. İş materiallarına əlavə edilmiş 29 dekabr 2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 MMC-nin direktoru (Cavabdeh4) banka ərizə ilə müraciət edərək 17 yanvar 2020-ci il tarixli 101842-840283/1 nömrəli kredit müqaviləsi üzrə ödənişlərdə çətinlik yarandığı üçün restrukturizasiya edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli 101842- 840283/1 nömrəli kredit müqaviləsinə 29 dekabr 2020-ci il tarixli 1 nömrəli Əlavə Razılaşmaya əsasən 17 yanvar 2020-ci il tarixli 101842-840283/1 nömrəli kredit müqaviləsinin mətnində dəyişiklik edilmiş, tərəflər bu Əlavə Razılaşma imzalandığı tarixdən müqavilə üzrə gecikdirilmiş əsas borcun kapitallaşdırılaraq güzəşt müddətindən sonrakı aylara bərabər hissələrə bölünməsi, 6 (altı) ay əsas borcun ödənişinə möhlət vaxtı verilməsi, kredit ödənişlərinin kredit müqaviləsinin müddəti çərçivəsində aylıq ödənişin yeni ödəniş cədvəlinə əsasən hesablanması, müqavilənin 1.2-ci bəndindəki “24 (iyirmi dörd) ay" sözünün 48 (qırx səkkiz) ay sözləri ilə əvəz olunması və müqavilənin bu Əlavə ilə toxunulmayan bütün digər bəndlərinin qüvvədə qalması barədə razılığa gəlmişlər. Həmin 1 nömrəli Əlavə Razılaşmaya əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 MMC-nin banka olan borcunun həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 17 yanvar 2024-cü il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İddiaçı ilə Cavabdeh2 MMC və zamin Cavabdeh4 arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli 101842-840283/1/3 nömrəli zaminlik müqaviləsinə 29 dekabr 2020-ci il tarixli 1 nömrəli Əlavə Razılaşmanın 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, 17 yanvar 2020-ci il tarixli 101842-840283/1/3 nömrəli zaminlik müqaviləsinin 2.1-ci bəndindəki “24 (iyirmi dörd) ay" sözü 48 (qırx səkkiz) ay sözləri ilə əvəz edilmiş və müqavilənin bu Əlavə ilə toxunulmayan bütün digər bəndləri qüvvədə qalmışdır. İddiaçı ilə Cavabdeh2 MMC və zamin Cavabdeh3 arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli 101842-840283/1 nömrəli zaminlik müqaviləsinə 29 dekabr 2020-ci il tarixli 1 nömrəli əlavə razılaşmanın 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, 17 yanvar 2020-ci il tarixli 101842-840283/1 nömrəli zaminlik müqaviləsinin 2.1-ci bəndindəki “24 (iyirmi dörd) ay" sözü 48 (qırx səkkiz) ay sözləri ilə əvəz edilmiş və müqavilənin bu Əlavə ilə toxunulmayan bütün digər bəndləri qüvvədə qalmışdır. İş materiallarında olan 09 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalanın (Cavabdeh2 MMC-nin) 09 yanvar 2024-cü il tarixinə banka 8082,81 manat məbləğində əsas borcu, 2327,25 manat məbləğində faiz borcu olmaqla, cəmi 10410,06 manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 21 oktyabr 2024-cü il tarixli 9/4453 nömrəli ekspert rəyində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh2 MMC ilə İddiaçı ASC arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli 101842-840283/1 nömrəli kredit müqaviləsi üzrə borcalanın 09 yanvar 2024-cü il tarixə əsas borcu 9073,53 manat, faiz borcu üzrə 1051,93 manat müəyyən olunur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təsvir olunanlarla müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında 17 yanvar 2020-ci il tarixli 101842-840283/1 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə sonuncuya 24 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmiş, cavabdeh həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək ödənilməli olan əsas və faiz borclarını tam ödəmədiyindən 29 dekabr 2020-ci il tarixli 1 nömrəli Əlavə Razılaşma əsasında həmin kredit müqaviləsi restrukturizasiya edilərək gecikdirilmiş əsas borcun kapitallaşdırılaraq güzəşt müddətindən sonrakı aylara bərabər hissələrə bölünməsi, aylıq ödənişin yeni ödəniş cədvəlinə əsasən hesablanaraq son ödəniş tarixinin 17 yanvar 2024-cü il tarixi olması tərəflər arasında razılaşdırılmışdır. Cavabdeh tərəfindən 29 dekabr 2020-ci il tarixli 1 nömrəli Əlavə Razılaşmanın da şərtləri müvafiq qaydada yerinə yetirilməmiş, yəni iddiaçıdan alınmış kredit müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarılmamış, nəticədə onun sözügedən kredit müqaviləsi və ona edilmiş 1 nömrəli Əlavə Razılaşma üzrə 8082,81 manat məbləğində əsas borcu yaranmışdır. Cavabdeh2 MMC öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, onunla birlikdə, həmçinin zaminlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 da iddiaçı ilə aralarında bağlanmış zaminlik müqavilələrinin şərtlərinə əsasən, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyətləri yaranmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı və Cavabdeh2 MMC arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli 101842-840283/1 nömrəli kredit müqaviləsi və ona edilmiş 29 dekabr 2020-ci il tarixli 1 nömrəli Əlavə Razılaşma üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən iddia tələbi və cavabdehin mənafeyi nəzərə alınaraq əsas borcun məbləği məhkəmə-mühasibatlıq ekspertizasının 21 oktyabr 2024-cü il tarixli 9/4453 nömrəli ekspert rəyində müəyyən edilmiş nəticəyə əsasən deyil, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, 21 oktyabr 2024-cü il tarixli 9/4453 nömrəli ekspert rəyində Cavabdeh2 MMC ilə bağlanmış kredit müqaviləsi üzrə 09 yanvar 2024-cü il tarixinə əsas borcun 9073,53 manat məbləğində olması müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən 8082,81 manat məbləğində əsas borcun tutulması tələb olunur (eyni məbləğ, həmçinin iş materiallarında olan iddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq vəzifəli şəxsinə ünvanlanmış 26 yanvar 2024-cü il tarixli KB- 119/2-24/2024 nömrəli məktubda da qeyd edilmişdir). Ona görə də Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq kredit müqaviləsi üzrə iddia tələbində göstərilən məbləğdə, yəni 8082,81 manat məbləğində əsas borc tutulmalıdır. Çünki iddia tələbi üzrə hesablanmış əsas borcun məbləği ekspert rəyində hesablanmış məbləğdən az məbləğdədir və bu səbəbdən də həmin kredit müqaviləsi üzrə əsas borcun tutulmasında ekspert rəyində müəyyən edilmiş nəticə nəzərə alınmayaraq, iddia tələbi üzrə 8082,81 manat məbləğində əsas borc tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 17 yanvar 2020-ci il tarixli 101842- 840283/1 nömrəli kredit müqaviləsi və 29 dekabr 2020-ci il tarixli 1 nömrəli Əlavə Razılaşma üzrə 8082,81 manat məbləğində əsas borcun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı və Cavabdeh2 MMC arasında bağlanmış kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən 21 oktyabr 2024cü il tarixli 9/4453 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalı, həmin kredit müqaviləsi üzrə 1051,93 manat məbləğində faiz borcu tutulmalıdır. Belə ki, iddia ərizəsində sözügedən kredit müqaviləsi üzrə 2327,25 manat məbləğində faiz borcunun tutulması xahiş edilsə də, 21 oktyabr 2024-cü il tarixli 9/4453 nömrəli ekspert rəyində faiz borcunun məbləği 1051,93 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh, eyni zamanda digər Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Cavabdeh4 iddiaçının Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş məktubda qeyd edilmiş borc məbləğləri ilə iddia ərizəsində tələb olunan məbləğlər arasında fərqlərin mövcud olması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının vəzifəli şəxsinə ünvanlanmış 26 yanvar 2024-cü il tarixli KB-119/2-24/2024 nömrəli həmin məktubda iddiaçı tərəfindən Cavabdeh2 MMC-nin 8082 manat məbləğində əsas borcunun, 1351,7 manat məbləğində faiz borcunun, 1061,78 manat məbləğində cərimə borcunun olduğu qeyd etmişdir. Bu halla bağlı, ilk növbədə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli 101842-840283/1 nömrəli kredit müqaviləsində və 29 dekabr 2020-ci il tarixli 1 nömrəli Əlavə Razılaşmada cavabdeh tərəfindən öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda cərimənin ödənilməsi nəzərdə tutulmamışdır. Sözügedən kredit müqaviləsinin 3.5-ci bəndində ödənişin silinməsi ardıcıllığında “cərimə faizləri” qeyd edilsə də, müqavilə və sonrakı Əlavə Razılaşmada öhdəliyin pozulması hallarında cərimənin (dəbbə pulunun, penyanın) hesablanması barədə hər hansı bənd mövcud deyildir. İkinci növbədə isə qeyd edilməlidir ki, məhkəmənin hazırkı qətnaməsi ilə gəldiyi nəticə, dolayısı yolla cavabdehin bu etirazında əldə etmək istədiyi nəticə ilə üst-üstə düşməkdədir. Çünki göründüyü kimi, məhkəmə kredit müqaviləsi üzrə cavabdehlərdən 8082 manat məbləğində əsas borcun və ekspert rəyində qeyd edilmiş 1051,93 manat məbləğində faiz borcunun tutulması qənaətinə gəlmişdir. Məhkəmə hesab edir ki, cavabdeh, eyni zamanda digər Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Cavabdeh4 digər dəlilləri - pandemiya ilə əlaqədar Cavabdeh2 MMC-nin adına dövlət tərəfindən ayrılmış pulun miqdarının və həmin puldan kredit borcuna hansı məbləğdə pulun silinməsinin bugünə qədər ona məlum olmaması, onun kredit müqaviləsinin restrukturizasiya edilməsi üçün iddiaçıya müraciət etməməsi və bu barədə sənədləri oxumadan imzalaması, o cümlədən zamin Cavabdeh1 ilə zaminlik müqaviləsinin bağlandığı tarixin və kredit müqaviləsinin restrukturizasiya edildiyi tarixin eyni olması kimi dəlilləri əsaslı deyildir. Bununla əlaqədar o da qeyd edilməlidir ki, iddiaçı və Cavabdeh2 MMC arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli 101842-840283/1 nömrəli kredit müqaviləsinin 4.1.2-ci yarımbəndində qeyd edilmişdir ki, borcalanın kreditinin əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş tarixlərdə, eyni zamanda ödənişi gecikdirilmiş və ya vaxtı keçmiş əsas, faiz və cərimə borclarının ödənilməsi üçün zəruri olan vəsaiti borcalanın bankda olan bütün hesab(lar)ından akseptsiz qaydada silmək bankın hüququdur. 29 dekabr 2020-ci il tarixli 1 nömrəli Əlavə Razılaşmanın oxunmadan imzalanması öhdəliyin icra edilməməsi üçün əsaslı səbəb hesab edilə bilməz, digər tərəfdən iş materiallarına əlavə edilmiş 29 dekabr 2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 MMC-nin direktoru (Cavabdeh4) tərəfindən banka müraciət edilərək 17 yanvar 2020-ci il tarixli 101842-840283/1 nömrəli kredit müqaviləsi üzrə ödənişlərdə çətinlik yarandığı üçün restrukturizasiya edilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Bundan başqa, iddia tələbinin ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarında olan 26 yanvar 2024-cü il tarixli MŞS/MT030/2024-00127 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışa əsasən müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdehlərlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən 210 manat məbləğində mediasiya xərci (200 manat mediasiya haqqı + 10 manat poçt xərci) ödənilmişdir. “Mediasiya haqqında” 29 mart 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin 210 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulması hissəsi təmin edilməli, yuxarıda göstərilənlər və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin əvəzi də cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2024-cü il tarixli 9/4453 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılan ekspertiza tədqiqatının dəyəri ümumilikdə 50 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda istinad edilən normalar nəzərə alınaraq hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 111,34 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehlərdən müştərək qaydada dövlət mədaxilinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 8082,81 (səkkiz min səksən iki manat, səksən bir qəpik) manat məbləğində əsas bоrc, 1051,93 (min əlli bir manat, doxsan üç qəpik) manat məbləğində faiz borcu və iddiaçı tərəfindən ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin əvəzi olmaqla, cəmi 9344,74 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti və 111,34 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2ndən, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 8082,81 (səkkiz min səksən iki manat, səksən bir qəpik) manat məbləğində əsas bоrc, 1051,93 (min əlli bir manat, doxsan üç qəpik) manat məbləğində faiz borcu və 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin əvəzi olmaqla, cəmi 9344,74 (doqquz min üç yüz qırx dörd manat, yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2ndən, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdehlər Cavabdeh2ndən, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 111,34 (yüz on bir manat, otuz dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar