Məhkəmə qərarları › İş №e-2-2(119)-375/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-375/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-375/2023 08.06.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı nümayəndəsi Buluşov Elçin Kamil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 01 mart 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (VÖEN **********) 08 may 2021-ci il tarixli Üzləşmə aktına əsasən ödənilməli olan 3331,59 (üç min üç yüz otuz bir dollar 59 sent) ABŞ dolları məbləğində pulun (ödəniş gününün məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), bu pulun gecikdirilməsinə görə hesablanmış 424,80 (dörd yüz iyirmi dörd manat 80 qəpik) manat məbləğində faizin və mediasiya xərci kimi ödənilmiş 100 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı Cavabdeh (VÖEN **********) satış məqsədi ilə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün satıcı İddiaçındən təhvil aldığı mal(lar) müqabilində yaranmış qalıq borcunu ödəmədiyindən tərəflər arasında kommersiya mübahisəsi yaranmışdır. Satıcı ilə Alıcı arasında tərtib edilmiş 08 may 2021-ci il tarixli üzləşmə aktına əsasən alıcı Cavabdeh iddiaçıya 3331,59 (üç min üç yüz otuz bir ABŞ dolları 59 sent) ABŞ dolları məbləğində ödənilməmiş qalıq borcu vardır. Üzləşmə aktından da göründüyü kimi, Cavabdeh İddiaçı MMC-dən satıb sonradan pulunu vermək şərti ilə ümumilikdə 35281 ABŞ dolları dəyərində malları təhvil almış, lakin 08 may 2021-ci il tarixə qədər iddiaçıya cəmi 31949,41 ABŞ dolları məbləğində pul ödəmişdir. Qalıq borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət edilsə də, nəticə əldə edilməmişdir. Cavabdehə borcun ödənilməsi ilə bağlı 29 iyul 2022-ci il tarixli 703/22 saylı bildiriş göndərilmiş, həmin bildirişi cavabdeh şəxsən 08 avqust 2022-ci il tarixdə qəbul etmişdir. Bildirişdə cavabdehdən borcun 7 təqvim günü ərzində ödənilməsi xahiş edilsə də, bu günə qədər cavabdeh bir manat da olsun ödəniş etməmişdir. Bundan sonra kommersiya mübahisəsinin mediator vasitəsilə həlli üçün mediasiyaya müraciət edilmiş, lakin cavabdehlə bu mərhələdə də razılıq əldə edilməmişdir. Nəticədə 17 noyabr 2022-ci il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi haqqında 21058 saylı arayış verilmişdir. Göründüyü kimi, məsələnin məhkəməyə qədər pretenziya qaydasında danışıqlar vasitəsilə və ya ilkin mediasiya sessiyasında həlli mümkün olmamış, bu səbəbdən də iddiaçı hazırda pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bir daha nəzərə çatdırılır ki, cavabdeh iddiaçıdan aldığı mallara görə yaranmış qalıq borcunu bu günə qədər ödəməmişdir və bu borcun mövcudluğu 08 may 2021-ci il tarixli Üzləşmə Aktına əsasən təsdiqlənmişdir. Cavabdeh həmin aktı imzalamaqla 3331,59 ABŞ dolları məbləğində borcunun olduğunu etiraf etmişdir. Cavabdeh iddia ərizəsinin surətini aldıqdan sonra borclu olduğu məbləği ödəyəcəyini bildirsə də, hələ də bu günə qədər hər hansı ödəniş olunmamışdır. Beləliklə, cavabdeh 2021-ci ilin may ayından etibarən ödəməli olduğu qalıq 3331,59 (üç min üç yüz otuz bir ABŞ dolları 59 sent) ABŞ dolları məbləğində pulu iddiaçıya ödəmir və artıq bir il yarımdan artıq müddətdir ki, həmin vəsaiti özündə saxlayır. Pul öhdəliyinin bu qədər müddət ərzində icra edilməməsinə görə, pulun dəyər itirməsi, inflyasiya nəzərə alınmaqla iddiaçının qaytarılmalı olan məbləğə illlik 5% olmaqla əlavə faiz hesablamaq hüququ vardır. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Belə olan halda 3331,59 ABŞ dolları məbləğində qalıq borcun bu günkü məzənnə ilə 5664 manata uyğun gəldiyini nəzərə alaraq, 18 ay üçün hesablanmış faiz məbləği (5564*5%=283,20/12=23,60*18=424,80 manat) 424,80 manat təşkil edir. Qeyd olunanlardan göründüyü kimi iddia əsaslıdır, buna görə də təmin edilərək cavabdehdən 3331,59 ABŞ dolları məbləğində qalıq borcun, ona dair hesablanmış 424,80 manat gecikdirilmə faizinin və mediasiya xərci kimi ödənilmiş 100 manat məbləğində pulun (mediasiya arayışında bu məbləğin ödənilməsi əks olunub) tutulmasına dair qətnamə çıxarılmalıdır. İlkin mediasiya sessiyasının keçirilməsinə görə iddiaçı 100 manat mediasiya xərcini ödəmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh 08 may 2021-ci il tarixli Üzləşmə Aktına əsasən ödənilməli olan 3331,59 ABŞ dolları məbləğində pulun, bu pulun gecikdirilməsinə görə hesablanmış 424,80 manat məbləğində faizin və mediasiya xərci kimi ödənilmiş 100 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan alıcı Cavabdeh (VÖEN **********) arasında tərtib edilərək imzalanmış 08 may 2021-ci il tarixli Üzləşmə Aktından görünür ki, satıcı “ABC-Telecom“ MMC-yə məxsus ümumilikdə 35281 ABŞ dolları dəyərində olan mallar satılıb sonradan pulu ödənilməsi şərtilə alıcı Cavabdeh təhvil verilmişdir. Alıcı Cavabdeh tərəfindən 08 may 2021-ci il tarixinə qədər 31949,41 ABŞ dolları məbləğində ödəniş edilmiş olsa da, bu Aktın tərtib edildiyi günə alıcı Cavabdeh satıcı İddiaçı MMC-yə təhvil aldığı mallara görə 3331,59 ABŞ dolları məbləğində qalıq borcu vardır. İş materiallarında olan 29 iyul 2022-ci il tarixli 703/22 nömrəli Pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən Pretenziya məktubu ilə Cavabdeh müraciət olunaraq, 3331,59 ABŞ dolları məbləğində məbləğində pul vəsaitinin 7 təqvim günü ərzində İddiaçı MMC-yə ödənilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin konkret halları ilə müəyyən olunur ki, məhkəməyə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi təqdim olunmasa da, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında müxtəlif çeşidli məhsullar üzrə alqı-satqı münasibətləri mövcud olmuş və həmin alqı-satqı üzrə “alıcı” Cavabdeh “satıcı” İddiaçındən 35281 ABŞ dolları dəyərində müxtəlif məhsullar almışdır və 08 may 2021-ci il tarixli Üzləşmə Aktında sonuncu məbləğdən ödənilməmiş qalıq olaraq 3331,59 (üç min üç yüz otuz bir dollar 59 sent) ABŞ dolları dəyərində borcun qaldığı təsdiq edilmişdir (08 may 2021-ci il tarixli Üzləşmə Aktı). Buna görə də, tərəflər arasında baş tutmuş həmin alqı-satqı üzrə Alıcının (cavabdehin) borcu 3331,59 (üç min üç yüz otuz bir dollar 59 sent) ABŞ dolları məbləğində müəyyən edilərək, hazırkı iddia ərizəsində ödənilməmiş cəmi 3331,59 ABŞ dolları məbləğində əsas borcun və pulun gecikdirilməsinə görə hesablanmış 424,80 (dörd yüz iyirmi dörd manat 80 qəpik) manat məbləğində faiz borcunun Cavabdeh tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar Cavabdeh müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə İddiaçı tərəfindən mediatora 100 (yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (ilkin mediasiya sessiyasında hər iki tərəf iştirak etmiş olsa da, tərəflər arasında hər hansı bir razılıq əldə olunmamışdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC ilə arasında olan malların satışı ilə əlaqədar öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Üzləşmə Aktı üzrə hazırkı iddia ərizəsində tələb olunan ödənilməmiş 3331,59 (üç min üç yüz otuz bir dollar 59 sent) ABŞ dolları məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Bundan əlavə, İddiaçı iddia tələbində Cavabdeh "pul vəsaitlərinin ödənişinin gecikdirilməsinə görə hesablanmış 424,80 (dörd yüz iyirmi dörd manat 80 qəpik) manat məbləğində faizin” tutulmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı iddia tələbinin həmin hissədə əsaslılığı müəyyən edilmədiyindən "pul vəsaitlərinin ödənişinin gecikdirilməsinə görə hesablanmış 424,80 manat məbləğində faizin tutulması” barədə tələb təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh (VÖEN **********) ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 3331,59 ABŞ dolları məbləğində əsas borc İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin olunmamalıdır. Eləcə də, iddianın "ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin tutulması" tələbi isə qismən təmin olunaraq, cavabdeh tərəfin ilkin mediasiya sessiaysında iştirak etməsi və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Cavabdeh iddiaçının xeyrinə mediatora ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqının 50 (əlli) manat hissəsi tutulmalıdır. Həmçinin, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq Cavabdeh dövlət nəfinə 76,63 (yetmiş altı manat 63 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 3331,59 (üç min üç yüz otuz bir dollar 59 sent) ABŞ dolları məbləğində əsas borc və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 50 (əlli) manat hissəsi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 76,63 (yetmiş altı manat 63 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar