Məhkəmə qərarları › İş №e-2-2(119)-377/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-377/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-377/2024 20.02.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 19 fevral 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 02SF saylı xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə 708249,63 (yeddi yüz səkkiz min iki yüz qırx doqquz manat 63 qəpik) manat kredit müqaviləsi müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz borcun və məhkəməyə iddia tələbinin verilməsi üçün ödənilmiş 998,25 manat dövlət rüsumunun Cavabdeh1 MMC-dən tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus Quba rayonu Aşağı Xuc kəndində yerləşən 4 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 3784,2 kv.m. olan əmlak kompleksinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışından əldə olunan vəsait hesabına borcun ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 MMC-dən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə nəzərdə tutulan qaydada iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən alınmasını təsdiq edən müvafiq sənədlər hazırkı iddia ərizəsinə əlavə edilərək, məhkəməyə təqdim olunmamışdır. Halbuki, Mülki- Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən həmin Məcəllənin 150.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada yuxarıda qeyd olunan hərəkəti yerinə yetirməli və həmin hərəkətin yerinə yetirilməsini təsdiq edən müvafiq sənədləri məhkəməyə təqdim etməlidir. Bundan əlavə, hazırkı iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim olunmuş sənədlərlə iddiaçı cavabdeh "xxxx" MMC ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət edilsə də, Cavabdeh2 ilə əlaqədar isə Mülki-Prosessual Məcəllədə nəzərdə tutulan qaydada riayət etməsi təsdiq olunmur. Yəni, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunanadək tərəflər arasında yaranmış mübahisə üzrə “Pretenziya” məktubunun “Elektron məhkəmə” informasiya sistemində müvafiq elektron kabineti olan Cavabdeh2 Mülki-Prosessual Məcəllənin 150.2-ci maddəsində nəzərdə tutulan qaydada çatdırılmasını təsdiq edən müvafiq sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Göründüyü kimi, hal-hazırda Mülki-Prosessual Məcəllənin 150.2-ci maddəsində kommersiya mübahisələri üzrə verilən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş cavabdehə çatdırılmasının və eləcə də, mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənədin cavabdehlərə çatdırılmasının xüsusi qaydası müəyyən edilmiş və yuxarıda qeyd olunan sənədlərin cavabdehlərə həmin qaydada göndərilməli olması - həmin Məcəllənin 150.1.4-cü və 150.1.6-cı maddələrində imperativ qaydada təsbit olunmuşdur. Lakin, yuxarıda qeyd olunan sənədlərin cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada göndərilməsini və çatdırılmasını təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamış və bununla da, hazırkı iddia ərizəsi Mülki- Prosessual Məcəllənin 150.1.4-cü, 150.1.6-cı və 150.2-ci maddələrinin tələblərinə riayət edilməklə verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Eləcə də, iddiaçı tərəfindən iddia ərizəsində “borcun cavabdehə məxsus ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi” barədə də qətnamə qəbul olunmasının xahiş edilməsinə baxmayaraq, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə sənəd iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmamışdır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 36.2-ci maddəsinin tələblərinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə - müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; icra olunmalı öhdəlik barədə məlumat; ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; və Bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası – qeyd olunmalıdır. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 36.3-1-ci maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. Həmin Qanunun 39.2-ci maddəsinə əsasən, ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Həmçinin, iddiaçı tərəfindən hazırkı iddia ərizəsində “borcun cavabdehə məxsus ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsinin” də tələb olunmasına baxmayaraq, həmin iddia tələbinin əsaslandırılmasında mühüm əhəmiyyət daşıyan sənədlər (ipoteka predmeti ilə əlaqədar hüquq müəyyənedici sənədlər, çıxarış, yüklülük barədə çıxarış, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydiyyata alınmasını təsdiq edən sənəd və s.) iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. Beləliklə də, Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda, məhkəmə, iddiaçı tərəfin diqqətinə çatdırmağı lazım bilir ki, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunması iddiaçının vəzifəsidir və iddiaçı tərəfindən bu sahədə müvafiq prosessual tələblərə riayət edilməməsi - mübahisənin məhkəmədə baxılmasını mümkünsüz edir. Ona görə də, kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən Mülki-Prosessual Məcəllənin 149-150-ci maddələrinin müvafiq tələblərini lazımi qaydada yerinə yetirməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar