Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-378/2023 25.04.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh2, caabdeh Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit razılaşmasının ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit razılaşmasının ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “Accessbank“ Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 09 mart 2021-ci il tarixli 027R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 6743,37 (altı min yeddi yüz qırx üç manat 37 qəpik) manat əsas borc, 1582,72 (min beş yüz səksən iki manat 72 qəpik) manat faiz borcu və 2437,2 (iki min dörd yüz otuz yeddi manat 20 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 10763,29 (on min yeddi yüz altmış üç manat 29 qəpik) manat məbləğində borcun, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 03 iyun 2020-ci il tarixli 027L**********15 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 200000 (iki yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 09 mart 2021ci il tarixli 027R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 (yeddi min) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 09 iyun 2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 256,63 manat ödəmiş, onun 6743,37 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 363 gün üçün hеsablanmış cərimə 2437.2 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl mediasiyaya müraciət edilmişdir. İlkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, lakin cavabdehlər iştirak etməmişdir. Bu barədə 04 noyabr 2022ci il tarixli arayış verilmiş və İddiaçı QSC tərəfindən 200 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 izahatlarında əsas və faiz borcunu qəbul etdiklərini bildirmiş, cərimə məbləğinin azaldılmasını xahiş etmişlər. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanılmış 03 iyun 2020-ci il tarixli 027L**********15 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh2 120 ay müddətinə 200000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 03 iyun 2020-ci il tarixli 027S**********02 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında göstərilən uzunmüddətli kredit müqaviləsinə uyğun olaraq bağlanmış 09 mart 2021-ci il tarixli 027R********** nömrəli kredit razılaşmasının 1-ci bəndinə görə bank 7000 manat krediti aylıq faiz dərəcəsi 2,0833% olmaqla 36 ay müddətinə kredit alana verir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin kredit razılaşmasının 4.2.2-ci bəndinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəməyə borcludur. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh2 07 iyun 2022-ci il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 6743,37 manat məbləğində əsas borcu, 1582,72 manat məbləğində faiz borcu və 2437,2 manat məbləğində cərimə borcu olmaqla, cəmi 10763,29 manat məbləğində borcu vardır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, tələb 2 hissədən ibarətdir: - iddiaçı “Accessbank“ Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 09 mart 2021-ci il tarixli 027R********** saylı kredit razılaşmasının ləğv edilməsi; - kredit razılaşması üzrə yaranmış borcun ödənilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh2 kredit razılaşmasına əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş və müqavilənin şərtlərini əsaslı dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia 09 mart 2021-ci il tarixli 027R********** nömrəli kredit razılaşmasının ləğv olunması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh2 kredit razılaşmasına əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 09 mart 2021-ci il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə 6743,37 (altı min yeddi yüz qırx üç manat 37 qəpik) manat məbləğində əsas borc və 1582,72 (min beş yüz səksən iki manat 72) manat məbləğində faiz borcu iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 03 iyun 2020-ci il tarixli 027S**********02 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 həmin müqavilələrin 1.1-ci bəndinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Buna görə də məhkəmə hesab edir ki, iddianın Cavabdeh1 münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddianın "2437,2 (iki min dörd yüz otuz yeddi manat 20 qəpik) manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada cəmi 200 (iki yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 09 mart 2021-ci il tarixli 027R********** nömrəli kredit razılaşması ləğv edilməli, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6743,37 (altı min yeddi yüz qırx üç manat 37 qəpik) manat məbləğində əsas borc, 1582,72 (min beş yüz səksən iki manat 72) manat məbləğində faiz borcu və 200 (iki yüz) manat məbləğində cərimə olmaqla, cəmi 8526,09 (səkkiz min beş yüz iyirmi altı manat 09 qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. Həmçinin iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq hesablanmış 105,26 (yüz beş manat 26 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 09 mart 2021ci il tarixli 027R********** nömrəli kredit razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6743,37 (altı min yeddi yüz qırx üç manat 37 qəpik) manat məbləğində əsas borc, 1582,72 (min beş yüz səksən iki manat 72) manat məbləğində faiz borcu, 200 (iki yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 8726,09 (səkkiz min yeddi yüz iyirmi altı manat 09 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dövlət nəfinə 105,26 (yüz beş manat 26 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-378/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-378/2023
25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver