Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-378/2025 02.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “icarə müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh “Cavabdeh Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinə qarşı “icarə haqqı üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 2700 (iki min yeddi yüz) manat məbləğində icarə haqqı borcu və 47 (qırx yeddi) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən ididaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 36 ay müddətinə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən sahəsi 250 kv.m. olan qeyri-yaşayış sahəsinin 125.kv.m. hissəsinin cavabdehə icarəyə verilməsi ilə bağlı icarə müqaviləsi bağlanmışdır. İcarənin qiyməti 10 iyul 2021-ci il tarixindən 10 iyul 2024-cü il tarixə kimi mənbədən vergi daxil olmaqla 2093 manat təşkil etmişdir. İcarə haqqı kimi ödənilməyən cəmi 2700 manat məbləğində borc qalmışdır. Bununla əlaqədar cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, əlavə olaraq bildirmişdir ki, aylıq icarə haqqının məbləği aylıq 1800 manat məbləğində təşkil etmişdir. Müqavilə 31 may 2021-ci il tarixində bağlanmış və cavabdeh 15 gün ərzində icarə obyektinə yerləşmiş və bundan sonra fəaliyyətə başlamışdır. Cavabdeh icarə haqqı məbləğini 16 iyul 2021-ci ildən başlayaraq hər ay eyni tarixdə, bəzən 5 gün tez, yaxud da 5 gün gec olmaqla ödəmiş, 31 may 2024-cü il tarixədək icarə haqları ödənilmişdir. Cavabdeh icarə obyektindən 22 iyul 2024-cü il tarixində çıxmışdır. İş materiallarında olan hesabdan çıxarış sənədlərində ödənilən məbləğin 1799,98 manat olması barədə bildirir ki, cavabdeh tərəfindən 1800 manat məbləğində ödəniş edilmiş, lakin bank tərəfindən təxminən 3-4 manat məbləğində tutulmalar həyata keçirilmişdir. Cavabdehin nümayəndəsi qalan borc məbləği ilə bağlı ödəniş ediləcəyini bildirsə də, bu günə qədər hər hansı ödəniş edilməmişdir. Cavabdehdən 2024-cü ilin iyun ayı və iyul ayının 14 günü üçün olan borcunu tələb edir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı ilə Cavabdeh Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 31 may 2021-ci il tarixli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqavilənin predmeti qismində icarəyə verən tərəfindən icarəçinin 36 ay müddətinə istifadəsinə veriləcək Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən sahəsi 250 kv.m.-lik qeyri yaşayış sahəsinin 125 kv.m olan ofis çıxış edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, icarəyə verən (İddiaçı) Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən sahəsi 250 kv.m.-lik qeyri yaşayış sahəsinin 125 kv.m olan hissəsini 36 ay müddətinə icarəçinin (Cavabdeh Bank olmayan Kredit Təşkilatı ASCnin) istifadəsinə verir. İcarəçi icarəyə götürdüyü sahədən ofis binası kimi istifadə edir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən sahəsi 250 kv.m.-lik qeyri yaşayış sahəsinin 125 kv.m. olan ofisin sahəsini aylıq icarə haqqı mənbədən vergi daxil olmaqla 10 iyul 2021-ci il tarixindən 10 iyul 2024-cü il tarixinə kimi 2093 manat təşkil edir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən sahəsi 250 kv.m.-lik qeyri yaşayış sahəsinin 125 kv.m olan ofisin sahəsinin aylıq icarə haqqının mənbədən vergisi hər ay icarəçi tərəfindən icarə haqqından tutularaq ödənilir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, zərurət yarandıqda bu müqavilə üzrə icarə haqqının azalmasına (və ya çoxalmasına) qarşılıqlı razılaşma əsasında baxıla bilər. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 10 iyul 2024-cü ilədək qüvvədədir. Həmin müqavilənin 7.3-cü maddəsinə əsasən, mübahisələr danışıqlar yolu ilə nizama salınmadıqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq mübahisənin baş verdiyi ərazi üzrə məhkəmədə həll olunur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 21 iyun 2024-cü il tarixli bildirişin məzmununda “31 may 2021-ci il tarixində 36 ay müddətinə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən sahəsi 250 kv.m.-lik qeyri-yaşayış sahəsinin 125 kv.m. olan sahəsinə görə bağladığımız icarə müqaviləsinin müddəti 14 iyul 2024-cü il tarixində bitir. Məlumat verərək bildirmək istəyirəm ki, müqavilənin müddəti artırılmayacaq” qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2021-xx.xx.2024-cü il tarixlərini əhatə edən hesabdan çıxarış sənədlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına, ümumilikdə 64800 manat (aylıq 1800 manat olmaqla, 36 aylıq icarə haqqı) məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarına, həmçinin iddiaçının cavabdehin məsul nümayəndəsi ilə danışıqlarının əks olunduğunu qeyd etdiyi disk və “Whatsapp” sosial şəbəkəsi vasitəsilə aparılmış danışıqların ekran görüntüləri əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.1-ci və 700.2-ci maddələrinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti arasında 31 may 2021-ci il tarixli icarə müqaviləsi bağlanılmış, müqavilə öhdəliyinə uyğun olaraq iddiaçı Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən sahəsi 250 kv.m.-lik qeyri yaşayış sahəsinin 125 kv.m-ni cavabdehin icarəsinə vermiş, lakin cavabdeh müqavilə öhdəliklərinə riayət etməyərək həmin qeyri-yaşayış sahəsinin icarəsi ilə əlaqədar aylıq icarə haqlarını tam olaraq iddiaçıya ödəməmiş, nəticədə onun iddiaçıya icarə haqqı borcu yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci, 4.3-cü və 5.2-ci bəndlərinə əsasən, aylıq icarə haqqı mənbədən vergi daxil olmaqla, 10 iyul 2021-ci il tarixindən 10 iyul 2024cü il tarixinə kimi 2093 manat təşkil edir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, zərurət yarandıqda bu müqavilə üzrə icarə haqqının azalmasına (və ya çoxalmasına) qarşılıqlı razılaşma əsasında baxıla bilər. Müqavilə 10 iyul 2024-cü il tarixinədək qüvvədədir. Tərəflər aylıq icarə haqqının məbləğinin 1800 manat məbləğində olmasını öz aralarında razılaşdırmış, təqdim edilmiş bank hesabından çıxarış sənədlərinə əsasən cavabdeh tərəfindən sonuncu ödəniş tarixi 14 may 2024-cü il olmaqla aylıq 1800 manat məbləğində 36 aylıq icarə haqqı, yəni ümumilikdə 64800 manat məbləğində pul vəsaiti iddiaçının bank hesabına köçürülmüşdür. Həmin ödənişlər 2021-ci ilin iyun ayından 2024cü ilin may ayınadək olan dövrü əhatə etmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 21 iyun 2024-cü il tarixli bildirişin məzmununda tərəflər arasında bağlanmış müqavilənin müddətinin 14 iyul 2024-cü il tarixində bitəcəyi qeyd edilmişdir. Belə olduğu təqdirdə, cavabdehin icarə müqaviləsi üzrə icarə haqqını ödəmədiyi ay və günlər (2024, iyun + 2024, iyul ayının 14 günü) 1 ay 14 gün təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən 2700 manat məbləğində icarə haqqı borcunun iddiaçının xeyrinə tutulması barədə hissəsi qismən təmin edilməli, 2024-cü ilin iyun ayı və iyul ayının 14 günü və birgünlük icarə haqqının 60 manat olması nəzərə alınaraq, icarə haqqının ödənilməməsinə görə 2640 manat (1800+(60x14)=1800+840=2640 manat) məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, iş materiallarında olan 14 yanvar 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 47 manat məbləğində məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia qismən təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq hesablanmış 46,4 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, 2640 manat məbləğində əsas borc, 46,4 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2686,4 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətindən 2640 (iki min altı yüz qırx) manat məbləğində əsas borc, 46,4 (qırx altı manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2686,4 (iki min altı yüz səksən altı manat, qırx qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-378/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-378/2025
02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver