Məhkəmə qərarları › İş №e-2-2(119)-38/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-38/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-38/2023 06.06.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, Cavabdeh5 vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X2 qarşı verilmiş “kredit razılaşmasının, kredit razılaşmasına dəyişiklik edilməsi barədə sazişlərin ləğv edilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X2 qarşı “kredit razılaşmasının, kredit razılaşmasına dəyişiklik edilməsi barədə sazişlərin ləğv edilməsi və borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli 027R********** nömrəli krеdit razılaşmasının və kredit razılaşmasına dəyişiklik edilməsi barədə 14 may 2020-ci il tarixli 027R**********S nömrəli, 27 iyul 2020-ci il tarixli 027R**********SA nömrəli sazişlərin ləğv edilməsi, cavabdеhlər Cavabdeh5 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 027R********** nömrəli krеdit razılaşması üzrə 44673,70 manat əsas bоrc, 15664,51 manat faiz bоrcu və 26160,89 manat cərimə borcu olmaqla, cəmi 86499,10 (səksən altı min dörd yüz doxsan doqquz manat 10 qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsumun və 30 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh5 məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, 54 nömrəli evin 10 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 86499,10 (səksən altı min dörd yüz doxsan doqquz manat 10 qəpik) manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1 (bir) manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 (on beş) manat rüsumun və 30 (otuz) manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh5 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, sözügedən mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh6 mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh5 "xxxx" QSC ilə bağladığı xx.xx.2004-cü il tarixli 04L000015 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 17000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Tərəflər arasında bağlanmış sazişə əsasən kredit xəttinin müddəti və məbləği artırılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh5 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 027R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əlli min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 027R**********S saylı, xx.xx.2020-ci il tarixli 027R**********SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh5 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh5 götürdüyü krеdit bоrcundan 5326,3 manat ödəmiş, onun 44673,7 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh5 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün onun xx.xx.2022-ci il tarixə 597 gün üçün hesablanmış faiz borcu 15664,51 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,5%-i məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 597 gün üçün hеsablanmış cərimə 26160,89 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh5 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh5 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Bundan başqa kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh5 İddiaçı QSC ilə bağladığı xx.xx.2004-cü il tarixli 004M000015 saylı ipoteka müqaviləsi əsasında mülkiyyətində olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, 54 saylı evin 10 saylı mənzilini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 15 saylı sazişə əsasən ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 247 №-li reyestr kitabının 59 nömrəli vərəqində qeydiyyata alınmış və RX ******* nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, 13-cü mikrorayon, 54 saylı evin 10 saylı mənzilinin Cavabdeh5 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklülüyü qeydiyyata alınmışdır. Tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, lakin cavabdehlər tərəflər iştirak etməmişlər və bu barədə xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq bank tərəfindən 400 manat haqq ödənilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 25 oktyabr 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin artırılmasına dair” ərizə təqdim edərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli 027R********** nömrəli krеdit razılaşmasının və kredit razılaşmasına dəyişiklik edilməsi barədə 14 may 2020-ci il tarixli 027R**********S nömrəli, 27 iyul 2020-ci il tarixli 027R**********SA nömrəli sazişlərin ləğv edilməsi, cavabdеhlər Cavabdeh5 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 027R********** nömrəli krеdit razılaşması üzrə 44673,70 manat əsas bоrc, 17219,01 manat faiz bоrcu və 27527,90 manat cərimə borcu olmaqla, cəmi 89420,61 (səksən doqquz min dörd yüz iyirmi manat 61 qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 30 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh5 məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, 54 nömrəli evin 10 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 89420,61 (səksən doqquz min dörd yüz iyirmi manat 61 qəpik) manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsumun və 30 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh5 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, sözügedən mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh6 mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh5 vəkili və nümayəndəsi Nümayəndə2 31 oktyabr 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə etiraz göndərərək bildimişdir ki, Cavabdeh5 xx.xx.2009-cu il tarixli kredit razılaşması əsasında iddiaçı bankdan 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5 % olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50.000 manat məbləğində kredit götürmüşdür. Ödəniş planından görünür ki, 50.000 manat kreditə görə banka 15.503,09 manat faiz, cəmi 65.503,09 manat ödənilməli idi. İddia ərizəsindən görünür ki, banka 5326,3 manat ödənilmiş, 44.673.7 manat borc qalmışdır, xx.xx.2020-ci il tarixdən kredit borcu və faiz borcundan ibarət ödənilməli olan vəsaitlər banka qaytarılmamışdır. Buna baxmayaraq koronavirus infeksiyasının tüğyan etdiyi vaxtda, xx.xx.2020-ci il tarixdə, heç bir idarə, müəssisənin işləməsinə icazə verilmədiyi, gün ərzində bir dəfə zəruri ərzaq məsullarının alınması, xəstəxanalara müraciət edilməsi üçün SMS ilə evdən çıxmağa 2 saat icazə verilərkən banka çağrılaraq, kredit razılaşmasına dəyişiklik edilmiş, ödəniş planına əsasən 44.673,7 manat əsas, 14.416,13 manat faiz borcunun qalması göstərilmişdir. Göründüyü kimi, həmin tarixə faiz borcundan 1086,96 (15.503,09- 14.416,13=1086,13) manat məbləğində edilmiş ödəniş iddia ərizəsində öz əksini tapmamışdır. Banka cəmi 5326,3 manat pul ödənildiyi həqiqətə uyğun deyil. Həmin gün əsassız borc restrukturizasiya edilərək, faiz borcu üzərinə 1346,78 manat əlavə faiz borcu hesablanaraq ödəniş planında qeyd edilmişdir. 2 ay sonra xx.xx.2020-ci il tarixdə pandemiyanın davam etdiyi şəraitdə yenidən Cavabdeh5 banka çağrılaraq kredit razılaşmasına dəyişiklik edilmiş, əsassız borc restrukturizasiya edilərək, ödəniş planından göründüyü kimi 2743,66 manat əlavə faiz borcu hesablanmışdır. Son nəticədə bank 44.673,7 manat əsas, 15.664,51 manat faiz borcunu, 26,160,89 manat cəriməni tələb edir. Bank kredit razılaşmasının 1.1. və 2.3-cü bəndlərinə əsaslanaraq xx.xx.2022-ci il tarixə 597 gün üçün 15.664,51 manat faiz borcu tələb edir. Lakin iddia ərizəsində 597 günün hansı tarixdən hesablanması göstərilməmişdir. Ödənişlərin dayandırıldığı xx.xx.2020-ci il tarixdən hesablanarkən 572 gün təşkil edir, sonuncu kredit razılaşmasından hesablansa, günlərin sayı 597 gündən çox olur. Bank iddia ərizəsində tələb etdiyi faiz borcunun məbləğini hansı qaydada hesablamasını bildirmədiyinə görə faiz borcuun həmin məbləğdə alınasını sübut etməmişdir. Göründüyü kimi, bankın tərtib etdiyi iddia ərizəsinin həmin hissəsi Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinin tələb etdiyi iddia ərizəsinin məzmununa uyğun deyil. İddiaçı bank eyni nöqsana cərimə borcunu hesablayarkən də yol vermişdir. Buna görə cərimə borcunun 26160,89 manat məbləğində olması aydın olmur. Dəfələrlə Cavabdeh5 və qardaşı iddiaçı bankdan kredit götürmüş və bank qarşısında öhdəliklərini vaxtında yerinə yetirmişdir. Pandemiya olmasa bankla heç bir problem yaranmayacaqdı. 2020-ci ilin sonlarında SMS ilə evdən çıxmağa icazə ləğv edildikdən bir neçə ay sonra işlədikləri Sədərək bazarı fəaliyyətə başlamış, bundan sonra ödənişlər etmək üçün banka müraciət olunmuşdur. Bankın əməkdaşları pandcmiyanı nəzərə almadan ötən dövr üçün yüksək məbləğdə hesabladıqları cərimə borcunu ödəməyimi tələb etdikləri üçün cavabdehlərlə aralarında mübahisə yaranmışdır. Göründüyü kimi cavabdehlərin iradəsindən asılı olmayan səbəblərdən öhdəlik yerinə yetirilməmiş, bank həmin dövr üçün faiz və cərimə borcu hesablamaqda haqlı olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Eyni zamanda o, qeyd etmişdir ki, 2014-cü ildə kredit xətti müqaviləsinə dəyişiklik edilməsi haqqında saziş imzalanmışdır, lakin həmin sazişi bank arxivdən tapa bilmədiyi üçün təqdim edə bilmir. 2014-cü ildə zaminlik və ipoteka müqavilələrinə dəyişiklik və əlavələr edilməsi barədə sazişlərdən də görünür ki, kredit xətti müqaviləsinə dəyişiklik edilərək kredit xəttinin məbləği 500000 ABŞ dollar, müddəti isə 236 ay müəyyən edilmişdir. Bununla yanaşı müvafiq sazişin təqdim edilə bilməməsinin borcun ipoteka predmetinə yönəldilməsinə mane olmadığını, kredit götürənin və ipoteka qoyanın eyni şəxs olduğunu, qeyd olunan dəyişikliyin digər şəxslərin vəziyyətini pisləşdirmədiyini vurğulamışdır. Həmçinin ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 14 avqust 2014-cü il tarixli 15 nömrəli sazişində kredit xəttinin məbləğinin və müddətin qeyd olunduğunu, Cavabdeh5 ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 14 avqust 2014-cü il tarixli 15 nömrəli sazişi imzalamaqla 2014-cü ildə kredit xətti müqaviləsini dəyişiklik edilməsi barədə sazişdən məlumatlı olduğunu və ipoteka predmetinin yüklülüyünün 14 avqust 2014-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alındığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 vəkili və nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, kredit xətti müqaviləsi kredit müqaviləsi deyil və gələcəkdə kreditin verilməsi üçün nəzərdə tutulur. Buna görə kredit verilərkən yenidən ipoteka müqaviləsi bağlanılmalıdır. İpoteka müqaviləsinin bütün kredit xətti müqaviləsi üzrə bağlanılması qanuna ziddir. Çünki əmlakın mövcudluğunun müəyyən edilməsi üçün hər bir öhdəlik üzrə yenidən ipoteka müqaviləsi bağlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmədən ipoteka predmeti olan mənzilə tutma yönəldilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanılmış 24 noyabr 2004-cü il tarixli 004L000015 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh5 60 ay müddətinə 17000 (on yeddi min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 24 noyabr 2004-cü il tarixli 004S000013 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanılmış kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 16 iyun 2006-cı il tarixli 15 nömrəli Sazişə əsasən 24 noyabr 2004-cü il tarixli 004L000015 saylı kredit xətti müqaviləsinin 1.1-ci bəndinə dəyişiklik edilmiş və Cavabdeh5 80000 (səksən min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh5 arasında bağlanmış 24 noyabr 2004-cü il tarixli 004M000015 nömrəli ipoteka müqaviləsinə əsasən 004L000015 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasının təminatı kimi ipoteka qoyan Cavabdeh5 mülkiyyətində olan Sumqayıt şəhəri 13cü mikrorayonda yerləşən, yaşayış sahəsi 39,6 kv.m, köməkçi sahəsi 25,93 kv.m-dən ibarət olan 54 saylı evin 10 saylı mənzilini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında 24 noyabr 2004-cü il tarixli 004L000015 saylı kredit xətti müqaviləsi üzrə bağlanmış 30 sentyabr 2019-cu il tarixli 027R********** nömrəli kredit razılaşmasının 1-ci bəndinə görə bank 50000 (əlli min) manat krediti aylıq faiz dərəcəsi 1.5% olmaqla 36 ay müddətinə kredit alana verir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin kredit razılaşmasının 4.2.2-ci bəndinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəməyə borcludur. İş materiallarında olan 30 sentyabr 2019-cu il tarixli ödəniş planında borcalan Cavabdeh5 banka olan borcunun son ödəniş tarixi 05 oktyabr 2022-ci il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh5 və zamin Cavabdeh2 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 14 may 2020-ci il tarixli 027R**********S nömrəli sazişin 1-ci bəndinə əsasən 24 noyabr 2004-cü il tarixli kredit xətti müqaviləsinə üzrə bağlanmış 30 sentyabr 2019-cu il tarixli 027R********** nömrəli kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 14 may 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan 14 may 2020-ci il tarixli ödəniş planında borcalan Cavabdeh5 banka olan borcunun son ödəniş tarixi 05 aprel 2023-cü il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh5 və zamin Cavabdeh2 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 27 iyul 2020-ci il tarixli 0027R**********SA nömrəli Sazişin 1-ci bəndinə əsasən 24 noyabr 2004-cü il tarixli kredit xətti müqaviləsinə üzrə bağlanmış 30 sentyabr 2019-cu il tarixli 027R********** nömrəli kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 27 iyul 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan 27 iyul 2020-ci il tarixli ödəniş planında borcalan Cavabdeh5 banka olan borcunun son ödəniş tarixi 07 avqust 2023-cü il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh5 və zamin Cavabdeh2 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanılmış zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 19 avqust 2014-cü il tarixli 13 nömrəli Sazişə əsasən müəyyən olunur ki, 24 noyabr 2004-cü il tarixli zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilmiş və kredit xəttinin məbləği 500000 ABŞ dolları, müddəti isə 236 ay müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanılmış ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 14 avqust 2014cü il tarixli 15 nömrəli Sazişə əsasən müəyyən olunur ki, 004M000015 saylı ipoteka müqaviləsinin 1.1-ci bəndinə dəyişiklik edilmiş və ipoteka qoyan Cavabdeh5 004L000015 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmasına, Bank qarantiyası verilməsi haqqında müqavilə və akkreditiv açılması üçün razılaşma formasında bağlanacaq ayrıca razılaşmalar üzrə borclu öhdəliklərinin icrasının təminatı kimi mülkiyyətində olan Sumqayıt şəhəri 13-cü mikrorayonda yerləşən, yaşayış sahəsi 39,6 kv.m , köməkçi sahəsi 25,93 kv.m-dən ibarət olan 54 saylı evin 10 saylı mənzilini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi üzərinə götürmüşdür. Kredit xəttinin məbləği 500000 ABŞ dolları, müddəti isə 236 ay müəyyən edilmişdir. Həmin sazişin 2-ci bəndinə əsasən bu saziş notarial qaydada təsdiq olunduğu andan qüvvəyə minir və borclunun bankla bağladığı 24 noyabr 2004-cü il tarixli 004L000015 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəlikləri tam icra olunanadək qüvvədədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh5 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri 13-cü mikrorayon 54 saylı evin 10 saylı mənzil xx.xx.2014-cü il tarixdən 236 ay müddətinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti kimi 24 noyabr 2004-cü il tarixli 004L000015 saylı kredit xətti müqaviləsi göstərilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh5 25 oktyabr 2022-ci il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 44673,7 manat məbləğində əsas borcu, 17219,01 manat məbləğində faiz borcu və 27527,9 manat məbləğində cərimə borcu olmaqla, cəmi 89420,61 manat məbləğində borcu vardır. İş materiallarında olan 30 yanvar 2023-cü il tarixli 9/9313 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 027R********** saylı kredit müqaviləsi üzrə Cavabdeh5 xx.xx.2022-ci il tarixə banka olan borcu əsas borc üzrə 44.673,70 manat, faiz borcu üzrə 18.048,17 manat olmaqla, ümumilikdə 62.721,87 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında 30 sentyabr 2019-cu il tarixli, 027R********** saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırkı ekspertiza tədqiqatı ilə bağlı Cavabdeh5 cərimə hesablanmamışdır. İş materiallarında olan 10 aprel 2023-cü il tarixli 10/8600, 9/9311nömrəli ekspert rəyindən göstərilir ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 54 nömrəli evin 10 saylı mənzilin mövcud orta bazar dəyəri təqribən 81800 manat, likvid dəyəri isə təqribən 73500 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh5 kredit razılaşması və kredit razılaşmasına dəyişiklik edilməsi barədə sazişlərə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş və müqavilənin şərtlərini əsaslı dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia 30 sentyabr 2019-cu il tarixli 027R********** nömrəli kredit razılaşmasının, kredit razılaşmasına dəyişiklik edilməsi haqqında 14 may 2020-ci il tarixli 027R**********S nömrəli və 27 iyul 2020-ci il tarixli 0027R**********SA nömrəli sazişlərin ləğv olunması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh5 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 30 sentyabr 2019-cu il tarixli kredit razılaşması üzrə öhdəliklərini icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının 30 sentyabr 2019-cu il tarixli kredit razılaşması üzrə əsas və faiz borcunun Cavabdeh5 tutulması hissədə iddia tələbi təmin edilməlidir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində 30 sentyabr 2019-cu il tarixli kredit razılaşması üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixə əsas borc üzrə 44.673,70 manat və faiz borcu üzrə 18.048,17 manat olmaqla ümumilikdə 62.721,87 manat məbləğində borcun olması müəyyən olunsa da, iddiaçı iddia tələbinin həcminin artılması barədə ərizədə 44.673,70 manat məbləğində əsas borc və 17.219,01 manat məbləğində faiz borcunun tutulmasını xahiş etdiyindən məhkəmə hesab edir ki, əsas borcun tutulması ilə bağlı hissədə ekspert rəyi və iddia tələbi nəzərə alınaraq əsas borc üzrə 44.673,70 manat məbləğində, faiz borcu üzrə isə iddia tələbinin həcminin artırılması barədə ərizədə və məhkəməyə təqdim olunmuş maliyyə arayışında göstərilən məbləğdə - 17.219,01 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinin şərtlərinə, qeyd olunan maddi hüquq normalarının tələblərinə əsaslanaraq hesab edir ki, Cavabdeh2 iddiaçı qarşısında qanununvericilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh5 ilə birgə məsuliyyət daşıdığından iddia bu hissədə də təmin olunmalı, tələb müştərək qaydada ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddianın "27527,90 (iyirmi yeddi min beş yüz iyirmi yeddi manat 90 qəpik) manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehlər Cavabdeh5 və Cavabdeh2 müştərək qaydada cəmi 1000 (min) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Kredit müqaviləsi üzrə Cavabdeh5 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə iddiaçı ilə onun arasında bağlanmış müvafiq ipoteka müqaviləsinə əsasən Sumqayıt şəhəri 13-cü mikrorayonda yerləşən, yaşayış sahəsi 39,6 kv.m, köməkçi sahəsi 25,93 kv.m-dən ibarət olan 54 saylı evin 10 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Qanunun 39.3.3-cü bəndinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə keçirilmiş ekspertiza tədqiqatın nəticəsi olaraq verilmiş rəyi nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 73500 manat göstərilməlidir. Məhkəmə hesab edir ki, ipotekaya qoyulmuş əmlak satıldıqdan sonra cavabdelər Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və X3 mənzildən çıxarılmalı və əmlak boşaldılmalıdır. Məhkəmə, iddianın “ipoteka predmeti olan mənzilin hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi” hissəsini əsaslı hesab etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan məsələ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası zamanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həll edilən bir məsələ olduğundan həmin hissədə iddia əsassızdır və təmin edilməməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman dövlət büdcəsinə ödənilmiş 1 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı da cavabdehlər Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada tutularaq X1 ödənilməlidir. Eləcə də, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun hesablanan 278,68 (iki yüz yetmiş səkkiz manat altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 277,68 (iki yüz yetmiş yeddi manat altmış səkkiz qəpik) manat məbləğində (278,68 manat – 1 manat = 277,68 manat) pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh5 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli 027R********** nömrəli kredit razılaşması, kredit razılaşmasına dəyişiklik edilməsi haqqında 14 may 2020-ci il tarixli 027R**********S nömrəli və 27 iyul 2020-ci il tarixli 0027R**********SA nömrəli sazişlər ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada 44.673,70 manat məbləğində əsas borc, 17.219,01 manat məbləğində faiz borcu, 1000 manat məbləğində cərimə, iddia ərizəsi verilərkən ödənilmiş 1 manat məbləğində dövlət rüsumu, mediasiya ilə əlaqədar ödənilmiş 400 manat məbləğində mediasiya xərci, ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 63.338,71 (altmış üç min üç yüz otuz səkkiz manat yetmiş bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh2 və Cavabdeh5 tutulmalı olan cəmi 63.338,71 (altmış üç min üç yüz otuz səkkiz manat yetmiş bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh5 mülkiyyətində olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, 54 nömrəli evin 10 saylı mənzilinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi 63.338,71 (altmış üç min üç yüz otuz səkkiz manat yetmiş bir qəpik) manat məbləğində borc ödənilsin. Sumqayıt şəhəri, 13-cü mikrorayon, 54 nömrəli evin 10 saylı mənzilin ilkin satış qiyməti 73.500 (yetmiş üç min beş yüz) manat müəyyən edilsin. İpoteka predmeti açıq hərracda satıldıqdan sonra 1 ay müddət ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X3 mənzildən çıxarılsın və həmin mənzil boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada dövlət nəfinə 277,68 (iki yüz yetmiş yeddi manat altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar