Məhkəmə qərarları › İş №e-2-2(119)-380/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-380/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-380/2023 01.11.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı "kredit razılaşmasının ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 01 mart 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı "kredit razılaşmasının ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh4 ilə bağlanmış 24 sentyabr 2019-cu il tarixli 014R********** saylı Krеdit Razılaşmasının və ona əlavə bağlanmış sazişlərin ləğv edilməsi, cavabdеhlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 24678,1 manat məbləğində əsas bоrc, 5944,72 manat məbləğində faiz bоrcu və 2684,98 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 33307,8 (otuz üç min üç yüz yeddi manat 80 qəpik) manat məbləğində bоrcun və mediasiya prosesi ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmiin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, kredit alan Cavabdeh4 kredit verən "xxxx" QSC ilə bağladığı 12 yanvar 2015-ci il tarixli 014L**********24 saylı Uzunmüddətli Kredit Müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 150000 (yüz əlli min) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu Müqaviləyə əsasən Kredit alana vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit Razılaşması ilə müəyyən оlunur. Kredit alan Cavabdeh4 kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 24 sentyabr 2019-cu il tarixli 014R********** saylı Kredit Razılaşması əsasında aylıq faiz dərəcəsi 1,75% оlmaqla 24 ay müddətinə, Ödəniş Planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 (qırx min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 29 oktyabr 2021-ci il tarixli 014R**********SC saylı Sazişlə razılaşmaya və Ödəniş Planına dəyişiklik edilmişdir. Lakin, Kredit alan həmin Kredit Razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 24 fevral 2022-ci il tarixdən Banka qaytarmamışdır. Borcalan Cavabdeh4 götürdüyü həmin krеdit bоrcundan 15321,9 manat ödəmiş olsa da, onun 24678,1 manat məbləğində əsas kredit borcu qalmışdır. Kredit Razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu Kredit Razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, borcalan Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 18 oktyabr 2022-ci il tarixə 236 gün üçün hesablanmış faiz borcu 5944,72 manat təşkil edir. Krеdit Razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borcalan Ödəniş Planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda, hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 18 oktyabr 2022-ci il tarixə 236 gün üçün hеsablanmış cərimə 2684,98 manat təşkil edir. Uzunmüddətli Krеdit Müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən Krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli Kredit Müqaviləsi üzrə borcalan Cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh3, Cavabdeh1 və Məmmədov X1 Müqavilələrinə əsasən Bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Onlar, həmin Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən Uzunmüddətli Kredit Müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında borcalan Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və Uzunmüddətli Kredit Müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən mediasiya təşkilatına və pretenziya qaydasında cavabdehlərə müraciət olunmasına baxmayaraq, borc ödənməmiş və mübahisənin məhkəmədən kənar və yaxud mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. Mediasiya xərci olaraq İddiaçı QSC tərəfindən 200 manat məbləğində mediasiya haqqı ödənilmişdir. İş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə baxış iclasına gəlməmişlər. Lakin, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Eləcə də, Cavabdeh4 nümayəndəsi Nümayəndə4 da “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxışını Cavabdeh4 iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı "kredit razılaşmasının ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 yanvar 2015-ci il tarixli 014L**********24 nömrəli Uzunmüddətli Kredit Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh4 (VÖEN **********) – “Kredit alan” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Bank bu Müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra «Kredit» adlandırılacaq) Kredit Alana 150000 (yüz əlli min) ABŞ dolları məbləğində uzunmüddətli kredit xəttini (bundan sonra «Uzunmüddətli Kredit Xətti» adlandırılacaq) açır. Uzunmüddətli Kredit Xətti bu Müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən anda Kredit Alanın Bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir (1.1-ci bənd). Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, bu müqavilə və Kredit Razılaşmaları əsasında istənilən məbləğ 120 (yüz iyirmi) ay müddətinə, 12 yanvar 2025-ci il tarixdən gec olmayaraq verilməlidir. İş materiallarında görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh2 – “Zamin” olmaqla, bağlanmış 13 fevral 2019-cu il tarixli 014S**********01 nömrəli Zaminlik Müqaviləsinə əsasən Cavabdeh2 zamin olaraq, borcalan Cavabdeh4 12 yanvar 2015-ci il tarixli 014L**********24 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh3 – “Zamin” olmaqla, bağlanmış 13 fevral 2019-cu il tarixli 014S**********03 nömrəli Zaminlik Müqaviləsinə əsasən Cavabdeh3 zamin olaraq, borcalan Cavabdeh4 12 yanvar 2015-ci il tarixli 014L**********24 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh1 – “Zamin” olmaqla, bağlanmış 24 sentyabr 2019-cu il tarixli 014S**********01 nömrəli Zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 zamin olaraq, borcalan Cavabdeh4 12 yanvar 2015-ci il tarixli 014L**********24 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 12 yanvar 2015-ci il tarixli 014L**********24 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında bağlanmış 24 sentyabr 2019-cu il tarixli 014R********** nömrəli Kredit Razılaşmasından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh4 – “Kredit alan” olmaqla bağlanmış həmin Razılaşmaya əsasən “fərdi mikro kredit” məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh4 (VÖEN **********) 24 ay müddətinə aylıq 1,75 % dərəcəsi ilə 40000 (qırx min) manat məbləğində kredit verilmişdir. Həmin Razılaşmanın 1.2-ci bəndinə əsasən, Kredit alan bu Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş Ödəniş Planına («Ödəniş Planı») əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Razılaşmanın 4.2.2-ci bəndinə əsasən, Ödəniş Planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə bocludur. İş materiallarında olan 24 sentyabr 2019-cu il tarixli 014R********** nömrəli Kredit Razılaşmasında göstərilən kreditin və ona hesablanmış faizlərin 24 sentyabr 2019-cu il tarixli Ödəniş Planından (Ödəniş Cədvəlindən) görünür ki, borcalan Cavabdeh4 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və hər ay üzrə müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını borcalan Cavabdeh4 imza etmişdir. X2 əsasən ödənişin son tarixi 24 sentyabr 2021-ci il müəyyən olunmuşdur (həmin Ödəniş Planı ilə zaminlər Cavabdeh3 və Cavabdeh2 da tanış edilmişlər və onlar da zamin olaraq həmin Ödəniş Planını imzalayaraq, öz razılıqlarını bildirmişlər. Lakin, zamin Cavabdeh1 tərəfindən həmin Ödəniş Planı imzalanmamışdır və o, həmin Ödəniş Planı ilə tanış edilməmişdir). İş materiallarında olan, 24 sentyabr 2019-cu il tarixli 014R********** nömrəli Kredit Razılaşması üzrə imzalanmış 29 oktyabr 2021-ci il tarixli 014R**********SC nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Sazişdən və həmin Saziş üzrə tərtib edilmiş 29 oktyabr 2021-ci il tarixli yeni Ödəniş Planından görünür ki, borcalan Cavabdeh4 24 sentyabr 2019-cu il tarixli 014R********** nömrəli Kredit Razılaşması üzrə verilmiş kreditin 29 oktyabr 2021-ci il tarixli Ödəniş Planı əsasında aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını borcalan Cavabdeh4 imza etmişdir. X2 əsasən ödənişin son tarixi 26 sentyabr 2023-cü il müəyyən olunmuşdur (həmin Ödəniş Planı ilə zaminlər Cavabdeh3 və Cavabdeh2 da tanış edilmişlər və onlar zamin olaraq həmin Ödəniş Planını imzalayaraq, öz razılıqlarını bildirmişlər. Lakin, zamin Cavabdeh1 tərəfindən həmin Ödəniş Planı da imzalanmamışdır və o, həmin Ödəniş Planı ilə tanış edilməmişdir). İş materialları ilə müəyyən olunur ki, 24 sentyabr 2019-cu il tarixli 014R********** nömrəli Kredit Razılaşması üzrə cəmi 40000 manat məbləğində verilmiş kredit Ödəniş Planına (Ödəniş Cədvəlinə) uyğun olaraq qaytarılmadığı üçün borcalan Cavabdeh4 18 oktyabr 2022-ci il tarixə hesablanmış 24678,1 manat əsas borc, 5944,72 manat faiz borcu və 2684,98 manat cərimə borcu olmaqla, cəmi 33307,8 manat məbləğində borcun cavabdehlərdən (borcalan Cavabdeh4 və zaminlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2) müştərək qaydada tutulması və tərəflər arasında bağlanmış Kredit Razılaşmasının və ona əlavə bağlanmış sazişlərin ləğv edilməsi üçün müvafiq iddia ərizəsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə müraciət olunmuşdur. İş materiallarında olan 02 fevral 2023-cü il tarixli 1179 nömrəli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh4 24 sentyabr 2019-cu il tarixli 014R********** nömrəli Kredit Razılaşması üzrə 18 oktyabr 2022-ci il tarixə borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 24678,1 manat məbləğində əsas borc, 5944,72 manat məbləğində faiz borcu və 2684,98 manat məbləğində cərimə borcu olmaqla, cəmi 33307,80 manat məbləğində borcu vardır (cərimə hesablanmış gecikdirilən günlərin sayı: 236 gün). Lakin, iş üzrə həmin hesabatla razı olmayan Cavabdeh4 nümayəndəsi Nümayəndə4 vəsatəti əsasında qəbul edilmiş 22 iyun 2023-cü il tarixli qərardadla məlum kreditlə əlaqədar mübahisənin obyektiv həlli məqsədi ilə 24 sentyabr 2019-cu il tarixli 014R********** nömrəli Kredit Razılaşması üzrə tələb edilən borcun düzgün hesablanıbhesablanmamasının müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 02 oktyabr 2023-cü il tarixli 9/5366 nömrəli Ekspert Rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 24 sentyabr 2019-cu il tarixli 014R********** nömrəli Kredit Razılaşması və 29 oktyabr 2021-ci il tarixli 014R**********SC nömrəli Sazişdə qeyd olunan şərtlər nəzərə alınmaqla, Cavabdeh4 İddiaçı QSC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: - 18 oktyabr 2022-ci il (sualda göstərilən tarixə) əsas borcu 24678,1 manat məbləğində və faiz borcu 4024,05 manat məbləğində. İş materiallarından görünür ki, Cavabdeh4 nümayəndəsi Nümayəndə4 01 noyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, xaricdən gətirilən malları qəza nəticəsində məhv olduğu üçün külli miqdarda maddi ziyan dəydiyinə və hazırda əmlak vəziyyəti yaxşı olmadığına görə krediti almış Cavabdeh4 kredit borcunu ödəmək iqtidarında olmadığını və kredit üzrə icra mümkünsüzlüyü halı mövcud olduğunu, eləcə də Mülki Məcəllənin 477.0.1 və 477.0.4-cü maddələrinin tələbləri baxımından zaminlik müqavilələrinə xitam verilməli olduğunu və iddiaçı tərəfindən dəbbə pulunun tənasübsüz olaraq yüksək hesablandığını bildirmiş və eyni zamanda, məhkəmə baxışını Cavabdeh4 iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan (cavabdeh) Cavabdeh4 (VÖEN **********) 12 yanvar 2015-ci il tarixli 014L**********24 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi, 24 sentyabr 2019-cu il tarixli 014R********** nömrəli Kredit Razılaşması və 24 sentyabr 2019-cu il tarixli 014R********** nömrəli Kredit Razılaşması üzrə imzalanmış 29 oktyabr 2021-ci il tarixli 014R**********SC nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Saziş üzrə götürdüyü öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı QSC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Planında (Ödəniş Cədvəlində) nəzərdə tutulan qaydada ödəməmiş və bununla da borcverən İddiaçı QSC-dən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı QSC tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (cavabdeh (borcalan) Cavabdeh4 ilkin mediasiya sessiyasında iştirak etmişdir). Qeyd etmək lazımdır ki, hazırkı iddia tələbi üzrə iddiaçı tərəfin təqdim etdiyi və iddia tələbinin əsaslandırıldığı sənədlərlə müəyyən olunur ki, Bankla zaminlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 arasında müvafiq olaraq 13 fevral 2019-cu il və 24 sentyabr 2019-cu il tarixlərində bağlanmış yuxarıda qeyd olunan Zaminlik Müqavilələri əsasında onlar Kredit Alana 150000 (yüz əlli min) ABŞ dolları məbləğində uzunmüddətli kredit xəttinin («Uzunmüddətli Kredit Xətti») açılması üçün borcalan Cavabdeh4 ilə imzalanmış 12 yanvar 2015-ci il tarixli 014L**********24 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşlər. Həmin 12 yanvar 2015-ci il tarixli 014L**********24 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi (Uzunmüddətli Kredit Xətti) əsasında kredit verən İddiaçı QSC ilə kredit alan Cavabdeh4 arasında imzalanmış 24 sentyabr 2019-cu il tarixli 014R********** nömrəli Kredit Razılaşması ilə sonuncuya “fərdi mikro kredit” məqsədilə sonuncuya 24 ay müddətinə aylıq 1,75 % dərəcəsi ilə 40000 (qırx min) manat məbləğində kredit verilmiş və bu Razılaşma üzrə tərtib edilmiş 24 sentyabr 2019-cu il tarixli Ödəniş Planı (kreditin qaytarılmasının son müddəti 24 sentyabr 2021-ci il müəyyən olunmuşdur) borcalan Cavabdeh4, eləcə də zaminlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən imzalanmış və sonuncular zamin olaraq həmin Ödəniş Planı ilə tanış edilərək, onların buna razılıqları alınmışdır. Lakin, zamin Cavabdeh1 tərəfindən həmin Ödəniş Planı imzalanmamış və o, həmin Ödəniş Planı ilə tanış edilməmişdir. Həmçinin, 24 sentyabr 2019-cu il tarixli 014R********** nömrəli Kredit Razılaşması üzrə imzalanmış 29 oktyabr 2021-ci il tarixli 014R**********SC nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Saziş üzrə tərtib edilmiş 29 oktyabr 2021-ci il tarixli Ödəniş Planı (kreditin qaytarılmasının son müddəti 26 sentyabr 2023-cü il müəyyən olunmuşdur) da borcalan Cavabdeh4, eləcə də zaminlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən imzalanmış və sonuncular zamin olaraq həmin Ödəniş Planı ilə tanış edilərək, onların buna razılıqları alınmışdır. Lakin, zamin Cavabdeh1 tərəfindən həmin Ödəniş Planı da imzalanmamış və o, həmin Ödəniş Planı ilə tanış edilməmişdir. Yəni, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 24 sentyabr 2019-cu il tarixli 014R********** nömrəli Kredit Razılaşması üzrə verilən kreditin qaytarılması ilə əlaqədar Bankla kredit alan Cavabdeh4 arasında 24 sentyabr 2019-cu ildə və sonuncu dəfə isə 29 oktyabr 2021-ci ildə imzalanmış Ödəniş Planları (Ödəniş Cədvəlləri) zamin Cavabdeh1 tanış edilməmiş və həmin Ödəniş Planlarında müəyyən edilən şərtlərlə əlaqədar həmin Zaminin razılığı alınmamışdır. Halbuki, yuxarıda qeyd olunan həmin Ödəniş Planları (Ödəniş Cədvəlləri) ilə digər zaminlər Cavabdeh3 və Cavabdeh2 tanış edilərək, razılıqları alınmış və onlar tərəfindən həmin sənədlər imzalanmışdır. Bununla əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, əgər həmin Ödəniş Planları ilə zaminlərin tanış edilməsinə və onların zaminlər tərəfindən imzalanmasına lüzum yox idisə, həmin sənədlər heç bir zamin tərəfindən imzalanmazdı və təsdiq olunmazdı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.1-ci maddələrinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda - zaminliyə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Qərarında qərara alınmışdır ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində isə qeyd edilmişdir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən, onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən, bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 iyul 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Göründüyü kimi, kredit alan Cavabdeh4 ilə kredit verən İddiaçı QSC arasında bağlanmış 24 sentyabr 2019-cu il tarixli 014R********** nömrəli Kredit Razılaşması üzrə tərtib edilmiş 24 sentyabr 2019-cu il tarixli Ödəniş Planı və eləcə də, 29 oktyabr 2021-ci il tarixli 014R**********SC nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Sazişin (sonuncu Sazişin) və həmin Saziş üzrə tərtib edilmiş 29 oktyabr 2021-ci il tarixli yeni Ödəniş Planının (sonuncu Ödəniş Planının) digər zaminlərdən fərqli olaraq, zamin Cavabdeh1 təqdim olunması və onun zamin qismində həmin sənədləri imza edərək tanış olması - iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə öz təsdiqini tapmamışdır. Ona görə də, yuxarıda qeyd olunan işin konkret halları və qanunvericilik normaları - 24 sentyabr 2019-cu il tarixli 014R********** nömrəli Kredit Razılaşması üzrə imzalanmış 29 oktyabr 2021-ci il tarixli 014R**********SC nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Saziş və həmin Saziş üzrə tərtib edilmiş 29 oktyabr 2021-ci il tarixli sonuncu Ödəniş Planı əsasında əmələ gələn fərqli öhdəliklərdən zamin Cavabdeh1 azad olunmasını şərtləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421-ci maddəsinin tələblərinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1);, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.2); və müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (maddə 421.3). Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan (cavabdeh) Cavabdeh4 (VÖEN **********) 12 yanvar 2015-ci il tarixli 014L**********24 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi, 24 sentyabr 2019-cu il tarixli 014R********** nömrəli Kredit Razılaşmasını və 29 oktyabr 2021-ci il tarixli 014R**********SC nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Sazişi bağlayarkən götürdüyü öhdəlikləri, eyni zamanda zaminlər Cavabdeh2 və Cavabdeh3 (cavabdehlər) isə müvafiq olaraq 13 fevral 2019-cu il tarixli 014S**********01 nömrəli və 13 fevral 2019-cu il tarixli 014S**********03 nömrəli Zaminlik Müqavilələrini bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, kredit verən İddiaçı QSC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri 24 sentyabr 2019-cu il tarixli 014R********** nömrəli Kredit Razılaşması üzrə imzalanmış 29 oktyabr 2021-ci il tarixli 014R**********SC nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Saziş və həmin Saziş üzrə tərtib edilmiş 29 oktyabr 2021-ci il tarixli sonuncu Ödəniş Planında (Ödəniş Cədvəlində) nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, borcverən İddiaçı QSC-dən alınmış krediti müqavilə və sazişlə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. Odur ki, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, 24 sentyabr 2019-cu il tarixli 014R********** nömrəli Kredit Razılaşması üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalı olan əsas borc və faiz borcunun məbləğləri müəyyən edilərkən iddia tələbi nəzərə alınaraq, həmin cavabdehlərdən tutulmalı olan əsas və faiz borc məbləğləri məhkəmə-mühasibatlıq ekspertizasının 02 oktyabr 2023-cü il tarixli 9/5366 nömrəli Ekspert Rəyində müəyyən edilmiş nəticə nəzərə alınmaqla, həmin Rəyə uyğun müəyyən edilməlidir. Belə ki, 02 oktyabr 2023-cü il tarixli 9/5366 nömrəli Ekspertiza Rəyində Cavabdeh4 ilə bağlanmış 24 sentyabr 2019-cu il tarixli 014R********** nömrəli Kredit Razılaşması üzrə 18 oktyabr 2022-ci il tarixə – “24678,1 manat əsas borc və 4024,05 manat faiz borcu” olması müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən cavabdehlərdən müştərək qaydada “24678,1 manat məbləğində əsas borc və 5944,72 manat məbləğində faiz borcunun tutulması” tələb olunur. Buna görə də, iddia ərizəsində tələb olunan 24678,1 manat məbləğində əsas borc Ekspertiza Rəyi ilə təsdiq olunduğuna görə tam olaraq tutulmalı olduğu halda, 18 oktyabr 2022-ci il tarixə hesablanaraq tələb edilən “5944,72 manat məbləğində faiz borcu” 02 oktyabr 2023-cü il tarixli 9/5366 nömrəli Ekspertiza Rəyi ilə təsdiq olunmadığına görə 24 sentyabr 2019-cu il tarixli 014R********** nömrəli Kredit Razılaşması üzrə həmin Ekspertiza Rəyi ilə 18 oktyabr 2022-ci il tarixə müəyyən edilmiş "24678,1 manat miqdarında əsas borc və "4024,05 manat miqdarında faiz borcu” cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın "2684,98 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada cəmi 300 (üç yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Eləcə də, iddia tələbi “mediasiya prosesi ilə əlaqədar ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması” hissəsində qismən təmin edilməli və Cavabdeh4 ilkin mediasiya sessiyasında iştirak etməsi və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının 100 (yüz) manat hissəsi tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bundan əlavə, iddiaçı iddia tələbində Cavabdeh4 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 24 sentyabr 2019-cu il tarixli 014R********** saylı Krеdit Razılaşmasının və ona əlavə bağlanmış sazişlərin ləğv edilməsini də xahiş etmişdir. Lakin, hal-hazırda həmin Kredit Razılaşmasının müddəti 26 sentyabr 2023-cü il tarixindən bitdiyindən, onun məhkəmə qaydasında ləğv edilməsi zərurəti aradan qalxmışdır. Buna görə də, iddia tələbi bu hissədə təmin edilməməlidir. Həmçinin, yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunmuşdur ki, hazırkı iddia tələbinin əsasını təşkil edən və iddia tələbi üzrə verilmiş kreditə görə tutulmalı olan borcun əsaslandırıldığı kredit verən İddiaçı QSC ilə kredit alan Cavabdeh4 arasında imzalanmış 24 sentyabr 2019-cu il tarixli 014R********** nömrəli Kredit Razılaşması üzrə tərtib edilmiş 24 sentyabr 2019-cu il tarixli Ödəniş Planı və eləcə də, həmin Kredit Razılaşması üzrə imzalanmış 29 oktyabr 2021-ci il tarixli 014R**********SC nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Saziş üzrə tərtib edilmiş 29 oktyabr 2021-ci il tarixli sonuncu Ödəniş Planı zamin Cavabdeh1 tanış edilməməsi və razılığının alınmaması səbəbindən, sonuncunun zamin olaraq qeyd olunan məlum Razılaşma üzrə yerinə yetirilməyən öhdəliklər üzrə mülki məsuliyyəti yaranmır və məhkəmə araşdırması zamanı Cavabdeh1 qarşı yönəlmiş iddia tələbinin əsaslılığı öz təsdiqini tapmır. Odur ki, məhkəmə araşdırması zamanı Cavabdeh1 qarşı yönəlmiş iddia tələbinin əsaslılığı öz təsdiqini tapmadığına və sübuta yetirilmədiyinə görə, ona qarşı yönəlmiş iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehlər Cavabdeh4 (VÖEN **********), Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 24678,1 manat məbləğində əsas borc, 4024,05 manat məbləğində faiz borcu, 300 manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 100 manat hissəsi olmaqla, cəmi 29102,15 manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti (02 oktyabr 2023-cü il tarixli 9/5366 nömrəli Ekspert Rəyi) və iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq hesablanan 177,01 (yüz yetmiş yeddi manat 01 qəpik) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4 (VÖEN **********), Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 24678,1 (iyirmi dörd min altı yüz yetmiş səkkiz manat 10 qəpik) manat məbləğində əsas borc, 4024,05 (dörd min iyirmi dörd manat 05 qəpik) manat məbləğində faiz borcu, 300 (üç yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 100 (yüz) manat hissəsi olmaqla, cəmi 29102,15(iyirmi doqquz min yüz iki manat 15 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə 177,01 (yüz yetmiş yeddi manat 01 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar