Məhkəmə qərarları › İş №e-2-2(119)-382/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-382/2025

17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-382/2025 17.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və pul tələbi” barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 25 dekabr 2023-cü il tarixli, PFM230139 nömrəli Daxili maliyyə lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2016-cı il buraxılışlı, “LEXUS LX570” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı, JTJHY00W004202214 ban nömrəli, qara metallik rəngli avtomobilin mülkiyyətçi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə geri qaytarılması, cavabdehdən 25 dekabr 2023-cü il tarixli PFM230139 saylı Daxili maliyyə lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 dekabr 2024-cü il tarixə 53217,08 manat məbləğində əsas borc, 8031,3 manat məbləğində gecikdirilmiş faiz borcu və həmin günə hesablanmış 5467,62 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 66716 manat məbləğində borcun və ödənilmiş 290,15 manat dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçının cavabdehə qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və pul tələbi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) Cavabdeh adı göstərilsə də, iş üzrə həmin cavabdehə dair ünvan məlumatı göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə, Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddiaçının cavabdehə qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və pul tələbi” barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və pul tələbi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar